Fərid Hüseyn Qandalı görməsin



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə6/22
tarix28.06.2018
ölçüsü0,85 Mb.
#51979
1   2   3   4   5   6   7   8   9   ...   22

 Bir  gün  ETTELAATda  adını  bilmədiyimiz,  ucaboy  olduğuna  görə  öz  aramızda  “uzun 

oğlan”  adlandırdığımız  kəs  gəlib  bizə  dedi  ki,  burdan  çıxanda  əlyazmalarınızı  verməyəcəklər, 

çalışın nə yazırsınızsa, tezcə əzbərləyin. Bu sözdən sonra kamerada var-gəl edə-edə bütün günü 

yazılarımızı  əzbərləyirdik,  vaxtın  bolluğundan  şeirlərimizlə  yanaşı,  mən  yazdığım  povesti, 

Şəhriyarsa  esselərini  də  əzbər  öyrənmişdi.  Doğrudan  da,  o  oğlanın  dediyi  kimi  oldu: 

ETTELAATdan  Təbriz  zindanına  göndəriləndə  əlyazmalarımızı  əlimizdən  aldılar.  Təbriz 

zindanına  gətiriləndən  sonra  isə  görməmiş  kimi  büfetçidən  iki-üç  dəftər  alıb  əzbərlədiyimiz 

əsərləri köçürməyə başladıq. 

 

*** 


  

Tez-tez  bizə  səbir  verən  və  yaxşı  münasibət  göstərən  bir  nəzarətçi  varıydı.  Müstəntiqləri 

çağırmağı  xahiş  edəndə  digər  nəzarətçilər  ya  yalandan  “hə,  yaxşı”  deyirdilər,  ya  da  “lazım 

olanda özləri  gələcək, siz narahat olmayın”, deyərək acı cavab verib uzaqlaşırdılar. Amma ona 

nə  vaxt  desəydik,  sözümüzü  müstəntiqlərə  çatdırardı.  İsmini  bizdən  gizlədən  bu  adama 

Şəhriyarla öz aramızda “Yaxşı oğlan” adı vermişdik. Bir dəfə o, bizə maraqlı lətifə danışmışdı. 

Deməli, bir oğlanın qolu sınır. Doktor onun qolunu sarıyanda oğlan soruşur: 

– Doktor, qolumun sarğısı açılandan sonra viola çala biləcəyəmmi? 

 Doktor cavab verir: 

– Bəli.  

 Oğlan kefini pozmadan deyir: 

 



 Hə, onda yaxşı oldu, əvvəllər çala bilmirdim. 

 

*** 



 

İndiki kimi yadımdadı. 28 iyun idi. Gecə saat 22:00 da şam namazı qılırdıq. Nəzarətçi gəlib 

dedi: “Namazınızı qılın, bir azdan sizi aparacaqlar”. Qəribə və dolaşıq bir hiss varıydı içimizdə. 

Nə  vaxt  bizi  ailəmizlə  telefonla  danışmağa  aparırdılarsa,  ya  da  müstəntiqlər  çağırırdılarsa,  son 

dərəcədə sadəlövhlüklə inanırdıq ki, yəqin, bizi azad edəcəklər. Amma heç vaxt belə olmurdu. 

Gözlərimizi  bağlayıb  bizi  başqa  bir  otağa  apardılar.  Həmin  otağa  “çöl  paltarı”mızı 

gətirdilər,  geyindik.  Sonra  maşına  oturdub  gözümüzü  parçayla  bağladılar  və  uzaqlaşdığımız 

yerdən  xeyli  keçəndən  sonra  açdılar  ki,  şəhəri  görək.  Şəhərin  işıqlarını,  ağacları,  insanları 

gördükcə məndə belə bir fikir baş qaldırdırdı: hamı azaddır, bu dünyada ikicə adam zindan çəkir: 

mən və Şəhriyar. 

“Azərbaycan” otelinə gəldik. 428 nömrəli otağa qalxdıq. Girən kimi videokameraları görüb 

anladıq  ki,  çəkiliş  olacaq.  İki  saat  çəkiliş  qrupunun  gəlməsini  gözləyəndən  sonra  Şəhriyarı 

danışdırmağa başladılar. Məni isə 4-5 metr aralıdakı otağa aparmışdılar ki, onun nə danışdığını 

eşitməyim. Şəhriyarın səsi az-maz eşidilirdi. Onu bir neçə müstəntiq sözlə məcbur edirdi ki, bu 

cümləni  desin:  “Mən  bilərəkdən  mücəvviz  kağızı  almamışam,  xilafkaram”.  Şəhriyarsa  onlarla 

razılaşmırdı: “Deyəcəyəm ki, bilmədən icazə kağızı almamışam, görüşdüyüm şairlərinsə dövlətə 

müxalif olduğunu bilmirdim. Belə deyəcəyəm, istəsəniz montajda “bilmirdim” sözünü kəsərsiz”. 

Gecə  saat  02:00  da  məni  videokameraya  çəkməyə  başladılar.  Bir  az  yorulmuşdular  deyə 

məni,  az  sorğu-sual  etdilər.  Çoxlarının  “youtube”da  baxdığı  videodan  da  göründüyü  kimi 

deyirdim:  “Bilməmişəm  icazə  kağızı  almaq  lazımdır”.  Bizim  –  ağızlarından  süd  dadı  gedib 

dünya  dadı  hələ  gəlməyən  iki  insanın  özünü  müdafiə  etməkdən  ötrü  bircə  “bilmədim”  sözünü 

deyərkən  keçirdiyi  dərin  stressi  hiss  etmək  üçün  yazdıqlarıma  inanmalısız,  ya  da  orda 

olmalıydınız.  

O müdhiş gecəni düşünəndə qatı toz-duman içində görünən zülm bütün ağırlığı ilə canıma 

həlim-həlim yayılır və az qalıram, dəli olam.  

Bizi videokameraya çəkən “PRESS TV” kanalının işçilərindən başqa fotoqraflar də vardı. 

Onlardan  biri  namərdlik  etmək  fikrinə  düşmüşdü.  Çəkilişdən  sonra  bizi  otağa  keçirdilər,  tək 

çarpayı  olduğuna  görə  Şəhriyarla  yan-yana  uzanmışdıq,  gecə  saat  03:50  idi.  Qapının  ağzında 




nəsə  danışırdılar.  Şəhriyarsa  az-maz  farsca  bildiyinə  görə,  söhbətin  mətləbini  kəsdirən  kimi 

ayağa  qalxdı.  Foto-müxbir  danışırmış  ki,  gəl  onların  bir  çarpayıda  şəklini  çəkək,  bəd  ayaqda 

həmcinsbaz kimi  qəzetlərə  verərik. Şəhriyar onların söhbətini  eşidən kimi  ayağa qalxıb  oturdu, 

içəri  girənləri  görüb  mən  də  yerimdən  qalxdım.  Sonra  fotomüxbirin  yanındakı  adam  dedi  ki: 

“eləmə, lazım deyil”. 

 

*** 



 

“Yusif və Züleyxa” əsərində Züleyxa hər gün qəsrin damındakı zindana tamaşa edib təsəlli 

tapır. Hərdən mənə elə gəlirdi ki, yaxınlarım, doğmalarım məni hardansa görürlər və onlara bir 

şey tapşırılıb: “Nə qədər baxırsınız baxın, nə qədər ağlayırsınız ağlayın, amma səssiz, elə eləyin 

ki, o sizin nə üzünüzü görsün, nə də səsinizi eşitsin”. Bu düşüncələrlə başımı yuxarı qaldırır və 

iynə  dəliyi  boyda  da  deşiyi-filan  olmayan  divarlara  baxır  və  məyus  olurdum.  Adını  çəkdiyim 

əsərdə zindan barədə Əbdülrəhman Caminin zərgər dəqiqliyi ilə deyilmiş maraqlı bir fikri var:  

 

Gecədir aşiqlər sirrinə pərdə



Gecə asan dözər, dərdlilər dərdə. 

 

Həqiqətən də, gecələr dərdim azalırdı: ayaqyoluna aparandan sonra iki dərman gətirirdilər, 



onlardan biri  yuxu, digəri  ürək dərmanı  idi, onları  atandan sonra  az-bir az canımız rahatlaşırdı. 

Gecələr sanki bir günü də arxaya ötürməyin həzzi canıma  yayılır, düşünürdüm ki, bu naməlum 

müddətdən  (durumdan)  bir  gün  də  getdi.  O  dörd  divar  arasında  insan  bir  günün  keçməsini 

xoşbəxtlik sayır, elə düşünürsən ki, bir günlük ağrının axırına çıxdın.  

 

*** 


 

Azad  olunacağımız  qeyri-adi  günün  xəyalını  qururduq.  Məsələn,  qohumlarıma  sürpriz 

etmək  üçün  mən  anamın  50  yaşı,  ya  da  qardaşım  oğlunun  bir  yaşı  tamam  olan  günü  azad 

olunmaq  istəyirdim,  Şəhriyarsa  gah  qardaşı  oğlu  Məhəmmədin,  gah  bacısının,  gah  sevgilisinin 

doğum günündə azad olunmaq (həbsdən qurtulmaq) haqda xəyal qururdu. Amma günlər-günləri 

qovaladıqca  və  biz  o  əziz  günlərə  çata  bilmədikcə  bir  şeyi  də  dəqiqləşdirirdik:  Artıq  nə  vaxt 

burdan  getsək,  o  gün  elə  bayramımız  olacaq.  Çünki  həbs  olunan  üçün  azadlığa  çıxdığı  gün  ən 

müqəddəs  gündür.  Hətta,  xəstə  olan  məhkumu  azad  etsən,  həmin  gün  o  sevinəcək,  ağrı-acısı 

yadından  çıxacaq.  Yadıma  Hitlerlə  bağlı  məşhur  lətifə  düşür:  Bir  dəfə  Hitler  falçıdan  nə  vaxt 

öləcəyini soruşur, falçı da onunla məzələnərək “yəhudilərin bayram etdikləri gün” deyir. Falçının 

əminliyinin nəyə əsaslandığını öyrənmək istəyən Hitler daha kəskin cavabla üzləşir: 

 



 Sizin nə vaxt ölməyinizdən asılı olmayaraq o günü yəhudilər bayram edəcəklər.  

 

*** 



 

Toppuş  nəzarətçidən  xahiş  etmişdik  ki,  bizə  kağız  və  qələm  versin,  kart  və  domino 

düzəldib  başımızı  qataq.  O  da  razı  olmuşdu.  Kağızın  üstünə  kartın  işarələrini  çəkəndən  sonra 

qayçıyla  doğramaq  lazım  idi.  Nəzarətçi  qayçı  vermək  istəmirdi.  Elə  bilirdi  ki,  qayçı  versə 

boğazımıza  soxacağıq.  İsrar  edib  axır  ki,  qayçını  aldıq.  Kağız  kartı  və  dominoları  hazırlayıb 

kameramıza  apardıq.  Bir  gündə,  bəlkə,  yüz  oyun  oynayırdıq,  çoxunu  da  “köhnə  qumarbaz” 

Şəhriyar udurdu. Hərdənbir saqqallı nəzarətçi gəlib bizi qumar oynamaqda günahlandırırdı. Başa 

sala bilmirdik ki, qumar oynamırıq. Onsuz da, uduzası bir şeyimiz yox idi. Təcridxanada, hətta, 

namaz  qıldığımız  möhür  də  kağızdan  idi,  dəmir  olan  heç  nə  vermirdilər  ki,  birdən  özümüzü 

doğramaq fikrinə düşərik. Hətta ayaqyolundakı şlanqlar belə ağır materiallardan deyildi.  

 

*** 


 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə