Bilik – Elm – Bilik
123
dövrdə elmə və fəlsəfəyə münasibət çox gözəl görünür. Pifaqor adamları
məqsəd və fəaliyyətinə görə üç qrupa bölür və onları obrazlı surətdə səciy-
yələndirmək üçün Olimpiya oyunlarına gələnlərlə müqayisə edir. Burada
bir qisim adamlar öz fiziki imkan və qabiliyyətlərini nümayiş etdirərək ya-
rışırlar. Digərləri buraya ticarət məqsədilə gəlirlər. Üçüncülər isə yalnız
müşahidə edirlər. Pifaqora görə, həyatda da belədir. Kimlərsə şöhrətin,
kimlərsə var-dövlətin qulu olur. Lakin elələri də var ki, yalnız kənardan
seyr edirlər və yeganə məqsədləri həqiqəti aşkara çıxarmaqdır. Bu üçüncü-
ləri Pifaqor filosof adlandırırdı. Burada fəlsəfə həm də “təmənnasız elm”
mənasında başa düşülür. Son məqsəd əldə olunan biliklərdən hansı sahədə
isə istifadə etmək yox, həqiqətin özüdür. İnsan həqiqətə qovuşanda mənən
saflaşır. Dünyanı, təbiəti dəyişmək məqsədini qarşıya qoymasa da, heç ol-
mazsa dünyanın, təbiətin ahəngini dərk edir və bu ahəngə uyğunlaşmaq
imkanı əldə edir. Burada Heraklitin məşhur “təbiətlə həmahənglik” prin-
sipi yada düşür...
Lakin insan hər cür istiqamətli fəaliyyətin subyekti olduğundan də-
yişdirilmiş insan mənəviyyatı istər-istəməz dünyanın da dəyişdirilməsinə
gətirir. Lakin bu tarixi proses birdən-birə həyata keçmir. Təməli qədim
Şərqdə qoyulan, antik dövr və orta əsr Şərq təfəkkür tərzinin süzgəcindən
keçən bilik-əməl problemi Yeni Dövrdə yeni çalarlarla zənginləşərək bir
sıra müvəffəqiyyətlər gətirsə də, özünün tam elmi həllini hələ də tapma-
mışdır. Tarixi vərəqləmək və onun dərslərini nəzərə almaq bu problemin
həlli üçün mühüm şərtdir.
Bütün bu deyilənlərdən sonra, bir daha orta əsr Şərqində bi-lik və
əməl probleminin necə həll olunması məsələsinə qayıtsaq, görərik ki, mə-
sələnin bu gün üçün düzgün sayılan həlli elmi biliyə üstünlük və müstəqil-
lik verilməsi, o dövr üçün hələ tez idi. Elmin texniki tərəqqini qabaqlaması
yalnız XX əsr üçün səciyyəvi olan bir hadisədir və əksər tədqiqatçılar
elmi-texniki inqilabın mahiyyətini məhz bununla izah edirlər.
Elmi yalnız mədəni sərvət kimi başa düşmək, ondan heç bir maddi
səmərə və tətbiq gözləməmək, ona tam təmənnasız münasibət bəsləmək
ayrı-ayrı adamlara xas ola bilər, lakin dövlət belə mövqedən çıxış edə bil-
məz. Alimə ola bilsin ki, yalnız hikmət, dövlətə isə həm də güc lazımdır.
Şərqin ənənəvi təfəkkür tərzini müasir dövrdə dövlət siyasəti miqya-
sında təbliğ edən mütəfəkkirlərə hələ rast gəlmək mümkündür. Görkəmli
hind filosofu və siyasi xadimi M. Qandi elmdən maddi qüvvə mənbəyi
Elm haqqında elm
124
kimi, texniki tərəqqi naminə istifadə etməyin ardıcıl əleyhdarı olmuşdur.
O, bu mövqeyi hər cür zorakılığa qarşı mübarizə proqramına uyğun olaraq
seçmişdir. Onun fikrincə, insanlara qüvvət deyil, şəfqət lazımdır. Zorakılı-
ğın qarşısını zorakılıqla almaq mümkün deyil.
Lakin bəşər tarixi, həyat təcrübəsi göstərir ki, zorakılıq əleyhinə
uğurla mübarizə apara bilmək üçün də güclü olmaq lazımdır. XX əsrin bö-
yük mütəfəkkir-şairi H.Cavid ənənəvi Şərq fəlsəfəsini real həyat mövqe-
yindən nəzərdən keçirərək zorakılıq ideyası ilə yanaşı maddi təməldən ay-
rılmış həqiqət ideyasını da tənqid etmiş, bütün yaradıcılığı boyu kitabla qı-
lıncın, həqiqətlə gücün vəhdəti ideyasını bədii şəkildə tərənnüm etmişdir.
Ən başlıcası isə budur ki, H.Cavid yaradıcılığında bu ideya orta əsrlər üçün
səciyyəvi olan fərdi bilik və əməlin vəhdəti ideyasından fərqli olaraq bir
şəxs miqyasından kənara çıxır, ictimai qrup, xalq, ölkə miqyasında irəli
sürülür.
Ən müasir dövrdə gücü simvolizə edən daha artıq qılınc yox, elm ol-
duğundan, Hüseyn Cavidin “həqiqət və gücü birləşdirmək” ideyasını da el-
min düzgün mənəvi prinsiplər əsasında yönəldilməsi kimi başa düşmək
olar.
XXI əsrdə Şərq ölkələrində qarşıda duran ən əsas vəzifələrdən biri
məhz fərdi yaradıcılıq potensialından ictimai güc faktoruna keçiddir.
Söhbət hələ XII əsrdə Nizami Gəncəvi tərəfindən irəli sürülən və XVII
əsrdə F.Bekon tərəfindən təkrar olunan “bilik – qüvvədir” həqiqətinin yeni
inkişaf mərhələsində “elm – ictimai qüvvədir” həqiqətinə transformasiya-
sından gedir.
ELM
VƏ ONUN İNKİŞAF YOLU
Elm anlayışı
Elmin metodoloji problemləri
Elmlərin təsnifatı
Elmin inkişaf qanunauyğunluğu
Elmin məntiqi-qnoseoloji tədqiqi
Elm yolu bumeranqı xatırladır, nə
qədər çox uzağa getsən, bir o qədər ilkin
əsaslara qayıdırsan.
Əbu Turxan
Elm və onun inkişaf yolu
127
Elm anlayışı
Müasir dövrdə elmin böyük rolunu hamı etiraf edir. Hər bir insan öz
şəxsi həyatında elmin bu və ya digər nəticələrindən istifadə edir və elmi-
ləşmiş texnogen mühitsiz insanı təsəvvür etmək mümkün deyil. Lakin bu-
nunla belə, insanların böyük əksəriyyəti bilavasitə elmdən uzaqdırlar və
hətta elmə qarşı tam bir etinasızlıq şəraitində yaşayırlar. Bu mühit artıq bi-
zimdir. Yeni nəsil bu mühiti hazır şəkildə mənimsəyir və onun üçün o, bir
növ təbii mühitdir. Ancaq tarixi aspektdə yanaşdıqda, həyata retrospektiv
münasibət zamanı aydın olur ki, vaxtilə nə televizor, nə telefon, nə avto-
mobil olub. İnsanlar hətta ən böyük məsafələri də ayaqla və ya ən yaxşı
halda at və dəvə ilə qət ediblər. Bircə gün elektrik olmayanda, insan həyatı
öz normal ritmindən çıxır və dözülməz hala gəlir. Amma biz heç düşün-
mürük də ki, bu “norma” ancaq son əsrlərdə formalaşıb. Ona qədər isə
neçə minilliklər ərzində həyatın başqa normativləri mövcud olub.
Bəli, elmin nəticələri həyatımıza o dərəcədə üzvi surətdə daxil olub
ki, biz onlardan istifadə edərkən nə onların əsasında duran elmi ideyaları,
nə də bu kəşflərin müəllifi olan elm adamlarını xatırlayırıq. Yəni əslində
elm harada isə arxa plandadır. Görüb qurtardığı işləri insanların ixtiyarına
buraxıb, indi yeni işlərlə məşğuldur. Cəmiyyət bu yeni işlərdən xəbərsiz-
dir; bu yeni işlər ancaq kiçik bir qisim insanların – elm adamlarının maraq
dairəsindədir. Yəqin bir vaxt gələcək, bugünkü elmin nəticələri də ictimai
həyatda realizasiya olunaraq elm çevrəsindən kənara çıxacaq və ictimai-tə-
bii mühitin, ikinci təbiətin ayrılmaz tərkib hissəsinə çevriləcəkdir. Və onda
bu “yeni işlər” də köhnələcək, elmin ön cəbhəsindən uzaqlaşaraq özünün
elmdən kənar həyatını yaşayacaqdır. Yəni texnikada, texnologiyada, isteh-
salatda və ya hər hansı bir xidmət sahəsində realizasiya olunacaq, özgələş-
miş hala düşəcəkdir. Yaxud potensial imkan kimi, sadəcə elmin hələ tətbiq
olunmamış, reallaşmamış məhsulu – elmi bilik kimi saxlanılacaqdır.
Dostları ilə paylaş: |