Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə61/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   57   58   59   60   61   62   63   64   ...   114

 
162
– Yenə gətirim? Nə içirdiniz? 
– Kalvados. 
– Oldu, bir qədəh də kalvados. 
Xidmətçi aralandı. Ravik başını qaldıranda gördü ki, Joan bir-iki stol o tərəfdə 
oturub. Xidmətçi ilə söhbət eləyəndə gəlmişdi. Yanında iki kişi vardı. Ravik ona 
baxan anda Joan da gözlərini qaldırdı və nəzərləri toqquşdu. Onun gündən 
qaralmış sifəti sapsarı oldu. Bircə saniyəliyə baxışlarını Ravikdən çəkmədən 
oturub qaldı, sonra sərt bir hərəkətlə stolu itələyib qalxdı, ona tərəf gəldi. Gələ-gələ 
də üzünün rəngi dəyişdi, bayaqkı ifadə əriyib yox oldu; üzü avazıdı, təkcə büllur 
təki aydın gözlər əvvəlki kimi ona zillənmişdi. Ravikə elə gəldi ki, bu gözlər heç 
vaxt belə işıldamayıb. Onlardan kin-küdurət yağırdı. 
– Demək, qayıtmısan... – deyə pıçıldadı, sanki, nəfəsi çatmırdı.  
Ravikə lap yaxın dayanmışdı. Bircə anlığa ona tərəf meyilləndi, sanki, qucaqlamaq 
istəyirdi. Ancaq qucaqlamadı, heç əl də uzatmadı. 
– Demək, qayıtmısan...–təkrar elədi. 
Ravik dinmədi. 
– Nə vaxt qayıtmısan?–Yenə bayaqkı kimi pıçıltı ilə soruşdu. 
– İki həftədir... 
– İki həftə! Mənimsə xəbərim yoxdur! Bəs yadına düşmədi ki... 
– Sənin yerini bilən olmadı. Nə mehmanxanada, nə də «Şəhrizad»da. 
– «Şəhrizad»da olmuşam axı! – O nədənsə dayandı.– Niyə məktub yazmırdın? 
– Yaza bilmədim. 
– Yalan deyirsən. 
– Yaxşı, istəmirdim... Qayıdaçağımı bilmirdim. 
– Yenə yalan danışırsan... Bu, bəhanə deyil. 
– Yox, qayıda da bilərdim, qayıtmaya da... Başa düşmək istəmirsən. 
– Yox, mən bircə onu başa düşürəm ki, qayıtdığın iki həftədir, ancaq mən yadına 
düşməmişəm. 
– Joan, – Ravik çox sakit danışırdı. – Sənin çiyinlərini gün Parisdə yandırmayıb... 
Xidmətçi qorxa-qorxa onlara sarı gəldi, gah Joana, gah da Ravikə baxdı. Bayaqkı 
səhnədən sümüyü səksənmişdi. Guya, təsadüfən stolun üstündəki artıq boşqabla 
çəngəl-bıçağı götürdü... Bu, Ravikin nəzərindən yayınmadı: 
– Hər şey qaydasındadır, – dedi. 
– Qaydasında olan nədir? – Joan soruşdu. 
– Heç nə... Bayaq burada bir hadisə oldu...  
Joan diqqətlə onun üzünə baxdı: 
– Sən qadın gözləyirsən? 
– Aman allah! Yox! Bayaq burada dalaşdılar, biri yaralandı. Bu dəfə qarışmadım... 
– Qarışmadın?! – Joan yenicə başa düşdü, rəngi dəyişdi. – Burada nə işin var?! 
Yenə tutacaqlar. İndi hər şeyi bilirəm, ikinci dəfə tutulanda altı ay verirlər. Aradan 
çıx! Sənin Parisdə olduğunu bilmirdim. Elə bilirdim, qayıtmayacaqsan... 
Ravik dinmədi. 
– Elə bilirdim, qayıtmayacaqsan...– O, yenə təkrar elədi. Ravik ona baxdı: 
– Joan... 
 


 
163
– Yox! Bunlar həqiqət deyil! Heç biri həqiqət deyil! Heç biri! 
– Joan! – Ravik bu sözləri ehtiyatla dedi: – Öz stoluna qayıt! 
Joanın gözləri doldu. 
– Öz stoluna qayıt, Joan! 
– Günahkar sənsən! – O hıçqırdı. – Sən! Sən özün! 
O, sərt bir hərəkətlə dönüb getdi. Ravik stolu bir az yana çəkib oturdu. Kalvadosla 
dolu qədəh gözünə sataşdı, götürüb içmək istədi, ancaq nədənsə içmədi, Joanla 
danışanda sakit idi. İndisə həyəcanlanmışdı. «Qəribədir...» – ürəyindən keçirdi. 
Sinəsindəki dərialtı əzələlər titrəyirdi. Niyə məhz onlar titrəyirdi? Qədəhi götürüb, 
diqqətlə əlinə baxdı. Titrəmirdi... Joan tərəfə baxmadan içdi. 
Yanından keçən xidmətçiyə: 
– Bir qutu «Kaporal» gətirin, – dedi. 
Siqaret yandırıb, kalvadosun qalanını içdi. Hiss elədi ki, Joan ona baxır. «Nə 
istəyir? – Ürəyindən keçirdi. – İstəyir, onun gözləri qabağında qüssədən içib sərxoş 
olum?!» İşarə ilə xidmətçini çağırıb, pulunu verdi. O qalxan anda Joan 
yanındakılardan biri ilə söhbətə başladı. Onların yanından keçəndə, başını da 
qaldırmadı. Gərgin bir təbəssümlə gülümsəyəndə üz-gözündən amansızlıq, 
soyuqluq yağırdı, heç bilinmirdi, nə istəyir... 
Ravik küçələri xeyli dolaşandan sonra gördü ki, yenə gəlib «Şəhrizad»a çıxıb. Onu 
görəndə Morozovun üzünə təbəssüm qondu: 
– Yaxşı dayandın, əsgər qardaş! Elə bilirdim, biryolluq getdin. Adamın 
peyğəmbərliyi üzə çıxanda kefi açılır! 
– Sevinməyə tələsmə. 
– Sən də tələsmə, gecikmisən. 
– Bilirəm... Görüşmüşük... 
– Nə? 
– «Kloş djOr» restoranında rastlaşdıq. 
– İşə bax!–Morozov lap çaşbaş qalmışdı. – Ana təbiətin də belə işlərindən 
keçməyəsən. 
– İşdən nə vaxt çıxırsan, Boris? 
– İndicə qurtarıram, adam qalmayıb. Gedim geyimimi dəyişim. Ona kimi içəri keç, 
böyüklərin hesabına bir az araq iç. 
– Yox, gözləyirəm.  
Morozov ona baxdı: 
– Özünü necə hiss eləyirsən? 
–Çox pis. 
Elə bilirdin, başqa cür olacaq? 
– Hə. Adam həmişə nəsə başqa cür gözləyir... Get, geyimini dəyiş. 
Ravik divara söykəndi. Lap yanında gülsatan yaşlı qadın gülləri yığışdırırdı. Ona 
təklif eləmədi. Ürəyindən keçən özünə də gülünc gəlirdi, ancaq təklif eləsəydi, 
alardı. Bu isə o demək idi ki, qadın onun gül alacağına inanmırdı. Cərgə ilə 
düzülmüş evlərə baxdı. Pəncərələrin bəzilərindən hələ də işıq gəlirdi. Taksilər 
yavaş-yavaş o tərəf-bu tərəfə keçirdi. Özgə nə gözləyirdi? Belə olacağını 
əvvəlcədən bilmirdimi? Gözləmədiyi bircə o idi ki, Joan birinci başlayacaq. Niyə 
də başlamamalı idi? Birinci vuran qazanar, deyiblər... 


 
164
Xidmətçilər bir-bir çıxmağa başladı. Bütün gecəni qafqazlı olmuş, qırmızı rəngli 
çərkəzi çuxa, uzunboğaz çəkmə geymişdilər. İndi isə adicə yorğun adamlar idilər 
və Ravikə qəribə görünən gündəlik geyimdə yavaş-yavaş evlərinə dağılışırdılar. 
Lap axırda Morozov çıxdı. 
– Hara gedirik?–deyə soruşdu. 
– Bu gün hər yerdə olmuşam. 
– Onda gəl mehmanxanaya gedək, şahmat oynayaq. 
– Nə? 
– Şahmat oynayaq. Taxta fiqurlar adamın həm fikrini dağıdır, həm də diqqətini 
toplayır. 
– Yaxşı,–Ravik razılaşdı,–niyə də oynamayaq?! 
 
Ravik oyandı və o dəqiqə də hiss elədi ki, Joan otaqdadır. Qaranlıq idi, görə 
bilmirdi, ancaq hiss eləyirdi ki, gəlib. Otaq da, pəncərə də, hava da, hətta özü də 
başqalaşmışdı... 
– Oyun çıxarma,–dedi,–işığı yandır, yaxın gəl!  
Joan yerindən tərpənmədi, elə bil, heç nəfəs də almırdı. 
– Gizlənqaç oynama, Joan! 
– Yaxşı... – O, astadan dilləndi. 
– Onda yaxın gəl! 
– Bilirdin ki, gələcəyəm? 
– Yox, qapı həmişə açıq olur.  
Joan bir anlığa susdu, sonra: 
– Elə bilirdim, hələ qayıtmamısan,–dedi.–İstəyirdim... Elə bilirdim... Dedim, indi 
haradasa oturub içirsən... 
– Mən də elə bilirdim. Ancaq gəlib şahmat oynadım. 
– Nə? 
– Şahmat oynadım. Morozovla... Aşağıda, susuz akvariuma oxşayan zalda... 
– Şahmata bax!–O, bir az irəli gəldi.–Şahmat! Bu ki... Şahmatı elə adam oynayar 
ki... 
– Mən də elə bilirdim, ancaq oynadım. Hətta yaxşı oynadım, bir partiya da uddum. 
– Sən dünyanın ən soyuq, ən daşqəlbli adamısan! 
– Artistlik eləmə, Joan! Mənim özümün də artistlikdən xoşum gəlir, ancaq bu gün 
lazım deyil. 
– Artistlik eləmirəm. Mən bədbəxtlərin bədbəxtiyəm. 
– Yaxın gəl! Bunları da bir tərəfə qoyaq... Adam bir az bədbəxt olanda artistlik 
eləməyi yaxşıdır. Mən bir kişi tanıyırdım, arvadı ölən dəqiqədən torpağa qoyulana 
kimi öz otağına çəkilib, şahmat məsələsi həll elədi. Hamı ona daşürəkli deyirdi, 
ancaq bircə mən bilirdim ki, arvadını dünyada hər şeydən çox istəyirdi. Sadəcə 
olaraq, nə edəcəyini bilmir, gecə-gündüz şahmat məsələsi həll eləyirdi ki, onu 
yadından çıxara bilsin... 
Joan indi düz otağın ortasında dayanmışdı: 
– Sən də ona görə oynayırdın? 
– Yox! Dedim ki, başqası idi. Sən gələndə yatırdım. 
– Hə, yatmışdın! Yata da bilirsən...  


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə