Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   32   33   34   35   36   37   38   39   ...   111

 
91
Camal yoluna davam elədi. Qəbiristanın yanından ötüb keçəndə, ölülərə 
rəhmət oxudu, üzünü Nəbinin başdaşına çevirib dedi: 
- Allah sənə də rəhmət eləsin, yazıq kişi, min ilin ölülərinə qarışdın getdin… 
O, yol uzunu Yusifin və Növrəstənin fikrini elədi… 
Camal zəmiyə çatdı. Dəsmalı qayışdan açdı, çörək qurumasın deyə, bir daşın 
dibinə qoydu. 
- Elə bu qıraxdanca başlasam yaxşıdır, - deyə buğdanı biçməyə başladı. 
Lakin birdən onun qulağına nə isə bir səs gəldi. O, buna əhəmiyyət verməyib 
işinə davam eləmək istərkən, buğdanın içindən xışıltı eşidildi… 
Camal o tərəfə, bu tərəfə boylandı, kimsəni görmədi. 
Camal qəddini düzəldib zəminin içərilərinə sarı yeridi. Nəzərini at dırnaqları 
altında əzilmiş sünbüllər cəlb elədi. Təəccüblə çiyinlərini çəkərək: 
- Hansı anasının oğlu, görən, mənim zəmimi öz atına otardıb? – dedi, - daha 
başına bağ, çəmən qəhəd idi, gərək mən kasıbın taxılını zay eləyəydi… 
Camal iki-üç addım da atdı, birdən yerində donub qaldı. 
Üst-başı cırıq-cırıq olmuş, saçları dağılmış Növrəstə dizlərini qucaqlayaraq, 
başını  aşağı salıb oturmuşdu. O, dərin fikir-xəyal içində olduğundan Camalın 
zəmini yara-yara gəldiyini hiss etmədi. 
- Növrəstə! Ay qız, sən burda nə qayırırsan? 
Növrəstə diksinib başını qaldırdı, Camalı qarşısında görcək: 
- Oy Camal qardaş… - deyə qışqırdı və əllərilə üzünü gizlətdi. 
Lakin onun solğun üzündəki diş yerləri Camalın gözündən yayınmadı. 
Heyrətdə qalmış Camal soruşdu: 
- Ay qız, bu nədir, başına nə iş gəlib? Bir dillən görək axı!.. 
Növrəstə başına gələnləri ağlaya-ağlaya danışmağa məcbur oldu… 
Gözünü bir nöqtəyə zilləyib fikrə getmiş Camal köksünü ötürüb dedi: 
- Bəs bu gecəni elə burda qalmısan?.. 
- Bu sir-sifətlə, bu üst-başla mən kimin qapısına gedə bilərəm… 
- Yaxşı, dur gedək evə… 
- Yox, mən heç kəsin gözünə görünə bilmərəm. 
- Dur gedək, dur! 
…Camalla Növrəstə zəmidən yola çıxdılar. 
 
Axşamdı. Çox isti və ürək sıxıcı bürkü idi. Kəndlilər biçindən, döyündən və 
bağ-bostandan qayıtmışdılar. Həyətlərdə qalanmış ocaqlarda tüstü qalxırdı. Yəqin 
ki, biri xörək bişirir, biri çay qaynadırdı. 
Camalın arvadı qara damda, Növrəstənin yatağının yanında oturmuşdu. 
- Qəza adam başına gələr, bacı! Ərin qayıdar, bəydən hayıfını alar, daha fikir 
eləmə! – deyə Tükəzban Növrəstəyə təsəlli verirdi. 
Lakin Növrəstə ovunmurdu. 
- Ərimin qabağına mən bu üzlə necə çıxacağam? Yox, o gələnə kimi özümü 
öldürəcəyəm! 
- Ciyərinə güllə  dəysin, Baxış  bəy! Gör yazığın üzünü necə dişlək-dişlək 
eləyib e… - deyə, Tükəzban durub bucağa sarı getdi. Çay qoymaq üçün aftafaya su 
tökdü. 


 
92
Çardaqda tək oturmuş, sanki gəmisi batmış Camal fikirləşirdi: «İndi mən nə 
eləyim? Kimə bu sirri açım? Baxış bəydən qisas almaq üçün qeyrətli adamlar mənə 
kömək elərlərmi? Yox, elə lap mən özüm… Qaradan artıq rəng olmaz, daha bəsdir. 
Qardaşımı öldürdü, özümü döyüb qara tuluq elədi, evimdə qalan, mənə  pənah 
gətirən qaçqın arvadın namusuna əl atdı… Başı papaqlı da buna dözərmi?.. Adam 
dünyaya bir dəfə  gəlib, bir dəfə  də gedəcək… Ya öləcəyəm, ya onu sağ 
qoymayacağam, evini-eşiyini külə döndərəcəyəm, özü də bu gecə! Yox, gecə niyə? 
Gecə gecdir… Lap elə bu saat!» 
Camal çarığını geyib aşağı düşdü, evdən kibrit götürmək üçün addımladığı 
zaman, darvaza döyüldü. O, elə  zənn etdi ki, Baxış  bəyin nökərlərindəndir, 
Növrəstənin burda olub-olmadığını bilmək və onu aparmaq üçün gəlib… 
Camal gedib darvazanı açdı, lakin qarşısında duranın kim olduğunu 
qaranlıqda seçə bilmədi. 
- Salaməleyküm! Qonaq istəmirsiniz? 
Camal onu dərhal səsindən tanıdı: 
- Şahmərdan! Ə, sənsən? Xoş gəlmisən! 
Onlar qucaqlaşıb, öpüşdülər. Camal onu çardağa gətirdi. 
- Tükəzban bacı necədir? Özün də yaxşısanmı? 
- Sağ ol, pis deyilik… 
- Mən axı bizimkiləri görmədim. Tövlə bomboşdur. Hara köçüblər? Sağ-
salamatdırlarmı? 
Camal bir qədər karıxdı. Suala birdən cavab verə bilmədi. İlk dəqiqələrdən 
Şahmərdanı peşman eləməmək, qol-qanadını  sındırmamaq üçün gülümsəyərək 
dedi: 
- Hə, niyə, nə olub, Allaha şükür… Otur, otur. İstidir. Pencəyini, çəkməni 
çıxart! 
Şahmərdan çəkməsini, pencəyini çıxardıb bir tərəfə qoyaraq, dedi: 
- Doğrudan çox bərk istidir. İstiyə dözmək olar, amma bu yerlərin 
mığmığasına heç yoxam… 
- De görək Bakıda nə var, nə yox? Hansı yolla gəldin? Necə gəldin? Nə vaxt 
gedəcəksən? 
- Onların hamısını danışacağam. Hələ bir neçə gün bu kənddəyəm. Ancaq 
mənim gəldiyimi heç kəs bilməsin! Hə, Nəbi dayıgil hardadır? 
Camal özünü eşitməməzliyə vurub soruşdu: 
- Comərd qağa, Qiyas niyə  gəlmədi?  İşə giriblərmi? Qazancları-zadları 
necədir? Ay səni sağ olasan, niyə  xəbərsiz gəlmisən? Axasar haqqı, bilsəydim 
gəlirsən, əlli verst yolu qabağına gələrdim. 
- Bəs, axı, kağız yazmışdım ki, gələcəm, Nəbi kişi almayıb? 
- Hə, alıb, özün də  gəldin, çıxdın, lap yaxşı eləmisən… Biz də 
kəndçiliyimizi eləyirik də… Kənd elə gördüyün kənddir… Biri bir tikə çörək 
üzünə həsrətdir, biri gündə balıq-plov yeyir… 
- Mən elə yol uzunu kəndlilərin halını düşünmüşəm. Bir azdan sonra 
güzəranımız pis olmaz… Mən elə buralarda işləyəcəyəm. Səninlə tez-tez 
görüşəcəyik. Məndə yaxşı  xəbərlər, sözlər var… Bir neçə vaxtdan sonra pristav, 
naçalnik, bəy-məy olmayacaq… 


 
93
- Hə, başına dönüm, ondan de, ondan!.. 
- Deyəcəyəm, deyəcəyəm… Yəqin, bizim uşaqlar çox korluq çəkiblər, hə? 
Sənin canın üçün Camal, kəndə bir az qalmış ürəyim döyünməyə başladı… Ayrılıq 
pis şeydir… - O, bir az susdu. Sonra: - Ə, olmaya bizimkilərin başlarında bir qəza-
qədər var! – deyə Camalın üzünə baxdı… - Mən ölüm, elə iş varsa, açıq de.  
- Ə, fikrinə başqa şeylər gətirmə. Növrəstə bacı da indi gələr… 
- Ay Camal, yəqin ki, Növrəstə  məndən inciyib. Haqqı da var, cavan 
adamdır. Mən ona yedirən, geydirən bir ər olmamışam… O yazıq neçə ildir ki, lap 
nişanlı vaxtından mənim hər əzabıma, ayrılığıma dözüb. Amma, bir dəfə də olsa, 
üzümə vurmayıb. Ancaq mən də ona etibarlı ər olmuşam. 
Şahmərdan tərini silmək üçün çevrilib pencəyinin cibindən dəsmal 
götürəndə, uzaqda bir işıq gördü. Bu Baxış  bəyin otağında yanan lampanın işığı 
idi. Bütün kənd neftsizlikdən qaranlıqda ikən, bəyliyin işığı səhərə kimi sönmürdü. 
Şahmərdan köksünü ötürüb dedi: 
- Demək, Camal, Baxış bəy hələ hökmranlığını eləyir!.. Eləsin, amma sən də 
bil ki, Camal, onların ağalığına, zülmünə az qalıb… 
- Nə təhər yəni az qalıb, Şahmərdan qağa? 
Şahmərdan Bakı  fəhlələrinin müsavat quruluşu  əleyhinə apardıqları 
mübarizədən danışmağa başladı… 
Tükəzban gəldi, qonağa «xoş  gəldin» elədi.  Şahmərdan onun kefini 
soruşdu… Tükəzban oturmaq istəyəndə, Camal dedi: 
- Ay qız, oturma, yeri çaydan, çörəkdən qayır. 
- Tükəzban bacı, bilirəm, burda qənd, çay tapılmır. Xurcunda şirni var… 
Çıxart apar. 
- Sağ ol. Tut qurusundan, ərik qurusundan evdə tapılar. 
Camal Nəbinin ölümünü, Yusifin başqa kənddə nökər olduğunu, 
yaralandığını, Növrəstənin başına gələn bəlanı daha gizlətmək istəmədi. Hər şeyi 
yavaş-yavaş Şahmərdana qandırmağa başladı. 
…Şahmərdanı görəndən sonra, kövrəlmiş Tükəzban evə girdi. Fikir onu 
götürdü: «Deyim, deməyim?  Əri gəlib, arvadından gizlədirik… Niyə? Bunun nə 
adı var?.. Beş gündən sonra bilməyəcək?  İndi bilsə yaxşıdır… Evin dağılsın, 
balaların yetim qalsın, Baxış bəy! Daha sənin eləmədiyin nə zülm qaldı!.. İndi ər 
neyləsin, arvad neyləsin?.. 
Belə də iş olar!.. Ələ alırsan, əl yanır, yerə qoyursan yer…». 
Tükəzban Növrəstənin yanına gəldi, özünü saxlaya bilməyib qəhərlənə-
qəhərlənə bayatı çəkdi: 
 
 
 
 
Evimizdə barama, 
   Bax 
sinəmdə yarama, 
   Könlüm 
yarı çox istər, 
 
 
 
Rəqib girib arama… 
 
Təzəcə huşa getmiş Növrəstə gözünü açdı. 
- Tükəzban bacı, sən niyə ağlayırsan?.. 
- Heç, Növrəstə, heç!.. Şahmərdan… 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə