Roman, povestlər



Yüklə 3 Mb.
səhifə50/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   46   47   48   49   50   51   52   53   ...   158

 176 

ilə yanaşsa da, onların sədəqələrindən imtina etmirdi, əksinə, 

elə bil daxilində valideynlərinə qarşı bir növ ifrat, təmənnaçılıq 

hissi oyanırdı: müxtəlif  şəkillərdə, müxtəlif bəhanələrlə 

valideynlərindən elə hey bir şey çəkib qoparmaq istəyirdi. 

Valideynlərindən deyəndə — anası evdar qadındı, atası idi 

qazanan, amma atasına birbaşa müraciət etməyə  cəsarəti 

çatmırdı, atasıyla aralarında müəyyən pərdə saxlanırdı, odur ki, 

tələblərini, istəklərini anasının vasitəçiliyi ilə edirdi: "palto, 

kostyum, almaq istəyirəm", "səfərim var" və sairə  səbəblər 

gətirirdi. Bəzən ürəyinin sözünü zarafata salıb deyirdi: 

"kiminçün saxlayırsız bu pulları, bilmirəm, tək bircə balanıza 

da xərcləməyəndə kimə  xərcləyəcəksiniz professorun var-

dövlətini?" 

Hər istəyinə, hər arzusuna əməl olunurdu Zaurun və 

qəribədir — valideynlərinin oğullarına qarşı bu səxavəti, bu 

əliaçıqlığı  oğullarında minnətdarlıq hissi oyatmırdı, olsa-olsa 

içi istehza qarışıq məmnun bir təbəssüm qonurdu dodaqlarına... 

O illərdə  Zaur  su  pərisinə oxşayan sarışın saçlı Tanya adlı 

bir qızla gəzirdi. Tanya idmançı idi, yelkənli qayıqları sürmək 

üzrə çempion idi. Məlum deyil ki, hansı yollarla Zaurun anası 

oğlunun kiminlə  gəzdiyini iyləyib-çüyləyib bilirdi. Bu əlaqə 

heç ürəyindən deyildi Zivər xanımın və nədənsə həmişə o qız 

haqqında cəm halında danışardı: 

—Yenə sənin Tanka-mankaların zəng eləmişdi... 

Tanka-manka həmin o Tanya adlı  qız idi, həmin o su 

pərisinə oxşayan qayıq çempionu. Və  həmin o su pərisinə 

oxşayan sarışın qayıqçı  qız günlərin bir günündə ata-anasıyla 

Lvova köçdü və Zaurun həyatından həmişəlik qeyb oldu... Zaur 

az-az xatırlardı onu, hər dəfə xatırlayanda elə bil yaddaşına ilıq 

bir bahar mehi əsirdi — uzun sarı saçları islanmış Tanyanı 

gözləri qarşısına gətirən kimi dərhal xəyalında dənizin sonsuz 

maviliyi — qızın gözləri rəngdəydi bu mavilik —bir də 

dalğaları yarıb aşan iri ağ yelkənli qayıqlar canlanırdı. 

Zaurun atası, geoloji-mineraloji elmlər doktoru, professor 



 177 

Məcid Zeynallı  nə qazanmışdısa öz əlinin zəhmətilə, uzun və 

çətin həyat mübarizələrində qazanmışdı. 30-cu illərdə ucqar bir 

dağ  kəndindən Bakıya gələndə  Məcid Zeynallının yamaqlı 

çəkməsi, bircə  dəst boz şalvar-köynəyi və  şalvarının cibində 

cəmi-cümlətanı üçcə manat pulu vardı... Məcid mədənlərdə 

qara fəhlə  işlədi, vağzalda hambal işlədi, hətta bir müddət 

yeməkxanada aşpaz köməkçisi işlədi. Rabfakın axşam 

şöbəsində  təhsil aldı. Xüsusi bir qabiliyyətə malik olmasa da 

zəhmətsevərlik, yuxusuz gecələr, inad gücünə universitetə 

daxil oldu, oranı əla qiymətlə bitirib Leninqrada aspiranturaya 

getdi... 1936-cı ildə Leninqradda dissertasiya müdafiə elədi, 

elmlər namizədi oldu. Bakıya qayıtdı  və elə  həmin il işə 

düzəldiyi institutun makinaçısı Zivərlə evləndi... Zivərgilin 

Dağlı  məhəlləsində  dədə-baba evləri vardı.  İkimərtəbəli evin 

ikinci mərtəbəsini kirayə verərdilər, birinci mərtəbəsindəki iki 

otaqda isə Zivərin anası və bacılarıyla bir yerdə Məcidlə Zivər 

düz bir il yaşadılar. Bir il sonra Məcidgil  şəhərin mərkəzində 

azad olunmuş  mənzillərdən birinə köçdülər, sonralar 

qonşularındakı iki otağı da öz mənzillərinə qatdılar və 

indiyəcən də burada yaşayırdılar... 

Qırxıncı ilin sentyabrında Zaur dünyaya gəldi... 

Dava düşdü və topçu-zabit Məcid Zeynallı Sevastopolda 

yaralandı, qospitaldan sonra təcili Bakıya çağrıldı və bir dəstə 

geoloqla bir yerdə İrana göndərildi. Davanın axırınacan İranda 

qaldı.  İrandan gətirdiyi  şeylər içində Zaurun ən çox yadında 

qalan laklı  çəkmələr və  əlvan  şokolad qutuları idi... Davadan 

sonra Məcid Zeynallı doktorluq müdafiə elədi, kafedra müdiri 

təyin olundu və Qırmızı Əmək Bayrağı ordeni aldı. 

Təhminənin falında bir şey həqiqət idi: yaşa dolduqca Zaur, 

doğrudan da, yumşalırdı, mülayimləşirdi. 

Əvvəla, 


valideynlərinə qarşı mehribanlaşmışdı. Elə bil münasibəti daha 

təmənnasız olmuşdu. Doğrudur, yenə  də  hərdən-birdən 

anasına: "yaxşı, bir əlivizi cibivizə atın görək, — deyirdi, — 

professorun pulları kif atıb", amma indi ata-anasından pulu da 




 178 

elə bil bir növ utana-utana, çəkinə-çəkinə alırdı... İşə girəndən 

sonra özü də qazanırdı. Doğrudur, donluğu xərcinin onda birini 

də ödəməzdi, amma, buna baxmayaraq, hər dəfə anasından pul 

alanda deyirdi ki, borc götürürəm, maaşda qaytaracağam: hər 

ikisi bilirdi ki, bu günü-gündən artan borc heç bir vaxt 

ödənilməyəcək... 

Bir dəfə isə lap pərt oldu. Əslində bu pərtlik də deyildi, nə 

isə bir başqa hiss idi. Zaur biləndə ki, atası onun adına üçotaqlı 

kooperativ mənzil yazdırıb və pulunu da verib, həm bir qədər 

əsəbiləşdi — "kim bilir haçan hazır olacaq bu mənzil, ondansa 

bu pulları verəydi, indi xərcləyəydim" — deyə düşündü, həm 

bir az şəstinə  dəydi — deməli, mənim gələcək mənzilim də 

atamın hesabınadır, amma bir tərəfdən də sevindi — hər halda 

özünün ayrıca evi olacaq... Belə ayrıca otaq həsrətində olurdu

çox vaxt, tez-tez lazım olurdu ona belə bir məxsusi mənzil... 

Amma hər halda... Bir dəfə atası özü bu barədə söhbət saldı. 

Bu söhbəti açmaq üçün atası qəsdən elə vaxt seçmişdi ki, Zivər 

xanım evdə olmasın. 

—Əlbəttə, — dedi atası, — biz istərdik ki, həmişə  səninlə 

bir yerdə yaşayaq, amma bilirsən özün də, — bunu gizlətməyin 

nə  mənası var — ananın xasiyyəti tünddür. Sənin gələcək 

arvadın lap məlaikə olsa da, ikisi bir yerdə yola getməyəcəklər. 

Ailədə narazılıq, dedi-qodu nəyə lazımdır, ondansa bu başdan 

işimizi elə tutaq ki, arada hörmət-izzət qalsın... Vaxtdır, sən də 

gərək evlənmək barədə fikirləşəsən. Bizim də daha baba, nənə 

olmaq yaşımızdır.  Əməlli-başlı fikirləş, hər cəhətcə götür-qoy 

elə. O vaxta ev də hazır olar... İnşaallah, o vaxta gərək müdafiə 

də eləyəsən... 

Atası heç bir vaxt onunla belə danışmamışdı. Ümumiyyətlə, 

az-az danışırdılar, atası elminə — kitablar aləminə qapılmış 

qaradinməz bir adam idi, arvadıyla nadir hallarda danışar, 

oğluyla isə demək olar ki, heç danışmazdı. Bu cür açıq sözləri 

isə Zaur, ümumiyyətlə, birinci dəfə eşidirdi ondan. Elə buna da 

mat qalmışdı. Amma bundan daha artıq başqa bir şeyə mat 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə