Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   9   10   11   12   13   14   15   16   ...   122

- 27 - 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 7 (88) 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 7 (88) 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 7 (88) 
 
AFAQ ƏLİYEVA 
Naxçıvan Dövlət Universiteti 
 
BORAGİNACEAE JUSS. FƏSİLƏSİNİN AZƏRBAYCANDA YALNIZ NAXÇIVAN 
ƏRAZİSİ ÜÇÜN XARAKTERİK OLAN NÖVLƏRİ 
 
Açar sözlər: flora, fəsilə, cins, növ, bitki 
Key words: flora, family, gender, kind, plant 
Ключевые словафлора, семейство, род, вид,  растение 
Naxçıvan  Muxtar  Respublikası  iqliminə,  relyefinə,  həm  də  florasına  görə  Azərbaycanın 
digər bölgələrindən fərqlənir. Ərazidə 5 iqlim tipi ayrılmışdır:  yayı quraq keçən soyuq  yarımsəhra 
və  quru-çöl  iqlimi;  yayı  quraq və  isti keçən  soyuq  iqlimi;  orta dağlıq  qurşağın  yuxarı,  yüksək  dağ 
qurşağının  isə  aşağı  (1600-2600  m)  hissəsini  əhatə  edən  yayı  quraq  və  sərin  keçən  iqlimi;  yayı 
quraq və çox sərin keçən soyuq iqlim tipi - bu tip ancaq Zəngəzur silsiləsinin cənub-qərb yamacında 
yüksək  dağlıq  qurşağın  demək  olar  ki,  mərkəz  zolağında  2600  m-lə  3200  m  arasında  yerləşən 
sahələri əhatə edir. Beşinci iqlim tipi ərazinin yüksək dağ zirvələrini (3200-3906 m) əhatə edən dağ-
tundra  iqlimidir.  Onun  əhatə  etdiyi  yerlər  qış  və  yayın  soyuq  olması  və  yağıntıların  azalması  ilə 
səciyyələnir.  Naxçıvan  ərazisinin  relyefi  başlıca  olaraq  düzənlik  və  dağlıq  hissələrdən  ibarətdir. 
Buranın florası da fərqlidir. Belə ki, burada elə bitki növləri var ki, Azərbaycanın digər ərazilərində 
rast gəlinmir. Bu növlərdən də bir qismi Boraginaceae Juss. fəsiləsinin payına düşür. Azərbaycanda 
bu fəsilənin 30 cinsdə toplanan 100-ə yaxın növü məlumdur. Naxçıvan Muxtar Respublikasında isə 
Sümürgənçiçəklilərin 24 cinsə daxil olan 62 növü məlumdur. Belə ki, bu fəsilənin 8 cinsinə aid olan 
növlərdən  12  -si  Azərbaycanda  ancaq  Naxçıvan  MR  ərazisində  yayıldığı  müəyyən  edilmişdir.  Bu 
növlər  aşağıdakılardır:  Heliotropium  tzvelevii  T.N.  Pop.  –  Tzvelev  heliotropiumu,    Heliotropium 
szovitsii (Stev.) Bunge. (H.  kovalenskyi  Stschegl.) –  Soviç  heliotropiumu, Solenanthus circinnatus 
Ledeb. – Qıvrım boruçiçək, Paracaryum strictum (C.Koch) Boiss. – Düz parakarium,  Paracaryum 
laxiflorum  Trautv.  –  Seyrəkçiçək  parakarium,  Rindera  lanata  (Lam.)  Bunge.  –  Tüklü  rindera
Lappula sinaica (DC.) Aschers. ex Schweinf – Sinay yapşaq, Lappula sessiliflora (Boiss.) Guerke. 
–  Oturaqçiçək  yapşaq,  Arnebia  minima  Wettst.  (A.  linearifolia  DC.)  –  Balaca  arnebiya,  Onosma 
gracilis  Trautv.  –  Zərif  onosma,  Onosma  tenuiflora  Willd.  (O.  rupestris  Bieb.)  –  Nazikyarpaq 
onosma,  Rochelia cardiosepala Bunge. – Ürəkvarikasacıqlı roxeliya.  
Tzvelev  heliotropu  –  Heliotropium  tzvelevii  T.N.Pop  (H.  kovalenskyi  sensu  M.Pop.) 
 
Heliot-
ropium L. cinsinin ərazi florasındakı 4 növündən biri olub, birillik bitkidir. Budaqlanmış, düz gövdəsi-
nin hündürlüyü 10  - 40 sm olur. Uzunsov  yarpaqlarının başlanğıcı dairəvi, kənarları isə tükcüklüdür. 
Qıvrımları  çoxsaylı,  uzun,  düz  və  sıxdır.  Çıçəkləri  oturaq  olur.  Kasacığının  dilimləri  ensiz  xətlidir. 
Uzunsov ləçəkli, boruşəkilli çiçək tacının uzunluğu 8-9 mm-ə çatır. Fındıqçaları yumurtaşəkillidir, 1,5-2 
mm    uzunluğundadır.  Bitki  iyul  və  sentyabr  aylarında  çiçək  açıb  meyvə  verir.  Tzvelev  heliotropu 
Qafqazda  (Cənubi  Qafqazda)  yayılmışdır.  Naxçıvan  MR-də  aşağı  dağlıq  qurşaqlarında  rast  gəlinir. 
Naxçıvandan təsvir olunmuşdur. Kserofitdir, quru yamaclarda, çınqıllı yerlərdə bitir. 
Şovis  heliotropiumu  –  Heliotropium  szovitsii  (Stev.)  Bunge.  (H.kovalenskyi  Stschegl.) 
Heliotropium  L.  cinsinin  ərazidəki  4  növündən  biri  olub,  əsasən,  birillik,  nadir  hallarda  isə  çoxillik 
bitkidir.  Güclü  gövdəsi  düz,  azca  dalğavari,  aralı  qol-budaqlı,  bozumtul,  qısa  xovlu  olur.  Bitkinin 
gövdəsinin  hündürlüyü  10-40  sm-dir.  Şovis  heliotropiumun  ovalşəkilli  və  ya  yumurtavari  uzunsov 
yarpaqlarının  aşağı  hissəsi  dairəvi,  təpəsi  isə  kütdür.  Onların  uzunluğu  1-5  sm,  eni  isə  1-3  sm-dir. 
Yarpaqların  üstü  çılpaq,  aşağı  tərəfi  bozumtul,  qısa  və  sıx  xovludur.  Aşağı  yarpaqların  saplaqları 
yuxarıdakı yarpaqlardan uzundur. Çoxsaylı, uzun, düz qıvrımları budaqların ucunda yumşalır. Oturmuş 


- 28 - 
 
vəziyyətdə  olan  kasacığı,  meyvə  zamanı  3-4  mm  uzunluqda  olur  və  enli  xətli,  küt  dilimlərlə  meyvə 
yanında qalır. Şovis heliotropiumunun qıfşəkilli və ya sancaqvari-boruşəkilli çiçək tacının uzunluğu 7-8 
(10)  mm-dir.  O,  bayırdan  çılpaq  və  ya  tam  çılpaq  və  borucuqdan  uzundur.  Çiçək  tacı  boruya  oxşar, 
zəngşəkilli  büküklü  uzunsov-yumurtavari  və  ya  yumurtavari,  dairəvi  ləçəklərə  malikdir.  Oyuqların 
arasındakı ləçəklər bütöv və fasiləsiz dişciklidir. Aşağısı enli konusvari bəzən bizvari dişicik ağzı 1-1,5 
mm  uzunluqdadır.  Uzunsov  ellipsşəkilli  və  ya  uzunsov-yumurtavari  tozluqları  1-2  mm  uzunluğa 
malikdir. Çılpaq və hamar fındıqçaları 2 mm-dir. Bitki may ayında çıçəkləyir, avqust ayında isə meyvə 
verir.  Şovis  heliotropu  Qafqazda  və  İranda  yayılmışdır.  Naxçıvan  MR-də  düzənliklərdə,  aşağı  dağlıq 
zonalarda  rast  gəlinir.  Naxçıvandan  təsvir  olunmuşdur.  Kserofitdir,  quru  yamaclarda,  daşlı,  qayalı 
yerlərdə  bitir.  Şərur  rayonunun  Vəlidağ  ətrafında,  Sədərək  rayonunun  Sədərək  selovunda,  Kəngərli 
rayonunun Xok, Şahtaxtı kəndləri ərazisində 1000-1150 m hündürlüklərdə məhdud arealda yayılmışdır. 
Areal daxilində populyasiyaları  120, 170, bəzən 860-900 m intervalda, lokal formada müşahidə olunur. 
Səhra  və  yarımsəhra  ekosistemlərinin şoranlı, öldürgənli, şiyavlı-yovşanlı-gəngizli fitosenozlarına tək-
tək, yaxud kiçik qruplarla daxil olur.  
Qıvrım  boruçiçək  –  Solenanthus  circinnatus  Ledeb.  Solenanthus  Ledeb.  cinsinin  ərazi 
florasındakı 2 növündən biri olub, kökü budaqlanan, halqavari, qalınlaşmış oxlu çoxillik yaşıl bitkidir. 
Bitkinin tək, düz və kifayət qədər qalın gövdəsi, qalın və sıx tüklərə malikdir. Onun hündürlüyü 40-80 
sm-dir.  Enli,  incə,  hər  iki  tərəfi,  xüsusən  də  aşağısı  qısa  sıx  xovlu  yarpaqları  iridir.  Gövdənin  aşağı 
hissəsində  bitən  enli  yumurtavari,  sivri,  aşağıdan  ürəkşəkilli  yarpaqlar  saplaqlıdır.  Gövdənin  ortası  və 
yuxarısındakı  oturaq,    uzunsov  və  sivri  yarpaqlar  yarımgövdəyə  bərabərdir.  Hamaş  çiçək  qrupunun 
başlanğıcı ensizdir, onlar getdikcə enliləşir. Onların sıx qıvrımları yarpaqsızdır və onlar meyvə zamanı 
düzələrək yumşalır. Çiçəkləri oturaq vəziyyətdədir. Boz tüklü, dilimləri xətli, ləçəkvari, küt kasacığın 
uzunluğu 3-4 mm-dir, meyvə zamanı isə uzunluğu 5-6 mm olur. Göy-mavi və boruşəkilli çiçək tacının 
uzunluğu 5-6 mm-dir. Onun üç künclü və ya neştərli sivrivari ləçəkləri olur. Borucuğun aşağısında olan 
balaca  pulcuqlar  ensiz  üçkünclüdür.  Erkəkciklərin  uzunluğu  eyni  deyil,  onlar  çiçək  tacından  uzaqda 
dayanır.  Dişiciyin  sütuncuğu  uzundur  və  çiçək  tacından  qabağa  çıxır.  Yumurtavari,  çarxı  bir  neçə 
lövbərli  iynəciklə  örtülü  fındıqçaların  uzunluğu  5-7  mm-dir.  Belə  lövbərli  iynəciklər  fındıqçaların 
çəpində də vardır, bəzən iynəciklər özünün aşağı hissəsi ilə çarxın kənarına qovuşur və çarxın ətrafında 
dişcikli haşiyə əmələ gətirir. Haşiyənin dişciklərinin üzəri lövbərli iynəciklərlə örtülmüşdür. Bitki may-
iyun aylarında çiçəkləyir, iyul ayında isə meyvə verir. Qıvrım boruçiçək Qafqaz, Orta Asiya və İranda 
yayılmışdır.  Naxçıvan  MR-də  (Şahbuz  rayonunun  Batabat  ərazisi,  Biçənək  kəndi  ətrafında,  Şərur 
rayonu  Ardıc  dağı,  Kəngərli  rayonunun  Qaraquş  dağı)  subalpda  və  orta  dağlıq  qurşaqda  rast  gəlinir. 
Arkaul  dağından  və  Yuxarı  İrtış  ərazisindən  təsvir  olunmuşdur.  Mezofitdir,  kolluqlar  arasında, 
çəmənlərdə bitir.  
Düz parakarium – Paracaryum  strictum (C. Koch) Boiss. Paracaryum  (DC.) Boiss. cinsinin 
ərazidəki 2 növündən biri olub, incə şaquli kökə malik ikiillik bitkidir. Tək, düz, cod səthli, ortadan və 
ya  aşağıdan  budaqlanan  gövdəsinin  hündürlüyü  (10)  20-40  (60)  sm-  dir.  Kök  yanının  dairəsindəki 
yarpaqlar tez quruyur. Ləçəkvari  neştərvari və küt yarpaqlarının uzunluğu 3-7 sm, eni isə 0,5-1,7 sm-
dir.  Aşağıdakı  yarpaqların  başlanğıc  tərəfi  uzun  və  daralmış  formada  olsa  da,  sonrakılar  oturaqdır. 
Yuxarıdakı  xətli,  sivri  və  balacalaşan  yarpaqları  uzunluğu  1-3  sm-dir.  Düz  parakariumun  boz  və  ya 
yaşıltəhər  yarpaqlarının  hamısı  kobud  səthlidir.  Bitkinin  hamaş  çiçək  qrupu  süpürgəvaridir.  Aralı 
düzülmüş  qıvrımları  meyvə  zamanı  dartılmış  vəziyyətdə  olur.  Bitkinin  xovlu-tüklü  çiçək  saplağı 
kasacıqdan qısa olsa da, meyvə zamanı bir az uzanır. Dilimləri boz səthli, neştərvari, iti kasacığı meyvə 
zamanı  bir  qədər  böyüyür.  Parıltılı  tünd  qırmızı,  bəzən  parıltılı  göy-qırmızı,  qıfşəkilli  çiçək  tacının 
uzunluğu 4-6 mm-dir. Çiçək tacı uzunluğu 1,5 mm olan qısa zəngşəkilli, büküşlü borucuğa malikdir. 
Tozcuqları  çiçək  tacının  borucuğunda  oturaqdır.  Kvadratşəkilli  və  2  ləçəkli  pulcuqların  uzunluğu  bir 
mm-ə  yaxındır.  Qısa  sütuncuğu  çiçək  tacının  borucuğundan  qabağa  çıxmır.  Dairəvi,  şişkinləşmiş, 
içəriyə doğru əyilmiş və qanadlı fındıqçaların kənarları dişciklidir. Dairəsi hamar, tikanlı vəya qabarıq 
fındıqçaların  uzunluğu  6-7  mm-dir.  Bitki  (aprel)  may-iyun  aylarında  çiçəkləyir,  (may)  iyun-  iyul  
aylarında  isə  meyvə  verir.  Düz  parakarium  Qafqaz  (Şərqi  və  Cənubi  Qafqaz)  və  İranda  (şimal-qərb 
bölgələrində)  yayılmışdır. Naxçıvan MR-də düzənliklərdə,  aşağı  dağ  qurşağından orta  dağlıq qurşağa 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə