Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/78
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8308
1   ...   31   32   33   34   35   36   37   38   ...   78

 
124 
izləməyə çalışmır. Hadisələr pərakəndə formada, biri digərini 
əvəzləyərək nəql olunur. Bu üsulla yazıçı oxucunu yormur, onun 
yaddaşını oyaq saxlamağa kömək edir. Məsələn, «Qarabağ 
şikəstəsi» hekayəsində oxucu gah uzun illər bundan əvvəl Bakıya, 
universitetə imtahan verməyə  gələn Cümünün düşüncələrinə 
diqqət kəsilir, yaxud ürəyindəki  Şuşa nisgilinə ortaq olur; gah 
İsraildə yaşayan İzabelin anası ilə bağlı qəlbində gəzdirdiyi Ziba 
nostalgiyasını bölüşür, gah da Avtobus Ağadadaşın xoruz macə-
rasını izləməli olur. «Bayraqdar» povestində həmçinin: yazıçı gah 
Surxayın bayraqdarlıq həvəsini göstərir, gah bizi Əbülfətlə 
(Eysebio ilə) Cəmilənin içlərində oyanan saf, təmiz duyğular alə-
minə aparır, gah da Vasili Kuzmiçin ömür sürdüyü sadə, Əhməd 
Ağayeviçin isə təmtəraqlı həyatı ilə tanış edir.  
İlk baxışda bu süjet xətləri arasında heç bir əlaqə, bağlılıq 
hiss olunmur. Lakin sonda povestdən tutulan ideya haçalanmış 
şaxələr arasındakı rabitəni üzə çıxarır. Əvvəlcə təəccüblənirik: 
Ağadadaşın toyuqlarının itməyinin mərkəzə çəkilmiş süjet xətti 
ilə nə əlaqəsi ola bilər axı? Lakin sonda məlum olur ki, bizə adi 
və lazımsız görünən bu detal əslində hasil olan ideyanı qüvvət-
ləndirmək, onu təsirli etmək üçün lazım imiş.  
Elçin lakonik təhkiyə, yığcam lövhələr və konkret təhlillərlə 
bədii bütövlüyə nail olmağı bacarır. Yazıçının obrazları canlı, 
dinamik təsir bağışlayırlar. Elçin oxucunu özünə məhrəm, doğ-
ma sayan yazıçılardandır. O təsvir etdiyi obrazları hərtərəfli ta-
nıtmağa, onlar haqqında bildiyi hər  şeyi açıb-tökməyə meyl-
lidir. Bu obrazlar əsərdə xarakterlərinin bütün tərəfləri – gücü 
və zəifliyi, pisi-yaxşısı, sevgisi-nifrəti ilə görünməkdən çəkin-
mirlər. Yaxşı  əsərlərində  qəhrəmanlarının ikinci «mən»i kimi 
çıxış edir. Onların yaddaşlarını silkələyir, ürəklərindən keçən 
ən xəfif,  ən kövrək duyğuları dilə  gətirir, daxili yaşantılarını 
nümayiş etdirir. 
«Qarabağ şikəstəsi» povesti əsas obrazlardan olan Cümünün 
keçmişinə ekskursla açılır. Müəllif bizi kənddən şəhərə, univer-
sitetə imtahan verməyə  gələn Cümünün nağıl dünyasına , 
xəyallar aləminə aparır. Hansı ki, arzular qanadında yola çıxan 


125 
Cümü üçün bu gediş həyatını dəyişdirəcək bir şans idi və hansı 
ki, Cümü üçün o zaman Bakı da elə  Şuşa kimi saf, təmiz bir 
məkan sayılırdı: «Onda Cümüyə elə gəlirdi ki, o dəmir çarxla-
rın səsini sədası Şuşa obalarından gələn bir «Qarabağ şikəstəsi» 
müşayiət edir və o şikəstə müşayiətli tuqqa-tuk Cümünü təkcə 
universitet imtahanlarına yox, başqa bir dünyaya aparırdı…» 
Elçin başlanğıc üçün uğurlu vasitəyə  əl atır. Bakı  əyalət 
adamları üçün həmişə  əlçatmaz, arzuolunmaz şəhər olub. Bu 
şəhərə üz tutanlar ona işıqlı gələcək, həyatlarının dönüş nöqtəsi 
kimi baxıblar. Elə povestin qəhrəmanlarından olan Cümü üçün 
də belədir. Lakin tale onu Bakıya o zaman qovuşdurur ki, Cü-
mü bu şəhərlə bağlı  xəyal dünyasına  əlvida deyib ondan 
uzaqlaşır. İmtahanlardan kəsilib doğma kəndinə qayıdan Cümü 
uzun illər sonra Bakıya yenidən üz tutası olur. Bu dəfə amma 
qaçqın adı ilə… 
«- Biz insan deyilik, biz qaçqınıq!.. Qaçqınıq!.. Qaçqınıq!..» 
Bu sözləri yalnız qəfil yerdə yaxalanıb həya təri içində boğulan 
Sona demir, povestin hər bir cümləsi qaçqın fəryadından, 
qaçqın iniltisindən lərzəyə gəlir. Maraqlıdır ki, erməni obrazına 
biz yalnız «Bayraqdar» povestində, o da kiçik bir epizodda rast 
gəlirik. Elçin ermənilərin  əməlləri ilə bağlı süni epizodlar 
yaratmır, düşmənə qurama lövhələrlə nifrət oyatmağa çalışmır. 
Nifrət və qisas yanğısını bizə qaçqınların həyat tərzi aşılayır. 
Hər iki əsərdə qaçqınlıq acısının, qaçqınlıq faciəsinin dəhşəti 
düşmən əməlinin göstəricisinə çevrilir. «Qarabağ şikəstəsi» və 
«Bayraqdar» povestləri qaçqın obrazını  hərtərəfli, bütün incə-
liklərinə qədər canlandıran əsərlərdəndir. Elçin bu adın insanda 
doğurduğu bütün hissləri obrazların canına hopdura bilib. Bu 
mənada, kitaba ön sözündə  Nərgiz Paşayevanın yazdığına 
rəğmən, düşünürük ki, «Bayraqdar»da yaradılan əsas obraz nə 
kədərdir, nə təəssüf, nə də ki Zaman. «Bayraqdar» povestində 
məharətlə  işlənmiş vahid bir obraz var: Qaçqın obrazı. Kədər 
də, təəssüf də elə bu adın içindədir, onların dünənindən 
bugünlərinə  işıq salan və artıq «bağları»nı itirməkdə olan 
Zaman həmçinin… 


 
126 
Harda vətən torpağı yoxdursa, orda dərd var, ağrı var. Cümü 
üçün, ümumiyyətlə Buzovnanın Fəhlə yataqxanasında məskun-
laşan qaçqınlar üçün bu dərdin adı Qarabağdır, Şuşadır. «Qara-
bağ şikəstəsi» povestində Ziba adlı daha bir obraz var ki, onun 
ağrısının adı Quba dərdi, Quba həsrətidir. Tale elə  gətirib ki, 
Ziba gənc yaşlarından boya-başa çatdığı sevimli Qubasından 
ayrılıb İsrailə köçəsi olur: «Ziba qohumlarının dəvəti və ərinin 
təkidilə bütün ailəsilə birlikdə İsrailə köçdü, Qırmızı Qəsəbədə 
nələri varıydısa, satdılar, qohum-əqrabaya, tanış-bilişə bağışla-
dılar və Zibanın  əri elə  fərz elədi ki, daha Qırmızı  Qəsəbədə 
heç nələri qalmadı, amma sonralar başa düşdü ki, Qubada, 
Qırmızı Qəsəbədə Zibanın (elə onun özünün də!) ürəyi qalıb». 
Bu sözlər, bu ağrı bizə müəllifin «Mahmud və  Məryəm» 
romanından artıq tanışdır. Romanda şah Qarabağdan əsir gəti-
rilən xanəndə oğlanın yanıqlı səsindən içindəki nisgili anlayır. 
«Sənin o dağlarda ürəyin qalıb» - deyərək onun geri qayıtma-
sına fərman verir. «Qarabağ  şikəstəsi» povestində isə yurd
torpaq ağrısı Zibanı ölənə qədər müşayiət edir və onun ürəyini 
mübtəla olduğu xəstəlikdən də betər didib-dağıdır. 
«Ürək yaman sevdi». Elçinin Qarabağdan,  Şuşadan perik 
düşən obrazlarının ürəyində doğma yurdlarının, dağlarının 
nisgili, ağrısı yatır. Dədə-baba ocaqlarına dönüş reallaşmadıqca 
bu dərd, bu ağrı onları acizləşdirir, bu insanlar keçmişlərindən 
uzaqlaşdıqca kimliklərindən də uzaqlaşırlar. Qaçqın düşənə 
qədər  Şuşada, bazar başında çayçı  işləyən, birdəfəyə  əlində 
«beşmərtəbəli çay sarayı» gətirən Gözlə-Gəlirəm Məmməd kişi 
Buzovnanın Fəhlə Yataqxanasındakı skamyada günlərini say-
maqla ömrünü başa vurur, qırx ildən artıq  Şuşada tarix müəl-
limi vəzifəsini daşıyan Fərzəli müəllim Molla Fərzəliyə çevri-
lib, yaxud Şuşada taksi sürücüsü işləyən Cümünü dərd içki alu-
dəçisinə döndərir. Elçin hər iki povestində obrazların həyatını 
onların keçmişi,  Şuşadakı yaşam tərzi ilə müvazi verir və bu-
nunla sanki insanın hardan hara enməsini – daxildə gedən 
«çevrilmə»ni göstərməyə çalışır.»  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə