284
3) Avqustinin müəyyən biliyi tapdığını və skeptisizmi təkzib
edə bildiyini güman etdiyi üçüncü sahə riyaziyyat idi. Biz etiraf edirik
ki, məsələn, "3 + 3 = 6" mülahizəsi müəyyən bilikdir. Riyaziyyat o
həqiqətləri özündə ehtiva edir ki, onlar şübhə altına alına bilməzlər.
Burada biz o həqiqətlərlə qarşılaşırıq ki, onlar bizim aldadıcı
hisslərimizin köməyi ilə bildiklərimizin əksinə olaraq zəruri və
dəyişməzdir.
4) Nəhayət, Avqustin təsdiq edirdi ki, bəzi məntiqi prinsiplər
elədir ki, şübhə altına alına bilməzlər. Bu, oradan da görünür ki, hətta
skeptiklər də onlardan öz skeptik nöqteyi-nəzərlərini ifadə etmək üçün
istifadə etmişlər. Məsələn, skeptiklər güman edirdilər ki, bilik eyni
zamanda və eyni mənada həm müəyyən, həm də qeyri-müəyyən ola
bilməz. Buradan belə bir nəticə çıxır ki, skeptiklər ziddiyyət prinsipi
adlanan qaydanı qəbul etmişlər (baxın. Fəsil 4).
Biz burada o məsələni nəzərdən keçirmirik ki, skeptiklər belə
prinsipləri bir həqiqət olaraq hansı dərəcədə nəzərdən keçirməli idilər
və əgər onlar hipotetik gümanlar idisə, təfəkkürü onların üzərində
əsaslandırmaq hansı dərəcədə mümkündür. Ən azı, Avqustin nəzərdən
keçirilən arqumenti həqiqətən də onun müasiri olan skeptiklərin
əleyhinə, müəyyən biliyin hətta bu sahədə də mövcud olduğunu
göstərmək üçün istifadə etmişdir.
Avqustin oxşar arqumentlərə əsaslanaraq, müəyyən biliyin
özürefleksiyaya və introspeksiyaya, riyaziyyata və məntiqi prinsiplərə
münasibətdə mümkün olduğunu göstərərək yalnız skeptisizmi təkzib
etməyə çalışmamışdır. Avqustin bununla yanaşı həmçinin daxili
həyatın və məntiqi formaların hisslər və xarici dünya üzərində
epistemoloji üstünlüyünə də xüsusi əhəmiyyət vermişdir. Bu,
Avqustin fəlsəfəsinin əsas cəhətini, onun neoplatonist təfəkkürlə sıx
əlaqəsini müəyyənləşdirmişdir (Fəsil 5). Fərdi ruh özünün mənəvi
həyatı ilə xarici hissi şeylərdən yuxarıdadır və daha nəcabətlidir. Daha
yuxarıda isə bizim öz fikirlərimizdə "seyr etdiyimiz" xalis riyazi və
məntiqi formalar durur. Başqa sözlə, haqlarında bizim müəyyən biliyə
malik olduğumuz daxili həyat və xalis formalar həmçinin kainatda da
ən mühüm və ən realdırlar. Beləliklə, epistemologiya və ontologiya
(bilik haqqında təlim və varlıq haqqında təlim) bir-biri ilə
harmoniyadadır.
Bizim daxili həyatımız və xalis formalar haqqında müəyyən
biliyin xeyrinə yönələn arqumentlər Avqustin üçün bir xristian olaraq
eyni zamanda Əbədi Həqiqət inamının əsaslandırılmasında da rol
oynayır. Əbədi Həqiqət Ali Varlıqdır, yəni Tanrıdır. Deməli, bizim
285
qarşımızda duran - neoplatonizmin xristian versiyasıdır. Avqustin
fəlsəfəsinin nüvəsi – elə bundadır.
Avqustin xristian neoplatoniki kimi
Plotin (Fəsil 5) üçün kainat – əbədi yaradılışın və ya öz
mənşəyini ifadə olunmaya yatmayan Vahiddən götürən mövcud olma
emanasiyasının bir ifadəsidir. Vahiddən olan məsafədən asılı olaraq
kainat mövcudluğun və nizamın müxtəlif dərəcələrinə görə təşkil
olunmuşdur. Bu emanasiya son nəticədə yoxluqda yox olur, həmin bu
yoxluq isə materiyadır.
Avqustin neoplatonizmi və xristian dinini birləşdirmişdir.
Vahid xristian Tanrısı olaraq şərh olunmuşdu. Vəhy (Məsihin həyatı
və Bibliya vasitəsi ilə) Tanrının mahiyyəti və onun planının insanlar
üçün tarixi bəyannaməsi olmuşdu. Xristian vəhyi və inamı vasitəsi ilə
xristianlar müəyyən dərəcədə ona üz tuturlar ki, o, Plotindən ötəri
ifadə olunmaya yatmayan Vahid idi. İnam işıq verir, bu işığın
sayəsində də xristianlar bu işığın mənbəyini görə bilirlər. İnam,
beləliklə, özünün ən yüksək mənasında müdriklik üzərində
epistemoloji üstünlüyə malikdir və eyni zamanda dünyəvi müdrikliyi
işıqlandıra bilir (credo ut intelligam - inanıram, anlamaq üçün).
Neoplatonizmdə Vahid və dünya, həmçinin onlar arasındakı
əlaqə statik və şəxssiz olaraq mənalandırılır. Dünyanı idarə edən əbədi
qanunlar şəksizdir. Vahidin mistik vəhdətin (unio mystica) köməyi ilə
dərk olunması yalnız müdriklər tərəfindən, özünü Ona yaxınlaşdırmaq
üçün kifayət qədər gücə malik olanlar tərəfindən reallaşır. Bu, ali
idrak tarixi olaraq şərtlənməmişdir. Avqustin üçün bir xristian olaraq
vəhy Məsihin doğuluşu və onun təlimi vasitəsi ilə tarixə köklənmişdir.
Beləliklə, inamda insanın Tanrı ilə vəhdəti tarixi olaraq müəyyən şəkil
alır. Bu isə kainatın Tanrı tərəfindən yaradılmasına aiddir.
Yaradılmanın başlanğıcı vardır və o, tamamlanacaqdır. Kainatın
mövcud olması tarixi olaraq dəyişkən və təsadüfidir. Ata, xristian
Tanrısı şəxssiz prinsip deyildir, canlı, şəxsləndirilmiş Tanrıdır ki,
insani məxluqlar onu sevə bilərlər və ondan qorxa bilərlər, ona yalvara
bilərlər, ona dua edə bilərlər və onun qarşısında onlar şəxsən cavab
verəcəklər. Kainatın qanunları şəxssiz deyildir, şəxsləndirilmiş
İradənin ifadəçiləridir, O, hər bir şeyi yaratmış və hər bir şeyi idarə
edir. Beləliklə, kainatın bazis xüsusiyyətləri yalnız dəyişiklik və
tarixilik deyildir. Birinci yerə insanın mənəvi həyatı çıxır, özü də o
tərzdə çıxır ki, kainatın mənbəyi olaraq İradə başa düşülür, biz,
insanlar isə bu İradəni yalnız qismən, Tanrı sözünün vəhy vasitəsi ilə
(yəni, Məsihin və Bibliyanın köməyi ilə) dərk edə bilərik.