Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə52/64
tarix19.07.2018
ölçüsü1,48 Mb.
#57345
1   ...   48   49   50   51   52   53   54   55   ...   64

               _______________  
Milli Kitabxana
  ________________ 
206 
 
Bir ovuc torpağı torpağa qatın! 
Düşünsən əcəlin nə olduğunu 
Daha cəsarətlə gözlərsən onu. 
Ölüm əzabını dərk eləməsən 
Çox çətin açarsan o qapını sən..." 
Gedib bir kahada o tutdu məqam, 
Dünya işlərini unutdu tamam. 
Yalnız eyləyirdi haqqa ibadət, 
Ölümə yaxındı bu yol, bu adət. 
Bundan ibrət götür sən də, ey cavan, 
Məbada çıxasan ata yolundan! 
Çünki bu dünyada hiyləgər fələk 
Çox işlər görür ki, çətindir demək, 
Quyuya nahaqdan çox Yusif salmış, 
Çox mənəm deyəndən intiqam almış! 
 
 
ƏRƏSTUNUN RUZGARININ SONU 
 
Müğənni, yorubdur bəm səslər məni, 
Zil üstə qaldır sən indi naləni! 
Bəlkə o zil səsin ucalan zaman 
Qurtara ürəyim bu ahü zardan. 
 
Açdı ayağından İskəndər bəndi, 
Göylər qalasına atdı kəməndi. 
Onun sarayının filosofları 
Üz tutdu o gedən mənzilə sarı. 
Ərəstu görəndə batıb afitab, 
Bağladı üzünə buluddan niqab, 
Qaralar geyindi, matəm saxladı,  
Səfər boxçasını o da bağladı. 
Onun uca sərvi soldu, saraldı, 
Başının üstünü xəstəlik aldı. 
Eşidib ustadlı, şagirdli - kim var. 
Yığıldı başına o yunanlılar. 
Gördülər ki, yolu yaxşı tanıyan 


               _______________  
Milli Kitabxana
  ________________ 
207 
 
Ərəstu yoluna tək olur rəvan. 
O huş sahibinə sual verdilər
Göyün sirlərindən tutdular xəbər: 
"De, nədən yaranıb uca asiman 
Ki, bəşər xəyalı uzaqdır ondan?" 
Səfərə tələsən xəstə Ərəstu: 
"Allah yaxşı bilir, - söylədi - bunu. 
Şərh edib bir xeyli zamandan bəri, 
Sanırdım, bilirəm mən bu sirləri. 
Indi acizliklə burdan köçərkən 
Gördüm ki, heç bir şey bilmirmişəm mən. 
Dünya filosofu adlandıraraq, 
Məni rəsədbilən sayırlar nahaq. 
Yazdım bildiyimi "Cahanmədxəl"ə
252

Bəzədim, süslədim onu elm ilə. 
Göyün, ulduzların sirri haqqında 
Çox şeylər kəşf edib göstərdim onda. 
İndi, doğrusunu söyləsəm əgər, 
Boş şeydir o köhnə rəsədnamələr. 
And olsun allaha, mən də bilmərrə 
Bilmirəm doludur, boşdur bu süfrə!" 
Ərəstu bu qədər söyləyə bildi, 
Söz bura çatanda nitqi kəsildi. 
Yağ tamam qurtardı yanar çırağdan, 
Əmr etdi bir alma dərsinlər bağdan. 
O gözəl almanı qoxlar-qoxlamaz 
Canı rahatlandı, dincəldi bir az. 
Fələyin hökmüylə gəlib zamanı, 
Nəfəsi tutulub çıxanda canı, 
Gülərək dedi ki: "Siz olun agah, 
Köçürəm, qarşımda açılır sabah. 
Bu canı pak allah vermişdi mənə. 
Pak olan allaha qaytardım yenə..." 
Bunu deyib susdu bir ah çəkərək, 
Onun da tozunu sovurdu fələk. 
Atdı o almanı yoldaşlarına. 
Göz yumdu bu əzab, qəm dəryasına... 
 
 


               _______________  
Milli Kitabxana
  ________________ 
208 
 
HÜRMÜZÜN RUZGARININ SONU 
 
Müğənni, ruh verən sazını bir al, 
Bizə ürək açan xoş bir hava çal! 
Bülbültək naləndən sərxoş olaraq, 
Bəlkə bu nalədən, qəmdən qurtaraq!.. 
 
Hürmüz də bu dərin dəryaya çatdı, 
Ovun da gəmisi ümmanda batdı. 
Dənizə qərq olcaq fəryad elədi: 
"Yükü yüngül olan xoşbəxtdir,- dedi, - 
Gəmidə artıq yük nəyə gərəkdir? 
O ki, bir gün suya töküləcəkdir! 
Bu dünya əzəldən vəhşətxanədir, 
Göyərən hər otun işi nalədir. 
Dağların damını örtüb qalın qar, 
Dəniz quyusuna dolub yağışlar. 
Yarandı ceyranlar ovlayan insan. 
Qulanlar, ceyranlar qaçdılar ondan. 
Mən də bir ahuyam, düşmüşəm bu gün 
Amansız toruna zalım ölümün. 
Bu yolda köməkçim olacaq allah
Yoxdur ondan başqa heç kimə pənah! 
Bu fani dünyadan köçən zaman siz, 
Ancaq bir allaha üz döndəriniz". 
Deyərək bir şirin yuxuya getdi, 
Sözü nə uzadaq, o, vəfat etdi... 
 
 
ƏFLATUNUN RUZGARININ SONU 
 
Müğənni bir şirin nəğmə söylə sən, 
Bu ki, ilk ricamız deyildir səndən! 
Sübh çağı dinləyib sənin səsini, 
Unudaq dünyanın ah-naləsini! 
 


               _______________  
Milli Kitabxana
  ________________ 
209 
 
Əflatun söylədi köçüb gedərkən: 
"Olacaq hamıya torpaq son məskən. 
Deyirlər: mən uzun ömür sürmüşəm. 
Rumda ən yaşlı bir dünya görmüşəm. 
Ölüm pərdəsinə mən yol tapanda 
Başqa pərdələrdən döndüm cahanda. 
Bir körpə uşağa bənzərəm mən də 
Ki, qaçar beşiyə yuxu gələndə. 
Vücudu yatmağa sövq edər onu, 
Yuxu necə-gəlir, heç bilməz bunu. 
Su ilə torpaqdan, od ilə yeldən. 
Bu zidd ünsürlərdən əmələ gələn 
Dünyada düzlükdən olarmı nişan, 
Belə kəc bir yerdə qalarmı insan? 
Bünövrəsi əyri qoyulan evin 
Bir gün dörd divarı uçacaq, yəqin! 
Yaşım yüz on üçü keçmişsə əgər, 
Halım on yaşlı bir uşağa bənzər. 
Qocayam, ancaq ki, o gənc yaşımda 
Olan arzularım oynar başımda..." 
Bu xoş arzulardan bir az keçəntək 
Onun da fərşini yığdırdı fələk... 
 
 
VALİSİN RUZGARININ SONU 
 
Müğənni, bir nəğmə de, qəşəng olsun, 
Mənim fəryadımla həmahəng olsun! 
Bəlkə də ruhlanıb sənin nəğməndən 
Yeddi çay üstündən keçə bilim mən... 
 
Valisin gözünü yuxu tutanda 
Ömrünün gəmisi qaldı tufanda. 
Dostları eşidib gəldi haraya, 
Fələktək aldılar onu araya. 
Xəstəlik getdikcə elədi şiddət, 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə