122.9.4. şəriklərin əldə etdikləri mayalara uyğun olaraq cəmiyyətin kapitalına
qaytarılmaq hüququ olmadan verdikləri nominal məbləğdən yuxarı digər ödənişlərin
məbləği.
122.10. Qanuni göstərişlərə, nizamnaməyə və ya şəriklərin müvafiq qərarına uyğun
olaraq, illik artıqlıqdan tutulası vergiləri çıxmaqla ondan ehtiyata ayrılan məbləğlər
mənfəətdən ehtiyata ayırmalar sayılır.
Maddə 123. Mənfəətin və zərərin hesabı
123.1. Mənfəətin və zərərin hesabı pilləli formada tərtib edilir. Bu zaman aşağıdakı
maddələr göstərilən ardıcıllıqla ayrıca qeyd edilir:
123.1.1. dövriyyədən mədaxil;
123.1.2. hazır məhsulun və yarımçıq məhsulun mövcudluğunun artımı və ya
azalması;
123.1.3. öz istehsalının kapitala çevrilmiş məhsulu;
123.1.4. ümumi balans;
123.1.5. xammala, yardımçı və iş materiallarına, mallar və xidmətlər əldə
edilməsinə çəkilən xərclər;
123.1.6. əmək haqqı və sosial sığorta xərcləri;
123.1.7. əsas kapitalın qeyri-maddi əmlak obyektləri üzrə amortizasiya ayırmaları
və təsərrüfat fəaliyyətinin hərəkətə gətirilməsinə çəkilən, aktivlər üzrə keçən
xərclər;
123.1.8. digər istehsal məsrəfləri;
123.1.9. müəssisənin təsərrüfat fəaliyyətinin nəticələri;
123.1.10. iqtisadi cəhətdən bağlı firmalar da daxil olmaqla, pay iştirakları üzrə
gəlirlər;
123.1.11. əsas kapitalın qiymətli kağızları və qoyuluşlar üzrə gəlirlər;
123.1.12. digər faizlər və oxşar gəlirlər;
123.1.13. maliyyə qoyuluşları və dövriyyə kapitalının qiymətli kağızları üzrə
amortizasiya ayırmaları;
123.1.14. faizlər və oxşar xərclər;
123.1.15. adi təsərrüfat fəaliyyətinin nəticələri;
123.1.16. fövqəladə gəlirlər;
123.1.17. fövqəladə xərclər;
123.1.18. gəlirlərdən vergilər;
123.1.19. digər vergilər;
123.1.20. illik artıqlıq və ya illik əskiklik.
123.2. Əgər hüquqi şəxsin mənfəət və zərər hesabının maddələrindən birinə aid olan
xərcləri və ya gəlirləri əmələ gəlməmişdirsə, bu maddəni göstərməmək olar. Əgər hüquqi
şəxsin xərcləri və gəlirləri əvvəlki il üçün mənfəət və zərər hesabında eyni növlü
xərclərin və gəlirlərin göstərildiyi maddədə göstərilmirsə, onda bu, həmin maddələrə aid
məbləğ göstərilməklə mənfəət və zərər hesabında qeyd edilir və əgər söhbət hüquqi
şəxsin təsərrüfat fəaliyyətinin nəticəsi üçün mühüm məbləğlərdən gedirsə, qoşmada izah
olunur.
123.3. Kapital ehtiyatlarının və ya mənfəətdən ehtiyata ayırmaların artması və ya
azalması mənfəət və ya zərər hesabında yalnız «illik artıqlıq» və ya «illik əskiklik»
maddəsindən sonra göstərilir.
123.4. Mənfəət və zərər hesabının ayrı-ayrı maddələri üzrə göstərişlər.
123.4.1. dövriyyədən mədaxil—mədaxilin azalması (məsələn, bonus, güzəştlər)
və dövriyyədən gəlir çıxılmaqla, hüquqi şəxsin adi təsərrüfat fəaliyyəti üçün
səciyyəvi olan məmulatın və malların satılmasından və kirayəyə və ya icarəyə
verilməsindən, habelə hüquqi şəxsin adi təsərrüfat fəaliyyəti üçün səciyyəvi olan
xidmətlərin göstərilməsindən götürülən mədaxildir.
123.4.2. mövcudluqda dəyişmələr—ehtiyatların həm miqdarının, həm də
dəyərinin dəyişməsidir; lakin yalnız hüquqi şəxsin adi amortizasiya
ayırmalarından yüksək deyildirsə, amortizasiya ayırmalarıdır.
123.4.3. plandankənar amortizasiya ayırmaları, habelə amortizasiya ayırmaları
müvafiq olaraq ayrılıqda göstərilir və ya qoşmada qeyd edilir. Zərərin keçməsi ilə
əlaqədar olan və mənfəətin ayrılmasına dair müqaviləyə və ya mənfəətin bir
hissəsinin ayrılmasına dair müqaviləyə əsasən alınmış gəlirlər və xərclər və ya
köçürülmüş mənfəət müvafiq adlar altında ayrılıqda göstərilir.
123.4.4. «fövqəladə gəlirlər» və «fövqəladə xərclər» maddələrində hüquqi şəxsin
adi təsərrüfat fəaliyyətindən kənarda əmələ gələn gəlirlər və xərclər göstərilir.
Əgər göstərilmiş məbləğlər gəlirliyin xarakteristikası üçün böyük əhəmiyyət
daşıyırsa, qoşmada həmin maddələrin məbləğinə və növünə aid izahat verilir.
Yuxarıdakı müddəalar digər təsərrüfat ilinə aid olan gəlirlər və xərclər üçün də
etibarlıdır.
123.4.5. hüquqi şəxsin vergi ödəyicisi kimi ödədiyi və ya ödəməli olduğu
məbləğlər vergilər kimi göstərilir.
Maddə 124. Hüquqi şəxsin illik balansına qoşma
124.1. Hüquqi şəxsin illik balansına əlavə olaraq qoşma tərtib edilir və bu qoşmada
balansa dair izahatlar verilir. İllik balansın tərtibi zamanı istifadə edilmiş balanslaşdırma
və qiymətləndirmə metodları hüquqi şəxsin əmlak vəziyyəti və gəlirliyi barəsində
mümkün qədər dəqiq təsəvvür almaq üçün zəruri olan dərəcədə dolğun şərh edilir.
Əvvəlki yekun balanslarında istifadə edilmiş balanslaşdırma və qiymətləndirmə
metodlarından kənaraçıxmalar göstərilir və əsaslandırılır, habelə hüquqi şəxsin əmlak
vəziyyətinə, maliyyə vəziyyətinə və gəlirliyinə onların təsiri səciyyələndirilir. Qoşmada
borc kapitalı üzrə faizlərin alınıb-alınmadığı göstərilir. Plandankənar amortizasiya
ayırmaları izah edilir və əsaslandırılır.
124.2. Veksellərin indossamenti və başqasına verilməsi üzrə, zaminlik üzrə, veksellərə və
çeklərə, qarantiya müqavilələrinə dair zaminlik üzrə öhdəliklər, habelə özgə öhdəlikləri
üzrə qarantiyalar verilməsi üçün məsuliyyət bağlılığı balansın passivlərində
göstərilmədikdə qoşmada qeyd edilir; onlar bir məbləğ şəklində göstərilə bilər.
Yuxarıdakı öhdəliklər və məsuliyyət bağlılığı onlara dair eyni dəyərli geri tələblər
olduqda da göstərilir. Daha sonra balansda təmsil olunmayan digər maliyyə
öhdəliklərinin ümumi miqdarı göstərilir; onlara sürəkli öhdəlik münasibətləri də aiddir,
özü də müqavilənin ləğvinin növbəti müddətinədək hüquqi şəxsin xərclərinin dəyər
qiyməti verilir.
124.3. Sonra qoşmada idarəetmə üçün cavabdeh olan bütün şəxslərin saxlanmasının
ümumi məbləği (maaşlar, mənfəətdə iştirak, xərclərin əvəzinin ödənilməsi, sığorta
ödənişləri, komisyon muzdları və hər cür əlavə haqlar), habelə müşahidə orqanları
üzvlərinin əməyinin ödənilməsi göstərilməlidir. Bu ümumi məbləğlərə həmçinin
saxlanmaya çəkilən, lakin ödənilməyən və başqa növ tələblərə çevrilən və ya başqa
tələblərin artırılması üçün istifadə olunan ödənişlər daxil edilir. Təsərrüfat ili ərzində
saxlanmaya sərf edilən ödənişlərdən başqa, təsərrüfat ili ərzində həyata keçirilsə də,
hələlik heç bir illik balansda göstərilməmiş digər ödənişlər göstərilir. Əgər hüquqi şəxsin
işlərinin idarə edilməsinə cavabdeh şəxslər hüquqi şəxsin özü üçün fəaliyyətlərinə görə
və ya qanuni təmsilçilər kimi və ya hüquqi şəxslə iqtisadi cəhətdən bağlı olan hüquqi
şəxslərdən birinin qulluqçuları kimi fəaliyyətlərinə görə ödənişlər alırlarsa, bu məbləğlər
ayrılıqda göstərilir. Daha sonra hüquqi şəxsin işlərinin idarə edilməsinə bundan əvvəl
cavabdeh olmuş şəxslərə ödənişlərin ümumi məbləğləri (peşiman haqları
(kompensasiyalar), pensiyalar, ailə başçısını itirməyə görə pensiyalar və oxşar xidmətlər)
göstərilir. Əgər həmin şəxslər və ya onların ölümündən sonra qalan qohumları iqtisadi
cəhətdən bağlı olan hüquqi şəxsdən də peşiman haqları (kompensasiyalar) və ya
pensiyalar alırlarsa, bunlar ayrılıqda göstərilir.