Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə25/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   21   22   23   24   25   26   27   28   ...   101

52
–  Vallah  bilmirəm,  billah  bilmirəm.  Bizim  çaparbaşı  çaparlığa  elə  adamı  götürür  ki, 
əlifbeyi bilməsin. 
Lələ görürdü ki, doğrudan çaparın məktubun məzmunundan xəbəri yoxdur. Bəs onda necə
öyrənmək olardı? Məktubun məzmunu isə ona hava-su kimi lazım idi. 
– Bəs sənə nə tapşırmışdılar? 
– Demişdilər ki, aparıb məktubu verərsən, gecə qalıb dincələrsən, səhər cavabını alıb yola 
düşərsən. Mənə verərsən, hökmdara aparacam. 
“Hökmdar” kəlməsini eşidən kimi Lələ onun üstünə əyildi. Əl atıb yaxasından yapışdı. 
– Elə belə dedi? 
–  Qoy  fikirləşim,  onsuz  da  çaparbaşı  məktubları  hökmdara  aparır  da,  dədəsinə-anasına 
aparmayacaq  ha.  Düzdü,  bir-iki  dəfə  məni  uzaq  yerlərə  göndərib.  Məktub  aparıb  cavab 
gətirmişəm. Deyib hökmdar əmridi. Sonra görmüşəm yox, burada hökmdarlıq işi yoxdu. Özünə
arvad gətirirmiş. Bəlkə indi də belə bir işdi? 
– Sicilləmə oxuma mənə! 
‘“Yaxşı,  hələ  günortadı.  Az  bir  vaxta  çapar  çatacaqdı  qalaya,  oradan  cavabı  alıb 
gətirəcəkdi. Gecə yarısı, ya səhər özünü yetirəcəkdi Ərdəbilə. Niyə gecə qalada qalmalıydı? Ona 
yazıqlarımı gəlib? Yox, burada nəsə xoşa gəlməyən bir məsələ var. Məktubda yazılan hökm icra 
olunmalıymış. İşin icrası üçün qalada qalmağa icazə veriblərmiş. Yoxsa ayrı cür ola bilməz”. 
– Sən bu qalaya çoxmu gedib-gəlmisən? 
– Beş, ya da altı dəfə. 
– Nə var orada? 
– Sirri mən sizə necə verim? Axı sonra məni dara çəkərlər. Heç siz də padşah çaparının 
satqın olmağına razılıq verməzsiniz. 
Lələ qımışdı. Əlini onun şişmiş qarnına çırpdı. 
– Bu piylə, bu peysərlə hamını aldatsan da, məni aldada bilməzsən. Sən satqınlığa həmişə
hazır  olmusan,  çox  sirləri  də  satmısan.  Aldıqların  səni  belə  piyləndirib.  İidi  də  bildiklərini 
deyəcəksən. Belə deyil? 
–  Can  şirin  şeydi,  Ələddin  qardaş.  Söz  var,  desəm  öldürərlər,  deməsəm  ölləm.  Hərə  öz 
kefində,  damağında,  mənə  nə  gəlib.  Dəvəni  qatarla  yeyirlər.  O  qədər  əhli-əyalı  saxlamaq  elə
bilirsən asandı? Səndən nə gizlədim, görürəm hal əhlisən. Vaxt olub məktubu bir dəfə oxumağa 
bir  torba  qızıl  almışam.  Nə  olub  ey,  məktubdu  da.  Yemillər,  içmillər.  Oxuyurlar,  qaytarıllar 
özümə,  mən  də  qızılımı  alıb  balalarımı  dolandırıram.  İtin  dişi,  motalın  dərisi,  yırtsa  nə  yaxşı, 
yırtmasa nə yaxşı. 
– Bu məktubu yolda bir adama oxutdurmusan? 
–  Yox,  müştərisi  olmayıb.  Hər  məktubun  öz  xiridarı  olur.  Bunun  da  xiridarı  sizsiniz. 
Baxtınız yoxdu, neyləyək? Belə oldu da. 
Çapar uzandığı yerdən tərpənmirdi. Yeri rahat, qısqısı güclü idi. 
Lələ ayağa qalxıb gəzindi. 
“Rəhmətlik  Heydər  düz  deyirdi.  Dağılır,  tar-mar  olur.  Ağqoyunluların  sonudur.  Əgər  bir 
ölkənin  padşahından  tutmuş  çaparına  qədər  naqis  işlərə  qurşanıbsa,  Allah  özü  də  göydən  ensə
onu xilas eləyə bilməz”. 
–  Hə,  çapar,  de  görək  bu  qalada  nə  gizlədiblər  ki,  hökmdarın  özündən  də  möhkəm 
qoruyurlar? 
– Bilmirsən? Hardan biləcəksən? Goru nurla dolsun, Uzun Həsənin əlinə güclü xəzinələr 
keçmişdi.  O  xəzinələrin  hər  biri  yetmiş  dəvədən  ibarət  yeddi  karvanla  daşıyıb  gətirmişdi  bu 
qalaya.  Həmin  xəzinəni  gizlətməyə  yetmiş  usta  gətirdilər.  Hardasa  onları  gizlətdilər,  üstünü 
hörüb suvadılar. Sonra ustaları da, dəvəçiləri də, lap dəvələrin özlərini də qayadan atdılar ki, sir 
batsın.  Xəzinənin  yerini,  şəklini,  açarını  gətirib  verdilər  hökmdara.  Sirri  bilən  yeddi  adam 
qalmışdı, onları da o söz. İndi ağqoyunluların nəyi varsa, oradadı. 
Çapar danışdıqca Lələ qımışa-qımışa gəzişirdi. Onun danışdığı əfsanəyə gülürdü. 
–  Uzun  Həsən  də  həmin  sirri  tək  sənə  danışdı,  hə?  Sən  o  qədər  də  səfeh  deyilmişsən. 
Burada məni barmağına dolayırsan. Mənə düzünü danışmasan, başını hansı arvadına göndərək? 


53
Ürəyi yananın yerini deyərsən, sənin bu boyda kəlləni qabağına qoyanda heç olmasa gözündən 
yaş gəlsin. Başını sənin kimi bığıburma bir kişi ilə göndərəcəm. 
–  Yox,  başına  dönüm.  Atım  istəkli  arvadımı  yaxşı  tanıyır.  Başını  dünyanın  o  başından 
buraxsan,  onun  yanına  gedir.  –  Birdən-birə  dəyişdi.  –  Yox,  yox.  Mən  sirrə  görə  baş  verən 
kişilərdən deyiləm. Bir də ki, çapar bilməyən sirrə qurd düşər. 
– Onda məktubu ver. 
İsmayıl Səkinənin “Ruhani” havasını çaldığı vaxtdan fikirləşirdi. “Bəs niyə hava qoşublar, 
söz  yoxdur.  Havada  o  soyulan  şairin  dərdi,  əziyyəti  var.  Ancaq  elə  bil  dilini  açıb  bir  kəlmə
danışmaq istəməyib?” Bu sirri soruşub öyrənməyə məqam gözləyirdi. Amma hamı fikirli, hamı
qayğılı,  hamı  dərdli  idi.  Uşaqlığı  ilə  o  da  başa  düşürdü  ki,  bu  qaladan  kənarda  qanlı-qadalı
hadisələr  baş  verir,  onların  da  hamısı  bu  hücrədəki  üç  qardaş,  bir  ana  ilə  bağlıdır.  Onların  öz 
dərdləri  də  elə  “Ruhani”  havasına  oxşayırdı.  Dərd,  qəm,  ələm  vardı,  amma  onu  uca  səslə, 
hamının başa düşdüyü dildə deyən yox idi. Bəlkə də elə belə olmalıydı. 
Aləmşahbəyim  özünə  paltar  tikirdi.  Əynindəki  üzülmüşdü.  Qara  parçanı  açıb  biçəndə
Sultanəli anasının üstünü kəsdi. 
– Təzədən qara libasa bürünmək istəyirsən? 
– Əynimdəki üzülüb, qadan alım. 
– Sən o qatilə görə bu qaranı dəyişirsən? Atamıza görə geydiyin üzülüb düşdü, indi onun 
qatilinə yas saxlayırsan? Bir yası qurtarıb, o birisini başlayırsan?   
Aləmşahbəyim  əldə  dayanmayıb  sürüşən,  su  kimi  axan  qara  ipəyi  bir  tərəfə  atdı.  Qalxıb 
oğlunu qucaqladı, aparıb pəncərənin qabağında, yanında oturtdu. Başını sığalladı.  
–  Başa  düş,  oğlum,  mən  qara  libası  heç  vaxt  soyunası  deyiləm.  Mənim  əynimə  biçilən 
baxtıma  da  biçilib.  Köhnəldikcə  təzəsini  tikəcəm.  Ürəkdəki  dərd-kədər,  yas  köhnəlmir,  ona 
dözməyən bu ipək parçadı.  
Sultanəli anasının sözlərindan razı qalmadı. Qaş-qabağı yerlə gedirdi. 
– Sən qara paltarı soyunmalısan! 
– Niyə, ay oğul? 
–  Düşmənlərimizin  gözü  qabağında  yaslı,  dərdli  ola  bilmərik.  Onsuz  da  mən  də  bilirəm, 
sən də bilirsən ki, taleyimiz tükdən asılıdır. Bizi dar ağacına aparanda da gərək onlara dağ çəkək, 
gözdağı verək. Atamın sözü yadındadı? Deyirdi bir il xırıldamaqdansa, bir göz qırpımında ölmək 
daha yaxşıdır. 
İsmayıl da gəldi. Anası onu uzaqlaşdırmaq istədi. 
Sultanəli qoymadı. Çəkib yanında oturtdu. Amma susdular.  
İsmayıl pəncərədən baxırdı. 
 
– Qardaş, pəncərədən düşüb qaça bilmərik? 
– Yox, bu mümkün deyil. 
Pəncərəyə  bir  əlvan  kəpənək  qondu.  Ağ  qanadların  ortasında  yumru  narıncı  xalın 
dövrəsinə  qara  haşiyə  çəkilmişdi.  O,  paslı  dəmirin  üstünə  qonsa  da  o  tərəf  –  bu  tərəfə  aşırdı. 
Mehin qarşısında düz, dik dayanmağa gücü yox idi. Oradan uçub hücrəyə girdi. İsmayıl qaçıb 
onu tutdu. Ovcunu açanda əllərində gümüş tozuna oxşar toz vardı. O, barmaqları arasında elə bil 
qabığı soyulmuş iydə tutmuşdu.  
– Öldürmə, – deyə Sultanəli kəpənəyə baxdı. – İnsan xoşladığı canlıları tumarlayır. Amma 
kəpənək tumardan ölə bilər. 
– Öldürmərəm, saxlayacam. 
– Onda sən də bizi buraya salanlar kimi insafsız olarsan. 
– Kəpənəkdən də dustaq olar? 
– Saxlasan olar. 
İsmayıl  pəncərəyə  yaxınlaşdı,  ovcunu  açdı,  bu  kiçik  əlin  ortasından  kəpənək  qanadlarını 
qoşaladı,  açıb-yumdu,  titrədi  və  uçdu.  Kəklikotu  ətri  gələn  qalaya  tərəf  uçub  getdi.  Ovcunda 
tozu, yumşaqlığının təması və ürək kimi döyünən bədəninin istiliyi qaldı. 
Salman  qanlı  köynəyi  atın  boynuna  bağladı.  Dəbilqəni  xurcuna  atdılar,  suda  islanıb 
pozulmuş məktubu da dəbilqənin içərisindəki yerinə qoydular. 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə