290
olacağı və kimin lənətlənəcəyi qabaqcadan müəyyənləşibsə, onda
Tanrı öz sözünü insanlara Məsihin tarixi missiyası vasitəsi ilə nə üçün
çatdırırdı? Məsih onda kimi xilas etmək üçün gəlmişdi? Onda
xristianlığın əsas təsəvvürləri – Tanrı Oğlunun dirilməsi, onun bütün
əməlləri və əzabları tamamilə artıq deyilmi? Və ya bütün bunlar
dünyəvi müdrikliyin xristian həqiqətlərini dərk etmək iqtidarında
olmamasını qəti olaraq göstərmirmi? Əksinə olaraq, demək olarmı ki,
əgər biz öz zəkamızın köməyi ilə Tanrının əməllərini anlamaq
iqtidarındayıqsa, onda vəhy və xristianlıq bizim üçün zəruri olacaqmı?
İnamın xristian həqiqətlərinin və dünyəvi biliyin qarşılıqlı
əlaqəsinin Avqustin anlamı ondadır ki, aşkar olunmuş bəzi həqiqətlər
zəkanın köməyi ilə dərk oluna bilərlər, digərləri isə insani anlamdan
üstündürlər. Eyni zamanda inamın heç bir həqiqəti, əgər onlardan
düzgün olaraq istifadə olunsa, son nəticədə zəkaya zidd ola bilməz.
Avqustin güman etmişdir ki, zəkanın köməyi ilə dərk oluna bilən
aşkar həqiqətlər sırasına Tanrının mövcudluğu və insan ruhunun
ölümsüzlüyü barədə müddəalar aiddir.
Gelasi və iki hakimiyyət haqqında təlim
Xristianlığın aparıcı dinə çevrilməsi ilə iki "hökumət" - dövlət
(regnum) və kilsə (sacerdotium) - tərəfindən idarə olunan cəmiyyət
yarandı. Cəmiyyətin hər bir üzvü bu iki institutun nəzarəti altında oldu
və necə deyərlər, ikiqat sədaqət nümayiş etdirdi. Lakin bu institutlar
arasındakı münasibətlər də bir çox konfliktlərlə səciyyəvi idi.
Biz gördük ki, Avqustin iki "dövlət" ("məmləkət") arasındakı
münasibətlərə dair öz izahını vermişdir. Papa (Roma yepiskopu) I
Gelasi (Gelasius, 492-496–cı illər pontifikatı ) Bizans imperatorundan
asılı vəziyyətdə idi. Bu situasiyada o, hər iki hakimiyyətin (potestates)
Tanrıdan qaynaqlanması və deməli, eyni dərəcədə legitim olması
barəsində təlim irəli sürərək, faktiki olaraq kilsəni müdafiə etdi.
Bu təlim təsdiq edirdi ki, hakimiyyətin müxtəlif vəzifələri
vardır: kilsə - mənəvi, dövlət isə dünyəvi hakimiyyəti həyata keçirir.
Hər iki hakimiyyət bir-birini dəstəkləməlidir.
800-900-cu illər ərzində bu doktrina həm kilsə, həm də dövlət
tərəfindən qəbul olunmuşdu. Lakin çox tezliklə məlum oldu ki, onlar
arasındakı razılıq reallıqdan daha çox, sözdədir. Məsələ ondadır ki, iki
hakimiyyət və ya "qılınc" haqqında doktrina müxtəlif şəkildə şərh
oluna bilər.
Gelasini çətin ki, onda günahlandırmaq olar ki, onun təlimi
qeyri-dəqiq və ikimənalı idi. Anlaşılmazlığın kökü işlərin həqiqi
vəziyyətində idi, bu vəziyyəti isə heç bir doktrina dəyişdirə bilməzdi
291
(hətta əgər onun məqsədi iki hakimiyyətin yanaşı mövcudluğunu
mümkün və legitim etmək idisə də). "Mənəvi" və "dünyəvi"
hakimiyyətlər arasındakı real sərhədlər əslində haradan keçir?
İncil sirlərinin və moizəsinin həyata keçirilməsi mənəvi
məsələlər sırasına aiddir. Amma bu mənəvi əməllər mülkiyyət
üzərində, monastırlar və kilsə qurumları üzərində nəzarətə dair
müəyyən hüquqların mövcudluğunu nəzərdə tutur. Başqa sözlə,
mənəvi hakimiyyət dünyəvi hakimiyyətin müəyyən payına da mütləq
malik olmalıdır.
Digər tərəfdən, dünyəvi siyasətdə iştirak müəyyən fundamental
dəyərlərə əsaslanan əməlləri nəzərdə tutur. Əgər əxlaq (dəyərlər)
mənəvi hakimiyyətin nəsibidirsə, onda bu hakimiyyətə istinad
etmədən dünyəvi siyasətlə məşğul olmaq mümkün deyildir.
Roma imperiyasından orta əsr cəmiyyətinə keçid zamanı baş
verən bəzi sosial dəyişiklikləri oxucuya xatırlatmaq gərəkdir.
Roma
imperiyası bir çox münasibətlər baxımından
mərkəzləşdirilmiş dövlət idi, o, bir neçə böyük şəhərin (hər şeydən
öncə Romanın) ətrafında mərkəzləşdirilmişdi. Bu şəhərlər ictimai,
iqtisadi və inzibati mərkəzlər olaraq fəaliyyət göstərirdilər. Eyni
zamanda əhalinin əsas məşğuliyyəti isə kənd təsərrüfatı idi. Orta əsr
cəmiyyəti daha çox mərkəzləşdirilmiş idi və onun iqtisadiyyatı
Romada olduğundan daha artıq bir dərəcədə kənd təsərrüfatına
əsaslanmışdı. Qərbi Avropanın orta əsr cəmiyyəti mənəvi mənada
ümumi dinə malik olan böyük cəmiyyət, xristian respublikası
(respublica Christiana) idi. Ehtimal ki, belə demək daha düzgün
olardı ki, din bu cəmiyyətdə real qüvvə idi. Hər şeydən əlavə, bu
cəmiyyət əsasən barter iqtisadiyyatına istinad edirdi və ünsiyyətin
nisbətən az inkişaf etmiş vasitələrinə malik idi. Elə buna görə də, o,
kiçik regionlara parçalanmışdı.
Təqribən 400-cü ildən 1500-cü ilə qədər davam edən Orta
əsrlər ərzində bircinsli və statik sosial sistem mövcud deyildi. Coğrafi
fərqlər də kifayət qədər böyük idi. Orta əsrlərin səciyyəvi cəhəti
demək olar ki, feodal sisteminin müxtəlif formalarının mövcud olması
idi. Feodal sistemi termini altında o cəmiyyət başa düşülür ki, burada
kral (və ya imperator) və zadəganlar arasındakı münasibətlər
qarşılıqlı müqavilə ilə tənzimlənir, bu müqaviləyə uyğun olaraq kral
aristokratlara (vassallara) mülk torpağı (feod) verir və vassallar
cavab olaraq krala hərbi dəstək göstərirlər və vergi verirlər.
Həmçinin vassallar və kəndlilər arasında da müqavilə mövcud idi, bu
müqaviləyə uyğun olaraq vassal onları müdafiə etməli, onlar isə
məhsulun bir hissəsini ona verməli idilər.