Əlyazma hüququnda Məlikrzayev A.Ə. Biznes-reinjinirinqin inkişaf istiqamətləri


Fəsil II. Biznes-reinjinirinq müəssisənin xarici mühitin dəyişilməsinə uyğunlaşdırılması vasitəsidir



Yüklə 2,73 Mb.
səhifə5/12
tarix01.04.2018
ölçüsü2,73 Mb.
#35688
1   2   3   4   5   6   7   8   9   ...   12

Fəsil II. Biznes-reinjinirinq müəssisənin xarici mühitin dəyişilməsinə uyğunlaşdırılması vasitəsidir
2.1. Müəssisə biznes-sistem kimi
Müxtəlif təşkilatların fəaliyyətinin öyrənilməsinə həsr edilmiş vətən və xarici iqtisadi ədəbiyyatın təhlili əsasında nəticə çıxarmaq olar ki, müəssisənin tədqiqi üçün “sistemli yanaşmanı” tətbiq etmək məqsədəuyğundur. Sistemli yanaşmanın prinsiplərindən istifadə etməklə müəssisəyə onun mülkiyyətinin təşkilati-hüquqi formalarının bütün növlərini birləşdirən sistem kimi baxmaq olar. Müəssisə xarici mühitlə fəal qarşılıqlı təsirdə olan açıq sistem kimi çıxış edir.

“Sistem” terminin mənşəyi yunanca sustema sözündən irəli gəlib, “hissə və birləşmələrdən təşkil olunan tamı” bildirir. Geniş mənada sistem anlayışı altında təkcə bir-birilə qanunauyğun surətdə qarşılıqlı əlaqədə olan, özündə müəyyən bütöv yaranışı, birliyi əks etdirən çoxluq deyil, həm də hissələrin konkret əlaqədə, ciddi ardıcıl hərəkətdə planauyğun, səmərəli yerləşməsi ilə şərtlənən müəyyən qaydadır, eləcə də nələrinsə təşkili forması, ardıcıl düzülüş üsuludur.

Eyni zamanda sistem dedikdə, ətraf mühitlə xüsusi vahidlik təşkil edən və daha geniş sistemin bir hissəsi kimi çıxış edən qarşılıqlı əlaqəliliyə və asılılığa malik olan sistemlərin, subaltsistemlərin kompleksi başa düşülür. Müəssisə biznesin(biznes-sistemin) təşkili və aparılması sistemidir.

Müəssisənin biznes-sisteminə daha yüksək sistemlə-xarici mühitlə ayrılmaz əlaqədə baxmaq lazımdır. Xarici mühitin əhəmiyyəti və müəssisələrə rəğmən xarici qüvvələrin nəzərə alınması zəruriyyəti haqqında təsəvvürlər hələ keçən əsrin 50-ci illərinin sonunda meydana gəlmişdi. Bu, idarəetmə elminə sistemli yanaşmanın ən mühüm töhfəsinə çevrilmişdi, çünki burada rəhbər üçün öz təşkilatına xarici aləmlə qarşılıqlı surətdə bağlı olan hissələrdən ibarət tam kimi baxmaq zərurəti ön plana çəkilirdi. Bu cür yanaşma elə bir konsepsiyanın işlənib hazırlanması hesabına sistem nəzəriyyəsini genişləndirməyə imkan verdi ki, bu halda daha əlverişli metod müəssisəni və ona müvafiq şəkildə təsiri xarakterizə edən konkret daxili və xarici amillərlə müəyyən edilir. Xarici mühitin aşağıdakı tərkib elementlərini-istehlakçıları, rəqibləri, dövlət müəssisələrini, malgöndərənləri, maliyyə təşkilatlarını, əmək resursları mənbələrini qeyd etmək olar. Müəssisənin xarici mühiti daha ciddi problemlərin mənbəyinə çevrilir. Müəssisə rəhbərləri öz diqqətlərini dəyişməkdə olan mühitə və onun müəssisənin daxili mühitinə təsiri üzərində cəmləşdirməyə məcburdurlar.

Onu da qeyd edək ki, oxşar dəyişikliklər xətti olaraq eyni sürətlə baş vermir, çox böyük sürətlə genişlənir. Göstərilən transformasiya xeyli dərəcədə müasir biznesin vəziyyətini müəyyən edir.

Müəssisənin xarici mühitini təşkil edən alt sistemlərə və elementlərə bir-birindən ayrılıqda baxmaq vacibdir. Onlar fasiləsiz qarşılıqlı əlaqədə və dinamikada yerləşirlər və sürətli dəyişikliklərlə və güclü qarşılıqlı əlaqələrlə səciyyələnirlər. Xarici mühit sistem kimi özündə elə bir mürəkkəb dinamik sistemi birləşdirir ki, burada onlardan hər biri müəyyən səviyyəli alt sistem elementlərindən ibarət olur.

Struktur cəhətdən müəssisəyə biznes-sistem kimi real olaraq onu təşkil edən alt sistemlər, subaltsistemlər və elementlər arasındakı qarşılıqlı əlaqələrin məcmusu kimi baxmaq olar. Biznes-sistemə daxil edilən altsistemlər, subaltsistemlər və elementlər öz aralarındakı iyerarxiya səviyyələrinin əlaqələrinə görə aşağıdakı ardıcıllıqla düzülə bilər:müəssisənin biznes-sistemi-törəmə müəssisə və təşkilatların alt sistemi-müəssisə biznesinin idarətemə səviyyəsi-müəssisənin məhsul(xidmət) növləri-müəssisənin biznes prosesləri. Müəssisə biznes-sistem kimi daim dəyişikliklərə məruz qalır. Müəssisənin biznes-sisteminin tərkib hissələri arasında qarşılıqlı struktur əlaqələri müxtəlif təbiətə-idarəetmə, təşkilati-funksional, struktur, istehsal-texnoloji, analitik, məntiqi, informasion-kommunikasiya xarakterli təbiətə malikdirlər. Bu zaman sistemin ayrı-ayrı hissələri arasında bir neçə qarşılıqlı əlaqə növləri və istiqamətlərinin eyni vaxtda mövcudluğu istisna deyildir. Beləliklə, müəssisə-mürəkkəb iyerarxik-inteqrasiya olunmuş çoxfunksiyalı sistem olmaqla xarici mühitlə qarşılıqlı təsirdə olur və ona aşağıdakı əsas əlamətlər xasdır:

- qarşılıqlı əlaqə. Müəssisə qarşılıqlı münasibətlərin səciyyəvi olduğu bütöv elementlər çoxluğudur. Müəssisənin bütün elementləri birbaşa və ya dolayı olaraq bir-birilə bağlıdırlar. Elementlərdən birinin çıxarılması və ya başqa bir elementin əlavə olunması digər qalan elementlər arasında nisbəti dəyişdirir;

- iyerarxik struktur. Müəssisə çoxsəviyyəli sistem olmaqla, onun yuxarı səviyyəsində mərkəzi idarə, aşağı səviyyəsində isə təşkilatın funksional bölmələri, törəmə(asılı) müəssisələr yerləşir. Bu müəssisələr regional yerləşmə, maliyyə uçotu mərkəzlərinin müəyyən növlərinə, maliyyə məsuliyyəti mərkəzlərinə, strateji biznes vahidlərinə məxsusluq kimi müəyyən əlamət və prinsiplərə uyğun şəkildə ardıcıl olaraq növbə ilə düzülürlər;

- fəaliyyətin müəyyən məqsədə doğru yönəldilmiş xarakteri. Müəssisənin fəaliyyətinin məqsəd və vəzifələri təsbit olunur, ölçülür və konkretdir. Onlar müəssisənin fəaliyyəti prosesində sistem kimi müəssisənin menecerləri tərəfindən təshih edilməlidir;

- dinamiklik. Müəssisə ardıcıl inkişaf etməkdə olan sistemdir. Müəssisənin kommersiya, istehsal, maliyyə, investisiya fəaliyyətinin keyfiyyət və kəmiyyət göstəriciləri vaxt keçdikcə transformasiya olunur;

- uyğunluq. Müəssisənin idarə edilməsi zamanı biznes-sistemin daxil olan və çıxan əmtəə-maliyyə axınlarının dəyişməsinə uyğunlaşması baş verir;

- daxil olan və çıxan maliyyə axınları müntəzəm komponentlərin iştirakı ilə təsadüfi proseslər kimi çıxış edirlər. Bunlar iqtisadiyyatın, xammal, əmtəə və maliyyə bazarlarının uzunmüddətli inkişaf meyllərinin, eləcə də müəssisənin seçilmiş inkişaf strategiyasının təsiri altında yaranır. Bu zaman həm də cari bazar tərəddüdləri ilə müəyyən olunan, konkret kommersiya, maliyyə və investisiya əməliyyatlarının aparılması zamanı qaçılmaz risklə müşaiyət olunan təsadüfi komponentlərin iştirakı da istisna deyildir;

- xarici mühitin təsiri. Xarici mühitin dəyişməsi müəssisənin biznes-sisteminin dəyişməsini şərtləndirir.

Müəssisənin biznes sistemini həmçinin kristal şəklində ifadə etmək olar ki, bunun da elementləri sistemin tərkib hissələri, yəni altsistemlər, subaltsistemlər sayılırlar. Burada əlaqələndirici həlqələr kimi isə onlar arasındakı struktur qarşılıqlı əlaqələri çıxış edirlər. Əlaqələndirici həlqələr üzrə eyni vaxtda bir sıra müxtəlif tipli “axınları”:xammal, əmtəə, maliyyə resursları, idarəetmə komandası, informasiya axınlarını dövr etdirmək olar.

Xarici mühitin və müəssisənin biznes-sisteminin qarşılıqlı təsirinə xarici mühitin altsistemi və elementləri(bazar münasibətləri subyektləri, xammal, əmtəə və maliyyə bazarları, onlarda dövr edən alətlər, makroiqtisadi və siyasi vəziyyət) tərəfindən təsadüfi fasiləsiz təsirlərin və müəssisəyə dövlət və onun orqanları tərəfindən qanunların, normaların, icrası mütləq olan qaydaların qəbul edilməsi vasitəsilə məqsədyönlü idarəedici təsirlərin məcmusu kimi baxmaq olar.

Xarici mühit sistemi və müəssisənin biznes sisteminin qarşılıqlı münasibətlər sxemi 2.1. saylı sxemdə olduğu şəkildə verilə bilər:

Sxem 2.1. Xarici mühit sistemi və müəssisənin biznes-sisteminin qarşılıqlı münasibətləri

Xarici mühit müəssisənin biznes-sisteminə fasiləsiz təsir göstərir ki, o da öz növbəsində idarəolunan altsistemə çevrilir. Buradan isə idarə olunan altsistemdə səmərəli idarəetmə qərarlarının formalaşması altsistemi yaradılmalıdır ki, bu da yerinə yetirilən vəzifələrin mürəkkəbliyindən asılı olaraq onu təşkil edən altsistemlər üzərinə səpələnə bilər. Müəssisənin biznes-sisteminin müxtəlif elementləri arasında birbaşa və əks əlaqələr çərçivəsində məlumat və informasiya massivlərinin mübadiləsi baş verir ki, bu da daim dəyişməkdə olan xarici mühitə advekat və operativ reaksiya göstərməyə imkan verən vəziyyətin idarə olunması üçün əsas kimi çıxış edir.

Xarici mühit amilləri təsadüfi baş verdiyinə görə onların meydana çıxması qabaqcadan gözlənilmir, “xaotik dəyişikliklər” xarakteri daşıyır. Azərbaycanda bazar münasibətlərinin daha da dərinləşməkdə olan inkişafı müəssisə və təşkilatların, yəni bazarın təsərrüfatçılıq subyektlərinin inkişaf məqsədlərinin və istiqamətlərinin seçilməsində azadlığı və müstəqilliyi qabaqcadan müəyyən edir. Strategiyanın müstəqil seçimi, habelə səmərəli maliyyə-təsərrüfat fəaliyyəti vasitəsilə onların əldə olunması məqsədlərinin və yollarının müəyyən edilməsi imkanları hesabına müəssisənin biznes-sistemini elə layihələndirmək və gələcəkdə elə qurmaq olar ki, o, vəziyyətin idarə olunması və xarici mühitin dəyişməkdə olan amillərə uyğunlaşdırılması vəzifələrini uğurla həll etsin.

Müəssisənin biznes sisteminin səmərəli formalaşması, onun işgüzar dövriyəyə inteqrasiyası, fəaliyyətin əsas iqtisadi parametrləri üzərində nəzarətin həyata keçirilməsi, müəssisənin səmərəli idarə edilməsi və xarici mühitin daim dəyişməkdə olan amillərinə uyğunlaşması üçün dəyişikliklər aparılması biznes-injinirinq metodlarının və alətlərinin istifadə olunması zamanı əldə edilə bilər.

Biznesin injinirinqinə biznesin və onun reinjinirinqinin təkmilləşdirilməsi üzrə qarşılıqlı əlaqədar olan işlərin kompleksi kimi baxmaq olar. Biznes-proseslərin reinjinirinqi(BPR) demək olar ki, bütün aparıcı xarici şirkətlər tərəfindən qəbul edilmişdir. Azərbaycanda da reinjirinqin uğurla tətbiq edilməsinə dair nümunələr mövcuddur. Bu, biznesin bütün aspektlərinin köklü surətdə yenidən qiymətləndirilməsini təmin edən müxtəlif hərəkətlərin məcmusu təmsil olunmuş müəssisələrin ən yeni inqilabi idarəetmə metodudur. BPR-in uğurlu tətbiqi ilə müəssisənin fəaliyyətinin səmərəliliyinin artırılmasına nail olmaq olar. M.Xammer, T.Davenport və C.Çampi(14;15) BPR-in idarə edilməsi nəzəriyyəsi və təcrübəsini ideya, yeni istiqamət kimi səciyyələnəndirərkən nəzərdə tuturlar ki, biznesin reinjinirinqinin mərkəzində mövcud işgüzar əməliyyatların əsasında duran köhnəlmiş qayda və yanaşmalardan imtina edilməsi dayanır. Hər bir müəssisə keçən onilliklərdən qalmış gizli qaydalarla həddən artıq təchiz edilmişdi. Bu qaydalar texnologiyalar, insanlar və təşkilati məqsədlər haqqında zəminlərə əsaslanır ki, bunlar da artıq çoxdandır ki, yoxdur. Müəlliflər reinjinirinqi “müasir biznes üçün xərclər, keyfiyyət, xidmət səviyyəsi və operartivlik kimi ən mühüm yekun göstəricilərin xeyli yaxşılaşdırılmasına nail olunması üçün biznes-proseslərin əsaslı surətdə yenidən qiymətləndirilməsi və köklü olaraq yenidən layihələndirilməsi” kimi müəyyən edirlər. Belə bir tərifdə M.Xammer və C.Çampi dörd əsas sözü ayırırlar:əsaslı,köklü, ən mühüm, proses. Biznes reinjinirinqinə tamamilə yeni və daha səmərəli biznes-proseslərin yaradılması kimi baxmaq lazımdır(101, s.56). Hazırkı şəraitdə biznesin injinirinqi və reinjinirinqi sahəsindəki müətəxəssislərin əksəriyyəti belə bir nəticəyə gəlmişlər ki, tərifin verilməsi zamanı istifadə olunan sözlərdən daha çox “proses” anlayışı daha vacib sayılır, çünki reinjinirinq zamanı biznesin idarə edilməsi həmişə proseslərə şamil edilir. Bununla yanaşı, proses anlayışı rəhbərlərin əksəriyyəti üçün daha böyük çətinlik yaradır. Menecerlərin əsas hissəsi prosesə yönəldilməmiş məsələlər, əməliyyatlar, insanlar, strukturlar üzərində cəmləndirilmişdir.

Müəssisənin biznes-proseslərinin əsaslı surətdə yenidən qiymətləndirilməsi və köklü olaraq yenidən layihələndirilməsi nəticəsində onun iqtisadi göstəricilərinin tam yaxşılaşdırılması ön plana çıxır. Lakin bu metodun müstəsna dərəcədə aktuallığına onun tətbiqinin səmərəliliyinə və tətbiqinin məhsuldarlığına baxmayaraq Azərbaycan müəssisələrinin əksəriyyəti üçün müasir iqtisadi şəraitdə qeyd edilən məsələlər özünün lazımi effektini vermir. Azərbaycan və qərb müəssisələri inkişafın və müvafiq olaraq biznesin formalaşması fazasının müxtəlif səviyyələlərində yerləşirlər.Qərbdəki müəssisələrin əksəriyyəti artıq çoxdandır ki, biznesin bütün qanun və qaydaları üzrə düzəlişlərə malikdir. Odur ki, onda olan dəyişikliklər bir qayda olaraq biznes-proseslərin reinjinirinqi çərçivəsində baş verir. Azərbaycan müəssisələrinin əksəriyyətində isə dəyişikliklər daimi və ardıcıl xarakter daşıyır. Azərbaycan müəssisələrinin əksəriyyəti öz inkişafında yeni biznesin formalaşması fazasında yerləşir.

Müəssisənin inkişafının prinsipial sxemi ilk dəfə olaraq 1972-ci ildə L.Qreynerin “inkişaf edən təşkilatlarda təkamül və inqilab” məqaləsində (90) xarakterizə edilmişdir. Buna uyğun olaraq biznesin bir mərhələdən digərinə keçidi özündə idaretmə inqilabını əks etdirir, bu inqilabın özü də “yuxarıdan” qaynaqlanır. Müəssisənin bütün inkişaf yolu isə özündə təkamül və inqilab dövrlərinin ardıcıl olaraq bir-birini əvəz etməsini ifadə edir. Fikrimizcə, bir fazadan digərinə keçid müvafiq konsepsiyaya görə daxilən dəqiq məntiqə uyğun gəlir. Hər bir keçid dövrü yığılıb qalmış problemlərə reaksiya ilə səciyyələnir. Hər bir keçiddən sonra köhnə problemlər aradan çıxır, yeniləri yığılmağa başlayır. Hər bir mərhələdə təkcə biznesin məqsədi deyil, həm də korporativ mədəniyyət və təşkilati mexanizmlər dəyişir(Cədvəl 2.1.).


Cədvəl 2.1.
Azərbaycan şəraitinə uyğun müəssisənin inkişaf mərhələlərinin məzmunu

Mərhələnin adı

Məzmunu

1.“Yaradıcı”



İdarəetmədə tam xaos şəraitində müəssisənin quruculuğu mərhələsi(təşəbbüs, biznesə innovasiya). Müəssisədə xaos tədricən elə bir dərəcəyə gəlib çatır ki, biznesə düzəldilməsi mümkün olmayan ziyan toxuna bilər. Birinci mərhələni bütün Azərbaycan müəssisələri keçmişdir.

2.“Birbaşa idarəetmə”



Müəssisəyə müntəzəm menecmentin tətbiqi mərhələsi. Təşkilati struktur, hesabat və nəzarət sistemləri işlənib hazırlanır, biznes-prosedurlar, idarəetmə prosedurları, əməkdaşlarınn funksiyaları və vəzifələri aşkara çıxarılır, eyniləşdirilir və formalaşdırılır.

Heyət rəhbərlikdən aldıqları sərəncamların icrası vərdişini və mədəniyyətini, menecerlər isə məsələnin qoyuluşu vərdişlərini, idarəetmə qərarlarının təşkilinə, planlaşdırmasına, qəbul edilməsinə və onların yerinə yetirilməsinə nəzarətə texnoloji yanaşma vərdişlərini mənimsəyir. Bu mərhələdə müəssisənin səmərəliliyi artır.



3“Məsuliyyətin gön-dərilməsi”, “daxili sahibkarlıq”

Layihələr üzrə müəssisənin idarə edilməsinə keçid mərhələsi. Müəssisənin strukturunda maliyyə uçotu mərkəzlərinin(MUM), maliyyə məsuliyyəti mərkəzlərinin(MMM) ayrılması. Müəssisənin fəaliyyətindən gəlirlərdə iştirak etmək əsasları sistemi işə salınır. Layihənin rəhbəri yalnız menecerə deyil, həm də mülkiyyətçiyə və sahibkara çevrilir. Təşəbbüs, yaradıcılıq səyi tələb olunur.

4.“Əlaqələndirmə”

Korporativ planlaşdırma prosedurunun tətbiqi mərhələsi. Yeni məhsullar qrupu investisiya mərkəzləri kimi nəzərdən keçirilir. Bu, Azərbaycan müəssisələrinin gələcək inkişaf mərhələsidir.

5. “Əməkdaşlıq”

Müəssisənin strukturunun strateji biznes-vahidi əsasında formalaşdırılması mərhələsi. Bu, Azərbaycan müəssisələrinin perspektiv inkişaf mərhələsidir.

Hesab etmək olar ki, Azərbaycan iqtisadiyyatının və biznesinin inkişafının indiki mərhələsində menecerlər üçün son dərəcə aktual vəzifə biznes-injinirinqin tətbiqi üzrə tədbirlərin həyata keçirilməsi sayılır. Bu tədbirlər sırasına vəziyyətin idarə olunması vəzifələrinin səmərəli həlli üçün müəssisənin biznes-sisteminin səmərəli layihələndirilməsi və qurulmasını, eləcə də şirkətin daim dəyişməkdə olan xarici mühit amillərinə uğurla uyğunlaşdırılmasını daxil etmək olar. Müəssisənin biznes-modeli səmərəli qurulduğundan, onu işgüzar dövriyyəyə qoşduqdan sonra biznesin idarə edilməsinin təkmilləşdirilməsi, təşkilati və proses modelinin yaxşılaşdırılması üzrə menecerlərin gündəlik işindən sonra müəssisə biznesinin reinjinirinqi üzrə tədbirlər uğurla həyata keçirilə bilər.

Maraqlıdır ki, reinjinirinqin tətbiqinə oxşar yanaşma ingilis alimləri M.Robson, F.Ullax(102) tərəfindən də qeyd edilir və aşağıdakı əsas məsələ vurğulanır:”Əgər müəssisədə artıq dəyişikliklər prosesi tətbiq olunmuşdursa, məsələn, müəssisə nisbətən uzun dövr ərzində-5 və ya 10-dan çox illər ərzində işləyirsə, onda o, sanballı infrastruktura malik olmalı və öz adi işinin gedişində alət və metodlar dəstindən istifadə etməlidir. Bu halda artıq mövcud çərçivədə yeni metodun əlavə edilməsi mürəkkəb xarakter daşımır”. Müəlliflər tərəfindən həmçinin tələb olunan infrastrukturun tərkibinə dair tələblər qoyulur. Onların fikrincə həmin infrastruktur özündə müəssisənin müxtəlif mədəni tərkiblərini birləşdirlməlidir ki, bu da mövcud dəyişikliklər prosesinin bir hissəsi sayılır. Buraya davranış standartları dəsti, müəssisənin vəzifələri aid edilir. İnfrastruktura həmçinin müəssisənin sağlamlığı haqqında daimi qayğı, onun idarə edilməsi üsulları, informasiyaların ötürülməsi prosesləri, sifarişçilərin tələblərinin nəzərə alınması dərəcəsi, əməkdaşlar arasında peşəkarlıq səviyyəsi haqqında daim diqqət tələb edir. Əgər keyfiyyətli infrastruktur dedikdə müəssisənin biznes-sisteminin layihələşdirilməsi və qurulmasının keyfiyyəti başa düşülürsə, onda demək olar ki, hazırda Azərbaycan müəssisələri biznesin formalaşması mərhələsində yerləşirlər.

İqtisadçıların əksəriyyəti biznes sahəsində aparılan islahatlar üzrə vəzifələrin növbəliliyini və prioritetliyini qiymətləndirərək, Azərbaycanda bu cür tədbirlərin həyata keçirilməsini proqnozlaşdırılaraq qeyd edirlər ki, islahatların gedişində eyni vəzifələr yerinə yetirilir: vəziyyətin və öz real imkanların qiymətləndirilməsi aparılır;qarşıya məqsəd qoyulur;hədəflər müəyyən edilir;məhsul proqramı nəzərdə tutulur;proqram texnologiyalarla, təşkilatlanma ilə, maliyyə-iqtisadi idarəetmə ilə təmin edilir.

Hər bir mərhələdə biznesin restrukturizasiyası üzrə layihə konkret məzmunla doldurulur:

- sadə reallıqların dərk edilməsi:bazar fəaliyyəti məqsədyönlü xarakter daşımalıdır;pul vəsaitləri məhsulların satışından və xidmətlərin göstərilməsindən əmələ gəlir;fəaliyyətin nəticələrinin uçotunun aparılması lazımdır;

- “üzdə dayanan” qərarlar qəbul edilir:audit və xərclərin ixtisarı aparılır;yeni məhsul yaradılır və onun üzərində istehsal yenidən təşkil edilir;idarəetmə uçotu məhsul və bizneslərin ayrıca büdcələşdirilməsini təmin edir. Yeni vəziyyət meydana çıxır:əgər əvvəldə məhsul proqramı müstəsna dərəcədə marketinq qiymətləndirmələri əsasında tərtib edilirdisə(alıcılar nə “götürürlər”), artıq bu mərhələdə məhsul üzrə xərclər və gəlirlər(marjinal mənfəətlilik) nəzərə alınmaqla, eləcə də müəssisənin nəyi istehsal etməyi əlverişli olması diqqətdə saxlanmaqla qərarlar qəbul edilir;

- yeni qiymətləndirmələrin əsasında biznesin ilkin restrukturizasiyası aparılır(artıq istehsallar ixtisar olunur və yeni layihələr işə salınır);

- ekstensiv inkişaf amilləri qurtarmış olur, inteqrasiya olunmuş funksional idarəetmə sisteminə zərurət meydana çıxır:tam həcmdə büdcələşdirmə;məhsullar, sexlər və regionlar üzrə maya dəyərinin hesablanması;bütöv müəssisə çərçivəsində inteqrasiya olunmuş uçot ayrı-ayrı sahələrin avtomatlaşdırılması əvəzinə bir-biri ilə qarşılıqlı surətdə bağlı olan bütün funksional alt sistemlərin avtomatlaşdırılmasının həyata keçirilməsi.

Təhlil göstərir ki, ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrində müxtəlif inkişaf templəri əldə edilmiş və nəticədə müəssisə qruplarının müasir vəziyyəti formalaşmışdır. 1993-2005-ci illər ərzində respublikamızın iqtisadiyyatına 28,4 milyard ABŞ dolları məbləğində investisiyalar qoyulmuşdur(7, s.91;19, s.2). 2005-ci ildə istifadə olunmuş kapital qoyuluşunun ümumi həcmində daxili mənbələr hesabına ayrılmış vəsaitlər 41,6 faiz artaraq, 9,1 milyon manat olmuşdur(19, s.2). Nəticədə 1993-2005-ci illərdə bütün maliyyə mənbələri hesabına investisiyaların həcmində daxili investisiyaların xüsusi çəkisi daha 8,1 faiz bəndi artaraq 33,0%-ə çatmışdır. Əsas kapitala yönəldilmiş investisiyaların ümumi həcmində sənayenin xüsusi çəkisi 72%-dən 2005-ci ildə 80%-ə qədər yüksəlmişdir. Lakin unutmaq olmaz ki, respublikamız uzun illər Sovet imperiyasının tərkibində olmuş və SSRİ-nin dağılması ərəfəsində və müstəqilliyinin ilk illərində də ciddi tənəzzülə uğramışdır. Nəticədə ölkədə fəaliyyət göstərən müəssisələrin istehsal-təsərrüfat fəaliyyəti pozulmuş, əksər hissəsi isə öz fəaliyyətini dayandırmışdır. Xüsusilə də maşınqayırma müəssisələrinə daha böyük zərbə dəymişdir.

İqtisadi islahatlar dövründə mühüm əhəmiyyət kəsb edən sosial-iqtisadi dövlət siyasəti aparılsa da, keçmişdən miras qalmış neqaitv halların nəticələrini aradan qaldırmaq mümkün olmamışdır. 1998-ci ildən başlayaraq 1990-cı illə müqayisədə sənaye istehsalının ümumi həcm indeksləri 29%-dən 2004-cü ildə 39%-ə yüksəlsə də, emal sənayesində bu rəqəm cəmi 33% təşkil edir(17, s.17).

Lakin bununla belə, son vaxtlar dövlətin iqtisadi siyasətində aparıcı istiqamətlərdən biri ölkədə sahibkarlığın inkişaf etdirilməsi olmuşdur. Sahibkarlığın inkişafı əslində müəssisələrin inkişaf etdirilməsi deməkdir. Lakin araşdırmalar göstərir ki, ölkədə genişmiqyaslı özəlləşdirmə tədbirləri nəticəsində sahibkarlığın inkişafında xeyli irəliləyişlər baş versə də, hələ də ölkədə müəssisələrin mövcud inkişaf səviyyəsi bazar iqtisadiyyatının tələblərinə tam cavab vermir. İlk növbədə qeyd edək ki, uçot vahidlərinin Dövlət Registrində qeydə alınmış müəssisələrlə işləyən və işləməyən müəssisələr arasında əlverişsiz nisbət formalaşmışdır (Cədvəl 2.2):


Cədvəl 2.2
Uçot vahidlərinin Dövlət Registrində qeydə alınan və fəaliyyət göstərən kiçik müəssisələrin sayı





İ L L Ə R

2000

2001

2002

2003

2004

Uçot vahidlərinin Dövlət Registrində qeydə alınmış kiçik müəssisələrin sayı

44738


46975


47565


49527


47211


o cümlədən:

fəaliyyət göstərən kiçik müəssisələrin sayı


24254

24500

24721

21178

19462


xüsusi çəkisi

54,2

52,2

52,0

42,8

41,2

Mənbə:Azərbaycanın statistik göstəriciləri 2005. Bakı, “Səda” 2005, s.115-118, 779


2 saylı cədvəlin məlumatlarından göründüyü kimi, 2004-cü ildə uçot vahidlərinin Dövlət Registrində qeydə alınmış 47211 müəssisədən yalnız 19462-si, yəni 41,2%-i işləyir ki, bu da 2000-ci illə müqayisədə 13 faiz bəndi azdır. Fəaliyyət göstərən kiçik müəssisələrin isə tam gücü ilə işləməməsi faktını da buraya əlavə etsək, onda bu sahədə mövcud olan bütün neqativ hallar haqqında mənzərə gözlərimiz qarşısında canlanar. Eyni zamanda kiçik müəssisələrin iqtisadiyyatın sahələri üzrə strukturu da ölkəmizin xalq təsərrüfatının innovasiya istiqamətində inkişafı üçün lazımi şərait yaratmağa imkan vermir. Belə ki, statistik məlumatlara görə, 2004-cü ildə respublikada fəaliyyət göstərən kiçik müəssisələrin cəmi 10,1%-i sənayedə, 6,35%-i isə kənd təsərrüfatında cəmlənmişdir. Müəssisələrin yerdə qalan hissəsi topdan və pərakəndə satış, nəqliyyatın və məişət texnikasının təmiri, tikinti, nəqliyyat rabitə və anbar təsərrüfatı, təhsil, səhiyyə və sosial xidmət, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və kommersiya fəaliyyəti və s. sahələrdə fəaliyyət göstərirlər. Bu isə müəssisələrin sürətlə dəyişən bazar mühitinə uyğunlaşması probleminin həllini çətinləşdirir. Müəssisəyə xarici mühitlə ayrılmaz əlaqədə baxmadan onun biznes-sistem kimi mövcudluğundan danışmaq olmaz.

Beləliklə, bir tərəfdən dövlət qeydiyyatından keçən kiçik müəssisələrin ümumi sayında işləyən müəssisələrin xüsusi çəkisinin getdikcə azalmağa doğru meyl etməsi, digər tərəfdən isə, müəssisələrin mövcud əlverişsiz sahə strukturu bir çox obyekt və subyektiv amillərlə izah olunsa da, burada əsas amil rolunu onların azad bazar mühitinə uyğunlaşa bilmələri olunmuşdur.

Lakin qeyd etmək lazımdır ki, təhlil olunan dövrdə işləyən kiçik müəssisələrin ümumi sayı 20%-ə qədər azalsa da, orada fəaliyyət göstərən iş yerlərinin sayı 2004-cü ildə 2000-ci ilə nisbətən 36,1 faiz, istehsal olunan məhsulun(iş və xidmətlərin) həcmi 3,3 dəfə, orta aylıq əmək haqqı isə 2,2 dəfə artmışdır(Cədvəl 2.3)


Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə