Roman, povestlər



Yüklə 3 Mb.
səhifə49/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   45   46   47   48   49   50   51   52   ...   158

 173 

deyəcək. Amma bu səfər belə olmadı. Təhminə heç bir şey 

demədi. Nə onda, nə sonra. 

...Və Zaur bağa gəlmələrinin bu ikinci səbəbini heç bir vaxt 

bilmədi. 

Bəlkə  də heç yox imiş belə bir səbəb, Təhminə elə-belə, 

onun marağını cəlb eləmək üçün demişdi bunu. Kim bilir?.. 

Evlərinin tininə burulmamış maşını saxladı. Təhminə elə 

maşının içindəcə Zaurun boynundan öpdü: 

—Əlvida, — dedi və  tələsik maşından çıxıb iti addımlarla 

evlərinə tərəf addımladı. 

"Əlvida. Sağ ol. Hələlik". Vida sözlərinin heç bir fərqi 

yoxdur. "Hələlik" deyib ömürlük ayrılmaq olar. "Əlvida" deyib 

üç gündən, üç saatdan, on beş  dəqiqədən sonra yenidən 

görüşmək olar... Bu belədir,  əlbəttə, amma hər halda evdə, 

çimmək otağına keçib, soyuq çiləyin altında yuyunanda Zaura 

birdən elə  gəldi ki, suyun güclü iynələri onun bədənindən 

sahilin qumu, dənizin duzu, isti günün təriylə birlikdə 

Təhminənin öpüşlərini, sığallarını,  əllərinin təmasını da 

həmişəlik yuyub aparır. Sözlərini, pıçıltılarını, saçlarının iyini... 

Bir də heç bir zaman Təhminəylə görüşməyəcəklər, saçlarını 

əliylə alnından atdığını, dodaqlarında tükənmiş  təbəssümün, 

gözlərinin dibində sönən son qığılcımlarını Zaur heç vaxt 

görməyəcək. "Əlbəttə, belə deyil, — deyə düşündü. — Əlbəttə, 

yenə görüşəcəyik. Gözləmək lazımdır. Gözləmək, vəssalam". 



 174 

 

Üçüncü fəsil 

 

Yaxşı görünür surəti məhvəşlərin, 

əmma 

Yaxşı 

nəzər etdikcə, sərəncamı 

yamandır! 

 

Zaur valideynlərini çox istəyirdi. Həm də yaşa dolduqca 



daha artıq istəyirdi onları. Daha doğrusu, yetkinlik yaşında o, 

öz valideynlərini lap körpə vaxtında sevdiyi kimi sevirdi — 

təbii və təmənnasız bir məhəbbətlə... Körpəliklə yetkinlik yaşı 

arasında qalan qısa bir dövrdə — beş-altı il çəkmişdi bu 

müddət — Zaurun təqribən 14-15 yaşından 19-20 yaşına qədər 

— valideynlərinə münasibəti başqa cür idi. Əlbəttə, sevirdi 

onları, amma bu sevgidə bir bəyənməzlik, üstüörtülü, bəzən də 

açıqdan-açığa rişxənd, istehza da var idi — valideynlərinin 

yaşayış tərzinə, köhnəlmiş anlayışlarına və zövqlərinə bir növ 

ağız büzərdi. Amma, eyni zamanda, bu bəyənmədiyi həyat 

tərzinin bütün niyaz-imtiyazlarından da bolluca istifadə edirdi, 

bahalı hədiyyələrdən — ali məktəbə daxil olduğu il atası ona, 

"Moskviç" bağışlamışdı — imtina eləmirdi. O illər Zaurun 

bütün marağı idmanla, caz musiqisiylə, rəqslərlə  və  qızlarla, 

xarici geyim-kecimlərlə və xarici filmlərlə bağlı idi. 

Valideynləri ev-eşiklərini ağır, zəhmli, tünd mixəyi rəngli 

köhnə mebellə doldurmuşdular. (Belə mebel sonralar yenə 

dəbə mindi, amma o illər geriliyin, pis zövqün rəmzi kimi 

görünürdü Zaura). Valideynləri bufetlərinin üstünü, 

servantlarının içini bahalı qab-qacaqla doldurmuşdular, 

masanın, hətta röyalın üstünə də iri büllur güldanlar, mürəbbə 

vazaları, gülqabılar düzülmüşdü. Valideynləri hind 

filmlərindən zövq alırdılar, atası saatlarla radiocihazı 

qurdalayıb  ərəb və  İran musiqisinə qulaq asardı — ləzzətlə 

gözlərini də yumardı, qulağını dirəyərdi cihazın dinamikinə, 



 175 

necə deyərlər, "çorta gedərdi" və yalnız hərdən-birdən ağzını 

marçıldadıb "bəh-bəh" deyərdi. Valideynləri böyük cah-cəlallı 

məclislər düzəldərdilər, bu məclislərdə uzun-uzadı, adamın 

ürəyini çəkən duzsuz sağlıqlar deyilərdi. Və valideynləri elə bil 

iynə üstündə oturardılar: amandır, birdən qonaqların yeri səhv 

düşər, başda oturmalı qonaq aşağı düşər, aşağıda oturmalı 

adam başa keçər, amandır, birdən bir adam yaddan çıxıb qalar, 

sağlığına badə qaldırmazlar, amandır, birdən siyahının sırası, 

ardıcıllığı pozular: kiminsə ünvanına  əvvəlcə sağlıq deyilər 

(halbuki onun sağlığı sonra deyilməliydi), kiminsə sağlığı 

sonra deyilər (halbuki əvvəl deyilməliydi) və belə məclislərdə 

tamadalığa məhkum olmuş bədbəxt, yumordan məhrum biçarə, 

dəridən-qabıqdan çıxardı ki, məzəli bir söz desin və dediyinə 

də bircə özü gülərdi, amma qonaqlar da başa düşəndə ki, bu 

yerdə gülmək lazımdır, birtəhər, zornan irişərdilər... 

Valideynlərinin bütün bu həyat sistemini Zaur öz-özlüyündə 

"müsəlmançılıq" adlandırardı  və heç fikirləşməzdi ki, bədbəxt 

müsəlmanlar haçandan sağlıq deyiblər görəsən, haçandan bəri 

tamada seçiblər? 

Bir də ki, saysız-hesabsız qohum-əqrəbaları vardı və tez-tez 

onlara təşrif gətirən bu yad adamlarla kəlmə  kəsmək, xoş-beş 

eləyib, hal-əhval tutmaq məcburiyyəti vardı... Bir də evlərinə 

gələnlərlə anasının daimi söhbətləri, qeybətləri vardı: kim necə 

yaşayır, kimi hara qabağa çəkiblər və  məlumdur ki, nə yolla 

çəkiblər, kim kimin adamıdır, kim kimin arxası, dayağıdır, kim 

kimin yerlisidir, filankəs filankəslə gəzir, filankəs də filankəslə, 

filankəs filan qədər qazanır, filankəs filan şeyi alıb, filankəs 

arvadını döyür, ya filankəs ərinin başına min fırıldaq açır... 

Bütün bunlar Zaurçün yad və yabançı idi, onun sevmədiyi, 

bəyənmədiyi, bəzən, hətta nifrət bəslədiyi başqa bir aləmin 

bəlirləri idi. Və bu aləmin təzahürləri Zaurun canını lap 

boğazına yığan vaxtlarda o, hətta öz valideynlərinə  də xor 

baxırdı. Amma qəribədir, bu cür münasibətin nəticəsi tamam 

başqa olurdu. Zaur bu anlarda valideynlərinə az qala ikrah hissi 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə