Frans kafka məHKƏMƏ BİRİNCİ FƏSİL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/53
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49795
1   ...   31   32   33   34   35   36   37   38   ...   53

Elə o dəqiqə də məhkəmə dəftərxanaları olan yerdən tamamilə əks istiqamətdəki bir qəsəbədə 
yaşayan rəssamın yanına yollandı. Kasıb-kusublar yaşayan bir yer idi, evlər ordakından da 
bomboz görünürdü və küçələr ərimiş qarın ordan-burdan qabağına qatıb gətirdiyi zir-zibillə 
dolmuşdu. Rəssamın yaşadığı evin böyük alaqapısının bircə tayı açıq idi, bağlı tayının 
yanındakı divarda deşik vardı və K. yaxınlaşan anda oradan ürəkbulandıran sarı rəngli maye 
buğlana-buğlana bayıra axdı, bir neçə siçovul qorxudan yaxındakı çirkarxa doluşdu. 
Pilləkənin ayağında bir uşaq ağzı üstə yıxılıb ağlayır, ancaq səsi qapının o biri tərəfindəki 
tənəkə sexindən gələn gurultudan eşidilmirdi. Sexin qapısı açıq idi və üç şəyird nəyisə 
dövrələyib çəkiclə döyəcləyirdi. Divardan asılmış ağ tənəkə lövhədən qopan ölgün işıq zolağı 
şəyirdlərdən ikisinin üstünə düşür, onların sifətlərini, önlüklərini parıldadırdı. K.-nın bütün 
bunlara uzun-uzadı tamaşa etməyə vaxtı yox idi, çünki burdakı işini tez qurtarmaq, rəssama 
bir-iki sual verib onu yoxlamaq və elə həmin dəqiqə də banka qayıtmaq istəyirdi. Burda 
kiçicik bir uğur qazana bilsə, bu gün bankdakı işləri də yaxşı gedəcəkdi. Dördüncü mərtəbədə 
addımlarını yavaşıtdı, nəfəsi kəsilirdi, pilləkənlər də, mərtəbələr də çox hündür idilər və 
rəssam da lap yuxarıda, çardaqda yaşayırdı. Burda hava çatmırdı, heç pilləkən duracaqları da 
yox idi, dar pilləkənlərin hər iki tərəfini divarlar tutmuşdu, yalnız hündürdə bir-iki balaca 
pəncərə qoyulmuşdu. K. yenicə dayanıb nəfəsini dərən anda, mənzillərin hansındansa balaca 
qız uşaqları çıxaraq gülüçə-gülüşə, tələsə-tələsə yuxarı qalxmağa başladılar. K. yavaş-yavaş 
onların arxasınca getdi, qızlardan biri büdrəyərək geri qaldığı üçün ona çatdı, pillələri yanaşı 
çıxanda soruşdu: 
– Rəssam Titorelli burda yaşayır? 
Təxminən on üç yaşında olan bu qız bir az da qozbel idi və cavab əvəzinə dirsəyi ilə K. 
toxundu, çəpəki nəzərlərlə onu süzdü. Nə yaşı, nə də fiziki çatışmazlığı qızı tamamilə 
pozulmaqdan xilas edə bilməmişdi. Heç gülümsəmir, yalnız ciddi, kəskin, gəl-gəl deyən 
baxışlarla K.-nı süzürdü. K. özünü elə göstərdi ki, guya onun özünü necə apardığını görmür 
və soruşdu: 
– Rəssam Titorellini tanıyırsan? 
Qız başını tərpədərək suala sualla cavab verdi: 
– Onunla nə işiniz var? 
K.-ya elə gəldi ki, bu tələsikdə də Titorelli barədə nəsə öyrənsə yaxşıdır. 
– Şəklimi çəkdirəcəm. 
– Şəklinizi çəkdirəcəksiniz? – ağzı açıla qalan qız əlini yüngülcə K.-ya toxundurdu, elə bil 
nəsə çox qeyri-adi, mənasız bir söz eşitdi, onsuz da qısa olan ətəyini əlləri ilə bir az da yuxarı 
dartaraq, bacardığı qədər sürətlə, artıq səsləri yuxarı mərtəbələrdə eşidilməz olan rəfiqələrinin 
arxasınca qaçdı. Pilləkənin növbəti dönəcəyində K. qızların hamısını təzədən gördü. Məlum 
məsələ idi ki, qozbeldən K.-nın nəyə gəldiyini öyrənmişdilər və onu gözləyirdilər. Onlar hər 
iki tərəfdən divara qısılmışdılar ki, K. aralarından rahat keçə bilsin və əlləri ilə önlüklərini 
düzəldirdilər. Qızların sir-sifətləri, eləcə də divar boyu belə düzülmələri həm uşaq 
olmalarından, həm də baxımsız qaldıqlarından xəbər verirdi. İndi K.-nı dövrəyə almış qızların 


başında yolgöstərən qozbel dayanmışdı. K. elə onun sayəsində mənzili düz tapmışdı. Əslində, 
bir az da qalxmaq istəyirdi, ancaq qız ona göstərdi ki, Titorellinin yanına getmək üçün 
dönmək lazımdır. Rəssamın mənzilinə gedən pilləkən daha dar, uzun idi və qurtaracağı da 
görünürdü: Titorellinin qapısının ağzında sona çatırdı. Rəng vurulmamış taxtadan düzəldilmiş 
bu qapının qarşısı o birilərinə nisbətən daha işıqlı idi, çünki lap yuxarıda çəpinə qoyulmuş 
balaca bir pəncərə vardı və Titorellinin adı da qalın fırça ilə qırmızı rəngdə yazılmışdı. K. öz 
“dəstəsi” ilə pillənin ortasına çatmamış, yuxırıda qapı azacıq aralandı və orada gecə 
köynəyində bir kişi göründü, deyəsən hay-küylü addım səslərini eşitmişdi. Dəstəni görəndə: 
– Oho! – deyərək gözdən itdi. 
Qozbel sevincindən əl çaldı, o biri qızlar da K.-nın arxasına düzülərək sanki onu tələsdirməyə 
çalışdılar. 
Onlar hələ çatmamış, rəssam qapını tam açdı və baş əyərək K.-nı içəri dəvət elədi. Qızları isə 
qoymadı, nə qədər minnət eləsələr də, zorla dürtülmək istəsələr də, heç birini içəri buraxmadı. 
Yalnız qozbel onun qolunun altından sivişib keçə bildi, ancaq rəssam tez onun ardınca cumdu, 
ətəyindən tutub fırlada-fırlada geri gətirdi, burda olmadığı anda belə içəri girməyə cəsarət 
etməyən qızların yanında yerə qoydu. K. heç bilmədi, bu gördüklərinə nə desin, sanki dostlar 
bir-biri ilə zarafatlaşırdı. Qapının ağzına düzülmüş qızlar boyunlarını irəli uzadaraq bir neçə 
zarafatyana söz dedilər, ancaq K. heç birini başa düşmədi, hələ də qozbeli əlindən yerə 
qoymayan rəssam güldü. Sonra o, qapını örtüb, yenə də təzim etdi, əlini K.-ya uzadaraq özünü 
təqdim etdi: 
– Rəssam– heykəltaraş Titorelli! 
K. hələ də arxasından qızların pıçıltısı eşidilən qapıya işarə etdi: 
– Deyəsən bu binada sizi çox sevirlər... 
– Yaman dəcəldirlər, – deyə rəssam əbəs yerə gecə köynəyinin son düyməsini bağlamağa 
çalışdı. Ayaqları da yalın idi, əynində sarı rəngə çalan enli kətan şalvar vardı, belini kəmərlə 
bərk sıxmışdı, ayaq tərəfi isə yellənirdi. – Bu dəcəllərin əlindən mənə rahatlıq yoxdur, – deyə 
sözünə davam etdi, köynəyin sonuncu düyməsi düşdüyü üçün əlini aşağı saldı, gedib kreslo 
gətirdi, K.-ya oturmağı təklif etdi. – Onlardan birinin – bu gün burda yoxdur – şəklini 
çəkmişəm, indi məndən əl çəkmirlər. Özüm evdə olanda, yalnız mənim icazəmlə içəri gəlirlər, 
evdə olmayanda isə, ən azı biri burda olur. Qapıya düşən açar düzəltdiriblər, bir-birinə 
ötürülər. Necə təngə gəldiyimi təsəvvür edə bilməzsiniz. Məsələn, şəklini çəkmək üçün bir 
qadınla evə gəlirəm, açarımla qapını açıram və görürəm ki, qozbel balaca stolun arxasında 
oturub fırça ilə dodaqlarını qırmızı boyayır, onun yanında qoyub getdikləri balaca bacı-
qardaşları da ora-bura qaçışır, hər yeri töküb-dağıdırlar. Ya da gecəyarısı – bu, dünən başıma 
gəlib – evə qayıdıram, – xahiş edirəm bunları nəzərə alaraq burdakı səliqəsizliyə görə məni 
bağışlayasınız – hə, evə qayıdıram, yatağa girmək istəyirəm, ayağıma nəsə dəyir, əyilib 
çarpayının altına baxıram, birini ordan dartıb çıxarıram... Heç bilmirəm, məndən nə istəyirlər, 
özləri başa düşməlidir ki, onlardan xoşum gəlmir. Əlbəttə, işimə də maneçilik törədirlər. Bu 
emalatxananı mənə mənə pulsuz vermiş olsaydılar, çoxdan köçüb getmişdim... 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə