137
qarşısında güzəşt edir, onun ənənə və mühafizəkarlıq meyar-
larının cəmiyyətdə dayanıqlılığına çaba göstərir.
Özü də bu mövzu o zaman təsvirə çəkilir ki, cəmiyyətdə
xaos nizamı, disharmoniya harmoniyanı əvəz edir. O zaman
nəsr də inersiya ilə milli yaddaşı silkələyərək onu ayıq-sayıq
salmağa çalışır, milli psixologiyamıza yabançı elementlərin,
ünsürlərin qovuşmasına etiraz edir.
İ.Şıxlının “Ölən dünyam” əsərində belə bir epizod var.
”Troyka”nın sadiq qulu olan Fətullayev qolçomaqların kökünü
kəsmək üçün bir dəstə hazırlayır və Qeybalı kişiyə tapşırır ki,
kəndə gələn hər kəsi sorğu-sualsız gülləyə tutsunlar. Bu zaman
Qeybalı kişi acı-acı gülümsünür və deyir:
“-Kim gələcək? Kənddə başıpapaqlı, vurub-tutan kişi qalıb
ki, meydana çıxsın?
Söhbətin bu yerində Keçəl Xondulu qapını açıb içəri girdi.”
Ədəbiyyatımızda keçəl obrazının hansı neqativ məzmun
ehtiva etdiyini nəzərə alsaq, müəllifin priyomundakı ironik
çaların məğzini tutmaq çətin olmur. Əgər bu zamanın kişisi,
“Cahandar” ağası, vurub-tutanı Keçəl Xondulu idisə, deməli
cılızlığın igidliyə meydan oxuduğu zəmanə gəlirdi. Müəllifin
həyəcanı da mənəvi cəngavərliyimizin yoxa çıxması, cılızlığın
onu üstələməsi qorxusu ilə bağlı idi. Xalq öz keçmişindən bu
günə hansı dəyərləri gətirib çıxarır, qürur doğuracaq hansı milli
keyfiyyəti, kişilik heysiyyatını mühafizə edir?!..
“Haramı” romanı da milli yaddaşın məhz bu çalarlarına ay-
na tutur, əsərdəki hadisələr qaçaqlıq mövzusunun davamı kimi
qələmə alınır. Faktura və problematika müasirlikdən, keçib
gəldiyimiz çağdaş və hələ də diri qalan problemlərimizin aktu-
allığından nəşət edir. Əsərdə həm də qloballaşan dünyamızın
təbəddülatlarına, onun insan mənəviyyatını üstələməsinə dair
fikirlər var. “Keçmişdən imtina bir çox qiymətli dəyərlərin
itirilməsi ilə müşayiət olunur və cəmiyyət sabahları bu
dəyərlərə qurban vermək fikrində deyil. Fəqət belə səf-
səfələrin fərqinə varmadan, sadəcə, bildiyin, anladığın kimi
həyat sürmək insanların ilgisini çəkir və onların mənəvi
138
dünyasında dərin izlər buraxır.” Müəllif yeni dünya həqiqət-
lərinə, həyat tərzinə qarşı milli yaddaşın öz keyfiyyətlərini
qoyur və bu məramla yadlaşma (yaddaşsızlaşma!) prosesinə
müqavimət hissi aşılayır.
“Kişi təbiətən aqressivdir, daima liderlik, müvəffəqiyyət və
hökmranlıq uğrunda mübarizə aparır. Kişi bu dünyada görmək
istədiyini görür və götürür”(R.Censen). Ş.Ağayar yeni sosial iea-
rarxiyada kişini, kişilik dəyərlərini, maskulinist mövqeyi daha önə
çıxardır. “Haramı” bu məramın daşıyıcısı olaraq hasilə gəlib.
Əsər qəhrəmanın ölümü səhnəsi ilə başlayır və elə ilk sətir-
lərdən, oxucunu narahatlıqda saxlayan həyəcanlı təsvir və
təhkiyə ilə nəql olunur. Əsərin içərilərinə doğru irəlilədikcə sü-
jetin inkişaf dinamizmi daha da artır. Səməndərin Haramı dü-
zündə özü üçün müəyyənləşdirdiyi qanunlar, ailəsindəki gər-
ginlik, çevrəsi ilə ziddiyyətli münasibətləri, müxtəlif kolliziya-
ların, situasiyaların təsviri əsəri mühüm sosial, əxlaqi-mənəvi
məzmunla dolğunlaşdırır.
Romanın bədii konfliktinin bütün şaxələri Səməndər sürəti
ilə əlaqəlidir. İ.Şıxlının “Dəli Kür” əsərində qəhrəmanın-Ca-
handar ağanın həyat yolu romanda bədii obraz səciyyəsi alan
Dəli Kürlə müqayisədə verilir, Kürün axarına mane olan bar-
yerlər Cahandar ağanın həyat yolunundakı maneələrlə müvazi
mənalandırılırdı. Ş.Ağayarın romanında isə qəhrəmanın həyat
yoluna müvafiq məkan Haramı düzü olur. “Adam yaxşı atın
üstündə olanda elə bil üzür Haramıda, balıq kimi hər tərəfə
gedə bilir. Bəlkə, elə bəlli bir yolu-ərkanı, maneəsi, dalanı
yoxdu deyin gözlənilməz hərəkətləri çox olur Haramının,
göz qırıpımında məsrası dəyişir, biri-birinə qarışır, idarə
olunmaz, müdaxilə edilməz şəkil alır”. Haramını səciyyələn-
dirən bu sözlər həm də romanın əsas obrazı Səməndərin öz xa-
rakterinə -ondakı şəxsiyyətin azadlığını və ruhun intəhasızlığını
ifadə eləmək baxımından uyğun gəlir.
“Haramı”da təsvir olunan mühitin ictimai-sosial mənzərəsi
necədir? Xalq Qarabağ faciəsi ilə üzləşmiş, öz dədə-baba yur-
dundan perik düşüb müxtəlif məkanlarda sığınacaq tapmışlar.
139
Belə ağır vaxtlarda qaçqınlıq zillətinin girdabında boğulan
Rüstəmin ailəsinə Səməndərin yatağına köçüb orda çobanlıq
etməsi təklifi vəziyyətdən ən yaxşı çıxış yolu olur. Onların hər
ikisi Qarabağ qaçqınıdır, amma Səməndər həm də qaçaqdır,
sözünü deyə bilən, bütün qaçaqlar kimi mərdlik qanunları ilə
yaşayan insandır. Roman boyu biz bu obrazın xarakterinə bələd
olur, müxtəlif situasiyalarda açılan tipik əlamətlərini görə
bilirik. Əsərdəki hadisələr üç mətndə ehtiva olunur. Rüstəmin
(əsərdəki hadisələr onun dili ilə nəql olunur) Səməndərin ölü-
mündən sonra fermadan şəhərə gəlib yaşadığı dövr-indiki za-
man-ki, hadisələr məhz bu rakursdan müstəviyə gətirilir; müəl-
lifin söylədiyi on iki hekayət əsasında Səməndərin tərcümeyi-
halını, xarakterinin açılmasına yardımçı olan səhnələri sərgilə-
yən məqamlar-keçmiş zaman- ki, yalnız Səməndərin ömür ta-
rixçəsi, onun müharibəyə qədər, Haramı düzündə məskunla-
şanadək keçdiyi yol nəql olunur və əsas vaqeələrin cərəyan
etdiyi, Rüstəmlə Səməndərin ortaq zamanı və məkanı bölüşmə-
lərini görükdürən məkan-Haramı düzündəki cərəyan edən va-
qeələrin zamanı. Bütün vaqeələr indiki zaman qatında nəql
olunsa da, əslində mətnlərdə sərgilənən hadisələr oxucunu vir-
tual olaraq öz zamanına aparır. Maraqlısı da elə budur, öz za-
manına dönən insan Səməndərin düzənlədiyi həyatdan nəyi əxz
edir? Hansı təkrarsız milli çaları ki, onu bu mövzuda daha
bitkin yaradılan Cahandar ağadan fərqləndirsin?!
Əsərdə Səməndər qaçaqlığın-kişiliyin, bəyliyin son nüma-
yəndəsi kimi mənalanır. Müəllifin onunla bağlı danışdığı on iki
hekayət (on iki boy!), eləcə də günün sosial-mənəvi təzadlarını
sərgiləyən məqamlar –yeddi gündəlik sanki bununla igidliyin
sona vardığını işarə edir: ”İgidliyə bir qoz”. Bu da İ.Şıxlı rakur-
sumu, yoxsa daha fəci reallıq? Var olan, hələ sıradan çıxmayan
milli cahangirliyimiz bu zamanda belə özünə güclü arxa tap-
mır. Amma tərəddüd doğurur: yaxşı, günbəgün dəyişən və milli
keyfiyyətlərindən uzaqlaşan cəmiyyətin bu günə ötürəsi dəyəri,
zəmanə qəhrəmanı beləmi olmalıdır?
Dostları ilə paylaş: |