164
Platon və Aristotel Peloponnes müharibəsindən (431 - 404
b.e.ə.) sonra Afina polisində yaranın siyasi şəraitdə yaşayıb-
yaratmışlar. Bu dövr siyasi cəhətdən stabil olmaması, ənənələrin və
cəmiyyətin intellektual tənqidi ilə səciyyələndirilirdi.
Sokrat
Həyatı. Sokrat (Socrates) b.e.ə. təxminən 470-ci ildə anadan
olmuş və b.e.ə. 399-cu ildə vəfat etmişdir. Onun aktiv fəlsəfi fəaliyyəti
naturfəlsəfə dövründə (b.e.ə. 450-400) baş vermişdir. Sokrat
sofistlərin müasiri və ilk Afina filosofu idi, bütün həyatını doğma
şəhərində yaşamışdı. Onun atası bənna, anası isə – mamaça idi.
Görkəmli və varlı nəsildən olmamasına baxmayaraq, o, heç bir zaman
öz maddi vəziyyətini yaxşılaşdırmağa çalışmamışdır. Sokrat
Ksantippa ilə evli idi və üç uşağı vardı.
Platonun
dialoqlarında təsvir olunan Sokrat dünya
mənəviyyatına böyük təsir göstərmiş insanların sırasına aiddir.
Sokratın bir insani şəxsiyyət olaraq fərqli cəhətləri onun yüksək
əxlaqı, təvazökar və sadə həyat tərzi, itiağıllılığı, səmimiyyəti və
xeyirxah yumoru idi. Lakin Afina vətəndaşları Sokrat onları küçədə və
ya bazarda saxladığı zaman, onlarla söhbətə başladığı zaman və
onlara çətin suallar verdiyi zaman müəyyən diskomfort hiss edirdilər.
Bir sıra amillərin təsiri ilə belə bir fikir formalaşmışdı ki, Sokrat da,
sofistlər kimi, gəncləri korlayır və cəmiyyət üçün təhlükəlidir. Bu
sonda ona gətirib çıxardı ki, Sokrat andlılar məhkəməsinin qərarı ilə
ölümə məhkum edildi, zəhər içdirilərək öldürüldü.
Əsərləri. Sokrat heç nə yazmamışdır. Onun təlimi barədə (əgər
ümumiyyətlə onun təlimindən danışmaq mümkündürsə) bizim biliyimiz
onun haqqında başqalarının yazdıqlarına əsaslanır. Bu, başlıca olaraq
Platondur, Sokrat onun dialoqlarında əsas rolu oynayır. Elə buna görə
də, əminliklə təsdiq etmək çətindir ki, burada söylənilənləri Sokrat
həqiqətənmi demişdir və Platonun dialoqlarda Sokratın mülahizələri ilə
Platonun mülahizələri arasındakı sərhəd haradan keçir. Bu qeydi
nəzərdə tutaraq Platon tərəfindən təsvir olunan Sokratın fəlsəfəsini şərh
etməyə səy edək.
Sofistlərdə olduğu kimi, Sokratın da diqqət mərkəzində
naturfəlsəfi deyil, epistemoloji və etik-siyasi problematika dururdu.
Epistemologiyada onu dialoqun köməyi ilə anlayışların (təriflərin)
165
analizi maraqlandırırdı. Etik-siyasi sferada isə onun məqsədi
sofistlərin skeptisizmini təkzib etmək idi. Burada onun başlıca tezisi
belə idi: ümumi dəyərlər və normalar bir ali fəzilət və ədalət olaraq
həqiqətən də mövcuddurlar!
Sokrat etikasının əsas prinsipləri sxematik olaraq, yəqin ki,
belə ifadə oluna bilər. "Fəzilət" və "bilik" vəhdət təşkil edir. Ədalətin
nə olduğunu bilən insan əslində ədalətli hərəkət edəcəkdir. Ədalətin nə
olduğunu bilən və ədalətli hərəkət edən insan "xoşbəxt" olacaqdır.
Belə ki, düzgün bilik insanın məxsusi olaraq nə olduğunu bilmədir,
əxlaqi olaraq (ədalətli olaraq) hərəkət etmək əslində özünü insan adına
uyğun bir şəkildə aparmaq deməkdir.
Fəziləti ifadə etmək üçün yunan dilində arete (arete) sözü var
idi. İlkin olaraq o, sözün dar mənasında, moralizator sayağı mənada
"fəzilət"i, bir sıra əməllərdən özünü saxlamanı nəzərdə tutmurdu:
"yaxşı olardı ki, xoşagəlməz vəziyyətlərə düşməyəsən", "yaxşı olardı
ki, lazımsız yeri pul xərcləməyəsən " və i.a. Fəzilət bir arete olaraq
daha çox cəmiyyətdə, digər insanlarla münasibətdə əsl insani
potensialın təcəssüm etdirilməsidir. Bu mənada fəzilət qadağa çalarına
deyil, pozitiv çalara malik idi. Arete sözünün əsas mənası "səadət"
sözünün əsas mənası kimi kamillik ideyası ilə bağlıdır, bu, əxlaqi
kamillik də ola bilər və ya insan üçün nəzərdə tutulmuş rolu və ya
funksiyanı yerinə yetirərkən mümkün üsulların ən yaxşısına da aid
edilə bilər. Areteyə malik olan kəs öz işini elə yerinə yetirir ki, bu iş
elə bu mükəmməlliklə də yerinə yetirilməlidir. Areteyə malik olan
müəllim şagirdlərini zəruri qaydada öyrədən müəllimdir. Areteyə
malik olan dəmirçi yaxşı alətləri hazırlayan dəmirçidir. İnsan o halda
fəzilətlidir ki, o, ona verilmiş qabiliyyətlərə uyğundur, yəni insan
olmanın əsl nümunəsini reallaşdırır.
"Fəzilət problemi" bizi yəqin ki, daha çox gənclik illərində
məşğul edir, o zaman ki, bizlərdən hər birimiz cəmiyyətdə öz
yerimizi, öz həyat tərzimizi, öz mühitimizi, öz işimizi, öz ailəmizi və
i.a. tapmalıyıq. Əgər biz bu zamanda səhv etsək, onda bizim həyatımız
ümidsiz bir tərzdə şikəst ola bilər. O zaman ki, söhbət "fəzilətli"
olmaq barədə gedir, onda bu zaman həyatda öz yerini, öz həyat tərzini
və i.a. tapmaq zərurəti nəzərdə tutulur. "Fəzilətli" olmaq tələbi
həmçinin o mənanı verir ki, insan müəyyən hərəkətlərdən və
əməllərdən çəkinməlidir (yəni o, məhdud mənada "fəzilətli" olmalıdır,
"fəzilət"in bu mənasına nisbətən arete daha geniş, daha əhatəli
anlayışdır).
Sokratdan ötəri fəzilət "biliyin" (yunanca, episteme) müəyyən
ekvivalenti idi. Lakin biliyin onun tərəfindən anlaşılması kifayət qədər
mürəkkəbdir. Müasir terminologiyadan istifadə edilsə, Sokratda