64
* * *
”Məni telefona çağırdılar. Gəldim. Həyəcanlı bir səs eşidildi.
- Salam, Əliağa, sizinlə danışan Qaitinovdur.
- Salam, Valeri Mixayloviç, mənə aid qulluğunuz?
- Mən əlahəzrətin kabinetindən danışıram. Mənə təklif edirlər ki,
sizin məktəbdə müdir
işləyim. Sizdən çox xahiş edirəm ki, saat beşdə ordu və donanmanın klubuna gələsiniz. Həm
bir yerdə yemək yeyək, həm də məsləhətləşək.
Mən oraya getdim. Qaitinov rəhbərliyi öz üzərinə götürdü, mənim isə məşğələləri
aparmağıma razı olub-olmadığımı soruşdu. Razılıq verdim. - Təşəkkür edirəm, - dedi...
Yeni müdir general-leytenant Qaitinov daima auditoriyalara baş çəkir,
baş qərargah
zabitlərinin rəhbərliyi altında mühazirə və taktiki məşğələlərə gəlir, lakin bu məşğələlərin
gedişatına qarışmır, bunların hamısını öz müavininə (Şıxlinskiyə - Ş.N.) tapşırırdı”.
Bu kiçik epizod “Xatirələrim” kitabındandır. Şıxlinskinin dəmir yaddaşı çox şeyi olduğu
kimi hifz edib saxlamışdır. Məsələn, vaxtilə (1907-ci ildə) məktəbin müdiri onu ikinci
Konstantin topçu məktəbinə batareya komandirliyi vəzifəsinə namizəd göstərəndə Baş topçu
idarəsinin rəisi general Kuzmin Karavayev gözlənilən təklifi rədd edərək demişdir ki, “bu
vəzifəyə “tatar” (azərbaycanlı - Ş.N.) yox, rus tapmaq lazımdır.
Bütün
bunlara baxmayaraq, çar hökuməti, çar ordu heyəti general Əliağa Şıxlinskinin
əvəzsiz xidmətinə laqeyd qala bilməmişdir...
1912-ci ildə artilleriya məktəbinə müavin təyin edilən Şıxlinskinin müvəffəqiyyətinə
sevinənlər az deyildilər. Ona Rusiyanın, hətta xarici ölkələrin adlı-sanlı topçuları təbrik
teleqramları göndərmişlər. Baş qərargah Akademiyasının professoru general-mayor
A.A.Neznamov yazırdı:
“Sizi və rus artilleriyasını təbrik edirəm!”.
Fransa topçu zabitləri məktəbinin müdiri Nolle isə ürək sözlərini belə ifadə eləmişdi:
“Rus topçu məktəbinin ikinci şefi (məktəb müdirinin müavini ikinci rəhbər hesab
olunurdu - Ş.N.) təyin edilməyinizi eşitdim. Sizin simanızda rus artilleriyasını təbrik edirəm!”.
Jurnalın nömrələrini vərəqlədikcə məlum olur ki, əsrin əvvəllərində “Şıxlinski üçbucağı”
adlı hərbi nəzəriyyə müəllifinə böyük şöhrət gətiribmiş. Bu nəzəriyyə təkcə Rusiyada dərc
olunan hərbi dərsliklərə salınıb istifadə olunmurdu. Ədəbiyyatlardan məlum olur ki, “Şıxlinski
üçbucağı” Fransa və Avstriyada da geniş yayılıbmış. Məsələn,
Fransa topçu divizionunun
komandiri mayor Laver Şıxlinski ilə söhbətlərindən birində demişdir:
“Fransaya elm üçün çox əhəmiyyətli olan xeyli material aparıram. Bunun üçün sizə
minnətdaram”.
1913-cü ilin yayında general Joffre fransız ordusunun on yeddi nəfərlik zabit heyəti ilə
Rusiyaya gəlir. Onlar bir neçə gün artilleriya zabitləri məktəbinin proqramı ilə maraqlanırlar.
Fransızlar qısalüləli topdan örtülü atəş üsulu ilə bir komandirin rəhbərliyi altında
batareyadan necə atəş açıldığını göstərməyi xahiş edirlər. Bütün atəş üsulunun təşkilinə
komandirlik Əliağa Şıxlinskiyə həvalə olunur. General Şıxlinskinin təşkil etdiyi dəqiq atəş üsulu
və qısalüləli ağır top atışı fransızları heyrətdə qoyur. Onlar qısalüləli atəş üsulunu (o vaxta qədər
fransızlarda qısalüləli top atəşindən istifadə olunmurmuş - Ş.N.) özlərində tətbiq etməyi elə
oradaca qət edirlər.
Bir il sonra Rusiyaya gələn Fransa prezidenti Paunkare Raymon
rus artilleristlərinin
general Joffreyə və onun heyətinə göstərdikləri hörmət müqabilində mükafatlar gətirir. Bu
mükafatların arasında generallara məxsus cəmi iki fəxri Legion ordeni də vardı. Onun biri süvari
generalı Bezorazova, ikincisi isə Əliağa Şıxlinskiyə təqdim olunur.
Əliağa Şıxlinskinin hərbi və pedaqoji fəaliyyəti ilə yaxından tanış olduqda bu mahir
sərkərdənin misilsiz istedadına qibtə etməyə bilmirsən.
65
1897-ci ildə gənc Əliağa Şıxlinski ilə söhbət edən iyirminci topçu briqadasının baş
həkimi Zelenski ondan soruşur ki, belə bir istedadınız olduğu halda niyə akademiyaya
getmədiniz?
Əliağa Şıxlinski isə cavabında “iş belə gətirdi” - deyə təvazökarlıqla cavab verir. Bu
görüşdə iştirak edən general Baumqarten də söhbətə qoşulur: “Akademiyanı neyləyir, akademiya
onun başıdır”.
Doğrudan da keçmiş rus ordusunda ikinci elə bir şəxs yoxdur ki,
qeyri millətdən ola-ola,
ali hərbi təhsil almadan qısa bir vaxtda dörd il otuz altı gündən sonra general-mayor rütbəsinə
yüksəlsin.
Əliağa Şıxlinski hərbi xidmətdə belə tez, həm də böyük sürətlə irəliləməsinin ilkin
səbəbini rus-yapon müharibəsinin iştirakçısı olmasında, bir də topçu zabitləri məktəbindəki
hərbi-pedaqoci fəaliyyətində görürdü.
Əliağa Şıxlinskinin 1908-ci il noyabrın 26-dan 1914-cü il iyulun 8-dək topçu zabitləri
məktəbində olan elmi-pedaqoji fəaliyyəti çox yüksək qiymətləndirilmişdir. O, üçüncü dərəcəli
müqəddəs
Vladimir, eləcə də fransızların zabitlərə məxsus fəxri komandir Legionu ordeninə
layiq görülmüşdür.
“Artilleriya zabitləri məktəbinin xəbərləri” jurnalının səhifələri, orda verilmiş ayrı-ayrı
elanlar təsdiq edir ki, Əliağa Şıxlinski məktəbdə, qoşun bölmələrində və Peterburqun müxtəlif
elmi yığıncaqlarında hərbi mövzuda silsilə mühazirələr oxumuşdur. Bu mühazirələr Baş
qərargahın əmrilə kitabça şəklində çap olunmuşdur. Onun “Divizion miqyasında topçu
manevrlərinin təşkili üçün təlimat”, “Dağ və səhra artilleriyası üçün
məsələ və misallar
məcmuəsi”, (1913-cü ildən 1916-cı ilədək üç dəfə nəşr olunub - Ş.N.) “Səhra toplarının cəbhədə
işlədilməsi” və “Topçu zabitləri məktəbində podpolkovnik Şıxlinski tərəfindən oxunmuş
mühazirələrin xülasəsi” kimi sanballı kitabları çap olunmuşdur. Xüsusilə, sonuncu kitab topçular
arasında çox böyük şöhrət qazanmışdır. Onu da deyək ki, artilleriya zabitləri məktəbinin
mətbəəsində çap olunan bu kitab məktəbə xeyli mədaxil gətirir.
Həmin gəlirdən Əliağa
Şıxlinskiyə qızıl pulla 500 manat müəllif haqqı verilir...
Bizə Əliağa Şıxlinskinin indiyədək bircə kitabı məlumdur. O da 1944-cü ildə SSRİ
Elmlər Akademiyasının Azərbaycan filialı tərəfindən rus və Azərbaycan dilində çap olunmuş
“Xatirələrim”dir. Vəssalam. Bəs, yuxarıda adını çəkdiyimiz kitabların taleyi nə yerdədir, harda,
kimdə, necə saxlanılır? Bax, bu suallara cavab tapmaq lazımdır.
KİTAB AXTARIŞINDA
Anketlərin ağ səhifəsini doldurmaqdan yorulmurdum. Dalbadal Şıxlinskinin kitablarını
sifariş verirdim. Səhərisi cavabı üçün gələndə eyni sözləri oxuyurdum. “Belə kitab yoxdur.
Mənbəni dəqiqləşdirin”.
Məni təəccüb bürümüşdü. Axı, müəllif özü yazır ki, belə bir kitabım çıxıb. Onu da
bilirdim ki, Əliağa Şıxlinski “Xatirələrim” hərbi memuarını ancaq yaddaşına güvənib yazmışdı.
Özü də səksən yaşında! “Xatirələrim”i yenidən çapa hazırlayanda düzü şübhələndim: axı ola
bilməz ki, bu yaşda adam bu qədər faktı yadında saxlaya, rəqəmləri, tarixi hadisələri dəqiq deyə
bilsin. Ona görə də kitabda adı çəkilən adamların
familiya və rütbəsini, ayrı-ayrı hadisələri bir
daha hərbi ensiklopediya ilə yoxlayıb tutuşdurdum. Zərrəcə səhv tapa bilmədim. Ona görə də
mən general Əliağa Şıxlinskinin yazdığı hər bir fakta tam inamla yanaşırdım. Altıncı günü
anketimə baxan növbətçi qız dedi ki, sizi biblioqrafiya fondunun baş mühafizəçisi çağırır.
Dəftər-qələmimi yığışdırıb onun yanına getdim. O, məni “hücumla” qarşıladı:
- Hələ sizin kimi inad adama rast gəlməmişəm. Bütün azərbaycanlılar belədirlər?
- Xeyr, - dedim, - əlimizdə əsaslı fakt olmasa, biz heç vaxt yersiz inad göstərmərik.
- Axı sizə dönə-dönə deyirlər ki, belə bir kitab yoxdur, siz isə yenə də yazırsınız. Heç
olmasa anketlərə heyfiniz gəlsin. Özünüz fikirləşin, olmayan şeyi sizə hardan və necə verə
bilərik?