173
deyəcək. Amma bu səfər belə olmadı. Təhminə heç bir şey
demədi. Nə onda, nə sonra.
...Və Zaur bağa gəlmələrinin bu ikinci səbəbini heç bir vaxt
bilmədi.
Bəlkə də heç yox imiş belə bir səbəb, Təhminə elə-belə,
onun marağını cəlb eləmək üçün demişdi bunu. Kim bilir?..
Evlərinin tininə burulmamış maşını saxladı. Təhminə elə
maşının içindəcə Zaurun boynundan öpdü:
—Əlvida, — dedi və tələsik maşından çıxıb iti addımlarla
evlərinə tərəf addımladı.
"Əlvida. Sağ ol. Hələlik". Vida sözlərinin heç bir fərqi
yoxdur. "Hələlik" deyib ömürlük ayrılmaq olar. "Əlvida" deyib
üç gündən, üç saatdan, on beş dəqiqədən sonra yenidən
görüşmək olar... Bu belədir, əlbəttə, amma hər halda evdə,
çimmək otağına keçib, soyuq çiləyin altında yuyunanda Zaura
birdən elə gəldi ki, suyun güclü iynələri onun bədənindən
sahilin qumu, dənizin duzu, isti günün təriylə birlikdə
Təhminənin öpüşlərini, sığallarını, əllərinin təmasını da
həmişəlik yuyub aparır. Sözlərini, pıçıltılarını, saçlarının iyini...
Bir də heç bir zaman Təhminəylə görüşməyəcəklər, saçlarını
əliylə alnından atdığını, dodaqlarında tükənmiş təbəssümün,
gözlərinin dibində sönən son qığılcımlarını Zaur heç vaxt
görməyəcək. "Əlbəttə, belə deyil, — deyə düşündü. — Əlbəttə,
yenə görüşəcəyik. Gözləmək lazımdır. Gözləmək, vəssalam".
174
Üçüncü fəsil
Yaxşı görünür surəti məhvəşlərin,
əmma
Yaxşı
nəzər etdikcə, sərəncamı
yamandır!
Zaur valideynlərini çox istəyirdi. Həm də yaşa dolduqca
daha artıq istəyirdi onları. Daha doğrusu, yetkinlik yaşında o,
öz valideynlərini lap körpə vaxtında sevdiyi kimi sevirdi —
təbii və təmənnasız bir məhəbbətlə... Körpəliklə yetkinlik yaşı
arasında qalan qısa bir dövrdə — beş-altı il çəkmişdi bu
müddət — Zaurun təqribən 14-15 yaşından 19-20 yaşına qədər
— valideynlərinə münasibəti başqa cür idi. Əlbəttə, sevirdi
onları, amma bu sevgidə bir bəyənməzlik, üstüörtülü, bəzən də
açıqdan-açığa rişxənd, istehza da var idi — valideynlərinin
yaşayış tərzinə, köhnəlmiş anlayışlarına və zövqlərinə bir növ
ağız büzərdi. Amma, eyni zamanda, bu bəyənmədiyi həyat
tərzinin bütün niyaz-imtiyazlarından da bolluca istifadə edirdi,
bahalı hədiyyələrdən — ali məktəbə daxil olduğu il atası ona,
"Moskviç" bağışlamışdı — imtina eləmirdi. O illər Zaurun
bütün marağı idmanla, caz musiqisiylə, rəqslərlə və qızlarla,
xarici geyim-kecimlərlə və xarici filmlərlə bağlı idi.
Valideynləri ev-eşiklərini ağır, zəhmli, tünd mixəyi rəngli
köhnə mebellə doldurmuşdular. (Belə mebel sonralar yenə
dəbə mindi, amma o illər geriliyin, pis zövqün rəmzi kimi
görünürdü Zaura). Valideynləri bufetlərinin üstünü,
servantlarının içini bahalı qab-qacaqla doldurmuşdular,
masanın, hətta röyalın üstünə də iri büllur güldanlar, mürəbbə
vazaları, gülqabılar düzülmüşdü. Valideynləri hind
filmlərindən zövq alırdılar, atası saatlarla radiocihazı
qurdalayıb ərəb və İran musiqisinə qulaq asardı — ləzzətlə
gözlərini də yumardı, qulağını dirəyərdi cihazın dinamikinə,
175
necə deyərlər, "çorta gedərdi" və yalnız hərdən-birdən ağzını
marçıldadıb "bəh-bəh" deyərdi. Valideynləri böyük cah-cəlallı
məclislər düzəldərdilər, bu məclislərdə uzun-uzadı, adamın
ürəyini çəkən duzsuz sağlıqlar deyilərdi. Və valideynləri elə bil
iynə üstündə oturardılar: amandır, birdən qonaqların yeri səhv
düşər, başda oturmalı qonaq aşağı düşər, aşağıda oturmalı
adam başa keçər, amandır, birdən bir adam yaddan çıxıb qalar,
sağlığına badə qaldırmazlar, amandır, birdən siyahının sırası,
ardıcıllığı pozular: kiminsə ünvanına əvvəlcə sağlıq deyilər
(halbuki onun sağlığı sonra deyilməliydi), kiminsə sağlığı
sonra deyilər (halbuki əvvəl deyilməliydi) və belə məclislərdə
tamadalığa məhkum olmuş bədbəxt, yumordan məhrum biçarə,
dəridən-qabıqdan çıxardı ki, məzəli bir söz desin və dediyinə
də bircə özü gülərdi, amma qonaqlar da başa düşəndə ki, bu
yerdə gülmək lazımdır, birtəhər, zornan irişərdilər...
Valideynlərinin bütün bu həyat sistemini Zaur öz-özlüyündə
"müsəlmançılıq" adlandırardı və heç fikirləşməzdi ki, bədbəxt
müsəlmanlar haçandan sağlıq deyiblər görəsən, haçandan bəri
tamada seçiblər?
Bir də ki, saysız-hesabsız qohum-əqrəbaları vardı və tez-tez
onlara təşrif gətirən bu yad adamlarla kəlmə kəsmək, xoş-beş
eləyib, hal-əhval tutmaq məcburiyyəti vardı... Bir də evlərinə
gələnlərlə anasının daimi söhbətləri, qeybətləri vardı: kim necə
yaşayır, kimi hara qabağa çəkiblər və məlumdur ki, nə yolla
çəkiblər, kim kimin adamıdır, kim kimin arxası, dayağıdır, kim
kimin yerlisidir, filankəs filankəslə gəzir, filankəs də filankəslə,
filankəs filan qədər qazanır, filankəs filan şeyi alıb, filankəs
arvadını döyür, ya filankəs ərinin başına min fırıldaq açır...
Bütün bunlar Zaurçün yad və yabançı idi, onun sevmədiyi,
bəyənmədiyi, bəzən, hətta nifrət bəslədiyi başqa bir aləmin
bəlirləri idi. Və bu aləmin təzahürləri Zaurun canını lap
boğazına yığan vaxtlarda o, hətta öz valideynlərinə də xor
baxırdı. Amma qəribədir, bu cür münasibətin nəticəsi tamam
başqa olurdu. Zaur bu anlarda valideynlərinə az qala ikrah hissi