Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu


Ərəb-müsəlman fəlsəfəsinin struktur invariantları



Yüklə 1,08 Mb.
səhifə43/129
tarix31.08.2023
ölçüsü1,08 Mb.
#121158
1   ...   39   40   41   42   43   44   45   46   ...   129
F ls f n dir F ls f d nyag r kimi. F ls f nin predmeti. F

2. Ərəb-müsəlman fəlsəfəsinin struktur invariantları. Orta əsrlərdə yaranmış ərəb-müsəlman fəlsəfəsi mürəkkəb struktura malikdir. Bu fəlsəfəçilk tipinin meydana gəlməsini şərtləndirən və haqqında yuxarıda söhbət açılmış daxili səbəb nə qədər əsaslı olsa da, onun formalaşmasına Antik fəlsəfi irsin təsiri də az olmamışdır. Məhz bu baxımdan ərəb müsəlman fəlsəfəsinin struktur invariantları və yaxud əsas cərəyanları Antik fəlsəfi təlimlər çərçivəsində müəyyənləşdirilir. Ərəb-müsəlman fəlsəfəsinin struktur invariantları aşağıdakılardır:
a) Ərəb-müsəlman ortodoksal sxolastikası – kəlam;
b) Şərq peripatetizmi - məşşaiyyə;
c) Ərəb-müsəlman neoplatonizmi – işrakiyyə;
d) Mistik panteizm – vücudiyyə.
Göstərilmiş ilk iki struktur invariantını: ortodoksal sxolastika (kəlam) və Şərq peripatetizmi, həmçinin onların ən görkəmli nümayəndələrini ayrı-ayrılıqda ətraflı nəzərdən keçirəcəyik.
a) Ərəb-müsəlman ortodoksal sxolastikası – kəlam. Ərəb-müsəlman fəlsəfəsinin ilk struktur invariantlarından biri ərəb-müsəlman ortodoksal sxolastikası – kəlamdır. Dini-fəlsəfi sistem olan kəlamın əsas vəzifəsi formal-məntiqi dəlillər əsasında rəsmi ortodoksal etiqadın yaradılması olmuşdur. Kəlamın meydana gəlməsinin nəzəri bazasını qədərilərlə cəbərilər arasında VII və VIII əsrlərdə ortaya çıxmış ehkamçı mübahisələr olmuşdur.
Qədərilər və cəbərilər arasındakı ehkamçı mübahisənin mərkəzi mövzusu alın yazısı (qismət) və azad iradə problemi olmuşdur. Mütləq qismət (alın yazısı) tərəfdarları olan cəbərilər belə hesab edirdilər ki, Allah insanı xarakteri, imkanları, gələcək hərəkətləri ilə birlikdə yaradıb. Ona görə də insanın heç bir iradə azadlığı ola bilməz. Onun bütün hərəkət və fəaliyyəti İlahi məcburetmənin nəticəsidir. Qədərilər isə bunun əleyhinə çıxır. Belə hesab edirdilər ki, Allah adildir, bu səbəbdən O insanları yanlış hərəkətlərə məcbur edib, sonra ondan öz hərəkətlərinə görə məsuliyyət tələb etməz. Ümumiyyətlə insan öz iradəsindən asılı olmayan hərəkətlərinə görə necə cavabdehlik daşıya bilər? Əslində insan azad iradəyə malikdir və bütün hərəkətləri iradəsinin hakimiyyəti altındadır. Beləliklə, alın yazısı və azad iradə problemi ilahiyyatçılar içərisində fəlsəfi düşüncələrin başlanğıcını qoyur.
VIII əsrə qədər kəlam daha çox teoloji səciyyə daşısa da, bundan sonra İslamın ehkam və əmrlərinin fəlsəfi əsaslandırılmasına başlanılır, fəlsəfi idrakın köməyi ilə teoloji sistem hazırlanılır.
Bununla əlaqədar kəlamın əsas məsələsi yunan fəlsəfəsinə münasibətdir. Mühafizəkar ilahiyyatçılar Tertullian kimi yunan fəlsəfəsinin qəti əleyhinə çıxsalar da, intellektualist yönümlü alim-ilahiyyatçılar yunan fəlsəfəsini İslamın ehkam və əmrlərinin fəlsəfə düşünülməsi üçün vasitə kimi istifadəsinə çalışırlar. Antik fəlsəfi irsdən İslam üçün yararlı olan məqamlar seçilir, İslamın ehkamlarına zidd olan məqamlar isə kənara atılır. Məsələn, Aristotelin Allahın dünyanın hakimi-mütləq olması haqqındakı konsepsiyası, Platonun spekulyativ dialektikası qəbul edilir. Demokrit və Epikürün yaradılmamış substansiya kimi götürülən materiyası rədd edilir. Lakin, pifaqorçular və neoplatonçuların idealist və mistik təlimlərinə dözümlə yanaşılır.
İntellektualist yönümlü alim-ilahiyyatçıların, o cümlədən qədərilərin sonrakı axtarışları mötəzililər (ərəb. uzaqlaşma, kənar durma) hərəkatının yaranmasına səbəb olur. Onların təlimi rasionalist əhval-ruhiyyədədir. Mötəzilizmin banisi Vasil İbn Əta (700-749) olmuşdur.
İslamda ilk dəfə olaraq mötəzililər iman məsələsində zəkanın hüquq və əhəmiyyətini etiraf etmişlər. Dini mənbələrlə yanaşı onlar Allahı dərk etmə vasitəsi kimi zəkaya da müraciət edirlər. Onlar hesab edirdilər ki, Allahın iradəsi əsassız deyil, hər hansı hərəkət ona görə yaxşı deyil ki, Allah onu buyurub, sadəcə Allah ona görə belə buyurub ki, bu hərəkət yaxşıdır. Mötəzililər eyni zamanda fatalizm və antropomorfizmə (Allahın insana məxsus olan sifətlərə malik olaması) qarşı çıxırdılar.
Mötəzililər sübut edirdilər ki, qətiyyən mümkün deyil ki, Allah insanı öncədən günah iş görməyi onun alnına yazsın, qisməti kimi müəyyənləşdirsin və sonradan onu pis əməllərinə görə cəzalandırsın. Eyni zamanda onlar Allahın insani sifətlərə malik olması (antropomorfizm) ilə Onun əbədiliyi arasında ziddiyyəti qeyd edir, antropmorfizmi rədd edirdilər.
Yunan dialektikası ilə “silahlanmış” mötəzilizm çox keçmir ki, düzgün etiqad üçün təhlükəyə çevrilir. Bu isə İslam ehkamlarının fəlsəfi interpretasiyasına əsaslanan ortodoksal teologiyanın yaradılmasını zərurətə çevirir. Bu işin öhdəsindən Bəsrəli teoloq Əbül Həsən Əl-Əşəri (873-935) gəlmişdir. Yazdığı çoxsaylı əsərləri ilə o, ərəb-müsəlman fəlsəfəsində kəlam adlandırılan İslamın rəsmi teologiyasını yaratmışdır. Kəlamın nümayəndələri isə mütəkəllimlər adlandırılır.
Beləliklə, mühafizəkar və intellektualist yönümlü ilahiyyatçılar arasındakı mübarizə son nəticədə vəzifəsi mötəzililərin kəlamına qarşı duracaq ortodoksal kəlamın yaranmasına səbəb oldu. Bu mübarizə əsasən altı problemin fəlsəfi terminlərlə təfsiri ətrafında getmişdir: Allahın atributları; Qurani-Kərimin yaradılmış, yoxsa əbədi olması; dünyanın yaradılışı və onun atomar strukturu; səbəbiyyət; azad iradə və alın yazısı.
Əl-Əşərinin yaratdığı kəlam sistemi mötəzilizm və düzgün etiqad arasında kompromiss variant kimi çıxış edir və düzgün etiqadın əsaslandırılması üçün mötədil rasionalizmin tətbiqini məqbul sayır. Əl-Əşəri düzgün etiqadı mühafizəkar ilahiyyatçılardan fərqli olaraq təkcə Qurani-Kərimə müraciət etməklə yox, həm də fəlsəfi-məntiqi arqumentasiyaların köməyi ilə müdafiə edir. O həm mötəzililərin ardıcıl rasionalizminə, həm də mühafizəkar ilahiyyatçıların ifrat ehkamçılığına qarşı çıxır. Əl-Əşəri mötəzililərin dini idrakın əsas mənbəyi elan etdikləri zəkaya mücərrəd dərketmənin həlim formasını vermişdir.
Əl-Əşəri həm ardıcıl mötəzililərin Allaha hansısa atributların verilməsinin qeyri-mümkünlüyü haqqındakı fikirlərini, həm də mühafizəkar ilahiyyatçıların Allaha insana uyğun müvafiq əlamətlərin veriməsi kimi antropomorf təsəvvürlərini inkar etmişdir. O həmçinin düzgün etiqadın alın yazısı haqqında ehkamlarını insanın öz hərəkətləri üçün əxlaqi cavabdehlik ideyası ilə barışdırmağa çalışmışdır. Əl-Əşəriyə görə Allah insanı həm xeyir, həm də şər əməllər törədə bilmə qabiliyyəti ilə birlikdə yaratmışdır. Əgər insan xeyirə can atırsa Allah onu istiqamətləndirir, ona kömək edir; əgər insan şər əməllər törətməyə meyillidirsə, Allah onu tərk edir, onu yanlışlıqlar içərisində buraxır.
Əl-Əşərinin təlimini onun çoxsaylı tərəfdar və ardıclıları daha da inkişaf etdirmişlər. Onların ən görkəmliləri: Əl-Matrudi (? -944), Əl-Bakıllani (? -1013), Əbu Nəsr Əl-Quşayri (? -1120), Fəxrəddin Ər-Razi (1149-1209).
Sonrakı dövrdə kəlamın nəhəng nümayəndələrindən biri də Əbu Hamid Əl-Qəzali (1058-1111) olmuşdur. Əl-Qəzali və adları çəkilmiş digər mütəkəllimlərin əsas vəzifəsi Şərq peripatetizminin nümayəndələrinə qarşı ideoloji mübarizə olmuşdur. Məhz bu mütəkəllimlərin sayəsində kəlam öz inkişafının zirvəsinə çatmış və İslamın gerçək fəlsəfəsinə çevrilmişdir.
Əl-Qəzalinin yazdığı əsas əsərlər bunlardır: “Filosofların məqsədi”, “Filosofların ardıcılsızlığı”, “Xoşbəxtlik eliksiri”. Bu əsərlərində o, Allahın dünyanı heç nədən yaratması (kreasionizm), insanın bədən və ruhunun Allah tərəfindən yaradılması və ruhun əbədi olması ideyalarını əsaslandırmışdır. O belə bir ideya ilə razılaşır ki, Allah möcüzə törədə bilər. Eyni zamanda dünyanın əbədiliyi və onun qanunauyğun inkişaf etməsi ideyasına qarşı çıxır, sübut etməyə çalışır ki, hiss üzvlərinin məlumatlarına əsaslanan insan heç zaman idrakın həqiqiliyinə əmin ola bilməz. Həqiqət yalnız mistik idrakla əldə oluna bilər. Fəlsəfə ilə məşğul olan Əl-Qəzali belə bir nəticəyə gəlir ki, irrasional (təhtəlşüuri) anlayış olan imanla rasionalist (zəkaya əsaslanan) nəzəriyyənin məhsulu olan fəlsəfə heç bir zaman ortaq məxrəcə gələ bilməz.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə