Roman, povestlər



Yüklə 3 Mb.
səhifə52/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   48   49   50   51   52   53   54   55   ...   158

 183 

üyüdüb tökürdü, deyirdi ki, axır Alya dözməyib, özü işə 

qarışıb, amma Alya mənim kimi oğluynan danışmayıb, axı 

oğlu da elə avaranın, yelbeyinin biridir, yox, Alya o çərhəyanın 

özüylə danışıb, zəng eləyib hədələyib ki, bax, əl-ayağını 

yığışdır, yoxsa gəlib saçlarını keçirdərəm  əlimə, bircə-bircə 

yolub tökərəm tüklərivi. — Zivər xanım güldü. — Saçları da 

deyir, heç özününkü deyil o lotunun, qoymadır, parik taxır 

başına. 

Zaur elə bil bu hədələri artıq icra olubmuş kimi görürdü, elə 

bil gözləri qarşısında canlanırdı. Təhminənin gözlərinin Zivər 

xanım tərəfindən deşilməsi, tüklərinin, (bu tüklər parik-zad 

deyildi, özününkü idi — bunu Zaur yaxşı bilirdi) uzun 

saçlarının Alya xanım tərəfindən yolunmasını... 

—Çıxıram bir az havaya — dedi Zaur. 

Küçəyə düşən kimi avtomatdan Təhminəyə zəng elədi. 

—Bəli... bəli, eşidirəm sizi. — Telefondan yumşaq kişi səsi 

gəldi. — Manaf idi — Təhminənin əri. 

Zaur dəstəyi asdı... 

Axşam düşmüş, hava qaralmışdı. Zaur şəhəri gəzirdi.  İki 

dəfə  də  zəng elədi. Manafın səsini eşidib asdı.  Əlbəttə, 

salamlaşa bilərdi, öz adını deyə bilərdi və xahiş edərdi ki, 

Təhminəni telefona çağırsın: axı  hər halda, bir idarədə 

işləyirdilər, neçə müddətdi tanışdılar. Amma belə etmək 

istəmirdi: əvvəla, ona görə ki, ümumiyyətlə, Təhminənin əriylə 

danışmaq heç ürəyindən deyildi. İkincisi, bəlkə Manafın 

qulağına da bir şey çatıb, həm də Manafın yanında Təhminə 

necə ona izahat verəcəkdi — Spartakla "dostluq" eləyib, ya 

yox? Bütün bu fikirləri beynində dolaşdıra-dolaşdıra  şəhəri 

gəzirdi və  gəzdikcə  də elə bil sakitləşirdi. Lap tutalım Dadaş, 

ya elə Spartak Təhminənin adamı olub? Mənə  nə? Nəyimdi 

mənim Təhminə? Arvadım, qızım, bacım? Tamam özgə bir 

adamdır. Gözəldir, cazibəlidir, məni də  cəlb edir, çəkir. Çox 

gözəl, mən ki, niyyətimə çatdım, yaxınlığımız oldu onunla... 

Xoş  dəqiqələr, saatlar keçirdik... İndi də, özünün dediyi kimi, 



 184 

ayrılmalıyıq. Çox əcəb... Daha iztirab keçirmək, qısqanmaq 

niyə?.. Nəyimdir mənim?.. heç nəyim... Onun qeyrətini mənmi 

çəkməliyəm?.. Həm də bütün bu əlaqələri — əgər doğrudan da 

olubsa bu əlaqələr — bizim münasibətlərimizdən qabaq olub... 

Mənə  nə? Doğrudur, Təhminənin məhz Spartakla olması fikri 

Zaurun təpəsindən tüstü çıxarırdı. Kim olur-olsun, Spartak 

olmasın. Spartakı görməyə gözü yox idi. Hələ  uşaq 

yaşlarından, həyətdə bir yerdə oynadıqları, dalaşdıqları 

vaxtlardan Spartakdan zəhləsi gedirdi. Spartak satqın idi, 

daima onları satırdı, həm də qorxaq idi. Zaur uşaqlıqda o qədər 

əzişdirmişdi ki, Spartakı. Alya xanım, əlbəttə ki, yalan danışır: 

Təhminə, dünya gözəli Təhminə Spartak kimi bir dəyyusla 

"dostluq"mu edə bilər?..  Əlbəttə ki, Spartak Təhminəyə heç 

yaxın da düşə bilməyib və  məhz buna görə  də  ağzını allah 

yoluna qoyub artıq-əskik danışmağa başlayıb. Başqa səviyyədə 

Dadaş da bu cür davranmırdımı? Təhminə özü Zauru başa 

salmışdı ki, Dadaş necə edir bunu və nə səbəbdən edir? İndi də 

Spartak? Yəqin söz düşsəydi, Təhminə Spartak məsələsini də 

dəqiq-dürüst izah edərdi Zaura. Zaurun da ürəyində heç bir 

şəkk-şübhə qalmazdı... 

Axırıncı dəfə 12-nin yarısında zəng elədi, yenə də Manafın 

səsini eşidib dəstəyi asdı... Evə dönərkən düşünürdü: doğrudan, 

qəribədir, bax indicə bu saat Manafın səsini eşitdim. Gecədir. 

Yəqin Təhminəgilin pəncərələri də qaranlıqlaşıb. Onlar bir 

yerdədirlər, qaranlıq otaqda, gecəni bir yerdə keçirəcəklər, ər-

arvaddırlar. Amma bu fikir Zauru Spartak haqqındakı şübhələri 

qədər incitmir... 

Yağış çisələyirdi, Zaur evlərinə tərəf addımlayarkən birdən 

ağlına gəldi ki, sabah Təhminənin təzə  iş yerinə  zəng eləyə 

bilər. Telefonunu bilmirdi. Dadaşdan öyrənə bilər. Bəlkəm elə 

indi gecəyarısı Dadaşa zəng vurub öyrənsin? Məzəli bir əhvalat 

yadına düşdü, bu əhvalatı  Təhminə danışmışdı ona: bir gecə 

Nemət içib dəm olub, gecə saat üçdə  zəng eləyib Dadaşdan 

Təhminənin gözlərinin rəngini soruşub. 



 185 

—Yox, mən belə etməyəcəyəm, — deyə düşündü Zaur. — 

Gecə zəng eləməyəcəyəm Dadaşa. Səhər idarədə xəbər alaram. 

Sabahısı gün uzun zaman Dadaşa yanaşa bilmədi, otaq 

adamla dolu idi. Təhminənin yerində  təzə bir işçi — qara bir 

qız oturmuşdu. Zaur Nemətlə bir-iki gəlmə ordan-burdan 

danışıb çıxdı otaqdan. Fasilə zamanı  gələndə gördü ki, Dadaş 

otaqda təkdir... Dadaş iri şişman portfelini açmışdı, stolunun 

üstünə qəzet salıb evdən gətirdiyi yeməyini çuxartmışdı. Toyuq 

yeyirdi, otaq istiydi və Dadaşın sir-sifətindən tər axırdı, tər 

damcıları toyuğun yağına qarışırdı  və bir an Zaurun bu 

görünüşdən ürəyi qalxdı... 

Dadaş Zauru görüb: 

—Buyur, buyur, — dedi, — gəl çörək yeyək... 

Zaur: 

—Nuş olsun, — dedi, kənardakı stolun dalına keçdi. Dadaş 



başa düşdü ki, Zaurun onunla işi var. Ağzındakı iri tikəni udub: 

—Mənə sözün var? — dedi. 

—Bəli. Təhminənin təzə işində telefonunu bilmirsiz ki? 

Dadaş: 


—Bilirəm, — dedi və barmaqlarının yağını silmədən  əlini 

pencəyinin içəri cibinə saldı, oradan balaca telefon dəftərçəsini 

çıxartdı, ovulub didilmiş  vərəqləri çevirdi, telefon nömrəsini 

tapdı və Zaura dedi, Zaur yazmadı. Bu nömrə də, Təhminənin 

ev nömrəsi kimi yaddaşına həkk olunacaqdı. 

Daha Dadaşla bir işi yox idi, öyrənmək istədiyini öyrəndi, 

həm də  şahidsiz-filansız, artıq söz-söhbət nəyə  gərək?  İndi 

gedə bilərdi, amma bir az yubandı, nədənsə birdən soruşmağı 

qərara aldı: 

—Bəs niyə getdi axı burdan Təhminə? 

Dadaş  ağzındakı loxmanı uzun zaman çeynədi, nəhayət, 

uddu bundan sonra da cavab vermədi, hələ bir müddət də 

tikəsini həzm eləyə-eləyə, udquna-udquna, səssiz-səmirsiz 

başını buladı. Axır ki: 

—Əşi, bu qızın işi uzun həngamədir, — dedi. — Elə ömrü 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə