Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   37   38   39   40   41   42   43   44   ...   111

 
104
Comərdin sözləri, başı daşdan-daşa dəymiş, həyatın ağırlığını kürəyində hiss 
etmiş Rüstəmin qulağında bir həqiqət kimi səslənmişdi. O, artıq kəndə qayıtmağa 
məcbur olmuşdu.  
…Yusif və Camal hər şeyi Rüstəmə danışdılar.  
Nəbinin ölümünü, Növrəstənin başına gələn qəzanı, Yusifin vəziyyətini
Şahmərdanın öz arvadından üz döndərib getməsini bilən Rüstəm sarsıldı. 
Rüstəmə  və Yusifə az-çox təsəlli verən, Baxış  bəyin öldürülməsi oldu. 
Rüstəm, həqiqi namus sahibi olan Camalla gələcəkdə  əlaqə saxlamağı öz-
özlüyündə qərara aldı. 
Camalın təkidinə baxmayaraq, Rüstəm o kənddə bir gün də qalmadı. 
Gödəklərə getmək, Növrəstəni oradan götürüb dağbasar kəndlərin birinə aparmaq 
üçün Yusiflə birlikdə yola düşdü. 
…Camal o günü bəyin öldü xəbərini heç kəsə demədi. Gecəni səksəkəli 
yatdı. Səhər oldu, yenə bir söz söyləmədi. 
İki gündən bəri Baxış  bəyin və Növrəstənin evə  gəlməməsi bəy ailəsində 
şübhə  və narahatçılıq yaratdı. Bəyin nökərləri atlanıb bağları, dəyirmanı, Yazı 
düzünü, güman gedən kəndləri axtardılar. Nubar Növrəstənin yerini Camalın 
arvadından soruşdu. «Bəyin kənizinin yerini biz nə bilək?.. Siz də özünüzə  iş 
tapmışsınız, bizim üstümüzə qaçırsınız; xata olmadı ki, o qaçqınlara rəhmimiz 
gəldi, bir tövlə bucağı verdik…» deyə Tükəzban cavab verdi. 
Üçüncü gün, səhər Camal kəndin aşağısından qaça-qaça gəlib bəyliyin 
darvazasına çatdı. 
- Ay Ağa bəy ağa! Ay Aftab xanım! – deyə qışqırdı. 
Qardaşını harda axtarıb tapmağı fikirləşə-fikirləşə həyətdə gəzinən Ağa bəy 
bayıra çıxdı. 
- Nə var, a Camal? – deyə ona yaxınlaşdı. 
Camal töyşüyə-töyşüyə dedi: 
- Ağa,  əvvəla səlaməleyküm. Ağa, ikinci dilim, ağzın qurusun… Ağa, bu 
xəbəri gərək mən gətirməyəydim. Amma neyləyim… Getmişdim zəmimi biçməyə, 
bir də  nə gördüm… Ağa, dilim gəlmir… Gördüm Baxış  bəy ağa tirəmeş uzanıb 
taxılın içinə. Dedim, bəlkə yatıb, gördüm yox, ölüb… Düz götürüldüm kəndə… 
Vay ağa, vay! Evimizi yıxan, ağa vay!.. 
Ağa bəy bir qədər yerində donub qaldı… Camala heç bir söz deməyib evə 
qayıtdı… 
Bəy ailəsinə şivən düşdü. Kənd bildi. Hamı yığışıb gəldi. Həyət, ev adamla 
doldu… Baxış bəyin öldürülməsi bir çoxunu sevindirdi… 
Ağa bəy kağız yazıb, nökərlərin birini Dondarlıya, pristavı çağırmağa 
göndərdi. Özü, Camal və bir neçə kəndli ilə bərabər zəmiyə getdi. 
…Meyiti evə gətirdilər. 
Aftab xanımın,  Şölə xanımın səsindən qulaq tutulurdu. Bir neçə saatdan 
sonra pristav iki strajniklə  gəldi.  Əli Sadiqi Ağa bəyə öz təəssüfünü bildirib, 
əhvalatla müxtəsər tanış olduqdan sonra, meyitə baxdı. Hardan yaralandığını  və 
ona tədqiqat üçün lazım olacaq bəzi  şeyləri dəftərcəsinə qeyd etdi. Ağa bəyi və 
strajnikləri götürüb ölüm hadisəsi baş vermiş yerə getdi. Zəmiyə tökülmüş qana, 
rədlərə baxdı. Zəminin Camalın olduğunu öyrəndi. Yenə nə isə dəftərcəsinə yazdı. 


 
105
Satrjnikin qayışını açdırıb aldı. Rədlərin enini, uzununu ölçərək, qayışı cibinə 
qoydu. 
Pristav Ağa bəydən, kimdən şübhəli olduğunu, kimi tutmaq lazım gəldiyini 
soruşdu. Ağa bəy heç bir cavab verə bilmədi. Ancaq öz ürəyində dedi: «Onu 
istəməyən məyər, birdir, ikidir? Bütün kəndi özünə düşmən eləmişdi». 
Pristav kələfin ucunu tapmaq üçün zəmi sahibi olan Camalı  həbs eləyib 
strajniklərin qabağına qatdı. 
Tükəzban, atın döşündə, qolu bağlı gedən  ərinin dalınca, başına, dizinə 
döyə-döyə ağlayırdı. 
Əli Sadiqi əllərini dalına qoyub, otaqda gəzinə-gəzinə fikirləşirdi: «Bu 
xarabanın hər bucağından gündə bir bəd xəbər eşidirsən… Biri oğurluq eləyir, biri 
arvada sataşır, biri adam öldürür… Mən bu cəhənnəmdən nə vaxt başımı götürüb 
qaçacağam. Yox, mən bu it peşəsinə alışa bilməyəcəyəm. Qəza naçalnikinə gərək 
ikinci dəfə  ərizə verəm ki, məni azad eləsin. Hərçənd, üstümə bağıracaq, qoy 
bağırsın. Mən canımı çöldən tapmamışam ki… Ailəm qalıb Gəncədə, özüm 
burda… Eh, Allah kəssin belə vəzifəni! Özümü Bakıya sədr-əzəmin yanına salsam, 
məni böyüdər, kəndlərin kirindən-pasağından, bitindən-sirkəsindən canımı 
qurtarar. Mən nə üçün pristavlığa razı oldum, heç özüm də bilmirəm… Qərəz…». 
Əli Sadiqi stolun dalına keçib oturdu, dirsəklərini köhnə stola, çənəsini isə 
bir-birinə darağladığı  əllərinin üstünə qoyub yenidən fikrə getdi: «…Qatili necə 
tapaq? Kəndli-kütlüdən biri öldürülsə idi, qanını batırardım… Axı, ölən Baxış 
bəydir. Bu xəbər hər yerə yayılıb. Özü elə    bir  əhəmiyyətli adam olmasa da, 
hökumətdə sayılan qardaşları var. Qatili tapmasam, onlar məni pis günə sala 
bilərlər… Heç kəsə  də güman getmir. Camal da boynuna almır ki, almır. – Əli 
Sadiqi dəftərcəsini cibindən çıxarıb yazdıqlarına baxdı. – Gərək zənnim məni 
aldatmasın: Baxış  bəyi öldürən iki adamdır: biri ayağı çarıqlı, biri ayağı yalın. 
Mərhuma vurulan yaralar da onu sübut edir. Onun qarnını ya bıçaq, ya xəncərlə 
deşmişlər. Başını isə  ağır və iti bir şeylə bölmüşlər. Yaxşı, neyləyim? Camalın 
boynuna qoymaq üçün elə sübutum, dəlilim yoxdur. Hər halda, yenə onu çağırıb, 
qısnamalıyam». 
Əli Sadiqi qapıda duran strajnikə Camalı  gətirməsini  əmr elədi. Strajnik 
getdi, bir neçə dəqiqədən sonra, Camalı qolu bağlı gətirib otağa saldı, özü bayıra 
çıxıb qapının yanında dayandı. 
Əli Sadiqi stuldan qalxmadan gülə-gülə dedi: 
- Camal Allahyar oğlu, kefin necədir? 
- Dustağam, ağa pristav. 
- Dustaq olduğunu bilirəm. Kefini soruşuram. Görürsən, mən necə 
pristavam? Dustağın kefini soruşuram. Səni beş dəfə danışdırmışam, elədirmi?  
- Bəli, on beş gündə – beş dəfə. 
- Səni döyməmişəm ki? 
- Xeyr. 
- İndi görürsən necə pristavam? Dustağı döymərəm. Amma dustaq da gərək 
mənə hər şeyi düzgün danışsın. De görüm, sənin neçə cüt çarığın var? 
Camal pristavın bu axmaq sualına gülmək istədi, lakin özünü saxlayıb cavab 
verdi: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə