Mühazirə 1 Giriş. Geosistemlərin səviyyələri. Avrasiya landşaftları. Avropanın landşaftları Plan: Geosistem nədir


Kontinental subtropik yarımsəhralar



Yüklə 0,75 Mb.
səhifə22/42
tarix11.12.2023
ölçüsü0,75 Mb.
#147378
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   42
dunya land. - копия 2018

Kontinental subtropik yarımsəhralar Narıncı çayı ilə Kap dağları arasındakı 1000 m-dən yuxarı hündürlükdəki daxili platonu tutur. İqlimi üçün temperaturun böyük fəsli tərəddüdü xarakterikdir (ən isti ayın temperaturu 24–270C, ən soyuq ay 8–130C). Orta temperaturların illik amplitudası 12–160C, sutkalıq amplituda əhəmiyyətli dərəcədə böyükdür. İqlimi kontinental və kəskin kontinentaldır (N.N.İvanovun şkalasına görə 8–9 pillə). Qışda şaxta müşahidə olunur, bəzən qar çovğunları olur. Şaxtasız dövr 250–300 gün davam edir. Fəal temperaturlar cəmi, əsas etibarilə, mütləq hündürlükdən asılı olaraq böyük intervalda tərəddüd edir (60000C-dən 80000C-ə qədər). Rütubətlənmə diapazonu (tərəddüdü) daha da böyükdür. Qərbdə il ərzində 150–250 mm, şərqdə 300–500 mm yağıntı düşür, buxarlanma isə qanunauyğun olaraq, 2500-dən 2000 mm-ə və 2000 mm-dən 1500 mm-ə qədər azalır, rütubətlənmə əmsalı 0,1–0,2-dən 0,2–0,4-ə qədər artır. Bununla əlaqədar olaraq, subtropik yarımsəhraların kontinental yarımtiplərinin 2 variantını ayırmaq olar: qərb hissədə tipik və Hündür Veldin dağ-çöllərinə keçid təşkil edən şərq. Sonuncu müəyyən dərəcədə hündürlük qurşağının törəməsidir, belə ki, 1200–1500 m səviyyədə yerləşmişdir, lakin relyef dağ görünüşünə malik deyil.
Yağıntı əsasən yay aylarında qısa leysan şəklində düşür (yalnız ucqar qərbdə Aralıq dənizi rejiminin təsiri özünü göstərir). Ən çox yağıntı düşən aylar fevral-mart, ən quraq aylar isə iyul-avqustdur. Rütubətlənmə əmsalı martda maksimum olur, lakin heç bir yerdə əmsal vahidə çatmır və 0,2 - 0,8 arasında tərəddüd edir.
Baxılan ərazi daxili axın rayonuna aiddir. Yeganə tranzit çay – Narıncı çayı Böyük pilləyə bitişik olan dağ əyalətindən qidalanır. Yerli çaylar yaydakı leysan yağışları ilə əlaqədar olaraq dövrü axına malikdir. İllik axın layı 10–20 mm-dən yuxarı deyil. Əsas ekzogen proseslər – fiziki aşınma və qırıntılı materialların axarsız göllərdə toplanmasıdır.
Bitki örtüyü seyrək olsa da növ tərkibinə görə zəngindir. Taxılkimili-kolluqlu “karu” örtüyü üstünlük təşkil edir. Mal-qaranın qeyri-rasional otarılması nəticəsində müasir bitki örtüyü deqradasiyaya uğramışdır. Müəyyən dərəcədə finboşa (Pentzia, Chrysocona tenuifolia, Rhigosum trichotomum növləri) yaxın olan alçaq sklerofil kolluqlar, onların arasında – qısa vegetasiya dövrlü seyrək çimli taxılkimilər (Aristida obtusa, A.ciliata, Pennisetum sp., Panicum lanipes) xarakterikdir. Sukkulentlərə (xüsusən Mesembryanthemum növləri daha çoxdur), aloe (Aloe), südləyənlərə (Euphorbia) tez-tez rast gəlinir, qısa yağıntılı dövr ərzində vegetasiya edən soğankimilər və kökümeyvəlilər də çoxdur. Çay dərələrində kiçik akasiya ağaclarına (Acacia karoo), sumaxa (Rhus), abnos fəsiləsindən Royena Cənubi Afrika cinsi, həmçinin Euclea, Pappea rast gəlinir.
Şərqi, daha rütubətli rayonların bitkilərini yalançı və ya qarışıq karu adlandırırlar. İl ərzində 300 mm yağıntı düşdüyü şəraitdə artıq çöl tipli taxılkimilər örtüyü inkişaf edə bilər, ancaq otarılma sahəsi kimi çox istifadə edildiyindən qiymətli yem taxılkimiləri tipik karunun kserofit nümayəndələri – kolluqlar (Pentzia, Pteronia və s.), tikanlı kollar (Lycium, Salsola zeyheri), sukkulentlər (mesembriantemum, südləyən, aloe) tərəfindən sıxışdılıb çıxarılır.
Subtropik yarımsəhraların bitki örtüyü kifayət qədər çoxlu heyvanlar saxlamaq imkanına malikdir. Onların arasında köçəri dırnaqlılar (qnu, sprinqbok, kvaqqa, bubal və s. antiloplar) tipikdir. Onların hesabına yırtıcılara, həmçinin şirlərə rast gəlinirdi. Hal-hazırda iri məməlilər yalnız qoruqlarda qorunub saxlanılır.
Cənubi Afrikanın subtropik yarımsəhralarının torpaqlarını adətən açıq-qonur (şabalıda yaxın, quru çöl variantına keçidli) adlandırırlar. Onlarda humusun miqdarı 0,5–1,0%-dən yuxarı deyil, neytral reaksiyalıdır. Yuxarı horizont (10–15 sm) qumlaşmış, açıq-qonurdur; aşağıda, sütunvari strukturlu və karbonat birləşməli daha qalın (15–45 sm) və möhkəm qırmızı-qonur horizont, onun altında – karbonatlarla sementləşmiş qalın horizont yerləşmişdir. Ərazinin çox hissəsində torpaqlar skeletli və az qalınlıqlıdır.
Səhralar Cənubi Afrikanın Atlantiksahili boyunca, demək olar ki, 2000 km zolaq şəklində uzanır. Onlar dənizsahili ovalığı (Namib səhrası) və ona bitişik olan hündür sokol düzənliklərin və platonun sıldırım yamaclarını tutur. Cənubda, səhra zolağı suayırıcıları tutaraq daha da genişlənir. Cənub hissə subtropik səhralara, şimal isə - tropik səhralara aid edilir. Son dərəcə aridlik və okeanın təsiri termik faktorun təsirini yumşaldaraq hər ikisinə ümumilik verir. Buna görə də onlar arasında sərhəd qeyri-dəqiqdir və təxminən Cənub tropiki və ya Keysebanın aşağı axarları ilə üst-üstə düşür.
Soyuq Benqal cərəyanı yay aylarında temperaturun aşağı düşməsinə şərait yaradır. Namib səhrasının subtropik hissəsində ən isti ayın orta temperaturu 16–190C, ən soyuq ayın orta temperaturu 12–140C-dir, bununla belə, temperatur amplitudası 4–50C təşkil edir və onların düz fəsli gedişatı ilə fərqlənir. Sahildə fəal temperaturlar cəmi bu enlik üçün nisbətən aşağıdır (5000–60000C). Sahildən uzaqlaşdıqca kontinentallıq və istilik təminatı artır.
Qışda Atlantik okeandan əsən hava kütlələri soyuq cərəyanın üzərində daha da soyuyaraq kondensasiya səviyyəsinə çatmır və cüzi miqdarda yağıntı verir. Yayda materikdən əsən quru küləklər də həmçinin yağıntı gətirmir. Nadir hallarda yağan leysan yağışları şimal-qərb küləkləri ilə əlaqədardır. Sahil zolağında yağıntının illik miqdarı 25–30 mm-dən yuxarı olmur. Ancaq quraqlıq havanın yüksək rütubətlənməsi (70–80%) hesabına yumşalır. Benqal cərəyanı ərazidə duman əmələ gəlməsi üçün əlverişli şərait yaradır. İl ərzində 200 gün dumanlı keçir ki, bu da əlavə olaraq 40–50 mm çöküntü verir. Duman dənizsahili 50 km-lik zolaq üçün xarakterikdir. Atlantik okeanının hava kütlələri materikin dərinliklərinə doğru irəliləyərək qızır və o, yuxarı qalxaraq kondensasiya səviyyəsinə çatır. Nəticədə yaylanın qərb yamaclarında yağıntının miqdarı bir qədər artır, lakin onların miqdarı 100 mm-i keçmir. Bununla belə, okeandan uzaqlaşdıqca buxarlanma kəskin artır: sahil zonasında təxminən 500 mm, daxili rayonlarda 2000 mm-dən çox təşkil edir. Rütubətlənmə əmsalı demək olar ki, hər yerdə 0,1-dən aşağıdır. Yağıntı sahil zonada əsasən qış aylarında, daxili rayonlarda isə yayda düşür.
Daimi axarlı çayları yoxdur. Sahilyanı düzənlikdə yağış suları qumda çox da dərinə hopmur və tez bir zamanda buxarlanır. Yalnız güclü yağışlar zamanı mənbəyini hündür yayladan götürən çaylar suyunu okeana çatdıra bilir.
Bioiqlim xüsusiyyətlərinə görə subtropik səhraların iki - dənizsahili və kontinental variantı müşahidə edilir. Dənizsahili varianta – Namib səhrası aiddir (cənub hissəsi). Burada bitkilər əsasən qayalı yamaclarda inkişaf tapmışdır (dumanın rütubəti dağ süxurlarının çatlarına axdığı yer) və Euphorbia, Pelargonium, Sansevieria, Hoodia, Sarcocaulon, Lithops, Aloe ibarət çoxlu sayda xırda sukkulentlərlə təqdim olunmuşdur. Dyunlar demək olar ki, bitkilərdən məhrumdur, yalnız yamacların aşağı hissəsində aristida, okean sahilinə yaxın yerlərdə – qoşayarpaq (Zygohyllum stapfii, Arthraena leubnitzii) müşahidə olunur. Dənisahili düzənlikdə həmçinin sukkulentlərə (Mesembrianthemum salicornioides, Hydrodea bossiana) və Aizoon dinteri, Zygophyllum simplex kimi döşəkkimilərə rast gəlinir.
Səhraların materikdaxili hissəsinin yaylaları üçün karu tipinə yaxın xırda kollar (Boscia foetida, B.albifrunca və s.), taxılkimili alçaq otlar (əsasən aristilərdən ibarət) və cırtdan akasiyalı (Acacia mellifera ssp. Detinens, A.nebrownii) karu tipinə yaxın seyrək bitki örtüyü xarakterikdir.
Səhra landşaftları üçün tipik olan heyvanat aləmi xasdır. Orta Asiyanın səhraları üçün xarakterik olan və qumda hərəkətə uyğunlaşmış qarabədən böcəklər (yüzə yaxın növ), həmçinin əqrəblər, hörümçəklər, cürbəcür sürünənlər (kərtənkələ, qum hekkonu, gürzə, cırtdan piton) çoxlu saydadır. Quruyan çayların dərələrində pavian, çaqqal, çoxlu quşlara rast gəlinir. Əvvəllər burada şirə rast gəlinirdi. Sahil zonasında quşlar, həmçinin qarabatdaq, qutan çoxdur. Burada, Avropadan gələn köçəri quşlar qışlayır. Kap su itinə (dəniz şiri) rast gəlinir.
Torpaq örtüyü zəif inkişaf etmişdir, dyunlarda isə o demək olar ki, yoxdur. Daşlı prolüvial və delüvial materiallarda əhəngdaşılı və daş-kəsəkli qabıq əmələ gəlir. Çökəklərdə həll olan duzlar toplanır, bunlar əsas etibarilə okean suyunun buxarlanması nəticəsində formalaşmış buludlardan düşən atmosfer çöküntüləri ilə əlaqədardır.
Cənubi Afrikanın tropik səhraları Şimali Afrika ilə müqayisədə az sahə tutur. Onlar burada sanki Atlantik okeanının sahilinə sıxışdırılmışdır və materikin kənar yaylalarının hündür çıxıntıları ilə birlikdə subtropik okeansahili Namib səhrasının davamı kimi çıxış edir. Burada iqlim, soyuq Benqal cərəyanının təsiri altında formalaşır, ancaq havanın temperaturu xeyli yuxarıdır (ən isti ayın temperaturu 19–240C, ən soyuq ayın temperaturu 14–200C-dir). Fəal temperaturlar cəmi 70000C-dən yuxarıdır ki, bu da tropiklər üçün böyük göstərici deyil. Yağıntı burada da cüzidir, onlar yay Hind okeanı mussonu ilə gələn nadir və qeyri-müntəzəm düşən yağıntılarla əlaqədardır və bəzi yerlərdə o, il ərzində 10 mm-i keçmir. Yalnız yaylanın yamaclarına və zirvələrinə təxminən 100 mm yağıntı düşür. Atlantik hava kütlələrinin təsiri altında olan cənub qurtaracaqda, yağıntı yazda və payızda da ola bilər. Buxarlanmanın illik kəmiyyəti sahil zonasından (təxminən 750 mm) kənar yaylalara doğru (təxminən 1500 mm) artır. Rütubətlənmə əmsalı heç bir yerdə 1-ə çatmır. Sahilyanı zolaqda havanın yüksək rütubətliyi və duman subtropik səhralarda oynadığı rolu sanki təkrarlayır.
Axın kəmiyyəti cüzidir, ancaq çox yağıntı düşən bəzi illərdə çaylar yaylalardan külli miqdarda qum və lil aparır. İlin böyük hissəsi fiziki aşınma, deflyasiya və korroziya prosesləri dominantdır. Torpaqları inkişaf etməmiş, skeletli və çınqıllıdır.
Eni təxminən 50 km olan sahilyanı zolaq üçün sukkulent səhra bitkiləri (Zygophyllum, Lycium, Aloe, Euphorbia və s.) tipikdir. Həmçinin aristidanın bəzi növlərinə rast gəlinir. Qrunt sularının yerə yaxın olduğu çökəklərdə, 3-cü dərəcəli relikt çılpaqtoxumlu bitkilər – qısa (20 sm) gövdəli və 2 uzun (3 m-ə qədər), döşənən yarpaqlı velveciyaya (Welwitschia bainesii=W.mirabilis) rast gəlinir; onlar 500–600 il yaşayır.
Yaylalarda seyrək taxılkimili (Aristida hochstetteriana, Stipa namaquensis, Panicum sp.) və kolluqlu (Acacia nebrownii, A. mellifera, Pentzia, Salsola və s.) daşlı səhralar üstünlük təşkil edir. Keyseba və digər çayların dərələrində hündür akasiya (Acacia giraffe, A.albida), tamariks (Tamarix austro-africana), tutağacını xatırladan tikanlı parkinsoniyaya (Parkinsonia africana) rast gəlinir.
Ekvatordan cənuba savanna landşaftları geniş ərazi tutur. Materikin şərq hissəsində şimal və cənub savannaları birləşir və 400 enlik üzrə uzanan bütöv qurşaq əmələ gətirir. Cənub yarımkürəsinin savannaları Namib səhrasının şimal sərhədi ilə Konqonun mənsəbi arasındakı ensiz zolaqla Atlantik okeanına çıxır. Cənubi Afrikanın savanna landşaftları da Şimali Afrikadakı analoqları kimi, ümumilikdə eyni yarımtiplərə malikdir, lakin bir çox xüsusiyyətlərinə görə daha spesifikdir.
Bol yağıntılarla əlaqədar olan qərbi ekvatorial küləklər zonası yayda Şimali Afrika yaylasına təsir göstərməyərək, cənuba doğru, yalnız 10–150 cənub enliyinə qədər yerini dəyişir. Cənub yarımkürəsinin savannalarının qalan, böyük hissəsi passat qurşağında yerləşir və Hind okeanının yay cənub-şərq passatları ilə rütubətlənir. Buna görə də zonanın şimalında yağıntının miqdarı qərbdən şərqə doğru, cənubda isə – şərqdən qərbə doğru azalır. Bunun nəticəsində yarımzonaların enlik üzrə yerləşməsində böyük hipsometrik və sədd-ekspozision vəziyyətlə əlaqədar Şərqi Afrika yaylasında bir sıra sərhəd pozuntuları müşahidə olunur. Qalan ərazidə relyef nisbətən hamardır, ancaq Şimali Afrika savannalarından fərqli olaraq burada 1000 m-dən çox olan mütləq hündürlüklər üstündür. Həqiqətdə bu landşaftlar dağlıq yarusludur ki, bu da özünü iqlimdə və digər təbii komponentlərdə göstərir.
Cənubi Afrika savannaları istilik təminatına görə Şimali Afrika savannalarından geri qalır, belə ki, onlar daha hündür hipsometrik səviyyədə yerləşmiş və ekvatordan çox aralı məsafədədir. Fəal temperaturlar cəmi əsasən 7000–80000C-dir, ən isti ayın temperaturu, bir qayda olaraq, 26–270C-dən yuxarı deyil, ən soyuq ayın temperaturu 13–180C-dir (okeanların sahillərində və ekvatoryanı rayonlarda - təxminən 200C-dir). Daha yüksək temperatur Şimali Afrikanın savannalarında olduğu kimi, yağışlar dövründən qabaq – oktyabr-noyabr aylarında müşahidə olunur; temperaturun 2-ci (payız) artımı – sıçrayışı olmur. Daxili, cənub rayonlarında mütləq minimum 00C-dən aşağıdır. Kontinentallıq sahildən daxili rayonlara getdikcə artır və əsasən səhralaşmış savannalarda daha yüksəkdir (İvanovun şkalasına görə 9–10-cu pillə). Temperaturun sutkalıq amplitudası, hətta rütubətli yarımzonalarda, yanvarda təxminən 120C, iyul və avqustda 220C təşkil edir.
Rütubətlə təminatına və rütubətlənmə rejiminə görə hər 2 yarımkürənin savannaları çox oxşardır. Rütubətli yarımzonada il ərzində 800 mm-dən çox (əsasən 1000–1200 mm), tipik savannalarda 500–800 mm, səhralaşmış savannalarda 250–500 mm yağıntı düşür. Rütubətlənmə əmsalı, uyğun olaraq, 0,5–0,7 (bəzi sahələrdə 1-ə qədər), 0,25–0,50 və 0,10–0,25-ə bərabərdir. Yağıntı yay aylarında düşür. Səhralaşmış savannalarda bu dövr 2–3 ay davam edir, bununla belə, aylıq yağıntının miqdarı 100 mm-ə çatmır, aylıq rütubətlənmə əmsalı (R.ə.) vahiddən böyük olmur. Tipik savannalarda dekabrdan marta kimi hər ay 100 mm-dən çox yağıntı düşür, 1–2 ay ərzində rütubətlənmə əmsalı (R.ə.) vahiddən böyük olur. Rütubətli yarımzonada dekabrdan marta və ya aprelə kimi ay ərzində yağıntının miqdarı 100 mm-dən çoxdur və R.ə.-ı vahiddən yuxarı olur. Quraqlıq dövrü (R.ə.<0,25) səhralaşmış savannalarda təxminən 9 ay (apreldən dekabra kimi), tipik savannalarda orta hesabla təxminən 7 ay (apreldən oktyabra kimi), rütubətli savannalarda isə 5–6 ay davam edir (maydan sentyabr və ya oktyabra kimi). Yağıntı səhralaşmış və tipik savannalarda adətən iyundan sentyabra kimi, rütubətli savannalarda isə iyul və avqustda olmur.
Cənubi Afrika savannalarının fiziki-coğrafi prosesləri üçün Şimali Afrika savannalarında müşahidə edilən xüsusiyyətlər xarakterikdir. Tipik və xüsusən rütubətli savannalar inkişaf etmiş çay şəbəkəsinə malikdir. Çayların çoxu Konqo və Zambezi hövzəsinə aiddir. İllik axın layı 100–200 mm-ə çatır. Çayların rejimi üçün ildaxili və illərarası güclü dəyişkənlik xarakterikdir. Səhralaşmış savannalarda daimi axar çaylar yoxdur, bura əsasən daxili axın rayonudur, illik axının layı 10–20 mm-i keçmir. Rütubətli yarımzonaya aid edilən Şabanın quru, seyrəkdavamlı meşələrindəki müşahidələrə əsasən, il ərzində düşən 1200 mm yağıntının 80%-i torpağın səthinə, daha doğrusu ot örtüyünə çatır, qalanı ağacların budaqları tərəfindən saxlanılır və buxarlanır. Təxminən 1,5%-i ağacın gövdəsi ilə axır. Axın kəmiyyəti – 160 mm təşkil edir, axın əmsalı – 0,13, transpirasiyaya – 850 mm və fiziki buxarlanmaya – 200 mm sərf olunur (Malaisse, 1978).
Baxılan zonada həmçinin turş kristallik süxurlardan təşkil olunmuş, xüsusən hündür sokol düzənliklərində qədim kaolinitli, çox vaxt güclü lateritləşmiş aşınma qabıqları geniş yayılmışdır. Müasir torpaqlar turş metamorfik və püskürmə süxurlarının (laterit qalxanın eroziya nəticəsində parçalanmış sahəsində) aşınma məhsullarında, əsaslı vulkanik süxurlarda, Kalaxarinin qumlu təbəqələrində, bəzən karbonatlı süxurlarda, həmçinin cavan allüvidə formalaşır. Səhralaşmış savannalarda, Kalaxarinin yumşaq paleogen qumlucalarının aşınma məhsullarının qumlu substratında qırmızı-qonur torpaqlar üstündür. Bu torpaqların çox hissəsi karbonatsızdır. Qum dənələrinin üst hissəsini dəmir hidroksidin nazik qırmızı təbəqəsi örtür. Əhəngdaşılar üzərindəki inkişaf etmiş qumlarda, qalınlığı 2,0–2,5 m-ə çatan, üst yumşaq qırmızırəngli təbəqənin altında, karbonatlı horizont yerləşir.
Tipik savannanın yarımzonalarında yüngül mexaniki tərkibli (Kalaxarinin qumlarında) qırmızı-qonur fersiallit və ferritləşmiş torpaqlar üstündür. Həmçinin, qara gilli (bazaltlarda, əhəngdaşılarda) torpaqlar və allüvial düzənliklərin və depresiyaların hidromorf, tündrəngli, montmorillonitli, qleyləşmiş torpaqları yayılmışdır. Rütubətli yarımzona üçün, laterit qabığın yuyulmuş və təkrar çökdürülmüş məhsullarında qırmızı alferrit torpaqlar yayılmışdır. Şimali Afrikanın rütubətli savannalarında olduğu kimi, bu torpaqlar da az humusludur və aşağı uduculuq tutumuna malik zəif turş reaksiyalıdır (pH = 5,0 – 5,5). Profildə çox vaxt laterit qalxanın qırıntıları olur. Burada həmçinin, müxtəlif ana süxurlarda və dövri su basmış ərazilərdəki torpaq variantlarına rast gəlinir.
Cənub yarımkürəsinin savannalarının bitki aləmi növ tərkibinə görə Şimali Afrika savannalarından daha zəngindir. Burada 10000 km2-ə 2800 növ düşür. Kalaxarinin səhralaşmış savannaları üçün, üzərində alçaq tikanlı akasiya ağaclarının (Acacia giraffe, A.mellifera ssp. detinens, A.hamaetoxylon və s.) səpələndiyi, qədim bərkidilmiş dyunlarda bitən balacaboy taxılkimilərdən (Eragrostis lehmanniana, Aristida uniplumis, A.stipiformis, A.hordeacea, Paicum nigropedatum və s.) ibarət qapalı örtük tipikdir. Kollara (Bauhinia mucronata, Commiphora pyracanthyoides, Terminalia sericea və s.) tez-tez rast gəlinir. Ağacların sıxlığı ərazidən asılı olaraq dəyişir, bəzi sahələrdə ağaclar demək olar ki, yoxdur. Hamar çökəkliklərdə, dyunlar arasında sukkulentlərə (Rhigosum trichotomum) rast gəlinir.
Tipik savannaların bitki örtüyü müxtəlifdir. Burada seyrək ağaclı hündür və alçaqboylu otlar qrupu tikanlı kolluqlar, kollar, seyrək meşəliklər, park meşələri ilə qarışır. Səhralaşmış savannalarla sərhəddə temeda, diqitariya, aristida və s.-dən ibarət taxılkimili örtüklü akasiya, südləyən, aloe qruplarına rast gəlinir. Ərazi üçün “Mopane meşəsi” çox xarakterikdir. Bu seyrək meşəlik olub, 90%-ni hündürlüyü 7–15 m-ə çatan, zəif şaxtalara davamlı Colospermum mopanedən ibarətdir. Bu meşələrdə sıx olmayan taxılkimili örtük növ tərkibinə görə kasıbdır. Mopane ağır gilli torpaqlı, əsasən isti və nisbətən rütubətli daxili rayonlara aiddir. Daha yüngül və zəngin torpaqlarda, xüsusən Şimali Afrikada baobablı və temeda, ağ ot və digər taxılkimilərdən ibarət ot örtüklü, bəzən isə kolluqlu savannalar yayılmışdır. Şərqi Afrikanın ən quraq rayonlarında, ekvatorun hər iki tərəfində alçaqboy akasiya (Acacia mellifera), kommiforiyalı və s., səhralaşmış savannalara yaxın tikanlı kolluqlar cəngəlliyinə (nyika) rast gəlinir.
Şimali Afrikanın ekvatordan cənubdakı rütubətli savannalarının analoqu, 80 və 160 cənub enlikləri arasındakı geniş zolaqda yayılmış, yarpağınıtökən savanna seyrəkmeşəliyi və ya miomba işıqlı meşəsidir (əsas etibarilə Zambezinin hövzəsində). Onlar, əhəmiyyətli dərəcədə (800–1300 mm) yağıntı düşən, güclü aşınmış və qələvi substratlı, əsasən hündür düzənlikləri (1000–1500 m) tutur. Ağac örtüyü braxisteqriyanın bir neçə növündən və ya çezalpinya ailəsindən ibarət miombodan (Brachystegia) əmələ gəlmişdir. Bu ağacların torpağa ehtiyacı yoxdur, onlar qayaların yamaclarında da bitə bilir və istiyə qarşı çox davamlıdır, onların hündürlüyü 20 m-dən çox deyil. Şərqdə miomba çox vaxt culbernardiya (Julbernardia globiflora), qərbdə izoberliniya (Isoberlinia paniculata) və kombretum ilə tutulmuşdur. Ot örtüyü taxılkimilərdən: hiparenniya, temeda, lyudeçiya (Loudetia superba, L.lanata) və s. əmələ gəlmişdir. Lubumbaşı ətrafındakı miombo meşəsində 138 ha sahədə 480 bitki növü müşahidə olunmuşdur ki, onun 43 növü – ağac və kollardan ibarətdir və onun da 92%-i yarpaqınıtökənlərdir. (Malaisse, 1978). Miombo meşəsində ağaclar, çox vaxt əyri gövdəli, çətirəoxşar budaqlı və xırda yarpaqlı, nisbətən hündürdür (üst hissə – 14–18 m). Bitki qruplarının tərkibi (braxisteqiyanın müxtəlif növləri ilə) torpaqdan, qruntun rütubətlməsindən və istinin təsirindən asılı olaraq nəzərə çarpacaq dərəcədə variasiya edir. Yarımzonanın rütubətli periferiyasında yalnız qısa müddətdə yarpaqsız olan “Marquesia macroura" növü üstünlük təşkil edir. Hesab olunur ki, miombo meşələri hal-hazırda seyrək olub, daha qapalı muqulu meşəsinin yerində yanğın nəticəsində yaranmış 2-ci dərəcəli davamlı qrupdur. Bu ilkin tip meşələrdə yuxarı yarusun ağacları yarpaqlarını yalnız çox qısa müddətdə tökür, kolluq yarusu yarpağınıtökənlərlə yanaşı, həmişəyaşıl növlərdən ibarətdir, ot örtüyü ərazini tam örtmür. Öz növbəsində miombo, dəfələrlə davam edən yanğın nəticəsində açıq savanna sahələrinə transformasiya edə bilər.
Savanna və savanna meşələrinin biokütlə və məhsuldarlıq göstəriciləri aşağı və natamamdır. Şabanın quru meşələrinin (miombo) ümumi biokütləsi 150 t/ha qiymətləndirilir, yerüstü hissəsinin ot örtüyünün illik məhsuldarlığı 3,3 t/ha-dır. Tökümə hər il 4,3 t/ha (həmçinin 2,9 t/ha yarpaqlardır) hissələr daxil olur. Düşən ağac hissələri mikroorqanizmlər və termitlər tərəfindən intensiv parçalanır, bu prosesdə böyük rolu meşə yanğınları da oynayır. Axın ilə aparılan mineral hissəciklər il ərzində 125 kq/il təşkil edir.
Ekvatordan cənuba Afrika savannaları zəngin heyvanat aləmi ilə seçilir. Heyvanat aləminin əsas xüsusiyyətlərindən biri – otyeyən (yarpaqyeyənlər azlıq təşkil edir) dırnaqlıların çoxluq təşkil etməsidir. Onların arasında qnu antilopu, at antilopu, bubal, böyük və kiçik kudu, kanna və s., həmçinin cüyür, zebranı misal göstərmək olar. Yarpaqyeyənlərdən fil, zürafə, kərgədan tipikdir; su mənbələri yaxınlığında su keçisi, impala antilopu, begemot, kəl müşahidə olunur. Təxminən 25 növ yırtıcı məməlilər məlumdur ki, onların arasında şir, leopard, hepard, giena, qiena iti, çaqqal, böyük qulaqlı tülkü və s. göstərmək olar. Quşlar çoxluq təşkil edir. Şimal yarımkürəsində qış fəsli olduğu vaxt, burada, rütubətli dövrlərdə böyük miqdarda köçəri quşlar toplanır. Onurğasızlardan termitləri xüsusi qeyd etmək lazımdır. Miombo meşələrində 1 ha sahəyə hündürlüyü 8 m, özülünün diametri 14–15 m-ə çatan 3–5 termit yuvacıqları düşür. Onlar bütün sahənin təxminən 6%-ni tutur və onlara daha kserofit və evtrof bitkilər uyğunlaşmışdır.
İri məməlilərin növ zənginliyinə və biokütləsinə görə, sıx və bol taxılkimilərlə örtülü Şərqi Afrikanın tipik savannaları seçilir. Burada heyvanat aləminin qorunması üçün çoxlu sayda qoruqlar, milli parklar və yasaqlıqlar faəliyyət göstərir. Serenqeti milli parkında (Tanzaniyada) dırnaqlıların zookütləsi 0,04–0,09 t/ha, Ruvenzori milli parkında (Uqanda) – 0,05–0,36 t/ha) təşkil edir. Müqayisə kimi göstərmək olar ki, taxılkimilərlə örtülü savanna otlaqlarında ev heyvanlarının ərazi üzrə zookütləsi – 0,04–0,05 t/il-dir. Vəhşi heyvanlar savannalarda yaşamağa daha yaxşı uyğunlaşmışdır, onlar bitki örtüyünü məhv etmədən qida resurslarından daha səmərəli istifadə edir. Qurunun ən iri məməlisi olan fili çıxmaq şərtilə, onlar qurumuş otu yeyərək ağacların inkişafına şərait yaradır. Fillər yarpaqları yeyərkən budaqları sındırır, ağacları kökündən çıxarır, cavan pöhrələri tapdalayır və yanğının yaranmasına şərait yaradır. Yırtıcıların və dırnaqlıların biokütlə nisbəti 1:350–1:1000 təşkil edir. Mopane seyrəkmeşəliyinin faunası daha yaxın xarakterə malikdir. Onların özünəməxsusluğu mopanenin ağaclarının yarpaqlarında zülalın yüksək miqdarda olması ilə izah edilir. Yağıntı müşahidə olunmayan dövrdə qurumuş yarpaqlar budaqlarda çox qalır və fillər və bəzi antiloplar tərəfindən böyük iştahla yeyilir, həmçinin mal-qara üçün də qida kimi istifadə edilir.
Miombo meşəsinin faunası mopane meşəsinə (rütubətli Qvineya savannaları zəngindir) nəzərən bir qədər kasıbdır. Bu da ot örtüyünün az qidalı olması ilə izah edilir. Burada, xüsusən, fillər azlıq təşkil edir, ancaq antilopun demək olar ki, bütün xarakterik növləri, zebr və digər heyvanlara rast gəlinir; quşlar, əsasən həşəratyeyən quşlar çoxdur. Cənuba doğru getdikcə heyvanat aləmində savannanın bəzi tipik nümayəndələri itir. Kalaxarinin səhralaşmış savannalarında tədricən zürafə, begemot, bəzi antiloplar azalır, kərgədanlara rast gəlinmir. Ancaq dırnaqlıların faunası hələ kifayət qədər zəngindir. Bütün düzənlik boyu qnu, kanna, bubal, kudu, sprinqbok və oriks köç edir, zebr, filə rast gəlinir.
Təbiət proseslərinin dövrülük ritminə görə cənub yarımkürəsinin savannaları Şimali Afrikadakı analoqlarına çox yaxındır. Miombanın yarımzonasında quraqlıq dövrü maydan sentyabra kimi davam edir, iyul və avqustda yağış olmur. Bu zaman torpaqda aerob proseslər daha fəal gedir. Quraqlıq dövrünün sonunda, sentyabrda ağaclar və kolluqlar çiçəkləməyə başlayır, geofitlərin maksimal inkişafı və bar verməsi müşahidə olunur, yerüstü biokütlə böyüməyə başlayır. Oktyabr – ən isti aydır, yağıntı dövrünə keçid təşkil edir. Oktyabr-noyabr aylarında ağacların və kolların çoxu çiçəkləyir. Bitkilər bütün il boyu çiçəkləyir, ancaq hər birinin öz çiçəkləmə ritmi vardır. Əsas yağıntılı dövr – dekabr-fevraldır. Bu zaman torpaq faunasının daha da fəallaşması müşahidə olunur. Yanvarda biokütlənin qiyməti maksimum həddə çatır. Bu dövrdə culbernardiya istisna olmaqla, çiçəkləyən ağaclar azalır. Culbernardiya ağacı fevraldan aprelə kimi çiçəkləyir. Dekabrda, çökəklərdə, müvəqqəti su hövzələri – dambo əmələ gəlir. Damboda su 3–4 ay müddətdə qalır. Bu zaman su bitkiləri, həmçinin su zanbağı (Nymphaea maculata) inkişaf edir, quraqlıq dövründə lildə gizlənən bəzi balıqlar, şirin su molyuskları müşahidə olunur. Yağıntılı dövr mart-apreldə qurtarır.
Savanna landşaftlarına insan fəaliyyətinin təsir formaları əsas etibarilə hər il baş verən meşə yanğınları ilə əlaqədardır. Meşə yanğınları ağac örtüyünün bərpasına və inkişafına maneçilik törədir, taxılkimilərin yayılmasına şərait yaradır. Dəfələrlə qeyd etdiyimiz kimi, ağac və ot bitkilərinin müasir nisbəti çox vaxt təbii faktorlarla əlaqədar deyil. Ağacların qırılması nəticəsində sıldırım yamaclarda eroziya güclənir, bəzi tədqiqatçıların fikrincə isə, hətta iqlim dəyişir (orta illik temperatur və gündəlik amplituda artır, havanın nisbi rütubəti azalır).



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə