159
Belə bir məsələni də qoymaq olar: hansı insani keyfiyyətlər -
ictimai, altruistik və ya eqoistik – insana həqiqətən də xasdır? Onun
spontan impulsları və təbii emosiyaları və ya borc hissi və tərbiyə ilə
formalaşdırılan keyfiyyətləri onu səciyyələndirirmi? Yoxsa insani
mahiyyətin özü normativ məsələlərdə ölçü rolunu oynayan tənqidi
rasionallıqdır?
Yuxarıda söylənilənlərdən belə bir nəticə alınır: İnsanın nə və
ya kim olduğunu, cəmiyyətlə, təbiətlə və ənənə ilə necə bağlı
olduğunu qabaqcadan əsaslı olaraq aydınlaşdırmadan "insanın öz
davranışı üçün ölçü olması" barədə danışmaq mənasızdır.
Protaqorun yalnız bir fraqmenti barədə bizim kifayət qədər
sərbəst düşüncələrimiz göstərir ki, burada meydana çıxan suallar necə
də mürəkkəbdir. Bizim tərəfimizdən istifadə olunan sözlər və onların
istifadə üsulları çox vaxt o qədər qeyri-müəyyəndir ki, onların köməyi
ilə nəyin barəsində danışıldığını müəyyənləşdirmək üçün anlayışların
xüsusi analizi (konseptual analiz) zəruri olur. O, fəlsəfənin mərkəzi
suallarından biridir. Sofistlərdə və Sokratda, Lokkda və Maarifçilik
filosoflarında və həmçinin müasir mütəfəkkirlərdə müşahidə olunan
rasional aydınlaşdırma və müzakirə meyli bu məsələnin həllinə
yönəlmişdir.
Adətlərin və əməllərin normativ əsaslarını aydınlaşdıran
diskussiyaların gedişində müxtəlif normalar və qaydalar bir sıra bazis
normalarına qədər izlənilir. Bu normalar öz-özlüyündə dəyərli hesab
edilir. Məsələn, biz «yolların salınması yaxşıdır» və ya «faydalıdır»
ona görə deyirik ki, yol özlüyündə dəyərə malik olan nəsə yaxşı bir
şeyə xidmət edir. Əgər məsələ onda olsaydı ki, biz nəyə görə yol
salırıq, onda biz daha fundamental dəyəri – bu yolun insanların rifah
halını yüksəldəcəyini göstərərdik.
Amma, necə sübut etmək olar ki, nəsə özlüyündə xeyirdir
(nemətdir)? İlkin normaları necə əsaslandırmalı? Protaqorun yuxarıdı
qeyd olunmuş üç müddəası - dini aqnostisizm haqqında, əks fikrin
həmişə irəli sürülə bilməsi haqqında və insanın bütün şeylərin ölçüsü
olması haqqında müddəlar – ilkin normaların əsaslı olub-olmaması
probleminə onun münasibətinin necə olması barədə fikir yürütməyə
imkan verir. Görünür, bu mülahizələrdən birincisi göstərir ki, Protaqor
bu problemi ilahiyə – tanrıların iradəsinə, onların arzularına və
göstərişlərinə - müraciət etmək yolu ilə həll etməyi mümkün hesab
etməmişdir. Bunun səbəbi sadədir - biz tanrılar haqqında
müəyyənliklə heç nəyi bilmirik.
Bizim tanrılar haqqında heç nəyi müəyyənliklə bilə bilməyimiz
müddəasının lehinə olaraq, Protaqor iki arqument irəli sürür: 1) ilahi
varlıq hislərlə qavranılanın hədlərindən kənardadır və 2) insan həyatı
160
həddindən artıq keçicidir. Birinci arqument ilahinin mövcud olmasına
etiraz etmir, onun hissi qavrayışa yatmamasını təsdiq edir. Bu halda
qeyri-aşkar surətdə güman olunur ki, hissi qavrayış insani təcrübənin
yeganə fundamental formasıdır. Platonçular, məsələn, bunun əleyhinə
etiraz edərdilər. İnsan həyatının qısa olması barədə ikinci
arqumentdən belə çıxır ki, əgər bizim həyatımız uzun olsaydı, biz ilahi
haqqında daha çox şeyi bilə bilərdik. Onda bu arqument həm ilahinin
mövcud olmasını, həm də onun haqqında biliklərin bütün həyat boyu
bu və ya digər qaydada artmasını qəbul edir.
İstənilən mülahizə üçün ona elə həmin kontekstdə də tamamilə
əks olan mülahizənin mövcudluğu barədə tezisi həm də belə şərh
etmək olar ki, bu, mövcud normaların müzakirə olunmadan qəbul
edilmə praktikasının dolayısı yolla tənqidi idi. Belə olduğu halda
yalnız qəbul edilənlərin deyil, həm də alternativ əxlaqi və ya siyasi
normaların xeyrinə eyni uğurla arqumentlər gətirmək olar. Qeyd edək
ki, oxşar əqli nəticə ənənələrə bəraət qazandırılması kimi də xidmət
edə bilər - ənənəvi normalar da istənilən başqa normalar kimi son
dərəcə yaxşıdır.
Bunun ardınca qeyd edək ki, əgər aqnostik tezis etik-siyasi
normaların ilahi avtoritet üzərində əsaslandırılması əleyhinə bir
arqument kimi şərh edilərsə, onda istənilən məsələ üzrə bir-birinə zidd
olan fikirlərin mövcudluğu barədə tezisi, görünür ki, etik-siyasi
normaların bilavasitə olaraq hakim ənənə üzərində əsaslandırılması
əleyhinə bir arqument kimi şərh etmək olar.
İnsanın bütün şeylərin ölçüsü olması barədə tezisin mümkün
şərhlərinin birindən belə bir nəticə çıxır ki, normaların ümumi
əhəmiyyətə malik olması məsələsində məhz cəmiyyət ali instansiya
olur.
Əgər müzakirə olunan mövzu ilə bağlı, bir tərəfdən, lehinə və
əleyhinə olan fikirlər, və başqa tərəfdən isə diskussiyaların istinad
etdiyi müqəddəm şərtlər bir-birindən fərqləndirilsə, onda demək olar
ki, bir-birinə zidd olan fikirlərin mövcudluğu barədə tezis
problemlərin rasional müzakirəsi üçün şərait yaradan müəyyən
cəmiyyət daxilində düzgündür. Belə halda cəmiyyəti normativ
problemlərin həlli zamanı son instansiya kimi təqdim edən tezis
cəmiyyəti müzakirə olunan predmetin bir hissəsi kimi deyil, insani
davranış meydanı kimi şərh edir. Belə olduğu təqdirdə ictimai
normalar şahmat qaydalarına bənzəyir. Bu qaydaların sayəsində biz
bilirik ki, hansı gediş yaxşıdır və ya hansı gediş pisdir. Amma
qaydaların özləri müzakirə predmeti deyildir, ən azı o vaxta qədər ki,
biz şahmat oynayırıq! Amma ictimai normalar halında isə "meydan"
və "məzmun" arasındakı, müqəddəm şərtlər və onların nəticələri