Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   38   39   40   41   42   43   44   45   ...   111

 
106
- Bir cüt. 
- Sağ ayağını qaldır yuxarı. 
Camal ayağını qaldırdı.  Əli Sadiqi stolun eşiyindən rədləri ölçdüyü qayışı 
çıxarıb, onun ayağının altını ölçdü. Camalın üzünə dik baxıb: 
- Aydındır!.. – dedi. – Baxış bəyi öldürənin biri sənsən! Zəmiyə düşən rəd 
sənin ayağının rədidir. De görüm, yoldaşın kim idi? O ayaqyalın imiş… O da mənə 
bəllidir. Ancaq sənin nə  qədər doğru danışdığını bilmək istəyirəm. De görüm, o 
ayağı yalın adam kim idi? Onu da bil ki, daha hər  şey mənə aydındır. Düz 
danışsan, bu işi mən ört-basdır eləyə bilərəm. Çünki sən öz düşmənini öldürmüsən. 
Düşməni öldürmək kişilikdir. Mən belə qoçaq adamları  qıyıb qazamatlarda 
çürütmərəm, hə, danış! 
- Pristav ağanın bu şirin canına and olsun ki, mənim bu işdən xəbərim 
yoxdur. Necə əvvəllər demişəm, indi də öz sözümün üstündə dururam. Qaldı ayaq, 
rəd… ağa pristav özü yaxşı bilir ki, adamların hamısının ayağı biri-birinə oxşayır. 
Çarıq geyən elə bir mən deyiləm ki… Qaldı, deyirsən, Baxış bəyi öldürən guya iki 
adam olub. Nə bilim, bəlkə beş adam olub?.. Baxış  bəyin kəndlərdə düşməni 
azdırmı?.. 
Əli Sadiqi yerindən qalxdı, bir qədər səsini ucaldaraq dedi: 
- Demək, yenə boynuna almırsan? 
- Pristav ağa, yəqin sən Ağa bəyi danışdırmısan. O, deməyibmi ki, bəyin 
ölümünü mən, Camal Allahyar oğlu, gəlib ona xəbər vermişəm. Axı  sənin başın 
var, pristav ağa! Necə ola bilər ki, mən bəyi öldürəm, özüm də gələm xəbər verəm? 
Heç ağıla sığan işdir? 
Əli Sadiqi qışqırdı: 
- Bilirəm hiyləni! Sən bunu qəsdən eləmisən. Heç kimdə şübhə yaratmamaq 
üçün eləmisən. Daha bilməmisən ki, arvadın Tükəzban, kürəyinə beş qamçı 
dəydikdən sonra, sənin cinayətini açıb deyibdir. Nə vaxt və kim ilə öldürdüyünü 
yerli-yataqlı söyləyib. 
Camalı fikir apardı: «Doğrudan Tükəzban deyib? Bəlkə onu döyüb-öldürüb, 
zorla dedirdiblər?» 
- Hə, dustaq Camal Allahyar oğlu, yoldaşın kim idi? De, qorxma, bu işi elə 
batıracağam ki, fələyin də xəbəri olmayacaq. 
- Dedim ki, heç nədən xəbərim yoxdur. 
- Bəy öldürülən gecədən onun qulluqçusu Növrəstə də yoxa çıxıb. O arvad  
qabaqlar sənin evində yaşayırmış. Kənddə səndən yaxın adamı yoxdur. İndi açıq de 
görüm o hardadır? 
- Nə bilim hardadır, adam güdmürəm ha… 
Əli Sadiqi bərk hirsləndi: 
- Dəyyus, arvadın yalan deyir? Növrəstəni harda gizlətmisən? 
Camal dillənmədi. 
- Görürsənmi, hökumətdən gizli heç bir şey qalmayıb… Mənə ancaq o 
lazımdır ki, mərd-mərdanə deyəsən: «Bəli, pristav ağa, Baxış  bəy qardaşımı 
öldürmüşdü, məni dəfələrlə döymüşdü, ona görə mən də ondan öz qisasımı aldım. 
İndi məni bu xatadan qurtar!» Bu sözü de. Səni bu saat, elə indicə evinə 
buraxmasam, kişi deyiləm. Hə, dillən! 


 
107
Camal pristavın dediklərindən onun bəzi  şeyləri bildiyini yəqin elədi. 
Tükəzbanın ağzı yırtıqlıq eləməsinə inanmadı. 
- Əşi, heç nədən xəbərim olmaya-olmaya nə deyim axı? 
Əli Sadiqi qamçını  çəkməsinin boğazından çıxardaraq, ona yaxınlaşdı  və 
şallaqlamağa başladı: 
- Zəhrimar de, çor de! Köpək oğlu, danış görüm Baxış  bəyi niyə 
öldürmüsən? Niyə mahalı kor qoymusan?.. 
- Vur, pristav ağa, vur! Sən adam döyməzdin, məni döy, öldür!.. 
- Köpək oğlunun kinayəli sözlərinə bax! 
Pristav şallağı bir neçə dəfə onun sifətinə çəkdi. Qolları arxada bağlı Camal 
başını o yana, bu yana döndərməkdən başqa heç nə eləyə bilmədi. 
Pristav qapını açıb strajnikə dedi: 
- Get bunun arvadını gətir! 
Çox keçmədi ki, strajnik başı çadralı, üzü-gözü örtülü bir arvadı içəri saldı. 
- Gəl, burda otur, bacı! – deyə Əli Sadiqi ona yer göstərdi. – Ancaq mən nə 
soruşsam ona cavab ver. 
Arvad bir küncdə oturdu. 
- Sənin ərin Camal Allahyar oğlu ki, bu saat mənim dustağımdır, Baxış bəyi 
gecə öldürdü, eləmi? 
Arvad başı ilə təsdiq işarəsi verdi. 
- Ay sağ ol, bacı! Sənə ikicə sualım da var. Ərinin yoldaşı da vardı, eləmi? 
Arvad yenə başını tərpətdi. 
- Gördün? Daha bir sözün yoxdur? 
- Nə gördüm, nə  eşitdim. Tükəzban, səsini niyə  çıxartmırsan? Üzünü niyə 
örtmüsən? 
Əli Sadiqi tez dilləndi: 
- Birinci dəfə onu danışdıranda, düzünü demədi, ona görə də bərk döyüldü, 
üz-gözü yaralıdır. – Əli Sadiqi üzünü arvada sarı tutub soruşdu: - Ərin düşmənçilik 
məqsədi ilə bəyi öldürdü? Hə?! 
Arvad yenə başını tərpətdi. 
-  İndi nə sözün var, Camal Allahyar oğlu? Baxış  bəyi gecə öldürdüyünü 
danmırsan ki? 
- Mənim arvadım pristav ağanın hər sözünə başıyla «hə» dedi. Amma onu 
demədi ki, Baxış bəyi öldürən həm mənəm, həm də sən, pristav! Sən, Əli Sadiqi!.. 
- Necə? Bu nə sözdür danışırsan? İt oğlu! 
Əli Sadiqi Camalın üzünə bir neçə şallaq çəkdi. Camal elə bildi ki, gözləri 
töküldü. Üzünü çevirib başını divara söykədi. 
- Apar bunun arvadını, - deyə Əli Sadiqi strajnikə əmr elədi. 
Strajnik arvadı apararkən, Əli Sadiqi onu saxlayıb dedi: 
-  Əvvəlcə manqalı,  şişi gətir! Gərək bunun gözlərini dağlayam ki, düzünü 
desin. 
Strajnik arvadı apardı. 
- Hə, boynuna alırsanmı? Almasan, iki gözünü də dağlayıb, səni dünya 
işığına həsrət qoyacağam. Özünə yazığın gəlsin. De! 


 
108
Camal sorğu-sualın çox gərgin bir şəkil aldığını  və pristavın nə istəsə 
eləyəcəyini görüb, özünü dəliliyə vurdu. Bayırdakı strajniklər də  eşitsinlər deyə 
ucadan qışqırdı: 
- Deyim, pristav! Başını yeyim, pristav. Bəyi öldürən pristav!.. Şölə xanıma 
əl atan pristav!.. Ha… ha… ha… 
- Kəs səsini, heyvan! – deyə pristav onu qamçının altına saldı. 
Camal atılıb düşə-düşə yenə çığırdı: 
- Bizim zalım pristav!.. İt olubdur pristav! Ham… ham… ham… 
Əli Sadiqi qapıya tərəf getmək istədi. Lakin Camal «ham… ham… ham» 
deyə-deyə onun qabağını  kəsdi.  Əli Sadiqi bir qədər qorxdu, ona elə  gəldi ki, 
Camal bu saat onu parçalayacaq. 
- Strajnik! Strajnik! 
Pristavın əvvəlcə öyrədib hazırladığı strajnik arvad paltarını soyunub, üzünü 
açıb gəldi. 
Camal isə bir ayağı üstə atılıb düşə-düşə deyirdi: 
- Qan axıdan pristav, haqqışda!  Əppək yapan pristav, haqqışda! Bəyi 
öldürən pristav, haqqışda! Pristav ha… 
Strajnik çiyinlərini çəkib təəccüblə dedi: 
- Ağa, bu ki, dəli olub!.. 
Camal qəhqəhə ilə güldü, sonra Əli Sadiqinin pencəyinin ətəyindən dişi ilə 
yapışdı. 
Strajnik dərhal onu geri çəkib dedi: 
- Ağa, canına and olsun, dəli olub… 
- Apar bunu! 
Strajnik Camalı itələyib bayıra saldı. Camalın səsi kəsilmədi. Dediyi sözləri 
zirzəmiyə çatana qədər təkrar elədi. 
Hirsindən bədəni titrəyən Əli Sadiqi otaqda gəzinə-gəzinə dedi: 
- Millətimdən biri də dəli oldu… Kaş hamısı dəli olaydı. Lənət çox pristav 
olub ölənə! 
O, dayanıb öz-özünə sual verdi: 
«Mən Baxış bəyin qatilini necə tapacağam? Bəlkə, doğrudan da Camalın bu 
işdən xəbəri yoxdur? Bəs niyə Ağa bəy ikinci söhbətimizdə dedi: «Mən Camaldan 
şübhələnirəm». İndi o dəlini mən buraxımmı?» 
 
 
Səkkizinci fəsil 
 
Karo «Milli Şuranın» iclasında bir saatdan artıq idi ki, danışırdı. O, getdikcə 
qızışır, özünü mənalı, məntiqli danışan bir natiq kimi göstərmək istəyirdi. Otaqda 
oturanlar ona sakit qulaq asırdılar. Karo üzünə tökülmüş saçlarını başının kəskin 
hərəkəti ilə geri atıb dedi: 
- Ağalar, erməni hökumətimizin, o cümlədən Zəngəzur Milli Şurasının 
qarşısında duran, təxirəsalınmaz məsələlərdən, mən bir general-qubernator kimi 
sizə danışdım. Ona fəxr etməliyik ki, erməni milləti öz hakimiyyətini yaradıbdır… 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə