GüLÜstan prospekti Şəhid komandir Əli Çitsazianın həyat yoldaşı Zəhra Pənahinin xatirələri



Yüklə 2,21 Mb.
səhifə3/14
tarix30.12.2017
ölçüsü2,21 Mb.
#18442
1   2   3   4   5   6   7   8   9   ...   14

İkinci fəsil: Mavi gözlü elçilik


1986-cı ilin martı idi. Avtobusun şüşəsindən səkinin kənarındakı çılpaq və quru ağaclara, üzərinə toz və tüstü dolmuş və yavaş-yavaş əriməkdə olan qarlara baxırdım. Səma aydın və mavi idi, bəzən göydə bir dəstə quş görünürdü.

Avtobus dayandı, sürücü güzgüyə baxıb ucadan dedi: "Hünəristan".

Yumru ağ üzü, qəşəng yaşıl gözləri olan və məncə, gördüyüm bütün qızlardan gözəl bir qız avtobusdan endi. Həmişə dostları ilə avtobusun sonunda oturub astadan danışırdılar. Mənim kimi o da ikinci kursda oxuyurdu. Adı Məryəm idi. Bir sinifdə deyildik, bunu dostlarından eşitmişdim. Avtobus Dibac şəhidləri peşə liseyinin önündə dayanmışdı. Çadrasını səliqəyə saldı, üzünü tutub avtobusun pillələrindən endi. Şüşənin arxasından bir daha dostları ilə sağollaşıb əl yellədi. Sərnişinlərin əksəri Təhzib peşə liseyinin şagirdləri idilər.

Avtobus bizim yaşadığımız Mirzadə Eşqi xiyabanından keçirdi. Mən hər gün İmam Xomeyni xəstəxanasının dayanacağında düşürdüm. O vaxt küçəmizin adı Möhrəqan idi, Qazian küçəsi ilə üzbəüz yerləşirdi. Xiyabanın o tərəfinə keçib öz küçəmizə girəndə qapımızın önündə bir vanet gördüm. Bir neçə kişi həyətə girib az sonra bir neçə böyük banka gətirdilər və vanetin arxasına qoydular.

Həyətə çatanda kənarda dayandım ki, kişilər çıxsınlar. Onlar daha bir neçə turşu bankasını vanetin arxasına qoydular.

Kiçik həyətimiz adamla və müxtəlif qoxularla dolu idi. Qadınlar dəstə-dəstə oturub və ya ayaq üstə dayanıb işləyirdilər. Bir neçə qadın ocağın başında dayanıb böyük bir qazanda mürəbbə bişirirdilər. Bir dəstəsi də soyumuş sirkə və bal şərbətlərini bankalara tökürdülər.

Bir neçə qadın böyük xalçanın üstündə oturub podnosun içindəki çərəzləri kiçik sellofanlara tökür və ağızlarını yaşıl lentlərlə bağlayırdılar.

Xanım Həmidzadənin yanından keçəndə salam verdim. O, anamın dostu idi və Bəsic sexində Allah rizasına dərzilik edirdi. Təbəssümlə salamımı aldı və yanındakı qadının qulağına nə isə pıçıldadı. Xəcalət çəkdim və yanaqlarımın istiləşdiyini hiss etdim. Tez özümü dəhlizə çatdırdım.

Dəhlizdə yeddi-səkkiz qadın dövrə vurub oturmuşdular. Yerə sərilmiş böyük ağ süfrənin ortasına kəllə qənddən bir dağ komalanmışdı. Qəndlərim tozu boğazıma gedib ağzımı şirinləşdirdi. Qadınların biri əzbərdən Təvəssül duası oxuyurdu, o birilər də qəndləri qıra-qıra zümzümə edirdilər: "Ya vəcihən indəllah! İşfə ləna indəllah!"

Səssiz-səmirsiz mətbəxə keçdim. Anam qazın üstünə böyük bir qazan qoymuşdu və çömçə ilə qarışdırırdı. Sirkə iyi boğazımı yandırdı. Anama salam verib halını soruşdum. Soyuducunun qapısını açmaq istəyirdim ki, xanım Həmidzadə arxamca mətbəxə girdi və anamın qulağına nə isə pıçıldadı.

Mövzunun nədən ibarət olduğunu təxmin etdim. Paltarlarımı dəyişmək bəhanəsi ilə otağa qaçıb orada da qaldım. O zaman beş yaşı olan Nəfisə otaqda yatmışdı.

Az sonra anam məni çağırdı, köynəyimi şalvarımın üstünə salıb bayıra çıxdım. Xanım Həmidzadə və həyətdə onun yanında oturmuş qadın otağın küncündə qənd qıran qadınların arxasında gözləyirdilər. Anam işarə ilə saçımı səliqəyə salmağımı bildirdi. Yadıma düşdü ki, saçımı daramamışam. Anam yenə işarə ilə onlara çay aparmağımı istədi.

Xanım Həmidzadənin yanındakı qadının mənə nə üçün bu qədər həvəslə baxdığını başa düşmüşdüm. Qonaqlara məxsus stəkanlara çay süzdüm, qənddanı qəndlə doldurub sininin içinə qoydum. Bir qədər geriyə çəkilib çayın rənginə baxdım; gözəl idi və üzərindən buğ çıxırdı. Özümü metal samovarda süzüb saçıma əl gəzdirdim. Dəhlizə çıxdım. Xanım Həmidzadənin dostu ortaboylu idi, ağ üzü, enli və işıqlı qaşları, xırda və çəhrayı dodaqları vardı. Çox təmiz və yaraşıqlı geyinmişdi. Əyilib çayı önünə tutanda təbəssüm etdi və ana kimi baxıb dedi: "Əllərinə sağlıq! Xoşbəxt olasan, inşallah!"

Əlim əsə-əsə çay podnosunu xanım Həmidzadənin və anamın da önünə tutdum, sonra aparıb mətbəxə qoydum və otağa girib orada da qaldım. Çantamdan təqvimimi çıxarıb 07.03.1986 tarixinə vurma işarəsi qoyub yazdım: “Elçilik”.

İki imtahan arasında tətil olduğundan ertəsi gün sübh namazından sonra saat onun yarısına qədər yatdım. Yuxudan ayılıb dişlərimi fırçalamağa gedəndə təəccübdən gözlərim bərəldi. Xanım Həmidzadə və dünənki yaraşıqlı qadın həyətdə dayanıb anamla danışırdılar.

Gedib mətbəxdə gizləndim. Bir azdan onlar getdilər, anam gəlib dedi: "Firiştə, Mənsurə xanım Həmidzadə xanımın dostudur. Dünənki qadını deyirəm. Səni çox bəyənib. Xanım Həmidzadə onları çox tərifləyir; deyir ki, yaxşı ailədirlər, oğlu xanım Həmidzadənin oğlunun döyüş yoldaşı və dostudur".

Dilxor halda dedim: "Ana, yenə başladın?! Nə qədər deyim, mən hələ bu haqda düşünmürəm, oxumaq və universitetə girmək istəyirəm".

Anam dedi: "Tələsmə! Məgər bu tezliyə alıb aparacaqlar?! Mən sənin tərəfindən bunu və başqa sözləri də dedim. Mənsurə xanım deyir ki, sənin nəcibliyindən xoşlanıb. Deyir ki, oğlu sənin kimi bir qız istəyir. Sənin dərs oxumana da etirazları yoxdur. Ürəyin istəsə, izdivacdan sonra təhsilini davam etdirərsən. Deyir ki, öz qızı da oxuya-oxuya nikah bağlamışdır".

Başımı aşağı salıb heç nə demədim. Anam təbəssüm içində və sevinclə dedi: "Məncə, yaxşı ailədirlər. Oğlu pasdardır".

Anam bilirdi ki, ailə qurmaq üçün meyarlarımdan biri yoldaşımın pasdar olmasıdır. Düşünürdüm ki, pasdarlar qüsursuz, etiqadlı və mömin adamlardır, mənəvi məqam və əxlaq baxımından ruhanilər kimidirlər. Anam dedi: "Mənsurə xanım deyirdi ki, oğlu müharibənin əvvəlindən indiyədək cəbhədədir".

Meyarlarımı yadıma salmağından bildim ki, anam bu izdivaca razıdır. Meyarlarımın biri də yoldaşımın döyüşçü olması idi. Anama demişdim ki, inqilab üçün bir iş görmək istəyirəm, cəmiyyətə yük olmaq istəmirəm. Məqsədim bu idi ki, bir döyüşçü ilə ailə qurub inqilab yolunda olum və vətənimə xidmət edim.

Anam mənim sükutumu görüb heç nə demədi.

Ertəsi gün məktəbdən qayıdanda anam evi gül kimi təmizləmişdi. Həyət qapısının önü də süpürülmüş və sulanmışdı. Həyəti yumuşdu, şüşələri təmizləyib parıldatmışdı, otaqlar süpürülmüşdü, əşya və aksesuarların tozu alınmışdı. Dünənki tör-töküntüdən, cəbhəyə mürəbbə və turşu hazırlayanlardan əsər-əlamət qalmamışdı.

Evdən gül ətri gəlirdi. Anama yazığım gəldi. Bütün bunları biz evdə olmayanda dörd-beş saatın içində təkbaşına etmişdi. Anam qulağıma pıçıldadı ki, bu gecə Mənsurə xanımla oğlu bizə gələcəklər.

Bunu eşidən kimi əl-ayağım dondu və ürəyim döyünməyə başladı. Nahar yeməyindən sonra elçilik həyəcanı içində Röyanın köməyi ilə evin təmizliyini tamamladıq.

Axşam oldu. Anam şam yeməyi hazırlayırdı. Saat doqquzun yarısında qapının zəngi çalındı. Atam qapını açdı. Mənsurə xanım və oğlu idi. Bacılarımla mən otağımızda gizlənmişdik. Anamla atam qonaqlarla birgə qonaq otağına keçdilər. Nə etməli olduğumu bilmirdim. Həyəcanım çoxalmışdı, nəfəsim güclə gəlirdi. Bekarlıqdan təqvimimi götürdüm və həmin gün üçün kiçik bir vurma işarəsi qoydum.

Ələddin lampası otağın ortasında idi, üzərindəki qəhvədandan buxar çıxırdı. Otaq isti olsa da, soyuqdan titrəyirdim və dişlərim bir-birinə dəyirdi. Yavaş-yavaş içəridən donduğumu hiss edirdim.

Bir neçə dəqiqədən sonra anam otağa girib yavaşca mənə dedi: "Firiştə, gəl gedək. Atan kürəkənlə danışmağına icazə verdi".

Ürəyim sinəmdən qopacaqdı, əl-ayağımı idarə edə bilmirdim. Anam qabaqda getdi.

Ayağımı qonaq otağına qoyan kimi gözlərim qaraldı. Mənsurə xanımla oğlu ayağa qalxıb gülərüzlə salam verdilər və halımı soruşdular. Atam, anam və Mənsurə xanım bayıra çıxdılar.

Kürəkən otağın yuxarı tərəfində oturmuşdu. Ucaboy nəzərə çarpırdı. Elə o anda fikirləşdim ki, onsantimetrlik bir dikdaban ayaqqabı geyinsəm, ona çataram. Başını aşağı salmışdı. Fürsətdən istifadə edib ona diqqətlə baxdım. Səkkizcibli hərbi şalvar, qəhvəyi köynək və gödəkcə geyinmişdi. Sarışın saçı, bığı və saqqalı vardı. Gözlərini görmədim, çünki bütün o müddətdə bir an da başını qaldırmadı. Nə edəcəyimi bilmirdim. Üzümü tam tutdum, təkcə burnum bayırda qaldı. Otaqda yerdə bir qutu şirniyyat və bir gül dəstəsi vardı. Gülün gözəl ətri otağı doldurmuşdu. O, yuxarı tərəfdə küçəyə açılan pəncərənin yanında, mən də sağ tərəfdə divara söykənib oturmuşdum. Bir neçə dəqiqə belə sükutla keçdi. Nəhayət, o başladı.

– Bismillahir-Rəhmanir-Rəhim. Adım Əli Çitsaziandır. Mən Bəsic üzvüyəm, imamın xəttinin ardıcılıyam, ölümlə məsafəm bir saniyədir. Dua edin ki, mənə şəhidlik qismət olsun. Hər an şəhid ola, yaralana və ya əsir düşə bilərəm. Çox vaxt aylarla Həmədana gəlmirəm.

Bir qədər dayandı, bəlkə də mənim nəsə deməyimi gözləyirdi. Sonra sükutu pozub yenidən sözünə davam etdi.

– Onuncu sinfə qədər dərs oxumuşam, səbəbi də müharibədir. Mənim həyatımda müharibə birinci dərəcəli məsələdir. Çünki İmam Xomeyni tapşırıb ki, cəbhələri boş qoymayın. Əgər bu döyüş iyirmi il də sürsə, qalıb vuruşacaq, dinimi, imanımı və inqilabımı müdafiə edəcəyəm. Təhsil ixtisasım elektrikdir. Dibac peşə liseyində oxuyurdum. Dünya malından heç nəyim yoxdur: nə ev, nə maşın, nə pul.

Yenə sakit oldu ki, bəlkə nəsə demək istəyirəm. Və yenə əlavə etdi: "Allaha şükür edirəm ki, sağlamam. Allaha şükür ki, idmançıyam, döyüşçüyəm. Lakin siz istəməsəniz, hər şey dəyişə bilər; yəni gələcək həyat yoldaşım razı olmasa, cəbhədən əl çəkib Həmədanda özümə bir iş taparam".

Bu sözünə çox təəccüblənib dedim: "Yox. Təsadüfən, mənim ailə qurmaq üçün meyar və şərtlərimdən biri də yoldaşımın cəbhə adamı olmasıdır".

Əlində bir təsbeh vardı, tez-tez fırladırdı. Birdən əli dayandı, bütün üzünə gülüş çökdü. İlk imtahandan uğurla keçdiyimi duydum.

Sevinclə dedi: "İlahi, şükür! Çünki mən özümü cəbhəyə vəqf etmişəm. Siz məscidə bir qab və ya xalça vəqf edəndə daha onu bayıra çıxara bilməzsiniz; qab sınmayınca və xalça çürüyüb cırılmayınca. Hələ o zaman da təmir edib yenidən məscidə qaytarmaq lazımdır".

Soruşdu: "Bəs siz? Həyatda və izdivacda məqsədiniz nədir?"

Dedim: "Mən çox istəyirəm ki, inqilaba kömək edim. Anamla birgə cəbhəyə yardım mərkəzində çalışırıq. Lakin düşünürəm ki, cəbhəyə bundan da artıq kömək etməliyəm. Necəliyini bilmirəm. Bəlkə gələcək yoldaşım döyüşçü olsa, mənə kömək edə bilər. Adamın etiqadı, dini, imanı və həqiqi müsəlman olması mənim üçün çox mühümdür".

O şəraitdə düşüncələrimi bəyan edə bilmirdim, iki-üç cümlə deyib dayanırdım. Doğrusu, daha çox Tehran ləhcəsi ilə danışmağa çalışırdım. Əli ağa isə bəlli idi ki, kitab dili kimi danışmaq istəyirdi.

Soruşdu: "Onda siz mənim şəhid olmağıma, yaralanmağıma və ya əsir düşməyimə qarşı deyilsiniz?"

Özümü itirsəm də, bilmirəm haradansa beynimə bir fikir gəldi. Tez cavab verdim.

– Allah eləməmiş, heç kim eyni zamanda həm şəhid, həm yaralı, həm də əsir olmur.

Təbəssüm etdi. Düşündüm ki, birdən yüngül və dayaz cavab vermiş olaram. Düzəltməyə çalışıb dedim: "Ananız deyirmiş ki, müharibənin əvvəlindən cəbhədəsiniz. Allaha şükür ki, indiyədək bir hadisə baş verməyib. İnşallah, bundan sonra da problem çıxmaz".

Heç nə demədi. Başını aşağı saldı və təsbehlə zikr deməyə başladı. Birdən dünəndən hazırladığım əsas sual yadıma düşdü. Ondan soruşdum: "Bağışlayın, ailə qurmaqda məqsədiniz nədir?"

Düşünmədən cavab verdi: "Dinimi kamilləşdirmək, Peyğəmbər sünnəsinə əməl etmək".

Sonra bir qədər dayanıb əlavə etdi.

– Cəbhədə əməliyyat zamanı məzuniyyət ləğv olunur. Bəzən ailəli döyüşçülər deyirlər ki, Əli ağanın özünün avrad-uşağı olmadığı üçün rahatdır. Mən onların şəraitlərini başa düşmək istəyirəm. Düşünürəm ki, eyni şəraitdə olub qanun qoysaq və icra etsək, daha yaxşı olar. Təbii ki, bu, ikinci dərəcəli məqsədlərdəndir.

Bu cavaba həm təəccübləndim, həm də sədaqəti xoşuma gəldi. Gözaltı ona baxdım, başı hələ də aşağı idi və təsbehlə zikr deyirdi. Sükut uzananda dedim: "Pasportda adım Zəhradır, amma hamı məni Firiştə çağırır".

Gülümsəyib dedi: "Zəhra xanım! Nə yaxşı! Biz Əhli-beytə (ə) və həzrət Zəhraya (ə) aşiqik. Onların mübarək adlarını çəkmək üçün də ləyaqət lazımdır".

Ayağa qalxıb otaqdan çıxdım. Atam dəhlizdə qapının önündə oturmuşdu. Məni görən kimi göz-qaş işarəsi ilə soruşdu ki, nə oldu?

Utandım.

- Heç bir şey. Siz nə desəniz.

Atam gülümsəyib dedi: "Mübarəkdir!"

Atam dəhlizdə başları söhbətə qarışmış anamla Mənsurə xanımı qonaq otağına dəvət etdi.

Mən öz otağımıza bacılarımın yanına getmək istəyirdim, amma anam əlimi tutub yenidən qonaq otağına qaytardı. Atam Əli ağanın yanında oturub işdən danışmağa və cəbhənin vəziyyətini soruşmağa başladı. Anam da Mənsurə xanıma cəbhəyə yardım məqsədilə gördükləri çoxlu işlərdən danışırdı; dərzi sexindən digər fəaliyyətlərə qədər.

Bir də duydum ki, atam toy vaxtını təyin edir. Sonra da mehrdən söhbət düşdü. Atam dedi ki, mənim nəzərimdə bir şey yoxdur, özünüz nə məsləhət görsəniz.

Mənsurə xanım mənə baxıb razılıqla dedi: "Biz 14 məsuma görə 14 qızıl təyin edərik".

Anamın qulağına pıçıldadım: "Necə?! Bu, olduqca çoxdur!”

Mənsurə xanım eşitdi.

– Yox, qızım, çox deyil. Sizin dəyəriniz qat-qat artıqdır, amma hər halda, bu, bir qaydadır.

Atam dedi: "Bizim üçün maddiyyat əsla mühüm deyil. Allah şahiddir ki, biz sizin ailəniz barədə araşdırma da aparmamışıq. Maşallah, Əli ağa yaxşı, pak və mömin gəncdir. Müharibənin ilk günündən cəbhədə olması bizə kifayətdir. Mən qızımı fəxrlə ona tapşıraram. Əli ağa dindar, cəsur və qeyrətli oğlandır, inqilabçı və hizbullahçıdır. Bunlar hər şeydən dəyərlidir. Allaha and olsun, əgər sizin bu gün ailə qurub, sabah şəhid olacağınızı bilsəm, yenə də qızımı verərəm".

Əli ağa qızarmışdı. Atama dedi: "Biz də sizin ailəniz barədə belə düşünürük. Allaha and olsun ki, razılıq verməsəydiz də, sizdən inciməzdik. Allaha şükür, siz də Bəsic ailəsisiniz. Sizin kimi mömin və fədakar bir ailə ilə qohum olmaq bizə şərəfdir".

Sonra sakit qaldı və bir qədər yavaşca dedi: "Hərçənd, mən bu evə ayağımı qoyanda ümidsiz qayıtmayacağıma əmin idim".

Ertəsi gün nənəmgilə getdik ki, həm Mahmud dayını görək, həm də kürəkənin ailəsinin bizə gələcəyini deyib onları da qonaq çağıraq. Mahmud dayı cəbhədən gəlmişdi. Bir qədər oradan-buradan danışdıq. Anam dedi: "Mahmud can, Firiştəyə elçi gəlib".

Mahmud dayı qımışıb mənə göz vurdu və dedi: "Mübarəkdir!"

Xəcalətimdən başımı aşağı salıb qara çadramın saçağı ilə oynamağa başladım. Mahmud dayı soruşdu: "Kürəkən nəçidir?"

Anam dedi: "Sizin kimi pasdardır, adı Əli Çitsaziandır".

Mahmud dayı çay içirdi, çay boğazında qaldı, təəccübdən gözləri bərəldi.

– Əli ağa?!

Anam soruşdu: "Tanıyırsan?"

Anam gülümsəyib qalib görkəmində mənə baxdı və dedi: "Sənə dedim ki, Mahmuda desək, tanıyar".

Mahmud dayının öskürəyi dayanan kimi dedi: "Siz Əli ağanı tanımırsınız?! Əli ağa bizim komandirimizdir. "Hüseyn köməkçiləri" diviziyası bir yana, Əli ağa bir yana! Qorxmaz və cəsur adamdır. Kəşfiyyat bölüyünün komandiridir. Uşaqlar onun kəşfiyyatından elə şeylər danışırlar ki; yalan-doğru. Amma biz yalanlarına da inanırıq. Deyirlər ki, düşmən tərəfə keçib onlarla birgə yemək növbəsinə dayanır. Çox söz danışırlar. Çox qorxmazdır, "Hüseyn köməkçiləri" kəşfiyyatı üçün böyük qüvvədir. Allah onu qorusun!"

Anam mənə baxıb təəccüblə dedi: "Bizə komandir olduğunu demədilər; nə özü, nə anası".

Mahmud dayı dedi: "Əli ağa ixlaslı adamdır. Vəcihə xanım, əgər kürəkənin olsa, bəxtin gətirib. Ən əsası odur ki, yalançı və riyakar deyil; nə Allaha yalan deyər, nə də bəndəyə. Bizimlə danışanda əvvəlcə İmam Əlidən (ə) nəql olunan bu hədisi deyir: "Vicdan yeganə məhkəmədir ki, orada hakimə ehtiyac yoxdur". Mahmud dayı çox ciddi şəkildə dedi: "Amma bacı can, bir söz deyim, Əli ağa özünü cəbhəyə vəqf edib, yaxşı fikirləş. Evlənən kimi şəhərə qayıdıb evinə-ailəsinə yapışan adamlardan deyil".

Anam etirazla dedi: "Məgər biz dedik ki, müharibədən qayıtsın?! Mahmud can, məgər biz və anamız sənin və Məhəmmədin cəbhəyə getməsinə qarşı çıxmışıq?!"

Nənəm bizə meyvə gətirirdi. O, Məhəmməd dayımın adını eşidib ah çəkdi. Anam zirəkliklə mövzunu dəyişib dedi: "İndi sən arvad alıb evdə oturmusan?!"

Dayım güldü.

– Məni Əli ağa ilə müqayisə edirsən?! Məni yüzə yox, minə də vursan, yenə Əli ağa etməz.

Mahmud dayı ağaya qalxıb albomunu gətirdi və dedi: "Mənim onunla bir neçə şəklim var".

Əli ağanın şəklini göstərmək üçün albomu vərəqləyə-vərəqləyə dedi: "Məncə, iyirmi üç yaşı ancaq olar, amma yaşı otuzu ötmüş bir kişi kimi görünür".

Mahmud dayı Əli ağanı tərifləyə-tərifləyə albomunu vərəqləyirdi. O vaxta qədər izdivac haqda düşünəndə gələcək yoldaşımı ucaboy, enlikürək, qaraqaş və qaragöz təsəvvür edirdim. Heç vaxt fikirləşməzdim ki, bir gün sarışın və mavi gözlü bir adamla ailə quracağam. Dayım barmağını şəkillərdən birinin üzərinə qoyub dedi: "Bu onun adamlarından biridir. Kəşfiyyat əməliyyatlarından birində yaralanıb düşmən tərəfdə qalmışdı. Heç kəs onu gətirməyə cürət etmirdi. Əli ağa özü ambulansın arxasına keçib düşmən torpağına getdi və adamını götürüb gətirdi. Bu işi yüz ambulans sürücüsünə desəydin, biri də cürət etməzdi”.

Dayım əlini başqa bir şəklin üzərinə qoydu.

– Bu da Əli ağadır.

Xəcalət çəkib başımı aşağı saldım. Dayım dedi: "Tabeliyində olanları çox fikirləşir. Komandirliyində tələbkar və qanunsevərdir, amma ürəyin istəyən qədər ürəyiyuxadır. Adamları kəşfiyyata gedəndə onlar gələnə qədər yolda dayanır, axırıncı adam qayıtmayınca, özü qayıtmır. Bu onun ürəyiyuxalığından irəli gəlir. Ailə-uşağı ilə həyatında da mütləq belə olar".

Həmin gün Mahmud dayı günortaya qədər bizə Əli ağanı təriflədi, onunla xatirələrindən danışdı.

Evə qayıdanda gec idi. Yolboyu Mahmud dayının sözləri haqda fikirləşir, yaxşı hisslər keçirirdim. Ən böyük arzuma çatdığımı düşünürdüm. Bütün fikri-zikri cəbhə olan bir döyüşçü ilə yaşamaq sayəsində mən də mütləq məqsədimə çatacaq və inqilaba kömək edəcəyim yolu tapacaqdım.

Həmin gün şam yeməyindən sonra Mənsurə xanım, ağa Nasir, Əli ağa, Əmir ağa, Hacı Sadiq, onun yoldaşı ilə qızı Leyla və Əli ağanın bacısı bizə gəldilər. Mənsurə xanımın yalnız bir qızı vardı. Qızını bizə təqdim edəndə bir neçə saniyə təəccübdən ağzım açıq qaldı və yerimdə dondum. Gözlərimə inanmadım. O, Məryəm idi, avtobusda görüb xoşladığım və dost olmağı arzuladığım sarışın və gözəl qız. İndi öz ayaqları ilə bizə gəlib mənimlə üzbəüz dayanmışdı və baldızım olacaqdı. O da məni görüb təəccüblənmişdi.

Digər tərəfdən, Əli ağa da öz əsgərlərindən olan Mahmud dayımı görüb təəccüblənmişdi və müharibənin əvvəllərində, 1980-ci ildə Mahşəhrdə itkin düşmüş Məhəmməd dayımın taleyini soruşurdu.

Əli ağanın atası ağa Nasir zarafatcıl, şuxtəb və mehriban bir kişi idi. Ortaboylu, nisbətən kök idi və sarışın saçları vardı. Danışanda hamı onu həvəslə dinləyirdi.

Ailənin ilk oğlu olan Hacı Sadiq 1958-ci ildən idi, Qəhavənd sovetliyinin sədri idi. Həyat yoldaşı Münirə xanım da müəllimə idi. İkiyaşlı qızları Leyla çox şirindilli və sevimli uşaq idi. İkinci qardaş olan Əmir ağa 1960-cı ildən, ağüzlü, qaraqaş və qaragöz idi, qara eynək taxmışdı və bütün qardaşlarından hündür idi. O, Quruculuq cihadında çalışırdı. Həmin gecə çox mehriban və qayğıkeş olduğunu bildim. Məryəmlə Əli ağa sarışın və ağ üzlərindən analarına çəkmişdilər, Hacı Sadiqlə Əmir ağa isə atalarına. Həmin məclisdə nikah mərasiminin tarixini təyin etdilər: 27 mart, 1986-cı il. Qərara gəldilər ki, bizim evimizdə əqd mərasimi olsun, toy isə sonraya qalsın.

Mənsurə xanım mənə donluq parça hədiyyə etdi. O parça ilə mən rəsmi şəkildə Əli ağanın nişanlısı oldum.

Gecə sağollaşanda Əli ağa üzünü hamıya tutub dedi: "Haqqınızı halal edin".

Ertəsi gün səhər döyüşə gedəcəkdi. Mən də "şəfaət yadından çıxmasın" demək istəyirdim, amma nə etdimsə, bacarmadım.

Qış bitdi, bahar gəldi. Müharibə başlayandan bəri bütün illərdə olduğu kimi, həmin il də bizim evimiz novruz şənliyi görmədi.

Anam düşünürdü ki, çoxlu ailələr şəhid vermişlər, matəmdədirlər və biz müharibə şəraitində yaşayırıq. Həmin ailələrin dərdini bölüşmək məqsədi ilə bayram keçirmirdik. Lakin bahar fəsli belə şeylərə baxmırdı. Bahar gözəl gül-çiçəklərinin ətri ilə, yağışla və fərəhli novruz yeli ilə gəldi.

Bayramın birinci günü nənəmgilə getdik, günortadan sonra bibi və dayılarım ata-ananı görməyə gəldilər. İkinci gün evdə oturub qonaq gözlədik. Anamın dərzi sexi tətil idi və biz onu daha çox gördüyümüzə görə sevinirdik.

Bayramın yeddinci günündə bizim nikah mərasimimiz olacaqdı, amma hələ heç bir iş görməmişdik; nə gəlin bazarlığına getmişdik, nə də bu haqda söhbət olmuşdu. Əli ağadan və ailəsindən də xəbər yox idi.

Martın 24-ü oldu. Bir gün qabaq atam Əli ağanın müavininin şəhid olduğunu eşitmişdi. Anam həmişə olduğu kimi səhər tezdən oyanmışdı və mətbəxdə məşğul idi. Təxminən səhər saat 9-da məni yuxudan oyadıb narahat halda dedi: "Firiştə, qalx. Radioda dedilər ki, Əli ağanın müavini Museyib Məcidi şəhid olub. Bu gün dəfn mərasimidir. Tez səhər yeməyini ye, gedək".

Röya və Nəfisə də oyandılar. Səhər yeməyini yedik və geyinib yola düşdük. Yeni ilin əvvəlləri olsa da, Cənnət bağı məzarlığı adamla dolu idi. Şəhid Məcidini dəfn etməyə çoxlu adam toplaşmışdı. Dünəndən yağan qar qəbirləri yuyub təmizləmişdi, məzarların çoxunun üstünə səməni, gül, şirniyyat və novruz xonçası düzmüşdülər.

Sərin yel əsib Cənnət bağının bütün ağaclarını tərpədirdi. Dəfndən öncə mərasim keçirilən yerə getdik. Orada izdiham vardı. Camaatın arasında Mənsurə xanımı və Məryəmi görüb çox sevindim.

Mikrofonla Quran oxuyurdular. Şəhərin vəzifəli şəxsləri, çoxlu pasdarlar və ordu zabitləri izdihamın önündə dayanmışdılar. Məryəm dedi: "Şəhidi gətirdilər, qabaqdadır. Ailəsi də oradadır".

Bu zaman Quran səsi dayandı və aparıcı tribunaya çıxdı. Güclü səsi vardı. "Şəhid və siddiqlərin Rəbbinin adı ilə" deyən kimi hamı sakit oldu. Cənnət bağına həzin sükut çökdü. Aparıcı xalqın iştirakına görə təşəkkür edib "Hüseyn köməkçiləri" diviziyasının Kəşfiyyat bölüyünün komandir müavini Museyib Məcidinin şəhid olması münasibəti ilə şəhidpərvər ümməti və o böyük şəhidin əziz ailəsini təbrik etdi, əlini camaata sarı uzadıb yellədə-yellədə qışqırdı:

"Şəhidlərin dəfni üçün Mehdi, gəl! Mehdi gəl!"

Aparıcı yuyucuxananın ikinci mərtəbəsindəki ensiz hündür balkonun üzərində dayanmışdı. Camaat da onunla üzbəüz cənazə namazının qılındığı böyük əraziyə toplaşmışdı. Cənnət bağının giriş qapısına və Şəhidlər gülzarına qədər adam vardı. Ətrafıma baxdığım yerdə Məryəm dirsəyi ilə qoluma vurub dedi: "Əliyə bax! Dadaş Əlidir!"

Əli ağa balkonda mikrofonun arxasında dayanmışdı. Onu görəndə nəfəsim dayandı. Bir neçə addım geriyə çəkildim, anamın və Mənsurə xanımın gözündən uzaq yerdə diqqətlə Əli ağaya baxdım.

İlk dəfə orada rahatlıqla, utanıb-çəkinmədən ona baxdım. Gödəkcəsi hələ də əynində idi, düymələrini bağladığından köynəyi görünmürdü. Üzü narahat və qəmli idi. Enlikürək olsa da, arıq görünürdü. O, çıxışa başladı.

– Museyib güllələrin, qəlpələrin, raketlərin övladı idi! Museyib aclıqların, susuzluqların, yorğunluqların övladı idi! Museyib dövrün Malik Əjdəri idi!

Bir qədər də geriyə çəkilib divara söykəndim və diqqətlə qulaq asmağa başladım. Səsi qəm-kədərlə dolu olsa da, gözəl və rahat danışırdı. Düşündüm ki, ona nə qədər çətin və ağırdır! Görəsən, Museyib şəhid olanda yanında imiş? Hansı hissləri keçirirmiş?

Məryəm məni çağırdı, gedib yanında dayandım. Mənsurə xanımla o da ağlayırdılar. Məryəm ağlaya-ağlaya dedi: "Ağa Museyib ilə Əli çox yaxın dost idilər. Son zamanlar bizə çox gəlirdi, bizim üçün eynilə qardaş kimi idi. Anam üçün Əmir, Əli və Sadiqdən fərqi yox idi".

Cənnət bağının havası ağırlaşmışdı. Sanki bütün ölülər məzarlardan qalxıb bizimlə hərəkət edirdilər. Səmanı qara buludlar örtmüşdü. Sakit bir yerə çəkilib ağlamaq istəyirdim. Məhəmməd dayıma darıxmışdım, ondan bir xəbər gəlməsini arzulayırdım. Heç olmasa, nənəmin qəlbi üçün olsa belə, cəsədi tapılaydı! Anam bərk ağlayırdı. Bilmirdim Məhəmməd dayım üçün darıxmışdı, yoxsa həqiqətən, ağa Museyibdən ötrü ağlayırdı.

Camaat yola düşəndə mən də ağlaya-ağlaya tabutun arxasınca qaçdım. Camaatın “la ilahə illəllah” səsi Cənnət bağını bürümüşdü. Kədərli və sıxıcı səhnə idi. Sanki tabutun içində oradakıların hamısının əziz övladı yatmışdı. Camaat xorla deyirdi:
Tərcümə:

"Bu gül ləçək-ləçək olmuşdur, Rəhbərə fəda olmuşdur.

Şəhidləri dəfn etmək üçün Mehdi, gəl! Mehdi gəl!"
Gözüm Məryəmə sataşdı. Mənsurə xanımın qolundan tutub bir tərəfdə dayanmışdı, əlindəki qumqumadan ona su verirdi. Onlara yaxınlaşdım. Mənsurə xanım halsız idi, rəngi qaçmışdı. Bir anlığa qorxdum.

Məryəm dedi: "Anamın böyrək rahatsızlığı var, ona kədərlənmək və əsəbiləşmək olmaz".

Anam, Röya və Nəfisə də bizə çatdılar və Mənsurə xanımın yaxşılaşması üçün əllərindən gələni etməyə çalışdılar.

Hələ mərasim bitməmişdi. Biz Mənsurə xanım və Məryəmlə birgə şəhərin əsas meydanı olan İmam Xomeyni meydanına gəldik. Mənsurə xanımın vəziyyəti bir qədər yaxşılaşmışdı. Anamla sağollaşanda danışdılar ki, çərşənbə günü bizə gəlsinlər və gəlin bazarlığına gedək.

Günəş batmaq üzrə idi və biz otaqda oturmuşduq. Televizor açıq idi. Atam televiziya və xəbər izləməyi çox sevirdi. Ucadan bizi çağırıb dedi: "Uşaqlar, Əli ağa!"

Həmədanın yerli kanalı cəbhədən reportaj verirdi. Əli ağa bir təpənin üstündə oturub Ümmül-Qəsr yolu və orada şəhadətə qovuşmuş döyüşçülər barədə danışırdı. Deyirdi ki, düşmən təyyarələri əməliyyat zonasını bombalamaqdan əlavə, hərdən yuxarıdan döyüşçülərin başına dəmir, daş və qum kisələri də tökürdü.

Hamı həvəslə televizora və Əli ağaya baxırdı. Yalnız mən sevincimi büruzə verə bilmirdim.

Ertəsi gün atam evdə deyildi. Təxminən səhər saat 10-da qapı döyüldü. O vaxt altı yaşı olan Nəfisə qapını açdı. Yanıma gəlib dedi: "Bacı can, Əli ağa gəlib".

Anam başına çadra atıb qapıya qaçdı. Nə qədər dəvət etsə də, Əli ağa içəri girmədi. Mən səhər tezdən ütüləyib hazırladığım mantomu, yaylığımı və çadramı geyindim və anamla yola düşdük. Əli ağa və Mənsurə xanım küçədə dayanmışdılar. Salam verdim. Əli ağa yenə başını aşağı salmışdı. Həmin gödəkcə əynində idi və papağını alnına qədər çəkmişdi. Qaşları da görünmürdü. Yavaşca salamımı cavabladı. Əli ağa dostunun ağ reno maşını ilə gəlmişdi. Mənsurə xanım qabaqda oturdu, anamla mən də arxada. Həmin gün güzgüdə ilk dəfə mavi gözlərini gördüm. Ötən axşam yağış yağmışdı, küçə təmiz, hava xoş idi.

Əli ağa Şəriəti prospektinin ortalarında, İmam meydanının yaxınlığında maşınını saxladı. Maşından enib Müzəffəriyyə bazarına getdik. Əli ağa əlini cibinə salıb öndə gedirdi. Büzüşmüşdü. Başını aşağı salmışdı və danışmırdı. Mənim də danışmağa sözüm yox idi.

Bazara çatanda gəlib yanımda dayandı və çox yavaşdan dedi: "Zəhra xanım, bağışlayın. Həmədanda olanda yaxşı olar ki, yan-yana getməyək; hansısa şəhidin anası, həyat yoldaşı və ya övladı bizi görər və ürəyi sıxılar".

Təsdiq əlaməti olaraq başımı tərpədib dedim: "Baş üstə".

Mənsurə xanım dedi ki, əvvəlcə üzük alaq.

İki-üç zərgərdən başqa bütün mağazalar bağlı idi. Bazarın ortasındakı Kibriyayi zərgərliyinə girdik. Mənsurə xanım satıcıya dedi ki, üzük istəyirik.

Zərgər üzükləri önümüzə qoydu. Mənsurə xanım dedi: "Firiştə xanım, bəyən". Üzüklərə baxıb əlimi ən yüngül bir üzüyə apardım, taxıb yoxladım. Barmağıma idi. Anam və Mənsurə xanım əlimdə üzüyə baxdılar. Əli ağanın fikri isə başqa yerdə idi. Düşündüm ki, yəqin Museyib Məcidini fikirləşir.

Mənsurə xanım dedi: "Firiştə can, bu, çox yüngüldür, daha yaxşısını və ağırını götür".

Əli ağaya baxdım, onun da fikir bildirməsini istəyirdim. Üzünə ağır kədər çökmüşdü. Mənsurə xanım yenidən israr etdi.

Əli ağanın nəsə deməsini gözləyirdim. Öz-özümə dedim ki, Əli ağa nə desə, o olsun. Əli ağa heç bir söz demədi və mən həmin üzüyü götürdüm. Mənsurə xanım Əli ağanın qulağına nəsə pıçıldadı. O, yaxınlaşıb zərgərlə üzüyün qiyməti barədə danışdı. Zərgər üzüyü çəkib dedi: "2500 tümən".

Əli ağa pulu sayıb satıcının önünə qoydu. Zərgər faktura yazdı və üzüyü xırda qırmızı və ağ güllərlə bəzənmiş kiçik çəhrayı qaba qoydu. Mənə və Əli ağaya baxıb dedi: "Mübarəkdir! Allah xoşbəxt eləsin!"

Mənsurə xanım sevincək dedi: "İndi gedək paltar alaq".

Əli ağaya baxdım. Əlləri hələ də ciblərində idi. Şad görünürdü, amma utandığı hiss olunurdu. Mənsurə xanım dedi: "Ağ bir qonaqlıq donu alaq, gəlinlik qalsın yaya".

Dedim ki, mən bu şəraitdə don istəmirəm.

Mənsurə xanım təəccüblə soruşdu ki, nə şəraiti?

Dedim ki, axı Əli ağanın müavini şəhid olub, o, matəmdədir. Mənsurə xanım Əli ağaya baxıb dedi: "Ölüm və həyat birgədirlər. Ağa Museyib şəhid oldu və haqqı çatan yerə getdi, xoş halına! Lakin sağ adam yaşamalıdır. Biz toy zamanını dünən təyin etməmişik ki. Sonra da, məgər neçə dəfə gəlin olacaqsan?! Bir dəfə olur və gərək bunun həzzini yaşayasan".

Başımı aşağı salıb heç nə demədim. Hamı yola düşəndən sonra anama dedim: "Ana, razı olmayasan ha! Mən gəlinlik geyinməyəcəyəm. Əli ağaya yazığım gəlir, sanki bu gün zorla gətiriblər alış-verişə".

Anam yavaşca dedi: "Yaxşı, sən daha heç nə demə, mən yoluna qoyaram".

Anam Mənsurə xanımı razı saldı və o, daha israr etmədi. Dedi ki, onda heç olmasa, gedib güzgü və şamdan alaq.

Müzəffəriyyə bazarının girişində böyük bir çilçıraq mağazası var idi. Bütün güzgü və şamdanlara baxıb qurtaranda Mənsurə xanım soruşdu ki, bir şey bəyəndinmi?

Ən yüngül və ən ucuz güzgü və şamdanın önündə dayanıb dedim: “Bu, yaxşıdır?”

Mənsurə xanım Əli ağaya baxdı. Mağazada bizdən, satıcıdan və şagirdindən başqa kimsə yox idi. Əli ağa yaxınlaşdı, seçdiyim güzgü və şamdanı görüb onun vəziyyətini nəzərə aldığımı başa düşdü. Başqa bir güzgü və şamdan göstərib dedi: "Bu necədir?"

Çox gözəl idi və yəqin ki çox da baha olacaqdı. Saxsıdan idi, qabarıq rəngli güllərlə gözəlliyi dəfələrlə artmışdı. O zaman belə güzgü-şamdanlar bazara yeni gəlmişdi və çox dəbdə idi.

Yanımda dayanmış satıcıdan qiymətini soruşdum, dedi: "3500 tümən".

Əli ağaya dedim: "Çox bahadır. Güzgü və şamdan vacib bir şey deyil ki, bu qədər pul verək".

Əli ağa qulaq asırdı. Yenidən dedim: "Mənim gördüyüm güzgü-şamdan yaxşı deyildi? Amma kaş oval olaydı!”

Bizim seçimimizi gözləyən satıcı dedi: "Təsadüfən, anbarda bunun ovalı var". O, kiçik otaqda çilçıraq asılqanlarını vuran şagirdini səsləyib dedi: "Tez anbara get və bu güzgünün ovalını gətir".

Artıq məsələ bitmişdi. Daha heç kim heç nə demədi.

Satıcının şagirdi çevik idi; tez qayıtdı, güzgü-şamdanı hazırlayıb səbirlə qutusuna yığdı və bizə verdi. Qiyməti 1000 tümən idi.

Mənsurə xanımın israrı ilə qara-qızılı rəngli kiçik bir əl çantası və ağ bir çadralıq aldıq. Gəlin paltarı olaraq qara və qırmızı qırmızı zolaqlı sadə ağ don və bir cüt qızılı ayaqqabı da aldıq.

Anam Əli ağaya kostyumluq parça aldı. Rəngi çox gözəl idi. Hərçənd Əli ağa onu tikdirməyə macal tapmadı.

Günortaya yaxın idi. Mənsurə xanım yorulmuşdu. Əli ağa maşını bazarın girişinə gətirdi. Əvvəl Mənsurə xanımı evinə qoydu, sonra da bizi. Evimizə çatanda nə qədər israr etdiksə, içəri girmədi. Bazarda olduğumuz müddətdə bir neçə cümlədən artıq danışmasaq da, sağollaşanda gülümsəyib dedi: "Zəhra xanım, bağışlayın, pis keçdi. Mənim halım uyğun deyildi".

Sağollaşıb gedəndə boğazımı qəhər tutdu. Nahar yeməyinə qalmasını istəyirdim. Bilirdim ki, bizdə olsa, əhvalı daha yaxşı olar: atamla söhbət edər, anam bir söz deyər, Nəfisə şirindillik edər. Qalıb bir qədər sakitləşməsini istəyirdim.

Martın 26-da xəstələndim, iştahım kəsildi. Anam nigaran oldu. Atamla birgə küçəmizin başındakı İmam Xomeyni xəstəxanasına getdik. Doktor məni müayinə edib qida zəhərlənməsi diaqnozu qoydu. Mənə serum qoşdular, iynə vurdular və bir saatdan sonra bir kisə dərmanla evə döndük.

Zəhərlənmədən və ya həyəcandan olduğunu bilmirəm, amma nikah mərasiminin gecəsi səhərə qədər yata bilmədim.

Səhər yuxudan ayılıb güzgüdə özümə baxanda məni qorxu bürüdü: rəngim saralmış, gözümün altında çökək əmələ gəlmişdi. Sanki dərimin altında bir damla qan da yox idi.

Evdə sakitlik idi. Anam getmişdi, atam da paltarlarını geyinib getməyə hazırlaşırdı. Evimiz nikah mərasimi keçiriləcək evə əsla bənzəmirdi. Atamdan anamı soruşdum, narahat halda dedi: "Cənab Rüstəminin oğlu və qardaşı oğlu şəhid olublar, anan oraya getdi".

Cənab Rüstəminin evi bizim evimizlə üzbəüz idi. İki qardaş iki bacı ilə ailə qurmuşdular və bir evdə yaşayırdılar. Atamın dediyinə görə, hər iki qardaşın oğulları Vəlfəcr-8 əməliyyatında itkin düşmüşdülər. Bu xəbəri eşidib pis oldum.

Günortadan sonrakı mərasimimiz və iki şəhid vermiş cənab Rüstəminin ailəsi haqda düşündüm. Qonşumuzun bu vəziyyətinə çox üzüldüm. Ata-analarını fikirləşir və onlara acıyaraq ağlayırdım.

Səhər saat on bir idi və bizim evimizdə hələ də bayram və nikah mərasimi ab-havasından əsər-əlamət yox idi. Hamımız cənab Rüstəminin ailəsinin başına gələnlərin təsiri altında idik.

Anamın bir ayağı orada idi, bir ayağı öz evimizdə. Mətbəxdə yemək bişirdiyim zaman Nəfisə həyətdən çağırdı: "Firiştə can, Mahmud dayının səninlə işi var".

Qazı bağlayıb qaçdım. Dayım həyətdə dayanmışdı. Anam da orada idi. Söhbət edirdilər. Dayım məni görən kimi dilxorluqla dedi: "Bu nə deməkdir?! Firiştə, nə üçün heç bir iş görməmisiniz?! Nə üçün nikah süfrəsini hazırlamamısınız?!"

Təəccüblə ona baxıb çiynimi çəkdim: "Mən nə bilim?! Mənə heç kim heç nə deməyib".

Dayım saata baxıb mənə və anama acıqlandı.

– Saat on birdir.

Anam dedi: "Mahmud can, qonşumuz cənab Rüstəmi iki şəhid verib".

Dayım tələsik həyətin qapısına tərəf gedib dodaqaltı mızıldandı.

– Məgər nə edəcəksiniz ki?! Orkestr gətirəcəksiniz?!

Sonra üzünü mənə çevirdi.

– Firiştə, get qonaq otağını təmizlə, mən gəlirəm.

Dayım bunu deyib getdi. Anam özünü itirdi. Cəld şkafdakı boğçanı açıb kişmirdən olan gəlinlik səccadəsini çıxardı və qonaq otağında üzüqibləyə sərdi. Quranı və rəhli mənə verib dedi: "Sən səliqəlisən, özün düz".

Güzgü və şamdanlar bizdə idi. Onları qutudan çıxarıb sildim, güzgünü parıldadıb süfrənin ortasına qoydum. Quran rəhlini güzgü ilə üzbəüz qoydum. Yaşıl cildli Quranın şəkli güzgüyə düşdü.

Röya bir güldan təbii güllə otağa girdi. Güldanın dövrəsinə alüminium kağız bükülmüşdü. Dedi ki, bunu Əli ağa verdi.

Soruşdum ki, içəri girdi?

Dedi ki, yox, anamla cənab Rüstəminin evinə getdilər.

Güldanı güzgü və şamdanın yanına qoydum. Ağ və çəhrayı novruzgülü güllərinin şəkli də güzgüyə düşdü. Fikirləşdim ki, kaş mən də onlarla birgə gedib başsağlığı verəydim.

Az sonra dayım gəldi. Öz nikah süfrələrindən qalan şeyləri gətirib süfrəyə qoydu: gümüşü rəngli fındıq-qoz səbəti, gümüşü əklillə bəzədilmiş bir neçə parça quru səngək çörəyi, üzük yeri olan gips əklilli iki ağ sədəf, nabat, noğul və gül.

Dayım gələndən sonra hamı tələsməyə başladı. Atam bayıra çıxdı və az sonra bir qutu şirniyyatla qayıtdı. Yenə gedib bir neçə qutu alma və portağal gətirdi. Növbəti dəfə gedib yulğun şirniyyatı və şokolad aldı. Hər dəfə qayıdandan sonra anam yeni bir sifariş verirdi.

Nahara nənəm də gəldi. Məni görən kimi dedi: "Vəcihə, Firiştəni salona aparmamısan?!"

Anam mənə baxıb çiyinlərini çəkdi. Nənəm deyinməyə başladı.

– Qalx. Mən belə gəlin görməmişəm. Tez ol, heç olmasa, üzünü təmizlə.

Anamın hər barmağından bir hünər yağırdı. Mahir dərzi olmasından əlavə, qadın bəzəməyi də bacarırdı. Nənəmin tapşırığı ilə saçımı burdu. Anam saçımı düzəldə-düzəldə nənəmə deyirdi ki, günortadan qabaq Əli ağa ilə Şəhid Rüstəminin evinə getmiş və onlardan icazə almışlar. Əli ağa demişdi: "Bizim xüsusi bir mərasimimiz olmayacaq, amma sizin icazəniz vacibdir". Saçım hazır olanda aldığımız donu geyindim. Lakin otağa girən kimi nənəm üz-gözünü turşudub dedi: "Bu nədir?! Bəs gəlinlik paltarı almamısınız?"

Mən dedim: "Bu, yaxşıdır; həm gəlin paltarıdır, həm də Əli ağaya görə qara xətləri var".

Nənəm başını yelləyib deyindi. Anam dodağını dişləyib işarə ilə bildirdi ki, heç nə deməyim.

Nahar yeməyini yenicə yemişdik ki, qonaqlar gəldilər. Bibilər, əmilər, əmilərin yoldaşları, dayım, dayımın yoldaşı və başqa bir neçə yaxın qohumumuz bizim tərəfimizdən çağırılmışdılar.

Saat dördün yarısında Əli ağa, ailəsi və qohumlarından bir neçə nəfər gəldilər. Əli ağa yenə gödəkcəsini geyinmişdi, tünd boz şalvar və qəhvəyi köynəklə. Böyük bir tort da gətirmişdilər. Tortu nikah süfrəsinin ortasına qoydular.

Başıma atdığım çadra ağ idi və xırda mavi gülləri vardı. Süfrənin başında oturmuşdum. Bütün otaq xanımla dolu idi. Əli ağa bir neçə dəqiqəliyə otağa girdi, nikah süfrəsinin başında mənim yanımda oturmaq istəyirdi. Lakin orada xanımların oturduğunu görüb kişilərin toplaşdığı dəhlizə getdi. Mehdi əmi foto çəkirdi.

Məryəm başıma qənd səpirdi. Birdən dəhlizdən salavat və gülüş səsləri ucaldı. Anam dəhlizə çıxıb qayıtdı. Onun ardınca Mənsurə xanım və Məryəm də gedib-gəldilər. Məryəm dedi: "Əli ağanın dostları gəldilər. Əli dostlarından heç kimi dəvət etməmişdi, bilmirəm özləri haradan xəbər tutublar".

Mənsurə xanım sevincək dedi: "Əmir deyir ki, dostlarından biri öyrənib hamıya xəbər verib. Bizi izləyiblər. Çatandan sonra küçədə gizləniblər və biz içəri girəndə onlar da "ya Allah" deyə-deyə içəri girdilər. Allaha şükür ki, Əlinin ətrafında adam çoxdur və dostları onun yanındadırlar".
Baqir əminin səsi gəldi. Təsnif oxuyurdu:
Tərcümə:
"Əgər mömin və sadiqsənsə, Bizimlə müvafiq olarsan.

Hər bir münafiqin acığına, Məhəmmədə salavat!

Səmada mələk varmış, Məhəbbəti cana düşmüş.

Ərşə gözəl yazılmış: “Məhəmmədə salavat!”

Şübhəsiz, Əli vəli idi, Peyğəmbərin yetirməsi idi,

Əli hamının şahı idi. Məhəmmədə salavat!"


Əli ağanın dostları gələndən sonra ab-hava dəyişdi. Kişilərin xorla salavat səsi qadınları da salavata həvəsləndirdi.

Az sonra qapının önündə dayanmış anam dedi: "Ağa nikah əqdin oxuyur".

Ürəyim əsməyə başladı. Elə bildim ki, ramazan ayıdır və sübh azanına çox az qalıb; tələsik dua etməyə başladım. Allahdan istədim ki, bizi xoşbəxt etsin, bizə Məkkə və Kərbəla ziyarəti qismət eləsin.

Sonra Quranı götürüb oxumağa başladım.

Əhməd dayım mənim vəkilim olmuş və məclisdə mənim yerimə "bəli" demişdi. Əhməd dayım nikah şöbəsinin böyük dəftəri ilə otağa girib məndən çoxlu imza aldı. Anam dedi ki, nikahı Ayətullah Nəcəfi oxudu.

Yenidən kişilərin salavat səsi gəldi. Baqir əmim oxuyurdu:

Tərcümə:
"Aç ağzını, nə qədər ki, Varındır hərəkət.

Məhəmmədin gül üzünə Hər an, hər an salavat!”


Salavat səsi evi başına almışdı. Anam qapının önündən bizə səslənib dedi: "Xanımlar, kürəkən təşrif buyurur".

Başlarından çadraları düşmüş qadınlar özlərini səliqəyə saldılar. Əli ağa, Mahmud dayı və atam içəri girdilər.

Əli ağa yanımda oturub utana-utana yavaşdan salam verdi, halımı soruşdu. Mahmud dayı böyük dəftəri qarşıma qoydu və imzalamalı olduğum yerləri göstərdi.

Məryəm içində üzük olan sədəfi Əli ağanın önünə qoydu. Əli ağa özünü itirib üzüyü götürdü, mənim sağımda oturduğuna görə, sağ əlimi tutdu və üzüyü barmağıma taxdı. Yavaşca dedim: "Buna yox, sol əlimə".

Sol əlimi yaxınlaşdırdım. Əli ağa qızarmışdı, üzüyü çıxarıb bu dəfə sol əlimin barmağına taxdı.

Atam Əli ağaya aldığı əqiq qaşlı gümüş üzüyü onun barmağına taxdı.

Ötən il ailəvi şəkildə ümrəyə gedəndə atam oradan gələcək kürəkəninə qəşəng bir rado saatı almışdı. Onu hədiyyə olaraq Əli ağaya verdi.

Birdən gözüm güzgüdə Əli ağaya sataşdı. Mənə baxırdı. Utanıb tez baxışımı gizlətdim və başımı aşağı saldım. Əli ağa ilk dəfə onda məni düz-əməlli görürdü.

Ertəsi gün anam sexə getdi, mən də bacılarımla evi təmizləməyə başladım. Zəhərlənmənin təsiri hələ bədənimdən çıxmamışdı. Anam günorta gələndə dedi: "Səhər siz yuxuda olanda Əli ağa gəldi və axşama bizi öz heyətlərinə dəvət etdi".

Axşam ailəvi getdik. Bloklarının önündə içində işıq yanan ağ tablo vardı. Tabloya belə yazılmışdı: "Şəhidlər yolu heyəti".

Heyəti Əmirlə Əli ağa təsis etmişdilər və ilk dəfə idi məclis onların evlərində keçirilirdi.

Elə biz də ilk dəfə idi onlara gedirdik. Hünəristan binalarının dördüncü mərtəbəsində yerləşən üçotaqlı ev idi. Əsasən, kişi məclisi idi. Qadınlar tərəfdə mən, anam, bacılarım, Mənsurə xanım, Məryəm və Münirə xanım oturmuşduq. O axşam öyrəndim ki, Mənsurə xanımın Hacı baba və Xanımcan dedikləri ata-anası, yeganə bacısı Fatimə xala və Mənsurə xanıma çox oxşayan qardaşı Məhəmməd dayı Tehranda yaşayırlar. Məryəm Xanımcanın Xarici İşlər Nazirliyində işləyən qonşusunun oğlu ilə nişanlı idi və yayda toy edib Tehrana köçəcəkdi.

Əli ağa bizim oturduğumuz otağa gəlib xoşgəldin dedi. Bizi gördüyünə çox sevindiyi hiss olunurdu. Daha məclisin sonuna qədər Əli ağanı görmədim. Məclisdən sonra bir dostunun maşını ilə bizi evimizə apardı. Sağollaşanda atamın evə girməsinə qədər gözlədi, sonra anama dedi: "Hacı xanım, sabah ağa Mahmud və yoldaşı ilə Quma getmək istəyirik. İcazə verirsiniz Zəhra xanım da bizimlə gəlsin?"

Anam bir qədər dayanıb dedi: "Atasına dediniz?"

Əli ağa əllərini ovuşdurub dedi: "Yox. Düzü, utandım".

Anam gülümsünüb dedi: "Yaxşı, mən indi ona deyərəm. Sabah gəlin, əgər icazə versə, Firiştə də sizinlə gedər".

Əli ağa daha heç nə demədi, sağollaşıb getdi. Anam da atamdan icazə alıb gecə ikən mənə kiçik bir çanta hazırladı. Bir-iki dəst paltar, namaz çadrası, dəsmal və pasportumu qoydu. Sübh namazı vaxtı da lazım olan tövsiyələri verdi.

Səhər yeməyi yeyəndə Əli ağa zəngi çaldı. Atam qapını açdı. Mahmud dayı və yoldaşı da orada idilər. Anam dayımı və dayım yoldaşını görüb sevindi, məni dayıma tapşırdı və dayımın yoldaşına bəzi tövsiyələrini verdi.

Əli ağa dostunun köhnə peykanını sürürdü. Dayım qabaqda oturdu, mənimlə dayım yoldaşı da arxada. Anam arxamızca su tökdü, atam dua və salavatla bizi həmişə üstündə olan cib Quranının altından keçirdi. Əli ağa mühərriki işə saldı, maşın qarıldayıb yola düşdü. Dayım yoldaşı ilə mən arxada söhbətləşirdik, Əli ağa ilə Mahmud dayı da qabaqda. Yolun ortasından Mahmud dayım lətifə söyləməyə və xatirə danışmağa başladı. O qədər güldük ki, nə vaxt günorta olduğunu və Savəyə çatdığımızı bilmədik. Bir kababçıya getdik. Əli ağa özü ilə mənə plovla sultani kababı sifariş verdi. Mən Əli ağa ilə üzbəüz oturduğumdan yeməyə utanırdım. Plov və kababımdan azca yeyib kənara çəkildim. Bilmirəm nədənsə dayım yoldaşı da belə etdi. Onun da xörəyinin yarısı qaldı. Mövzu axtaran Mahmud dayım bunu da gülüş mövzusuna çevirdi. O, deyirdi: "Əli ağa, heç qəm eləmə, bizim ki belə xanımlarımız var, bir ilə hacı olarıq. Gələn il bu vaxt hər ikimiz Məkkədəyik".

Sonra yoldaşının boşqabından kabab götürüb ağzına qoydu və iştahla yeyə-yeyə dedi: "Həm də hər ikimiz kökələcəyik, bunlar heç nə yemirlər. Mən bir neçə aya gonbul olacam".

Yanaqlarını köpürdüb kök adamların tərzini çıxardı və sözünə davam etdi.

– Gələn il bu vaxt nəinki maşın, hətta evimiz də olacaq.

Dayım danışır, biz də gülürdük.

Axşamçağı Quma çatdıq. Kişilər hərəmin yaxınlığında bir hotel tapdılar. Pasport istədilər. Hamımızda pasport vardı, amma dayım yoldaşı ilə mənim pasportumda şəkil yox idi.

Əli ağa hotelin işçiləri ilə nə qədər danışdısa, faydası olmadı. Əmakin idarəsinə getməyə məcbur olduq. İki-üç saata idarəni tapdıq və icazə alıb hotelə qayıtdıq.

Əli ağa və Mahmud dayı çantalarımızı otaqlara qoydular. Biz salonda gözləyirdik. Əvvəlcə hərəmə getmək istəyirdik. Dayımla yoldaşı bir-biri ilə danışa-danışa öndə gedirdilər, Əli ağa ilə mən isə sakit addımlayırdıq. Onun sözünü xatırlayıb bir neçə addım geriyə qaldım. O, dayanıb mənim çatmamı gözləyir, mən də tez-tez geri qalırdım. Axırda səbir kasası doldu və soruşdu: "Yorulmusan?"

Cavab verdim: "Yox, özünüz dediniz ki, küçədə bir yerdə getməyək. Şəhid ailələri yadınızdadır?!"

Əli ağa gülümsünüb dedi: "Bunlar Həmədana aiddir, burada bizi kimsə tanımır".

Gecə yarısı hotelə qayıtdıq. Otaqlar ikinci mərtəbədə idi. Dayım cibindən açarı çıxardı, bir otağın qapısını açıb yoldaşını içəri dəvət etdi. Mən hara getməli olduğumu bilmirdim.

Əli ağa yandakı otağın qapısını açıb dedi: "Buyurun".

Həm utanır, həm də qorxurdum. İki yol ayrıcında qalmışdım. Dayımın yoldaşına baxdım, gözlərimlə yalvardım ki, məni öz yanına apar, amma o, "gecəniz xeyrə qalsın" deyib getdi. Çarəsiz qalıb otağa girdim. Özümü təhlükədə hiss edirdim, otağın ab-havası mənə ağır gəlirdi. Pəncərənin yanındakı iki kreslonun birində oturdum.

Əli ağa otaqda gəzişir və guya əşyalarla məşğul olurdu. Otaqda bir-birindən ayrı iki çarpayı vardı, aralarına kiçik bir stol qoymuşdular. Otaqda kiçik bir soyuducu, bir televizor, iki kreslo və bir jurnal stolu da vardı. Əli ağa soruşdu: "Yuxun gəlmir? Yorğun deyilsən?"

Özümü itirdim.

- Yox.


Psixoloji vəziyyətimi başa düşdü, qollarını çırmalayıb tualetə girdi. Bir müddət ötdü, gəlmədi. Qalxıb pəncərənin arxasında dayandım. Həzrət Məsumənin məqbərəsinin günbəzi və minarələri görünürdü. Qəşəng və ürəkaçan mənzərə idi, gözümü çəkmək istəmirdim. Gec olsa da, maşınlar gedib-gəlirdilər. Suhan halvası, təsbeh və sovqat mağazalarının rəngli neon işıqları yanıb-sönürdü. Məqbərəyə gedən səkilərdə çoxlu adam vardı.

Əli ağa tualetdən çıxdı, üzü yaş idi və köynəyinin qollarını aşağı salırdı. Məni görəndə təəccüblə dedi: "Hələ yatmamısan?"

Dedim: “Yuxum gəlmir”.

Gülümsəyib dedi: "Bəllidir ki, həm yuxun gəlir, həm də yorğunsan. Mən namaz qılmaq istəyirəm, bəzi işlərim də var. Əgər mənim yanımda narahatsansa, aşağı düşüm".

Dedim ki, yox, rahat olun.

Dedi: "Onda sən də rahat ol və yat. İstəyirsən işıqları söndürüm?"

Mən cavab verməmiş işıqları söndürdü və namaza başladı. Fürsətdən istifadə edib çadramı çıxardım və ədyalı başıma çəkdim. Yorğunluqdan çox tez yuxuya getdim.

Azan səsinə yuxudan oyandım və özümdən asılı olmadan, Əli ağanın çarpayısına baxdım.

Çarpayıda heç kim yox idi, amma ədyal kənara düşmüşdü. Küçənin işıqları otağı işıqlandırırdı. Çarpayının üstə oturdum. Şırıltı səsi gəlirdi və tualetin işığı yanırdı. Qalxıb çadramı başıma atdım. Əli ağa dəstəmaz almışdı və tualetdən çıxırdı. Salam verdim. Təəccüblə dedi: "Salam. Sən oyaqsan?! Deyəsən, çox yorğun idin, başını yerə qoyan kimi yatdın".

Dedim ki, bəli, yorulmuşdum.

Dedi: "Ağa Mahmudla sübh namazına məqbərəyə getmək istəyirik, gəlirsən?"

Dedim ki, dəstəmaz almamışam.

Otağın qapısını açdı.

– Mən ağa Mahmudun otağının qapısını döyüncə sən də dəstəmaz al.


***
Səhər yeməyindən sonra Tehrana yola düşdük. Təxminən 40 dəqiqə yol getmişdik ki, birdən dayım qəliz Həmədan ləhcəsi ilə dedi: "Ay səni! Suhan almaq yadımızdan çıxdı".

Əli ağa ayağını qazın üzərindən götürdü, maşının sürəti azaldı. Dedi: "Nə edək? Qayıdaq?"

Mən və dayım yoldaşı maşının arxasında oturmuşduq, ikimizi də gülmək tutdu.

Dayım dedi: "Məgər Quma gedib suhan almamaq olar?! Bizi Həmədana buraxmazlar, gözlərimizi çıxararlar".

Bir qədər öndə dönməyə yer vardı. Əli ağa döndü və yenidən Quma sarı hərəkət etdik. Quma çatmamış yolun kənarında iki-üç mağaza vardı. Bir neçə qutu suhan aldıq və deyib gülə-gülə qayıtdıq.

Qum şəhərindən təxminən bir saat idi ayrılmışdıq ki, birdən maşın guruldamağa başladı. Dayım dedi: "Vay-vay, bu maşın da öskürməyə başladı".

Biz yenə güldük. Əli ağa maşını yolun kənarında saxladı. Yerə enib kapotu açdı. Dayım da ona kömək etdi. Mən və dayım yoldaşı maşından endik. Dayım yoldaşı soruşdu: "Nə olub, Mahmud ağa?"

Dayım gülə-gülə dedi ki, inadkarlıq edir.

Fürsətdən istifadə edib ətrafda gəzişdik. Sərin külək əsirdi. Uzaqda bir neçə ağac, dağ, təpə və yaşıl çöllük vardı. Sürətlə şütüyən yük və minik avtomobillərinin səsi yaxınlığımızda yeri dimdikləyən və yolçuların artığını yeyən sərçələrin cik-cik səsini yaxşı eşitməyə qoymurdu.

Əli ağa və Mahmud dayı qollarını çırmayıb maşının ürək və bağırsaqlarını yerə tökdülər.

Bir saatdan sonra maşın işə düşdü və biz salavatla maşına mindik. Dayım yeni mövzu tapmışdı və maşını ələ salırdı. Bir kilometr getməmiş maşın yenidən pırıldadı və söndü.

Dayım zarımağa başladı. İndi Əli ağa gülüb deyirdi: "Dedim axı, bu maşın kövrəkdir, sən qulaq asmadın, indi buyur, küsdü!"

Əli ağa ilə dayım maşından enib onu ehtiyatla yolun kənarına gətirdilər. Biz maşında idik, tez-tez salavat deyib, dua edirdik ki, pis bir hadisə baş verməsin. Bu dəfə maşının benzini bitmişdi. Əli ağa iyirmilitrlik boş yanacaq qabını Mahmud dayıma verib dedi: "Sən olasan, bir də bizim dilsiz dostumuz olan maşını ələ salmayasan! Qaç, üçəcən sayınca qayıtmısan".

Dayım qayıdınca çox uzun çəkdi, benzini baka boşaltdılar və maşın yenidən yola düşdü.

Səhər tezdən yola çıxmışdıq, saat dörddə Tehrana çatdıq. Ac-susuz və yorğun idik. Şəhərin girişində Azadlıq Meydanının ətrafındakı küçələrin birində nahar yedik. Bir neçə hotelə baş çəkdik, amma yenə də pasportumuzda şəkil olmadığına görə bir yer tapa bilmədik.

Çox məsləhət-məşvərətdən sonra qərara gəldik ki, Kərəcə gedək. Əli ağa düşünürdü ki, orada Tehran kimi tələbkarlıq olmaz və bir yer tapa bilərik.

Dayımın yoldaşı yorğunluqdan yuxuya getmişdi. Mən təqvimdə 30 mart 1986-cı ilin önündən həmin günün hadisələrini yazırdım. Mahmud dayım yoldaşı oyanmasın deyə yavaşca dedi: "Təqviminə nə yazırsan?"

Əli ağa gülərək dedi: "Zəhra xanım, əgər səfərimizdən yazırsansa, pisləmə, yaz ki, çox yaxşı keçdi".

Mahmud dayı yenidən zarafata başladı.

– Birdən bizi pisləyərsən orada, eşitsəm, gözünü çıxararam.

Sonra bizim kabab yeməyimizi, benzinin bitməsini və özünün benzin ardınca sərgərdan olmasını yada saldı. Bu hadisələri o qədər bəzəyib danışdı ki, gülüşümüzə yoldaşı oyandı.

Gecə Kərəcə çatdıq. Əli ağa ilə dayım bir mehmanxana tapdılar. Onlar şəkilli pasporta ehtiyac olmadan bizə iki otaq verdilər.

Mehmanxana sarıdan arxayın olandan sonra qərara gəldik ki, gedib Kərəcin küçələrində bir qədər gəzək. Dayım və dayım yoldaşı çalışırdılar ki, Əli ağa ilə mən bir yerdə yeriyək. Dayım Əli ağanı mənə tərəf itələyirdi, dayım yoldaşı da məni onun yanına göndərirdi. Lakin hər ikimiz utanırdıq və bir qədər aralıda başıaşağı yol yeriyirdik. Şam yeməyini bayırda yedik və gecəyə qədər şəhərdə gəzdik.

Ertəsi gün səhər Həmədana qayıtdıq, Əli ağa evimizə gəlib məni anama tapşırdı və sağollaşıb getdi. Sağollaşanda ünvanını verdi ki, ona məktub yazım.




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə