104
deyirəm. Saqqalı ağarmış, qoymur uşağımla doyunca söhbət edəm. - Oğullar
nə qədər böyüsə də,
general yox, lap marşal da olsa, yenə anaların gözündə uşaqdı ki, uşaqdı... Ana sevinclə - aha,
budur gəldilər, - dedi.
İçəri boy-buxunlu iki nəfər daxil oldu. General Kamil Məmmədov və dostu Tahir
Məmmədov. İki gün qonağı olduğum dostların səmimiyyətindən belə hiss etdim ki, onları bir-
birindən fərqləndirən təkcə hərbi geyimdir. Hökumə ana ərklə Tahiri danladı. General isə onun
boynunu qucaqlayıb:
- Ay ana, bilirsən bu gün...
- Bilirəm, - dedi, - çox yaxşı bilirəm. Bu gün Tahirin ad, günüdür, əlli yaşı tamam olur.
Sən Rusiyyətdə ola-ola bilirsən, biz yox. Ona görə də Tahirin xətrinə dəymirəm. Sən
burada
olmayanda dostlarından ən çox məni yoxlayan, halımdan xəbər tutan Tahirdir. Onu görüm yüz
yaşasın...
Xoş-beşdən sonra Kamil İsmayıl oğlu Məmmədovu sorğu-suala tutdum. İyirmi altı il
ordu sıralarında xidmət edən eloğlumuz ana dilimizin saflığını qoruyub saxlaya bilib. O,
danışdıqca qeyri-ixtiyari iki il orduda xidmət edib qayıdan bəzi gəncləri xatırlayırdım. Belələri
ordudan qayıdandan sonra tez-tez rus kəlmələri işlədirlər. Soruşanda ki, niyə belə danışırsan,
cavabı da bu olur ki, bizim hissədə azərbaycanlı əsgərlər az idi. Ona görə də dilimi
yadırğamışam.
Amma Kamil danışanda Qubadan elə bil bu gün çıxıb. Hər iki dildə səlis və savadlı
danışıq qabiliyyətinə malikdir. Kaş bütün gənclərimiz doğma ana dilimizə belə hörmətlə
yanaşaydı. “Gənc” deyirəm, ona görə ki, general Kamilin cəmi-cümlətanı, qırx altı yaşı var. Bu
gün bu yaşda general kimi yüksək rütbəyə layiq görülmək böyük hadisədir. Elə generala da ilk
sualım bu mövzuda oldu.
- Yoldaş general, iyirmi altı il ordu heyətində qulluq etmək az müddət deyil. Bu illər
ərzində Azərbaycanda xidmətdə olmamısınız. Xidmət etdiyiniz yerlərin coğrafiyası az
da olsa
mənə məlumdur. Brest, Leninqrad, Ukrayna, Almaniya Demokratik Respublikası, Əfqanıstan
Demokratik Respublikası, indi isə Moskvadasınız. Necə oldu ki, danışığınızda ana dilimizin
saflığını qoruyub saxlaya bildiniz?
- Əvvəla onu deyim ki, tez-tez məktəb yoldaşlarımla, anamla, qardaşlarımla
məktublaşıram. Mənə belə gəlir ki, bir dili mükəmməl öyrənmək istəyirsənsə, o dildə yazmaq
əsas şərtdir. Hiss edirdim ki, bəzi sözləri unuduram. Onda öz-özümlə ana dilimdə danışırdım.
Bəzən də oturub dostum Tahirə, Firdovsiyə, Rafiqə uzun-uzadı məktublar yazırdım. Bu
məktubların mövzusu əsasən gənclik macəralarımızdan ibarət olurdu.
Bir də görürsən, gecənin
bir vaxtı yuxudan oyanıram, yata bilmirəm, yuxu məni tutana kimi Qubanı xatırlayır, ayrı-ayrı
dostlarımla təklikdə söhbət edirəm. Belə hallar məndə ən çox Əfqanıstanda, Almaniyada qulluq
edəndə olurdu. Bir də hara gedirəmsə, Azərbaycan dilində olan kitablar mənimlə “xidmətdə”
olur. Onlar çox deyil, əsasən klassiklərimizin əsərlərindən ibarətdir. Lüğət də ki, öz yerində. Axı
mən harada oluramsa fəxrlə “azərbaycanlıyam” deyirəm. Bəzən rus dilində səlis danışdığımı
görən müsahibim mənə sual verir ki, öz dilində də belə təmiz danışa bilirsənmi? Onda elə
bilirəm
məni təhqir edirlər, necə ola bilər ki, insan öz ana dilini unutsun. Zənnimcə, bundan
böyük nadanlıq ola bilməz, ana dilini unutmaq elinə-obasına arxa çevirməkdir.
- Mart ayında Qubada olanda gənclik dostumuz Firidundan bioqrafiyanızdan bəzi faktları
öyrənə bildim. Onda rütbəniz polkovnik olsa da mənim üçün Siz artıq general idiniz. Biz bir az
tələsmişdik. İndi özünüzdən, daha ətraflı eşitmək istərdik. Nə vaxt, harada anadan olmusunuz?
- 1942-ci il fevralın dördündə Quba şəhərində Müxtədir küçəsindəki qırx beş nömrəli
evdə anadan olmuşam. Bir nömrəli şəhər orta məktəbini bitirmişəm. 1959-cu ildə Qubadakı kənd
təsərrüfat texnikumuna daxil olub tərəvəzçi ixtisası almışam.
1963-cü il noyabrın on ikisində növbəti hərbi xidmətə çağrılmışam. Üç il Brest
şəhərindəki artilleriya alayında qulluq etmişəm. Üçillik Tambov şəhərindəki
hərbi artilleriya
məktəbini, 1967-ci ildə leytenant rütbəsində qurtarmışam. Hərbi məktəbi əla qiymətlərlə
bitirdiyimə görə məni Almaniya Demokratik Respublikasına göndərdilər.
105
1973-cü ilə kimi orada xidmət etdim. Həmin ili baş leytenant rütbəsində baş qərargahın
Arxa cəbhə və Nəqliyyat Akademiyasına imtahan verib qəbul olundum.
1976-cı ildə akademiyanı mayor rütbəsində bitirib Ukraynaya diviziya komandirinin
müavini vəzifəsinə göndərildim.
1979-cu ildə mənə podpolkovnik rütbəsi verildi.
1982-1983-cü ildə Orta Asiyada korpus komandirinin müavini işlədim.
1983-cü il oktyabrın 19-da Əfqanıstana korpus komandirinin məsləhətçisi göndərdilər.
İki il iki ay dörd gün Əfqanıstanda xidmət etdim.
1986-ci ilin yanvarında xidmət yerimi Leninqrada dəyişdilər. Məni Leninqrad hərbi
dairəsində ordu komandanının müavini təyin etdilər. Bu ilin yanvarından isə Baş Qərargah
Akademiyasında çalışıram.
- Bəs general fəxri rütbəsinə nə vaxt layiq görüldünüz?
- SSRİ Nazirlər Sovetinin 1989-cu il bir noyabr tarixli qərarı ilə general-mayor rütbəsi
ilə təltif olundum.
- Nəslinizdə, ya da ailənizdə sizdən başqa hərbçi varmı?
- Atam İsmayıl Məmmədtağı oğlu dəmirçi idi. Ömrünün axırına kimi “Kommunizm
yolu” kolxozunda dəmirçi işləyib, halal zəhmətilə ailəmizin on bir baş üzvünü saxladı. Nə
nəslimizdə, nə də ailəmizdə hərbçi yoxdur.
- Necə oldu ki, hərb sənətini seçdiniz? Bu təsadüfdür, yoxsa bir səbəbi var?
Aqranomından birdən-birə hərbi işə keçmək... Bu sənətlər arasında
qohumluq əlaqəsi demək
olar ki, yoxdur...
- Bir gün belə aqranom işləməmişəm. Bu sənət ürəyimcə deyildi. Ora bir təsadüfdən
düşmüşdüm. Hərb sənətini sevməkdə orta məktəbdə riyaziyyat müəllimim olmuş mərhum
Arzuman Paşayevə borcluyam. Məktəbdə mən onun ən sevimli şagirdi olmuşam. Ona görə ki,
riyaziyyatı əla bilirdim. Tambov hərbi məktəbini, Baş Qərargah Akademiyasını əla qiymətlərlə
bitirdiyimə görə Arzuman müəllimi ömrüm boyu minnətdarlıqla xatırlayacam. Arzuman
müəllimin ikicə pencəyi vardı. Biri ilə dərsə gələr, o birini isə həyət-bacada geyinərdi. O, çox
səmimi insan idi və əsl pedaqoq kimi nümunəvi dərs keçərdi. Brestdə sıravi əsgər kimi xidmət
edəndə məzuniyyətə gəlmişdim. Qohumum Yusif Eldarov məni evinə apardı. Müharibə vaxtı
odun-alovun içində aldığı “Qırmızı ulduz” ordenilə onu otuz ildən sonra təltif etmişdilər. Yusif
əmi böyük fəxrlə mənə orden və medallarını göstərib,
hərb sənətindən, özünün döyüş yolundan
maraqlı söhbət etdi. Bax, onda Yusif əmi uşaqlıqdan qəlbimdə sevib bəslədiyim hərb sənətinə
getməyimə tam təkan verdi. Heç kəs mənə demədi ki, get hərbçi ol, mən özüm hiss elədim ki,
məndə hərbi istedad var.
- Əgər uşaqlıqdan hərb sənətinə maraq göstərmisinizsə, demək azərbaycanlı
generallardan, hərbçilərdən kiminsə döyüş yolunu öyrənmisiniz, hansı hərbçiyəsə oxşamaq
istəmisiniz. Bu gün tarixi sənədlər, araşdırmalar
hökm verir ki, səksəndən çox azərbaycanlı
generalımız var. Bunların hansı biri haqqında daha çox məlumata maliksiniz?
- Ən çox sevdiyim, həyatını addım-addım öyrəndiyim Həzi Aslanov olub. Necə
deyərlər, onun havasına uçurdum. Onun haqqında harda, nə çap olunurdusa toplayırdım.
Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədovun, Həbibulla Hüseynovun, Qafur
Məmmədovun, Mehdi Hüseynzadənin ömür yolunun mənim hərbçi olmağımda çox böyük
xidmətləri olub. Artilleriya generalı Əliağa Şıxlinski haqqında balaca bir yazını oxuyanda
düzü xalqımın nələrə qadir olduğuna heyran qaldım. Qoy oxucular məni bağışlasın,
təvazökarlıqdan uzaq da olsa deməliyəm, ki, onda qət elədim ki, general olacam. Mənzilin
uzaqlığını, hərb sənətinin ağırlığını çox gözəl bilirdim. Axı, mən sıravi əsgərdən başlamışam.
Ona görə də hərb sənətinin sirlərinə yaxşı bələdəm. Hər yerdə də riyaziyyat köməyimə gəlib.
Nizam-intizam da öz yerində.
Ona tam əməl eləməyən əsgərdən, zabitdən general ola bilməz.
- Bu gün siz Sovet Ordusunun “beyni” adlandırılan Baş Qərargah hərbi Akademiyasında
çalışırsınız. İşinizin mahiyyəti və tutduğunuz vəzifə nədən ibarətdir?
- Maddi və texniki təchizat üzrə Lenin və Suvorov ordenli K.Y.Voroşilov adına hərbi
Akademiyada Baş Qərargah rəisinin müaviniyəm. Bu vəzifəyə məni yalnız işimə görə təyin