ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   ...   21   22   23   24   25   26   27   28   ...   59

– Onların heç birini istəmirəm. Taleyin təkərini düz yola çəkə bildiyim üçün xoşbəxtəm. Bu mənim 
üçün kifayətdir.  
Minnətdarlıqla onun üzünə baxdım. Şəhərdən çıxıb Bibi-heybət körfəzinə  tərəf getdik. Çirkli qara 
maşınlar neft hopmuş torpağa işgəncə etməklə  məşğul idilər. Naçararyan mənə necə canfəşanlıq 
edirdisə, Nobel kompaniyası eyni coşqunluqla ölkənin təbii mənzərəsini dəyişdirmək işini başa 
çatdırırdı. Dənizin böyük bir qismi torpaqla doldurularaq qurudulmuş və sahilə birləşdirilmişdi. İşini 
bilənlərdən bir nəfər torpaqla doldurulmuş yeni ərazinin üzərində kiçik bir çayxana açmışdı. Biz orada 
oturub Çin çayı içdik. Alkoqol kimi sərt olan bu çay dünyanın ən nəfis çayı idi. Çayın gözəl ətrindən 
məst olan Naçararyan Qarabağa hücumu gözlənilən türklərdən və Anadoludatürklərlə ermənilər 
arasındakı qırğınlardan danışırdı.  
– Qorxma, – dedim. Əgər türklər Bakıya gələrlərsə, səni evimdə gizlədərəm.  
Naçararyan cavab verdi ki, o heç nədən qorxmur.  
Nargin adasının arxasında ulduzlar parıldaşırdı. Sahilə dilsiz bir sükut çökmüşdü: “Dənizlə sahil daimi 
müdarizədə əbədi birləşən ərlə arvad kimi idi”. Bunu görəsən mənmi dedim, yoxsa Naçararyan? Artıq 
yadımda deyildi. Naçararyan məni evimizə  gətirdi. Atamın yanına gedib dedim: “Knyaz Kipiani 
Şirvanşirlər ailəsinin ona göstərdiyi hörmət üçün minnətdarlığını bildirir. Nino artıq mənim 
nişanlımdır. Sabah onlaragedin və qalan məsələləri də həll edin.  
Mən çox yorğun və çox xoşbəxt idim. 
 
 
XIV 
 
Günlər həftələrə, həftələr də aylara qarışıb gedirdi. Bu zaman ərzində dünyada, ölkəmizdə və evimizdə 
çox şeylər baş vermişdi. Gecələr də uzanmışdı. Ağaclardan tökülən saralmış yarpaqlar Qubernator 
bağının cığırlarını örtmüşdü. Payız yağmurları üfüqü qaraltmışdı. Dənizin üzərində nazik buz layları 
üzürdü və onlar sahildəki qayalıqlara dəyib parçalanırdı. Günlərin birində küçələr ağappaq qarla 
örtüldü və bir müddət qış hökm sürdü. Sonra gecələr yenə də qısalmağa başladı.  
 Səhradan şəhərə ağır addımlarla yüklü dəvələr gəlməyə başladı. Dəvələrin sarı tükləri quma, torpağa 
bulaşmış və əbədiyyətə baxan gözləri hələ də uzaqlara zillənmişdi. Dəvələr güllə və silah dolu sandıqlar 
daşıyırdılar. Bunların hamısı böyük bir döyüşdə ələ keçirilmiş hərbi qənimət idi. Türk əsirləri də cır-
cındıra çevrilmiş boz rəngli uniformalarında küçələrdən keçirdilər. Onlar dəniz sahilinə  tərəf 
gedirdilər. Orada əsirləri kiçik gəmilərə doldurub Nargin adasına aparırdılar. Əsirlər bu adada 
dizenteriya xəstəliyindən, aclıqdan və  vətən həsrətindən məhv olurdular. Qaçmağa müvəffəq olanlar 
İranın duz basmış səhralarında və yaxud da Xəzər dənizinin boz rəngli dalğalarında can verirdilər.  
Müharibə çox uzaqlarda gedirdi. Amma indi gözlənilmədən müharibə  gəlib lap yaxına çatmışdı. Biz 
onu yaxından hiss edə bilirdik.  
Şimaldan  əsgərlərlə, Qərbdən isə yaralılarla dolu qatarlar gəlirdi. Çar öz əmisini komandan 
vəzifəsindən kənar edib, orduya özü rəhbərlik etməyə başlamışdı.  
Çarın  əmisi indi Qafqazın hökmdarı idi. Onun qaranlıq və qorxunc kölgəsi vətənimizin üzərinə 
çökmüşdü. Böyük knyaz Nikolay Nikolayeviçin uzun və arıq əlləri Anadolunun mərkəzinə  qədər 
uzanırdı. O, çara qarşı bəslədiyi qəzəbini ordularının amansız və vəhşicəsinə hücumları ilə soyudurdu. 
Böyük knyazın qəzəbi ilə gurlayan ordu qarlı dağları və qumlu səhraları aşaraq Bağdad, Trabzon və 
İstanbula qədər uzanıb gedirdi. Camaat ona “uzun Nikolay” ləğəbini vermişdi. Onun vəhşi 
çılğınlığından, qəzəbə gəlmiş müharibə qudurğanlığından hamı vahimə ilə danışırdı. Müharibəyə bir 
çox ölkələr qoşulmuşdular. Cəbhə  Əfqanıstandan Şimal dənizinə kimi uzanırdı. Müxtəlif 
hökmdarların, dövlətlərin və  sərkərdələrin adları, cəbhədə can vermiş qəhrəmanların cəsədlərinə 
qonmuş zəhərli milçəklər kimi qəzetlərin səhifələrini doldururdu.  


Yenə yay gəldi. Qızmar günəş səhərin başına od yağdırırdı. Küçələrdəkiasfalt adamın ayaqları altında 
əriyirdi. Şərqdə və həm də Qərbdə zəfərlər bayram edilirdi.  
Mən vaxtımı çayxanalarda, kafelərdə, dostlarımın yanında və evimdə keçirirdim. Erməni Naçararyanla 
dostluq etdiyimə görə bir çoxları məndən üz döndərmişdilər. İlyas bəyin alayı hələ  də  şəhərdə idi. 
Onlar kazarmanın tozlu həyətində  hərbi təlim keçirdilər. Opera, teatr və kinoteatrlar müharibədən 
qabaq olduğu kimi tamaşaçıların üzünə açıq idi. Çox şeylər baş vermişdi, amma ölkəmizdə və evimizdə 
heç bir şey dəyişməmişdi.  
İmtahanların yükü altında inildəyən Nino yanıma gələn zaman onun gözlərində  dərin bir qorxu var 
idi. Xalam qızı Aişə müəllimlərin Şirvanşirin nişanlısına mərhəmət göstərib sinif jurnalına bir-birinin 
ardınca “kafi” qiymətlər yazdıqlarını xəbər verdi. Nino ilə birlikdə küçədə gəzən zaman onun məktəb 
rəfiqələri böyük bir maraqla arxamızca baxıb, bizi gözdən itənə qədər izləyirdilər. Biz şəhər klubuna
teatrlara və rəqs gecələrinə gedirdik.  
Ancaq nadir hallarda tək qalırdıq. Dostlarımız bizi xeyirxahlıqla keçilməz bir qala divarı kimi əhatə 
edirdilər. İlyas bəy, Məmməd Heydər, Naçararyan və  hətta dindar Seyid Mustafa belə bizi müşayiət 
edirdilər. Onların öz aralarında sözləri bir-birilə tutmurdu. Kök və  zəngin olan Naçararyan şampan 
şərabı içib, Qafqaz xalqları arasındakı qarşılıqlı məhəbbətdən danışdığı zaman Məmməd Heydərin 
əhvalı pozuldu və dözməyib dedi: “Cənab Naçararyan, mənə elə  gəlir ki, qayğıkeşliyiniz yersizdir. 
Çünki müharibədən sonra onsuz da cüzi miqdarda ermənilər sağ qalmış olacaqlar”.  
Nino yerindən atılıb səsləndi:  
– Amma Naçararyan sağ qalan kişilərdən biri olacaqdır.  
Naçararyan söhbətə qarışmayıb, şampan şərabı içməkdə davam edirdi. Mənim eşitdiyimə görə o
bütün pullarını İsveç banklarına keçirmək niyyətindədir. Mən Məmməd Heydərdən Naçararyanla bir 
az mehriban olmağı xahiş etdim. O, qaş-qabağını sallayıb dedi: “Heç bilmirəm nə səbəbdən ermənilərə 
nifrət edirəm”. 
Bu  əhvalatın üstündən günlər, həftələr, aylar keçdi. Nəhayət, imtahan günü gəldi, Nino müqəddəs 
kraliça Tamara litseyinin imtahan zalında dayanıb riyazi tənliklərin həll edilməsində, klassik əsərlərdən 
iqtibaslar və tarixi rəqəmlər vasitəsilə kamilliyini sübuta yetirdi və məzun oldu.  
Buraxılış gecəsindən sonra sevincindən özünə yer tapa bilməyən Ninonu evlərinə  gətirəndən sonra 
qoca Kipiani dedi:  
– İndi siz nişanlısınız. Hazırlaşın Əli xan, Tiflisə gedirik. Sizi ailəmizlə tanış etmək istəyirəm. Beləliklə, 
biz Gürcüstanın paytaxtı Tiflisə yola düşdük. 
Tiflis sıx bir meşəni xatırladırdı. Bu meşədə  hər bir ağacın öz adı vardı. Hər bir ağac o birisinin ya 
əmisi, ya əmioğlusu, ya dayıoğlusu, ya xalası, ya da xalası qızı idi. Bu şəhərdə yolu tapmaq, azmaq insan 
üçün o qədər də asan iş deyildi. Adlar köhnə palıda vurulmuş balta səsikimi adamın qulağında 
cingildəyirdi:  
Orbeliani, Çavçavadze, Sereteli, Amilaxari, Abaşidze şəhərin kənarında Didube bağında ziyafət verirdi. 
Çalğıçılar gürcü zurnasında kaxetiyalıların döyüş havası olan “Mravalyaver”i və çılğın xevsurların “Lilo” 
rəqs havalarını çaldılar. Qutaisidən gələn Abaşidze familli əmi oğlu İveriya dağının mahnısı olan 
“Mqali Deliya”nı oxudu. Bir əmioğlu da “Davlur” rəqsini oynadı. Ziyafət bütün gecə davam etdi. 
Günəş dağların arxasından yavaş-yavaş işıq saçmağa başlayanda musiqiçilər himn çalmağa başladılar: 
“Dur, ey kraliça Tamara, Gürcüstan sənin üçün ağlayır”. Mən dinməz-söyləməzNinonun yanında 
oturmuşdum. Birdən birə qabağımızda xəncər və qılınclar parladı.  
Sübh ala qaranlığında bir dəstə  əmi oğlanlarının ifa etdikləri gürcü xəncər rəqsi maraqsız bir səhnə 
oyununu xatırladırdı.  
Yanımda oturanların söhbətlərinə qulaq asırdım: Onlar keçmiş yüz illiklərdən bu günümüzə  qədər 
uzanıb gələn yanğılardan danışırdılar: Saakadze komandasında olan Sereteli nəslinin bir nümayəndəsi 
Tiflisi Çingiz xandan müdafiə edib.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə