Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə111/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   104   105   106   107   108   109   110   111   112

Amandı, Koroğlu! Durma! Özünü yetir, uşaqlar yaman dardadılar!.. 

Gülüşün şaqqıltısı məclisi titrətdi. Mirzəli qaldı çaşbaş ki, əyəm 

bura Çənnibeldisə, mən Koroğlunun hüzurundayamsa, bu nə şaqqanaxdı, 

axı Eyvaz dardadı... Fikirləşdi ki, özgə yerdə, Koroğlunun düşməninin 

məclisindəyəm, məni ələ salıblar. 

Kankanoğlu özünü saxlaya bilmədi, atdı Mirzəlinin üstünə. Biçarə 

Mirzəli indi gözünü sildi ki, səhərdən bəri qənşərində oturan doğrudan 

da Mərcan xanımıymış. Görürmüş, amma ağlına sığmırmış ki, o ola. 

Elə bu dəmdə dəli Mehtər qapını açdı ki, Koroğlu, muşduluğumu 

ver, o adam minib gəldiyi at Ərəbatdı!.. 

Ara sakit oldu, Koroğlu üz tutdu Aşıq Cünuna: 

– Aşıq Cünun, dövran elə! 

Aşıq Cünun elə buna bəndiymiş. Saz çoxdan köynəkdən çıxıb köklənibmiş. 

Ayağa qalxmasıynan sazı sinəsinə çəkib oxuması bir oldu: 

Zəhmət çəkib, qal eyləyib, yorulub, 

Namərddən qurtarıb mərdi Mərcanım! 

Aslanın erkəyi, dişisi olmaz, 

Ər istənən yerdə ərdi Mərcanım! 

Aşıq Cünunun bir yaxşı xasiyyəti varıydı, hər təzə söz oxuyanda 

tərcüman, maddi-məna eliyərdi. Yenə sazı sağ qoltuğunun altınnan 

keçirib sözü tərcüman elədi. Hamı yer-yerdən Mərcan xanıma da, 

Cünuna da “Afərin”, “Əhsən!” dedi, Aşıq Cünun sazı sinəsinə çəkmək 

istəyəndə, hardansa bir yanıqlı bayatı səsi eşidildi: 

Mən aşıq, eyliyə nə, 

Tək iyid eyliyə nə? 

El yığılsa eləməz 

Özünə eyliyənə!.. 

Amma bayatıya elə fikir verən olmadı. Aşıq Cünun oxudu: 




İyidlər oylağı düşüb yadına, 

Pənahlanıb Koroğlunun adına. 

Darda çatıb Xan Eyvazın dadına, 

Dağıdıb möhnəti, dərdi Mərcanım!.. 

Bayatı səsi yenə gəldi: 

Mən aşığam, adada, 

Gəmim qalıb adada! 

Nə qardaş var, nə ata, 

Kimim gəlsin a dada!.. 

Yenə fikir verən olmadı. Fikirləşdilər ki, həlbət cavan-coluxdu. 

Aşıq Cünun lap vəcdə gəlmişdi, oxudu: 

Nigar xanım durna teli gətirsin, 

Bəzək vursun, toy işini bitirsin, 

Xudam onu murazına yetirsin, 

Gözəllər içində birdi Mərcanım. 

Bu dəfə bayatı lap aydın gəlir, aydın eşidilirdi. Hamı guş elədi ki, 

oxuyan zənən xaylağıdı, özü də cavandı: 

Əzizim, sinəsinə, 

Ov avla sinə-sinə. 

Fələk bir ox atıbdı, 

Dəyib qız sinəsinə!.. 

Birdən yadlarına düşdü ki, oxuyan Leyli xanımdı. Koroğlu hay vurdu

onu gətirdilər məclisə. Onnan bərabər paşa da, qasid də məclisə gətirildi. 

İçəri girəndə, üçünün də başı əyildi sinəsinə. Bunu belə görən 

Aşıq Cünun sazın lap zilində – boğaz pərdəsində Leyli xanımın bayaqkı 

bayatısını belə oxudu: 

Mən aşıq sinəsinə, 

Ov avla sinə-sinə, 




Namərdliynən iş görən, 

Baş əyər sinəsinə! 

Sonra da öz sözünün möhürbəndini oxudu: 

Aşıq Cünun alqış versin dilinnən

Xoş dolansın il keçdikcən ilinnən, 

Çənlinin getmişdi canı əlinnən, 

Qaytardı özünə verdi Mərcanım! 

Alqış səsi bu dəfə lap Çənlibeli titrətdi. 

Adamlar sakitləşəndə Koroğlunun səsi eşidildi: 

– İndi hər kəs günahını boynuna alıb cəzasını istəyəcək. Əvvəl söz 

paşanındı. 

Paşa başladı yalvarmağa: 

– Koroğlu! Atam-anam sana qurban! Məni dolandır bu məclisdəkilərin 

başına, bu dəfə aman ver, günahım böyükdü, keç günahımdan, 

öldürmə məni. Sənə dost olmağa layıq olmasam da daha bundan belə 

düşmən də olmaram! Əl mənimdi, ətək sənin, kəs əlimi, ətəyini kəsmə!.. 

Koroğlu onu oturdub qasidi qaldırdı. Yazıq qasiddə dil nə gəzirdi 

söz deyə. Koroğlu onu da oturtdu. Leyli xanımı qaldırdı. Leyli xanım 

dedi: 

– Koroğlu, mənim günahım elə böyükdü ki, cəzası ölümdü. Bütün 



bu işləri mən eləmişəm, başınıza nə gəlibsə mənim ucbatımnandı. 

Amma bircə iltimasım var, qoy məni burda öldürüb dəfn eləsinlər, 

qəbrim da Çənlibeldə olsun. 

Koroğlu onu da oturdub sözə başladı: 

– Naşükür paşanın günahı çox, cəzası ölümüydü. Qorxaqlıq elədi, 

cəzasını istəmədi. Onu bağışdıyıram bu günkü günə, bir də Məhbub 

xanıma. Səhər qasidiynən aparıb yola salarsınız gedər. Leyli xanımın 

mərdliyi namərdliyindən çoxdu. Onun günahlarından keçirəm, özünü 




də verirəm Tüpdağıdana!.. 

Elə bil, Koroğlu Tüpdağıdanın ürəyindən halıymış. Az qaldı ki, 

atılıb düşsün... 

Paşa məclisin havasından istifadə elədi, irəli yeridi: 

– Can Koroğlu! Mümkünsə, bizi indi azad elə. 

Koroğlu güldü: 

– Bura Çənlibeldi, Asdan paşa! Burda xəyanət olmaz. Söz birdi. 

Bir də axı toyu olanın biri də sənin övladındı. Qal, iştirak elə, Allah 

mübarək eləsin de, xeyir-dua ver. 

Üç igidin, üç gözəlin toyu quruldu. Eyvazın toyu təzələnmişdi, 

Zərqələm də, Qəssab Alı da dinə-imana gəlmişdilər. 

Koroğlu bu toyları elə başladı, qırx gün elə şənlik oldu ki, Çənlibeldə 

hələ ruzigarın gözü belə şənlik, belə şaddıx, belə toy-busat görməmişdi. 

Subaylarınıza qismət olsun belə toylar, mənim əzizdərim! 

 

 

 

 

 

 

 

 

 

 

 



Koroğlu dastanı 

"Koroğlunun qocalığı" qolu 

 

Koroğlu qocalmışdı. Dəlilər başından dağılmışdı. Davadan, vuruşdan yorulmuşdu.  

Yanında bircə vəfalı alagöz Nigar qalmışdı. 

Bir yaz günü idi. Koroğlu paslı Misri qılıncı belinə bağlayıb Nigarı da yanına alıb piyada 

harayasa gedirdi.  

Baxdı yolun qırağında bir kişi bir cüt öküz otarır. Amma kişinin çiynində yarı taxta, yarı dəmir 

bir şey var. Kişinin yanına gəlib soruşdu: 

– Ay kişi, bu nədi, çiyninə keçiribsən? 

Kişi dedi: 

– Bu, tüfəngdi. 

– Tüfəng nədi? 

– Bunun içində güllə olur. Adama, heyvana dəyəndə öldürür. 

Koroğlu kişinin sözünə inanmadı. Tutdu yaxasından ki, vur mənə 

görək necə öldürür? 

Kişi vurmaq istəmədi. Axırı çox deyişmədən sonra Koroğlu kişiyə 

dedi: 


– İndi ki, belə oldu, al bu qan bahası, at öküzlərə görüm necə öldürəcək. 

Kişi gördü Koroğlu əl çəkən bəla deyil. Axırda tüfəngini çəkib 

öküzün birini nişan aldı. Tüfəng açılan kimi öküz yerə yıxıldı. 

Koroğlu gördü öküz doğrudan da öldü. Götürüb bir tüfəngin oraburasına 

baxdı, sonra sazı bağrına basıb görək nə dedi: 

Titrəyir əllərimi, tor görür gözüm, 

Mənmi qocalmışam, ya zəmanəmi? 

Dolaşmır dahanda söhbətim, sözüm, 

Mənmi qocalmışam, ya zəmanəmi? 

Tutulur məclisdə iyidin yası, 

Kar görmür qılıncı, polad libası. 

Gəlib bic əyyamı, namərd dünyası, 

Mənmi qocalmışam, ya zəmanəmi? 

Belə zaman hara, qoç iyit hara, 

Mərdləri çəkirlər namərdlər dara, 

Baş əyir laçınlar, tərlanlar sara, 

Mənmi qocalmışam, ya zəmanəmi? 

Axır əcəl gəldi, yetdi hay, haray! 

Çəkdiyin qovqalar bitdi hay, haray! 

Tüfəng çıxdı, mərdlik getdi hay, haray! 

Mənmi qocalmışam, ya zəmanəmi? 

Koroğluyam, Qırat üstə gəzərdim, 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə