96
Nə saya gəlməyən kazaklar, nə də bu yerlərə yaxşı bələd sərhədçilər
qaçaqların yağdırdıqları sərrast güllə yağışına davam gətirə bilmədilər. Nəbigil
onları gülləbarana tutub qamışlıqda yoxa çıxdılar.
Günün günorta çağı Araz qırağındakı cəngəlliklərdə lap bir ordu gizlənə
bilrədi. Lakin qaçaqlar bir an belə burda qala bilməzdilər. Düşmən ovçu tulası təki
onların izinə düşmüşdü. Uzaq və heç kəsin ağlına gəlməyən yer tapmaq lazım idi.
Arazın qolları arasında qaralan kiçik adaya hələ insan ayağı dəyməmişdi.
Lakin yaz ayları yağmurlu keçdiyindən Araz çalpapaq dağların hesabına Səlim bəy
tək cızığından çıxmışdı. Dalğalar qızmış buğa kimi gah adamı buynuzlayır, gah da
özünü sahildəki sərt qayalara vururdu. Kökündən çıxartdığı iri ağacları saman çöpü
təki atıb qayalara çırpa-çırpa aparırdı.
Ulumu tapmağa imkan yox idi. Onsuz da Araz bütün keçalatları basmışdı.
Bir an belə gecikmək olmazdı. Qaçaqlar atlarını daşqın çaya vurdular. Qabaqda
Nəbi gedirdi. Onun bir gözü Həcərdə, o biri gözü arxada-haxlamaq istəyən
düşməndə. Külək Həcərin qara saçlarını hara gəldi sovururdu.
-Həcər, bəs kələğayın hanı?
-Qamışlıqda düşdü.
Nəbi Bozatın başını geri döndərdi:
-Hara qayıdırsan, Nəbi, eşitmirsən gəlirlər?!
-Nə olsun ki!
-Uşaqlıq eləmə, Nəbi sən anadan muğayat ol, gözləri axır.
-Anamı Mehdiyə tapşırmışam, arxayın ol.
Qaçaqlar çayın ortasına yenicə çatmışdılar, birdən Mehdi qışqırdı:
-Ey, qoymayın, çay anamı apardı!
Nəbi Bozatı dala döndərdi. Anası arabir batıb-çıxır, əl-qol atırdı.
Mehdi atını anasının arxasınca dəhmərlədisə də çata bilmədi. Bozat özünü
yetirdi. Nəbi atın üstündən əyilib anasının gümüş toqqasından yapışdı... Yazıq
arvadın son nəfəsi idi. Xoşbəxtlikdən qaçaqlar cilova tez çıxdılar.
-Qorxma ana qucağımdasan!
-Sənsən, oğul?!
-Mənəm, Nəbiyəm!
-Araz məni aparmışdı, oğul, yaxşı qurtardım. Gözün gəlində olsun. –
Gözəl kirpiklərini qovuşdurmuşdu. O, bir vaxt başaq yığmağa gedərkən Həkəri
şayında başına gələn müsibəti xatırladı: “Oğlum, bilmirəm bu çaylar bizdən nə
istəyir, ana-bala həmişə daşqına düşürük”. Gözəlin qulağına Ələkbərin çığırtısı
gəlirdi: “Ay-haray!... Gözəl xala axdı, köməyə gəlin, köməyə!..”
-Oğul, bir vaxt Həkəri çayı səni az qala əlimdən almışdı. Indi Araz
da məni
sənin əlindən almaq istəyirdi. Gözün gəlində olsun, oğul!
Qaçaq Nəbinin anasına təskinlik verməyə vaxtı yox idi. Onun gözü də fikri
də Həcərdə idi. Həcər atın belinə yatmışdı.
Qaçaqlar ətrafını qamış basmış vəhşi bir cəzirəyə düşdülər. Bura sanki quş
bazarı idi. Quşların uzun dimdiklərindən fışqırığa bənzər qəribə səslər çıxırdı.
Yarpızın xoş ətri adanı bürümüşdü. Civir çətirlənmişdi qıcılı gölməcələrdə yaşılbaş
ördəklər üzürdüş bir az kənarda vağlar boyunlarını uzatmışdı. Hacıleyləklər
saymazyana ilan ovlayırdı. Qobu quşlarının mahnısı eşidilirdi. Ala-bəzək su
97
bülbülləri qəmgin nəğmələr oxuyurdu. Quşlar qaçaqları görcək çığır-bağır salıb
pırıltı ilə qalxırdılar, gizli yerlərə çəkildilər. Yaxşı ki, qaçaqların düşməni olan zığ-
zığ və sağsağanlar gözə dəymirdi. Onlar kimsəsiz yerdə insan görəndə elə həşir
qoparırlar ki... Daşların üstündə özlərini günə verən bağalar səs eşitcək özlərini
şıppıltı ilə Araza atırdı. Orda-burda dişərmiş qayaları yamyaşıl mamır basmışdı.
Qurbağalar domba gözlərini qırpmadan ov gözləyirdi. Hörümçəklər qamışların
arasında Səlim bəy təki tor qurmaqla məşğul idi.
Adanın örpəyi titrəyirdi – başı qotazlı körpə qamışlar bir-birinə toxunub
kədərlə səslənirdi. Dalğalar onlara qənim kəsilmişdi – Araz hayqırır, xəncər təki
itilənib qamışlığı hər tərəfədən biçirdi. Ada get-gedə kiçilib Həcərin yanağındakı
qara xala dönürdü.
Gözəl gəlinin başı üstündə dayanmışdı. Nəbi anasının boynunu qucaqlayıb
dedi:
-Anacan, gecə burda qalacağıq. Həcərə harda yer düzəltsək yaxşıdır?
-Ay oğul, bu adada qalmaq olar? – deyə Gözəl gözü böyümüş halda
qamışlığı lay-lay uçurub aparan çaya baxdı. – Görmürsən Arazı, burda uzanmağa
quru yer hardadı?! – Gözəlin gözləri Qaradağın başını deşən qara buludlara
dikildi. Orada, zirvədə elə bil qurğuşun əritmişdilər. – Oğul, o buludlardan heç
xata əskik deyil. Çay bir azdan daşıb gəlinin uzandığı bu yarpızlığı da süpürəcək.
-Ana, başqa əlacımız yoxdur.
-Oğul, bəs Araz bütün cəzirəni bassa necə? Görmürsən Qaradağın
başındakı buludlar necə çaxnaşır?! – Buludların arasında sanki barıt anbarı
partlalyırdı. – Eşidirsən, oğul?! Vallah, o qara buludlardan xəta əskik deyil, gürşad
düşsə evimiz yıxılacaq. Onda bəs bu gəlini harda rahatlayaq? Onun vəziyyətini sən
yaxşı bilirsən, oğul!..
-Ana, cəzirəni su bassa, onun da çarəsini taparıq. Çox olsa, hamımız
atlanarıq. Qaçaq həyatı belədir, ana! Quş təki ağacda, atın üstündə o qədər
gecələmişik ki! Bir gün də su üstündə qalarıq.
Buludlar göyə qara pərdə çəkmişdi. Qaçaqlar qamışlığa dağılmışdılar. Onlar
atlıların yəhər-yüyənini, tapqırlarını düzəldir, laxlanmış nalları bərkidirdilər. Həcər
isə qotazlı, ceyranlı çulun üstündə qıvrılırdı. Gözəl, gəlinin başını dizləri üstünə
alıb ona ürək-dirək verirdi:
-Qorxma, mənim balam, xatanın böyründən sovuşmuşuq. Insallah, bundan
da...
-Gözəl xala, mən səndən yaman nigaran idim. Mən indi babatam, ağrım bir
az dayanıb.
Əslində Həcər bunu təskinlik üçün deyirdi. O, dəmir təki qaralmışdı. Kölgəli
sifətində tər damcıları muncuqlanırdı. Onun keçirdiyi sarsıntıları yalnız ağrı çəkən
analar duya bilərdi...
Həcərin qara saçları qayınanasının dizləri üstünə dağılmışdı. Gözəl gəlinin
saçlarını oxşaya-oxşaya onun ürəyini alırdı. Gözəlin özü də titrəyirdi. Paltarı
bədəninə yapışmışdı. Ana
elə bil yaş odun idi, hey tüstülənirdi.
Cəzirədə yurd salmaq olmazdı. Hər dəqiqə təhlükə gözlənilirdi. Nəbi
dostlarını başına topladı:
-Tez olun atların nalını söküb tərsinə nallayın! Bəyləri aldatmalıyıq!..