ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   ...   33   34   35   36   37   38   39   40   ...   59

Kəndlinin səsinin tonu çox ciddi idi, onun üzü günəşə tərəf idi, gözləri yaşıl və baxışları dərin idi.  
– Bəli, deyə kəndli dilləndi, – abreklərin andı belədir. 
– Bəs bu andı içənlər kimlərdir? 
– Çox haqsızlığa məruz qalan adamlar. – deyib susdu. 
Mən də evə yollandım. Aulun dördkünc daxmaları kuba bənzəyirdi. Günəşin qızmar şüaları təpəmizi 
deşirdi. Bəlkə, mən özüm də bu vəhşi dağlara sürgün edilmiş bir abrekəm. Yoxsa mən də Dağıstan 
quldurları kimi gecə yarısı məscidə gedib and içməliyəm? Kəndlinin abrek andı haqqında söylədiyi 
kəlmələr hələ  də qulaqlarımda cingildəyirdi. Sonra komanın qabağında yəhərli üç yad atlı gördüm. 
Atlardan birinin yüyəni gümüşdən idi. Komanın damında isə  kəmərində qızıl xəncəri olan on altı 
yaşlarında kök bir oğlan oturmuşdu. O mənə əl eləyərək güldü. Bu gənc vaxtı ilə bizimlə bir məktəbdə 
oxuyan Arslan ağa idi. Onun atasının zəngin neft quyuları var idi. Arslan ağanın səhhəti yaxşı olmadığı 
üçün o, müalicəyə tez-tez Kislovodska gedərdi. O məndən çox balaca olduğu üçün onu yaxşı 
tanımırdım. Lakin burada, dağın başındakı kənddə onu hərarətlə bir qardaş kimi qucaqladım. O, 
qürurdan qızardı və dedi: “Nökərlərimlə kəndin yanından keçirdim və qərara gəldim ki, sənə bir baş 
çəkim”.  
Əlimi dostcasına onun çiyninə qoydum.  
– Qonağım ol, Arslan ağa. Bu gecə şəhərimiz şərəfinə ziyafət veriləcək.  
Sonra üzümü daxmaya tərəf tutub səsləndim: 
– Qazı Molla, ziyafət süfrəsini hazırla: Bakıdan qonağın gəlib.  
Yarım saatdan sonra Arslan ağa həsirin üstündə oturub qoyun ətindən kabab yeyib şənlənirdi.  
– Səni görməyimə çox şadam, Əli xan. Sən bir qəhrəman kimi bu uzaq kənddə yaşayıb, özünü qan 
düşmənindən qoruyursan. Amma arxayın ola bilərsən. Mən sənin olduğun yeri heç kimə 
deməyəcəyəm.  
Mən bu barədə heç narahat deyildim. Çünki Bakıda mənim harada olduğumu hamı bilirdi.  
– Məni necə tapdın? 
– Sənin yerini mənə Seyid Mustafa dedi. Sonra aydın oldu ki, sənin qaldığın kənd elə mənim yolumun 
üstündədir. Seyid Mustafa sənə salam göndərdi.  
– Yaxşı, indi sənin yolun hansı tərəfədir, Arslan ağa?  
– Kislovodska gedirəm. Bu iki nökərlərim də mənimlə gedəcəklər.  
– Belə de! – deyə gülümsədim. O, da son dərəcə məsumcasına mənə baxırdı.  
– Arslan ağa, de görüm Kislovodska niyə qatarla getmirsən?  
– Vallah, bir az dağ havası almaq istədim. Mahaçqalada qatardan düşüb atlara minib kəsmə yolla 
Kislovodska gedəcəyik. O, ağzını şirin kökə ilə doldurub ləzzətlə yeyirdi.  
– Amma, Kislovodska kəsmə yol deyəsən buradan üç günlük yol məsafəsi uzaqlığındadır.  
Arslan ağa təəssüflənirmiş kimi cavab verdi:  
– Doğrudanmı? Demək mənə yanlış məlumat veriblər. Amma yenə sevinirəm ki, heç olmasa sizə baş 
çəkə bildim.  
Bu gənc, hər halda yolunu qəsdən bu qədər uzaq salıb ki, Bakıya qayıdandan sonra məni gördüyünü 
evdə danışa bilsin. Deməli Bakıda şöhrətim xeyli yayılıb.  
Arslan ağanın stəkanına şərab tökdüm. O böyük qurtumlarla şərabı içdi. Bir az keçəndən sonra 
sadəlövhlüklə məndən soruşdu: 
–  Əli xan, deyin görüm o gündən bu günə  qədər başqa bir adamı öldürmüsənmi, yalvarıram, mənə 
düzünü deyin. And içirəm, heç kimə demərəm.  
– Bəli, öldürmüşəm, özü də bir çox adamı.  
– Sən allah düzünü deyirsən? 


O keyflənmişdi və  hələ  də içməyinə davam edirdi. Mən də onun stəkanını durmadan şərabla 
doldururdum. “Bəs Nino ilə evlənəcəksənmi?” – deyə soruşdu, şəhərdə camaat bu barədə deyir ki, sən 
onu hələ də sevirsən.  
O, keyfli halda qəhqəhə çəkib güldü və şərab içməyinə davam etdi. Bilirsən, biz hamımız özümüzü elə 
itirmişdik ki, elə bütün günü söhbətimiz bu barədə gedirdi.  
– Doğrudan? Bəs Bakıda nə xəbər var, Arslan ağa? 
– Bakıdamı? Heç nə. Təzə bir qəzet buraxmağa başlayıblar.  
Fəhlələr tətil eləyirlər. Müəllimlərimiz hərdən bir sizin zatən çox sürətlə parlayan bir tələbə 
olduğunuzu söyləyirlər. Allah eşqinə de görüm Ninonun qaçırıldığını necə öyrəndin?  
–  Əziz qardaşım Arslan, gözəl dostum, artıq bəsdir suallar verdin. İndi növbə  mənimdir De görüm 
Ninonu heç görmüsənmi? Bəs Naçararyangildən necə, bir kimsəyə rast gəlmisənmi? Kipianilər 
neyləyirlər? Bu barədə nə deyirlər? Zavallı Arslan ağanın ağzındakı loxma az qaldı ki, boğazında qalsın.  
– Vallah, heç bir xəbərim yoxdur. Heç kimi görməmişəm. Çünki küçəyə nadir hallarda çıxıram.  
– Nəyə görə dostum? Xəstə deyildin ki? 
– Hə, bərk xəstələnmişdim. Difteriyaya tutulmuşdum. Təsəvvür edin ki, gündə üç dəfə dərman qəbul 
edirdim.  
– Difteriyaya qarşı? 
– Bəli. 
– İçməyini davam et, Arslan ağa. Şərab sağlamlıq üçün çox yaxşıdır.  
İçdi. Sonra ona tərəf əyilib soruşdum:  
– Əziz dostum, de görüm, axırıncı dəfə nə zaman düz söz danışmısan?  
O, məsum gözləri ilə  mənə baxdı və  səmimi tərzdə dedi: “Məktəbdə, üç dəfə üçün neçə olduğunu 
bildiyim zamandan”.  
Dadlı şərab bu sadəlövh gənci tamam sərxoş etmişdi. Onun suallarıma az-çox doğru cavab verəcəyi 
vaxtı çatmışdı. Elə ona görə də onu dindirməyə başladım. O kəndə ancaq maraq məqsədi ilə gəlmiş 
olduğunu, difteriya xəstəliyinə tutulmadığını və Bakıda gedən bütün dedi-qoduları dərinliyinə  qədər 
bildiyini etiraf etdi. Sonra o, özünə  məxsus bir formada çərənçilik edərək: “Naçararyanlar səni 
öldürmək istəyirlər” dedi. “Lakin onlar əlverişli bir fürsəti gözləyirlər. Bir-iki dəfə Kipianiləri ziyarət 
etməyə getdim. Uzun zaman idi ki, Nino xəstələnmişdi. Sonra onu Tiflisə apardılar. İndi o, geri 
qayıdıb. Ninonu şəhər klubunda keçirilən balda gördüm. Bilirsən...” 
– O şərabı su kimi içir və durmadan qəhqəhələrlə gülürdü.  
– O, ancaq rus zabitləri ilə  rəqs edirdi. Valideynləri onu Moskvaya göndərmək istəyirlər, amma o 
getmək istəmir. Nino hər gün şəhərə çıxır və bütün ruslar ona vurulublar. İlyas bəyə orden verilib, 
Məmməd Heydər də  cəbhədə yaralanıb. Naçararyanların villası yanıb kül oldu. Deyirlər ki, villanı 
sənin dostların yandırıblar.  
– Daha başqa nə xəbər var? 
– Hə, bir də, Nino kiçik bir it alıb. Hər gün onu amansızcasına döyür. İtə nə ad qoyduğunu heç kim 
bilmir. Bəzi adamlar Ninonun onu Əli xan, başqaları isə Naçararyan deyə çağırdıqlarını söyləyirlər. 
Ancaq mənə elə  gəlir ki, Nino itini Seyid Mustafa deyə çağırır. Sənin atanı da görmüşəm. O mənə 
dedi ki, əgər yenə də dedi-qoduyla məşğul olsan səni döyəcəyəm. Kipianilər Tiflisdə ev alıblar. Bəlkə 
birdəfəlik köçüb orada yerləşdilər.  
Arslan ağa, çox yalançı bir məlumatdır.  
– Bəs sən nə olacaqsan, Arslan ağa? 
– O sərxoş baxışları ilə mənə baxıb dedi: “Kral olacağam”. 
– Nə olacaqsan? 
– Mən gözəl bir ölkənin kralı olmaq istəyirəm. İstəyirəm ki, çoxlu süvarim olsun.  
– Sonra nə istəyirsən? 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə