ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   ...   13   14   15   16   17   18   19   20   ...   59

əcdadlarımızın qəhrəmanlıqlarını toz basmış kitabların səhifələrində yox, qəlbində  və qan 
damarlarında oxumalı idin. 
Atam qəmgin halda susdu. O, məni başa düşmədiyi üçün mənə nifrət edirdi. Onun oğlu doğrudanmı 
qorxaq idi? Ölkədə müharibədir, amma onun oğlu döyüşə can atmır. Düşmənin qanına susamır, 
onların diz çökdüyünü və ağladıqlarını görmək istəmirdi. Yox, onun oğlu korlanıb, yoldan çıxıb! 
Mən xalçanın üstündə bardaş qurub oturmuşdum. Yumşaq yastığa söykənib zarafatla dedim: “Mənə 
demişdin ki, üç şey edə bilərsən. Birincisi ilk yazımı Qarabağda keçirməkdi. İkincisi, mən öz qılıncımı 
ancaq özüm istədiyim zaman qınından sıyıracam. Bu işin də çox gec olacağını düşünmürəm. 
Yanılmıramsa sülh günləri uzun zaman üçün qurtarıb. Bizim vətənimizin mənim qılıncıma daha sonra 
ehtiyacı olacaq.  
Atam, yaxşı deyib susdu və bir daha müharibədən söz salmadı. Yalnız hərdənbir soruşucu baxışlarla göz 
ucu mənə baxardı. Bəlkə oğlu hələ korlanmayıb, kim bilir?  
Bu aradan Təzə Pir məscidinə gedib, oranın imamı ilə söhbət etdim. İmam dərhal məni başa düşdü. O 
yaraşıqlı libasını geyib evimizə gəldi. İmam atamla bir otağa girib orada bir xeyli söhbət etdilər. Uzun 
sürən söhbət əsnasında imam atama demişdi ki, Qurani Kərimə əsasən bu müharibənin müsəlman ilə 
heç bir əlaqəsi yoxdur. O, öz sözlərini təsdiq etmək üçün peyğəmbərin bir çox kəlamını da atama 
söyləmişdi. Ondan sonra bizim evimizdə sakitlik hökm sürməyə başladı. Evimizə barışıq və  əmin-
amanlıq gəldi. 
Amma bu sakitlik yalnız bizim evdə idi. Gənclərimizdə döyüş həvəsi yaranmışdı. Bundan kənarda 
qalmaq da hər adamın işi deyildi. Bəzən dostlarıma baş çəkməyə gedirdim. Bu gün də mən Sisanişvili 
darvazasından keçib, sağa Haşım küçəsinə döndüm. Sonra da müqəddəs Olqa küçəsindən keçib
Zeynal ağanın evinə getdim. 
İlyas bəy masanın arxasında oturub hərbiyə aid olan əsərləri oxuyurdu. Onun yanında qaşları çatılmış 
və sifətinə  dəhşət çökmüş, məktəbdə  ən axmaq şagird olan Məmməd Heydər çömbəlib oturmuşdu. 
Müharibə onu ağıllı başlı sarsıtmışdı. O da elm ocağını tələsik atıb İlyas bəy kimi yalnız çiyinlərində 
qızılı sapla işlənmiş zabit paqonlarının varlığını hiss etmək arzusu ilə yaşayırdı. Ona görə də onların hər 
ikisi zabitlik məktəbinə daxil olmaq üçün inadkarcasına imtahana hazırlaşırdılar. Otağa girəndə 
Məmməd Heydərin məyus mırıltısını eşitdim: “Ordu və donanmanın vəzifəsi çarı və vətəni xarici və 
daxili düşmənlərdən qorumaqdır”. 
Mən bu zavallının əlindən kitabı götürüb, onu imtahan etməyə başladım:  
- Möhtərəm Məmməd Heydər, mənə söyləyə bilərsənmi ki, xarici düşmən dediyin kimdir. 
O, alnını qırışdırıb çox dərin fikrə getdi. Sonra birdən partladı. “Almanlar və Avstriyalılar”. 
Təmamilə yanılırsan əziz dostum, - deyə güldüm. Sonra qələbə qazanmış bir insan kimi kitabdan 
oxudum: 
“Xarici düşmən termini, müharibə etmək məqsədilə bizim sərhədlərimizi aşan və ya aşmaq təhlükəsini 
yaradan hər növ hərbi hissədir”. 
Sonra üzümü İlyas bəyə çevirdim:  
- Sən mənə deyə bilərsənmi “Atəş nə deməkdir?” 
İlyas bəy bir avtomat kimi cavab verdi: “Atəş, barıt qazının köməyi ilə güllənin lülədən çıxmasına 
deyilir”. 
Bu sual-cavab oyunu bir müddət davam etdi. Biz elmin bütün qaydalarına riayət edib düşməni məhv 
etməyin nə qədər çətin olduğuna və bu sənətə bizim ölkədə hələ də çox səthi əməl edildiyinə heyrət 
edirdik. 
Sonra Məmməd Heydərlə İlyas bəy sevincindən vəcdə gəlib gələcək hərbi əməliyyatlardan danışmağa 
başladılar. Düz bir saatlıq xülyapərəstlikdən sonra hər ikisi belə nəticəyə gəldilər ki, hər bir əsgər öz 
xəritəsini arxa çantasında daşımalıdır. Bunu deyəndən sonra onlar mərhəmətli baxışlarını mənə 
zillədilər. 


Məmməd Heydər sözə başladı: 
- Mən zabit olduğum zaman, sən gərək küçədə gedərkən mənə yol verəsən və  mənə böyük hörmət 
göstərəsən. Çünki mən cəsur qanımla sənin tənbəl gövdəni müdafiə edəcəyəm.  
- Sən zabit olana qədər müharibə çoxdan sona çatmış olacaq, almanlar da Moskvanı tutacaqlar. 
Mənim bu qənaətim gələcək iki qəhrəmanımın keflərini heç də pozmadı. Çünki müharibədə kimin 
qalib çıxacağı mənim kimi onları da maraqlandırmırdı. Bizimlə döyüş meydanı arasında dünyanın 
altıda biri qədər böyük bir məsafə var idi. Almanlar bu qədər ucsuz-bucaqsız yeri tuta bilməzdilər. 
Əgər almanlar lap bu qədər yeri tutsaydılar da, bizim üçün fərqi yox idi. Çünki bir xristian hökmdarın 
yerinə o biri xristian bizə hökmranlıq edəcəydi. İlyas bəy üçün müharibə bir məcarə idi. Məmməd 
Heydər üçün isə məktəb həyatını şərəfli bir şəkildə başa vurub, özünə bir kişi sənəti seçmək fürsəti idi. 
Əlbəttə onların hər ikisindən yaxşı cəbhə zabiti çıxardı. Mən buna əmin idim. Çünki xalqımızda 
igidlik və cəsarət kifayət qədərdi. Amma nə fayda? Bu sualı nə İlyas bəy və nə də Məmməd Heydər bir 
kərə  də olsun soruşmurdular. Mənim xəbərdarlıqlarımın hamısı tam boşa çıxdı. Çünki onların hər 
ikisində Şərqlilərin qan içərliyi həvəsi oyanmışdı. Onu söndürmək artıq mümkün deyildi. 
Bu səbəbdən də onlar mənim sözlərimə və özümə etinasızlıq göstərəndən sonra mən, Zeynal ağanın 
evini tərk etdim. Məhəlləni keçib sahil bağına gəldim. Qurğuşun rəngli Xəzər dənizinin duzlu suları 
sahildəki qranit daşları yalayırdı. Limanda bir hərbi gəmi durmuşdu. Sahildə oturub kiçik dalğalarda 
igidcəsinə çarpışan balaca yelkənli gəmilərə tamaşa etdim. Mən onların birinə minib rahatca İran 
şahının yaşıl diyarının darvazası olan qədim Astara limanına gedə bilərdim. Bu diyar, klassik iran 
şairlərinin son dərəcə gözəl yazılmış rubailərini, Rüstəm Zalın qəhrəmanlıqlarını, Tehran saraylarının 
ətirli qızılgül bağçalarını mənə xatırladırdı. İran qeyri adi bir xəyal diyarı idi. 
Mən bir neçə  dəfə sahil bağını o baş bu başa gəzdim. Ninogilə gedib orada onunla görüşmək mənə 
hələ bir az qəribə  gəlirdi. Çünki belə  təqdirdə davranış qaydalarına qarşı zidd olacaqdım. Amma, 
müharibəni nəzərə alaraq bəlkə  də qoca Kipiani bu hərəkətimə  də göz yumardı. Çox düşündükdən 
sonra, nəhayət dərindən nəfəs alıb, dörd mərtəbəli binanın pilləkənləri ilə yuxarı qalxdım. Binanın 
ikinci mərtəbəsindəki giriş qapısının üzərində “Knyaz Kipiani” sözləri yazılmış bürünc bir lövhə vardı. 
Qapının zəngini basdım. Ağ örlüklü bir xidmətçi qız qapını açdı və reverans etdi. Papağımı ona 
verdim. Şərqin adətinə görə, qonaq papağını çıxartmamalıdır. Amma Avropalıların məclisində hansı 
şəkildə hərəkət etməyin qaydalarını bilirdim. 
Knyaz Kipianinin ailəsi böyük qonaq otağında oturub çay içirdilər. Qonaq otağındakı mebelin üzünə 
qırmızı ipək parça çəkilmiş, künclərdə palma ağacları və dibçəklərdə çiçəklər dururdu. Divarlara isə 
sadəcə naxışlı divar kağızları çəkilmişdi. Kipianiailəsinin üzvləri bəzəkli iri fincanlarda südlü ingilis çayı 
içirdilər.Masanın üstündə suxarı və ingilis üsulu ilə hazırlanmış biskvit qoyulmuşdu. Ninonun anasının 
əlini öpdüm. Onun əlindən suxarı, biskvit və ətir iyi gəlirdi. Knyaz mənə əl verdi. Nino gizlincəçay 
fincanının içinə baxaraq üç barmağını mənə uzatdı. 
Mən əyləşəndən sonra, mənə də çay gətirdilər. Əli xan deməli qəti qərara gəlmisiniz ki, müharibəyə 
getməyəcəksiniz, deyə knyaz zarafatla soruşdu. 
- Bəli, knyaz məncə hələlik vaxtı çatmayıb. Ninonun anası fincanı masanın üstünə qoyub dilləndi.  
- Sizin yerinizdə olsaydım, barı müharibə qeyrətlərinə yardım qayəsiylə qurulmuş komitələrin birinə 
üzv olardım. Heç olmasa bu və ya başqa şəkildə bir uniforma geymək fürsətini əldə edə bilərdiniz. 
- Bu yaxşı fikirdir, mən də belə edəcəyəm, - deyə knyaz sözünə davam etdi: 
- Düz deyirsiniz, knyaz. Amma iş burasındadır ki, boş vaxtım o qədər azdır ki, qorxuram ana vətən 
məndən çox az fayda görsün. 
Knyaz təəccüblə üzümə baxıb soruşdu: 
- Bəs siz boş vaxtlarında nə ilə məşğul olursunuz? 
- Malikanəmizin idarə edilməsi ilə məşğulam, knyaz. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə