Haqqin iZİ İLƏ Müəllif: Əli Əsğər Rizvani


PEYĞƏMBƏR (S) VƏ ŞİƏLİYƏ DƏVƏT



Yüklə 462,01 Kb.
səhifə6/47
tarix15.07.2018
ölçüsü462,01 Kb.
#55974
1   2   3   4   5   6   7   8   9   ...   47

PEYĞƏMBƏR (S) VƏ ŞİƏLİYƏ DƏVƏT


1. İbn Həcər və başqaları İbn Abbasdan nəql edirlər: Allah-Taala إِنَّ الَّذِينَ ءَامَنُواْ وَ عَمِلُواْ الصَّالِحَاتِ أُوْلَئكَ هُمْ خَيرْ الْبرَيَّة İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır”(“Bəyyinə”, 7) ayəsini nazil etdikdə Peyğəmbər (s) Əliyə (ə) müraciətlə buyurdu: “Ey Əli! Bu ayədə məqsəd sən və şiələrindir”1.

2. Hakim Həskani İbn Abbasdan nəql edir: “Bu ayə Əli (ə) və şiələri haqqında nazil olmuşdur”2.

3. Həskaninin Əlidən (ə) nəql etdiyi bir hədisdə deyilir: “Peyğəmbər (s) mənim qucağımda dünyasını dəyişdi. Son nəfəsində buyurdu: “Ey Əli! Allahın bu sözünü إِنَّ الَّذِينَ ءَامَنُواْ وَ عَمِلُواْ الصَّالِحَاتِ أُوْلَئكَ هُمْ خَيرْ الْبرَيَّة eşitməmisənmi? Onlar sənin şiələrindir. Bizim görüş yerimiz (Kövsər) çayının sahilidir”3.

4. İbn Mərdəveyh Aişədən nəql edir: “Peyğəmbərdən soruşdum ki, insanların Allah yanında ən sevimlisi kimdir?” Peyğəmbər (s) buyurdu: “Bu ayəni إِنَّ الَّذِينَ ءَامَنُواْ وَ عَمِلُواْ الصَّالِحَاتِ أُوْلَئكَ هُمْ خَيرْ الْبرَيَّة oxumamısanmı?”4

5. İbn Əsakir özünəməxsuz sənədlə Cabir ibn Abdullah Ənsaridən nəql edir: “Biz Peyğəmbərin (s) yanındaydıq. Əli (ə) də oraya gəldi. Bu zaman Peyğəmbər (s) buyurdu: “And olsun canım əlində olan Allaha! Həqiqətən, bu (Əli) və şiələri qiyamət günü mütləq xilas olacaqlar”. Bu zaman إِنَّ الَّذِينَ ءَامَنُواْ وَ عَمِلُواْ الصَّالِحَاتِ أُوْلَئكَ هُمْ خَيرْ الْبرَيَّة ayəsi nazil oldu. Bu hadisədən sonra səhabələr Əlini (ə) gördükdə deyirdilər: “Xeyr əl-bəriyyə” gəldi”1.

6. İbn Mərdəveyh Əlidən (ə) belə nəql edir: “Peyğəmbər (s) mənə buyurdu: “Allahın sözünü eşitməyibsənmi: إِنَّ الَّذِينَ ءَامَنُواْ وَ عَمِلُواْ الصَّالِحَاتِ أُوْلَئكَ هُمْ خَيرْ الْبرَيَّة Bu ayədə məqsəd sən və şiələrindir”2.

7. Təbəri Əbu əl-Caruddan İmam Baqirin belə buyurduğunu nəql edir: “Peyğəmbər (s) إِنَّ الَّذِينَ ءَامَنُواْ وَ عَمِلُواْ الصَّالِحَاتِ أُوْلَئكَ هُمْ خَيرْ الْبرَيَّة ayəsini izah edərkən buyurdu: “Ey Əli! Ayədə məqsəd sən və şiələrindir”3.
EYNİ MƏZMUNLU HƏDİSLƏR

Əhli-sünnə qaynaqlarında eyni məzmunlu digər hədislər də mövcudur. Həmin hədislərin bir neçəsinə nəzər salaq:



  1. İbn Həcər Ümmü-Sələmədən belə nəql edir: “Peyğəmbər (s) mənim yanımda idi. Fatimə o həzrətin (s) yanına gəldi. Sonra Əli (ə) gəldi. Peyğəmbər (s) buyurdu: “Sən və sənin səhabələrin, şiələrin behiştdə olacaqsınız”4.

2. Hakim Həskani وَ مِمَّنْ خَلَقْنَا أُمَّةٌ يهَدُونَ بِالْحَقِّ وَ بِهِ يَعْدِلُونَ Yaratdıqlarımız içərisində bir zümrə də var ki, onlar insanları haqq yola aparır, haqqı rəhbər tutaraq (onların arasında) ədalətlə hökm edirlər(“Əraf”, 181) ayəsini izah edərkən Əlidən (ə) nəql edir: “Onlarda məqsəd mən və şiələrimdir”1.

3. İbn Məğazili özünəməxsus sənədlə Ənəs ibn Malikdən Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Ümmətimin yetmiş min nəfəri sorğu-sualsız behiştə daxil olacaq”. Sonra Əliyə (ə) iltifat göstərərək buyurdu: “Onlar sənin şiələrin, sən isə onların imamısan”2.

4. Gənci Şafei özünəməxsus sənədlə Əbu Səid Xudridən Peyğəmbərin (s) Əliyə (ə) belə buyurduğunu nəql edir: “Bu (Əli) və şiələri qiyamət günü behiştə gedəcəklər”3.

5. Xarəzmi Peyğəmbərin (s) Əliyə (ə) müraciətlə belə buyurduğunu nəql edir: “Həqiqətən, sənin şiələrin nurdan olan minbərlər üzərindədirlər. Həqiqətən, haqq sənin dilindədir”4.

6. İbn Əsakir özünəməxsus sənədlə İmam Əlidən (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Sən və şiələrin behiştdə olacaqsınız”5.

7. Səmhudi özünəməxsus sənədlə İmam Əlidən (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Qiyamət günü Allahın ərşinə doğru öndə gedənlər nə xoşbəxtdirlər!” Ey Allahın rəsulu, onlar kimlərdir? - deyə soruşulduqda o həzrət buyurdu: “Ey Əli! Onlar sənin şiələrin və sevənlərindir”1.

8. Xətib Bağdadi özünəməxsus sənədlə Peyğəmbərin (s) Əliyə (ə) müraciətlə belə buyurduğunu nəql edir: “Sən və şiələrin behiştdə olacaqsınız”2.

9. Heysəmi Peyğəmbərin (s) Əliyə (ə) müraciətlə belə buyurduğunu nəql edir: “Sən mənim ümmətimdən behiştə daxil olacaq ilk şəxssən. Həqiqətən, sənin şiələrin nurdan olan minbər üzərində olaçaqlar”. Əllamə Mənavi Ümmü-Sələmədən Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Əli və şiələri qiyamət günü nicat tapanlardırlar”.


HƏDİSLƏRİN AÇIQLAMASI

Bu məzmunda olan hədislərin iki mühüm mesajı var:



  1. İnsanları şiəliyə, Əliyə (ə) tabe olmağa, onun ardınca getməyə dəvət etmək, nəticədə isə səhabələr arasında şiəlik adlı yeni bir düşüncə xətti formalaşdırmaq;

  2. Yuxarıda qeyd edilənlərdən belə bir nəticə əldə edirik ki, şiəlik Peyğəmbərdən (s) sonra Əlinin (ə) ardınca getmək deməkdir. Belə olan halda şiəlik İslamdan ayrı deyil, əksinə, eyni yolun davamıdır. Əhli-sünnə qaynaqlarında bunu təsdiq edən digər hədislər də mövcuddur. Peyğəmbər (s) buyurmuşdur: “Mənə asi olan, Allaha asi olmuşdur. Əliyə itaət edən, mənə itaət etmiş, ona asi olan mənə asi olmuşdur”.

Hakim Nişapuri bu hədisin səhih olduğunu qəbul edir. Lakin birinci və ikinci xəlifələri də bura daxil edir. Zəhəbi də “Təlxis əl-müstədrək” kitabında məlum hədisin rəvayətçilərinin etibarlı olduğunu isbat edir.
HƏDİSLƏRİ NƏQL EDƏN ƏHLİ-SÜNNƏ ALİMLƏRİ

Bu məzmunlu hədisləri çox sayda əhli-sünnə elm adamları qələmə aldıqları kitablarda qeyd etmişlər. Belə alimlərdən bir neçəsini diqqətinizə çatdırırıq:

1) İbn Əsakir1;

2) İbn Həcər Əsqəlani2;

3) Əbu Nəim İsfahani3;

4) İbn Əsir4;

5) Hakim Həskani Hənəfi5;

6) Deyləmi6;

7) Təbərani7;

8) Heysəmi1;

9) Süyuti2;

10) Qunduzi3;

11) İbn Məğazili Şafei4;

12) Gənci Şafei5;

13) Həmmui6;

14) Xarəzmi7;

15) İbn Həcər8;

16) Bəlazuri9;

17) Səmhudi10;

18) Təbəri1;

19) İbn Səbbağ Maliki2;

20) Xətib Bağdadi3;

21) Məsudi4;

22) Mir Seyid Əli Həmədani5;

23) Mənavi6;

24) Zəhəbi7;

25) Əbu əl-Fərəc8;

26) Şəblənci9;

27) Müttəqi Hindi1;

28) Alusi2;

29) Şövkani3.
HƏDİSLƏRİN TƏSHİHİ

Qeyd olunan hədisləri aşağıdakı yollarla təshih etmək olar;



1. Sənəd baxımından

Bu rəvayətlər hər iki məzhəbin kitablarında o qədər çoxdur ki, onun doğruluğuna heç bir şübhə qalmır. Xüsusilə, bu rəvayətləri əhli-sünnə elm adamlarının öz inanclarına müvafiq olmadığı halda nəql etdiklərini nəzərə alsaq, məzmunca danılmaz bir həqiqət olduğu üzə çıxar. Deməli, bu hədis saxta, quraşdırma ola bilməz. Elə buna görə də İbn Həcər Heysəmi məlum hədisləri nəql etdikdən sonra sənəd baxımından heç bir irad tutmadan məzmununu yozmağa çalışır.



2. Məzmun baxımından

Sözügedən hədislərdə İmam Əli (ə), onun şiə və ardıcıllarının qiyamət günü nicat tapacaqları, onların “Xeyr əl-bəriyyə” (yaradılmışların ən yaxşısı) olduqları qeyd edilir. Deməli, Əlinin (ə) cəmiyyətdə örnək və rəhbər olduğunu, hər bir müsəlmanın Peyğəmbərdən (s) sonra onun ardınca getməsi lazım olduğunu önə çəkir. Bunu “Səqəleyn”, “Qədir” və Peyğəmbərin (s) Əlinin (ə) özündən sonra imam olduğunu açıqladığı digər hədislər də təsdiq edir.


AYƏNİN İMAMƏTLƏ BAĞLILIĞI

Şiə və əhli-sünnə arasında mövcud olan fikir ayrılıqlarından biri imamın seçilmə və yaxud təyinedilmə yolu ilə olmasıdır. Hər iki halda bu ayədən və onu şərh edən hədislərdən aydın olduğuna görə, Əli (ə) yaradılmışların ən yaxşısıdır. Hətta İbn Teymiyyənin belə qəbul etdiyi bir prinsipə görə, rəhbərliyə və imamlığa layiq olan yaradılmışların ən yaxşısıdır. Nəticə etibarı ilə, seçilmə və ya təyinedilmədən asılı olmayaraq, Peyğəmbərdən (s) sonra İslam ümmətinin rəhbəri olması qaçılmaz olan şəxs Əlidir (ə).

Başqa sözlə desək, “Xeyr əl-bəriyyə” (yaradılmışların ən yaxşısı) ayəsindən sonra deyilir:

رضىَِ اللَّهُ عَنهْمْ وَ رَضُواْ عَنْهAllah onlardan razıdır, onlar da Allahdan razıdırlar” (“Bəyyinə”, 7).

Dəfələrlə qeyd etdiyimiz rəvayətlər bunun Əli (ə) və onun şiələrinə aid olduğunu açıqca göstərdi. Bu ayə ilə “İkmal” ayəsini وَ رَضِيتُ لَكُمُ الْاسْلَامَ دِينًا (“Bir din kimi sizin üçün İslamı bəyənib seçdim”) yanaşı qoyduqda əldə olunan nəticə bu olur ki, iman və yaxşı əməl Əli (ə) vasitəsi (xətti) ilə əldə edilməlidir. Çünki səhih hədislərə müvafiq olaraq, “İkmal” ayəsi Qədir-Xum hadisəsindən sonra nazil olmuşdur.


İRADLARA CAVAB

Bu müqəddəs mətnlər İmam Əlinin (ə) və şiələrinin haqq olduqlarını açıq-aydın göstərdiyi üçün əhli-sünnə mənsubları mümkün olan bütün vasitələrlə məlum mətnlərə irad tutmağa, onları müxtəlif şəkildə yozaraq məqsəddən yayındırmağa çalışmışlar. İndi həmin iradları bir-bir qeyd edib cavab verəcəyik:



  1. Əlinin (ə) Peyğəmbərdən (s) üstün olması;

Alusi deyir: “Əgər “xeyr əl-bəriyyə”də məqsəd Əlidirsə, bu zaman onun Peyğəmbərdən (s) də üstün olması lazım gəlir. Çünkü ayə mütləqdir. Heç bir qeyd olmadıqda, təbii ki, Peyğəmbərə (s) da aid olur”1.

Cavab: Birincisi, ayə Peyğəmbərdən (s) sonra yaradılmışların ən yaxşısına aiddir. Buna görə də Peyğəmbər (s) bu ayənin əhatəsi xaricindədir.

İkincisi, “Mübahilə” ayəsi, “Teyr”, “Nur” hədisləri və s. bir çox dəlillərə görə, İmam Əli (ə) Peyğəmbərin (s) özüdür. Bura bütün fəzilətlər daxildir və onlar arasında (peyğəmbərlikdən başqa) heç bir fərq yoxdur. Elə ona görə də Əli (ə) Peyğəmbərdən (s) üstün ola bilməz.

Üçüncüsü, yaradılmışların ən yaxşısı olmaq üçün zəruri şərtlərdən biri Allaha və Peyğəmbərə (s) iman gətirməkdir. Deməli, Əli (ə) Peyğəmbərin (s) risalətinə iman gətirərək yaradılmışların ən yaxşısı məqamına yüksəlmişdir.

Dördüncüsü, Peyğəmbər (s) ümmətə müraciətlə onları yaradılmışların ən yaxşısına itaət etməyə səsləyir. Məlumdur ki, Peyğəmbər (s) (özünə deyil), öz vəfatından sonra yaradılmışların ən yaxşısı olan Əliyə (ə) itaət olunmasını nəzərdə tutur.



2. Şiə, sevən deməkdir;

İbn Həcər Məkki “əs-Səvaiq əl-mühriqə” kitabında bir neçə hədis qeyd edərək yazır: “Əli (ə) şiələri elə əhli-sünnədir. Çünki Əlini (ə), Allahın və rəsulunun (s) tapşırdıqları kimi sevirlər. Əhli-sünnədən başqa digər məzhəblərin hamısı Əliyə (ə) düşməndirlər. Çünki şəriətdən xaric sevgi hidayətdən dönmək və əslində düşmənçilikdir. Elə buna görə də (bu sevgi) onların bədbəxtliklərinə gətirib çıxaracaq”2.



Cavab: Birincisi, o, şiə sözünü sevən kimi tərcümə etmişdir. Bir halda ki, şiə sözünün bu məna ilə heç bir əlaqəsi yoxdur. Şiə sözünün mənası itaət edən, ardıcıldır.

İkincisi, bu açıqlama şiə sözünün terminoloji mənası ilə də müvafiq deyil. Çünki şiə sözü bir termin kimi Əhli-beyti (ə) sevib onlara itaət edən, tabe olan, onların imam olduğuna inanan insanlara deyilir. Şəhristani deyir: “Şiə müqəddəs mətnlərə əsaslanaraq yalnız Əliyə (ə) tabe olan, onun imamlığına və xəlifəliyinə əqidə bəsləyən insanlara deyilir”1.

Seyid Şərif Cürcani deyir: “Şiə Əliyə (ə) tabe olan, onun Peyğəmbərdən (s) sonra bilavasitə imam olduğuna inam bəsləyənlərə deyilir. Onların əqidəsincə, imamlıq ondan sonra övladlarına keçir”2.

Üçüncüsü, bu iradların müəllifi İbn Həcərə deyirik: Əgər Əlinin (ə) həqiqi şiələri əhli-sünnədirsə, o zaman nə üçün onun düşmənləri haqqında kitab yazır, onları mədh edirlər? İbn Həcərin özü Müaviyəni müdafiə məqsədi ilə “Təthir əl-cinan” adlı kitab yazmamışdırmı? Müaviyənin Əliyə (ə) qarşı düşmənçiliyi İbn Həcərə məlum deyildimi?

Dördüncüsü, hansı dəlilə görə əhli-sünnədən olmayanların Əliyə (ə) məhəbbəti şəriət çərçivəsi xaricindədir? Onlar Əlini (ə) sevərək Allah məqamınamı yüksəltmişlər? Əsla belə deyil. Bizim o həzrətə (ə) olan məhəbbətimiz ifrat deyil, sizin məhəbbətiniz - əgər varsa, - olduqca azdır. Bizim onu sevməyimizə səbəb “Rayə” (ələm, bayraq) hədisinə əsasən Allahın onu sevməsidir.

Beşincisi, siz Əhli-beyti (ə) necə sevirsiniz, bir halda ki, sizin Buxari kimi öndərləriniz İmran ibn Həttan kimi Əhli-beyt düşmənindən, nasibilərdən hədis nəql edir (və səhih olduğu qənaətinə gəlir), lakin Əhli-beytə (ə) diqqətsizlik göstərərək onlardan hədis nəql etmir? Seyid Şərəf əd-Din yazır: “Əli və Əhli-beyt (ə) şiələri dində onlara tabe olanlardır. Biz əqidəmizi, dinimizin hökmlərini, üsul elmini, sünnə və Quranla bağlı bilgiləri, əxlaq və davranış qaydalarını bütünlüklə onlardan almışıq. Bu, onların imamətini qəbul edərək onlara qarşı təvazökarlığımız sayəsində gerçəkləmişdir. Elə buna görə də onların şiələri hesab olunuruq. Allaha şükür edirik ki, bizi öz dininə hidayət etmiş və biz də Peyğəmbərin (s) qoyub getdiyi iki möhkəm ipdən yapışmışıq. Uca Tanrım bizim Peyğəmbərin (s) elm şəhərinə qapıdan daxil olmağımıza yardım etmişdir. Bu qapı günahların bağışlanma və yer üzü varlıqlarının təhlükəsizlik amili, ümmətin nicat gəmisidir”.



3. Şiə sözü İmamiyyə məzhəbinə deyilmir;

Doktor Nasir Abdullah ibn Əli Qifari “Üsul məzhəb əş-şiə” kitabında yazır: “Əhli-sünnəyə aid olan ensiklopediya və ya ensiklopedik soraq kitablarında şiə anlayışının bu gün uyğun adla tanınan məzhəbə aid olduğunu tapa bilmədim. Lakin bir neçə zəif və ya saxta hədis vardır ki, bu hədislərdə şiə sözü işlənmiş və Əli (ə) şiələri mədh edilmişdir. Belə hədislərə aşağıdakıları misal göstərmək olar: فأستغفرت لعلی و شیعته.... مثلی مثل شجرة أنا أصلها و علی فرعها..... أنت و شیعتک فی الجنة 1



Cavab: Birincisi, məlum hədislərin zəif və ya saxta olmasına sübut nədir? Bu və ya digər hədisin məzmunu sizin əqidənizlə müvafiq olmadığı üçünmü zəif və ya saxta hesab olunur? Belə bir iddia üçün dəlil göstərmək lazım deyilmi?

İkincisi, məlum hədislər hədsiz dərəcədə çox olduğu üçün “mütəvatir” və ya “məşhur” hədis sayılır. Buna görə də sənəd baxımından tədqiqə ehtiyac duyulmur. Çünki ehtimallar yığını və saysız gümanlar yəqinlə nəticələnir.

Üçüncüsü, bu hədislərin məzmununu digər səhih sənədli (“Qədir” və “Səqəleyn” hədisləri kimi) hədislərlə təsdiqləmək olar.

4. Şiə sözünün istənilən firqə və qruplaşmaya deyilməsi;

O, yazır: “Şiə sözü bir öndərin ətrafına toplaşan istənilən qruplaşmaya deyilir. Bəzi şiələr tarixi həqiqətlərə göz yumaraq iddia edirlər ki, şiə ilk dəfə onlara deyilmişdir. Lakin unudurlar ki, Müaviyə də öz tərəfdarlarına “şiələrim” demişdir. Bir sözlə, tarixi həqiqətlər göstərir ki, bu ad yalnız onlara məxsus olmamışdır, Əli (ə) və ya bəzilərinə görə Hüseyn (ə) öldürüldükdən sonra onlara şiə deyilmişdir”1.



Cavab: Birincisi, şiə sözünün bir öndərin ətrafına toplaşan istənilən qruplaşmaya deyilməsi uyğun sözün leksik mənası etibarilədir. Misal ücün, Əbu Süfyan şiəsi, Müaviyə şiəsi və s. ifadələr hərfi məna etibarilə düzgündür. Elə ona görə də Əli (ə) şiələri haqqında işlədilmədikdə aid olduğu şəxsin adı çəkilir. Lakin Əli (ə) şiələri haqqında işlədildikdə heç bir təyinsiz, sadəcə, şiələr deyilir. Deməli, bu halda, məqsəd yalnız Əli (ə) şiəsidir. Bu açıqlamanı əhli-sünnə alimləri öz kitablarında qeyd etmişlər.

Şəhristani yazır: “Şiə müqəddəs mətnlərə əsaslanaraq yalnız Əliyə (ə) tabe olan, onun imamlığına və xəlifəliyinə əqidə bəsləyən insanlara deyilir”2.

İbn Xəldun yazır: “Şiə sözü məna etibarı ilə tərəfdar, ardıcıl deməkdir. Lakin fəqih və mütəkəllimlərin (sxolastiklərin) yazılarında Əli (ə) və onun övladlarının (ə) tərəfdarlarına deyilir”1.

Seyid Şərif Cürcani yazır: “Şiə Əliyə (ə) tabe olan, onun Peyğəmbərdən (s) sonra bilavasitə imam olduğuna inam bəsləyənlərə deyilir. Onların əqidəsincə, imamlıq ondan sonra övladlarına keçir”2.

Fərid Vəcdi yazır: “Əlinin (ə) imamlığını qəbul edən, ona itaət edən, imamlığın onun övladlarından başqasına keçmədiyinə əqidə bəsləyənlərə şiə deyilir. Onlara görə, imamət məsələsi sadəcə məsləhət görülən bir məsələ deyil. Ona görə də ümmətin özü imam seçmək iqtidarında deyil, yəni onun bu icazəsi yoxdur. İmamət dinin əsaslı prinsiplərindən biridir. Elə buna görə də özündən sonrakı imamı Peyğəmbər (s) şəxsən özü təyin etmişdir. Şiələrin inanclarından biri budur ki, imamlar böyük və kiçik günahlardan məsumdurlar. Onlar deyirlər: “İnsan danışıqda da, davranışda da “təvəlli və təbərri”yə riayət etməlidir. Yalnız zalım düşməndən qorxduğu zaman təqiyyə edə bilər”3.

İkincisi, qeyd etdiyimiz rəvayətlərə görə, şiə sözünü ilk dəfə Peyğəmbər (s) Əlinin (ə) tərəfdarlarına demişdir. Hətta bir çox əhli-sünnə alimləri də qeyd edirlər ki, bu ad Peyğəmbər (s) dönəmində bəzi səhabələrə verilmişdir.

Əbu Hatəm Razi yazır: “Peyğəmbər (s) dönəmində meydana gələn ilk ləqəb şiə sözü idi. Bu söz dörd səhabəyə - Əbuzər, Salman, Miqdad və Əmmara verilmişdi”4.

İbn Xəldun yazır: “Səhabələrin bir hissəsi Əli (ə) şiəsi idi. Onun, xəlifəliyə digərlərindən daha layiq olduğu qənaətində idilər”2.

Məhəmməd Kürd Əli deyir: “Peyğəmbər (s) dönəmində bir çox böyük səhabələr Əlinin (ə) tərəfdarları kimi tanınırdılar. Salman onlardan biri idi. O, deyirdi: “Biz Peyğəmbərlə (s) daim müsəlmanların xeyrini istəyəcəyimizə, Əliyə (ə) və onun ardıcıllarına sadiq olacağımıza dair beyət etdik”. Əbu Səid Xudri deyirdi: “Camaata beş şey əmr edilmişdi. Dördünü həyata kecirtdilər, birini isə tərk etdilər”. Ondan soruşdular: “Tərk edilən şey nə idi?” O, cavab verdi: “Əlinin (ə) vilayəti”. Ondan soruşuldu: “Vilayət dörd əməllə birgəmi vacibdir?” O, “Bəli” - deyə bildirdi”3.

Doktor Sübhi Saleh yazır: “Hələ Peyğəmbər (s) dönəmində belə Əlinin (ə) şiələri olmuşdur. Bunlardan Əbuzər Qifari, Miqdad ibn Əsvəd, Cabir ibn Abdullah, Übəyy ibn Kəb, Amir ibn Vasilə, Abbas ibn Əbd əl-Müttəlib və övladları, Əmmar ibn Yasir və Əbu Əyyub Ənsarinin adlarını çəkmək olar”4.



5. İslam təfriqəyə deyil, birliyə dəvət edir;

O, yazır: “Kecmişdə və dövrümüzdə yaşayan şiələrin iddiasına görə, şiəlik toxumunu səpən ilk şəxs Peyğəmbər (s) olmuşdur. Şiəlik o həzrətin (s) dövründə meydana gəlmişdir. Ona görə də həmin dövrdə bəzi səhabələr Əli (ə) şiəsi hesab edilirdilər. Bu, əsassıs fikirdir. Quran və sünnədə bunu isbatlayacaq hər hansı bir tarixi sənəd yoxdur. Bu, İslama, öz həllini tapmış inkaredilməz tarixi faktlara yaddır. İslam insanları birləşdirmək üçün gəlmişdir. O, ümməti firqələrə bölmək məqsədi ilə göndərilməmişdir. Peyğəmbər (s) üçün əhli-sünnə və ya şiə anlayışları yox idi. Çünki Allah-Taala Quranda buyurur: إن الدین عند الله ألإسلام 1



Cavab: Birincisi, keçən bəhslərdə Şiəlik toxumunun ilk olaraq Peyğəmbər (s) tərəfindən səpildiyini sübuta yetirdik. Daha doğrusu, bunu Allah-Taalanın özü Qurani-kərimdə buyurmuşdur. “Vilayət”, “İkmal”, “Təbliğ”, “İnzar” və digər bu kimi ayələr Əlinin (ə) imamət və xilafətini insanlara çatdırmaq üçün nazil olmamışdırmı? Peyğəmbər (s) Allahdan Əlinin (ə) imamət və xilafətini elan etmək haqqında əmr almadımı? Hələ besətin üçüncü ilində و أنذر عشیرتک الأقربین ayəsi nazil olarkən həzrət Əlini (ə) öz imam və vəsisi (canışını) təyin etmədimi?

O, ömrünün sonuna qədər müxtəlif zaman və məkanlarda bu mühüm məsələyə eyhamlar vurmuşdur. Sonra isə zilhiccə ayının on səkkizinci günü Qədir-Xumda Əlini (ə) rəsmən imamət və xilafət məqamına təyin etdi. Sizcə bütün bunlar şiə əqidələrinin, yəni Əli (ə) və məsum övladlarının imamət və xilafətinin Qurana söykənən əqidələr olduğunu açıqca ortaya qoymurmu?

İkincisi, öncəki suala cavab verilərkən qeyd edildiyi kimi, şiəlik Peyğəmbərin (s) öz dövründə meydana gəlmiş və bir çox əhli-sünnə aliminin fikirincə, çoxlu sayda səhabə bu adla tanınmışdır.

Üçüncüsü, şiəliyə etiqad bəsləmək, bəzi səhabələrin şiə olması, Peyğəmbərin (s) şiəliyin təsisçisi olması inkaredilməz tarixi həqiqətlərlə, İslamın təməl prinsipləri ilə heç bir ziddiyyət təşkil etmir. Bəli, İslam insanları birləşdirmək üçün, İslam ümmətinin vəhdəti üçün gəlmişdir. Bir çox səhabənin Əlinin (ə) (Peyğəmbərdən sonra) imam olduğuna inanması və başqa sözlə desək, hələ Peyğəmbərin (ə) öz dövründə onların şiə olması ümmətin parçalanması, ikiyə bölünməsi demək deyil. Əksinə, bu, o dönəmdə müqəddəs mətnlərə əsaslanaraq Əliyə (ə) məhəbbət bəsləməkdir.

Dördüncüsü, bəli, biz də İslamın ümməti bir söz ətrafında toplamaq üçün gəldiyini qəbul edir və buna inanırıq. Lakin bu, heç də ümmətin ətrafında birləşəcəyi şeyin naməlum olması demək deyil. İslam, ümməti haqq-həqiqət ətrafında birləşdirmək üçün gəlmişdir. İslam insanları bir (möhkəm) ipə sarılmağa çağırır. Hansı ki, həmin ip onları Allaha doğru sövq edir. Bu ipdə məqsəd yalnız məsum şəxsdir. Təbii ki, Peyğəmbər (s) özündən sonra Əliyə (ə) itaət etməyi, ona tapınmağı əmr edirsə, Əli (ə) də özündən sonra ümmətin başsız qalmaması üçün tədbir görür. Məgər Peyğəmbər (s) özündən sonra ümmətinin 73 firqəyə ayrılacağını buyurmurmu?1

Həzrət Peyğəmbər (s) bu sözləri ilə nicat tapacaq firqənin Əliyə (ə) tapınacaq, onun sünnəsini, Allahın dinini məsum Əhli-beyt (ə) xətti ilə əxz edəcək firqə olduğunu insanlara çatdırır. Bu, sözün əsl mənasında ümməti haqq ətrafında birləşməyə səsləmək deməkdir.

Beşincisi, müsəlmanları Əliyə (ə) itaətə, tabeçiliyə səsləmək إن الدین عند الله ألإسلامayəsi ilə heç bir ziddiyyət təşkil etmir. Əlinin (s) imamət və xilafəti İslamın davamıdır. Şiəlik əsl İslam ruhu, Məhəmməd (s) dinidir. Din Əlinin (ə) vilayətinin elan olunması ilə kamil olmuş, nemət yalnız bu zaman tamamlanmış və beləcə, Allah Əlinin (ə) vilayəti ilə birgə olan dinə razılıq verilmişdir.

6. Şiəliyin qondarma hədislərlə isbat edilməsi;

O, yazır: “Şiələr öz əqidələrinə dini don geyindirmək fikrindədirlər. Onlar şiəliyin kökünün din xaricində olduğunu iddia edən düşmənləri qarşısında öz məzhəblərini müdafiə etmək üçün hər bir vasitəyə əl atır, onun Peyğəmbər (s) tərəfindən yaradıldığına dair saxta hədisləri dəlil göstərir və əhli-sünnə yolu ilə nəql edildiyini güman edirlər. Bir halda ki, bizim sələflərimizin və rəvayətçilərimizin bu haqda hər hansı bir bilgisi yoxdur. Məlum hədislərin əksəriyyəti saxta, ya tənə dolu deyimlər, ya da yanlış yozumlardır”1.



Cavab: Bizim bu kitabı qələmə almaqda məqsədimiz şiəliyin haqq olduğunu, Əli (ə) və övladlarının imamət və xilafətini göstərən hədislərin bütünlüklə səhih olduğunu, əhli-sünnə tərəfindən etibarlı sayıldığını isbat etməkdir. Biz sübut etməyə çalışırıq ki, “Təthir”, “Vilayət”, “İkmal”, “Təbliğ” və “İnzar” kimi ayələr, “Qədir”, “Vilayət”, “Səqəleyn”, “On iki xəlifə”, “Nuhun gəmisi” və onlarla digər hədis əhli-sünnənin rical2 və hədisşunaslıq meyarlarına əsasən səhihdir. Elə ona görə də onlar bu hədislərə uyğun etiqat bəsləməlidirlər. Bütün bunları kitab boyunca incələmiş və isbat etmişik.

7. Səhabələr heç bir zaman şiə əqidəsində olmamışlar;

O, yazır: “Onlar güman edirlər ki, şiəlik Əmmar, Əbuzər və Miqdadla başlamışdır Belə olan halda qarşıya belə bir sual çıxır: Onlar hər hansı bir şiə əqidəsinə, misal üçün, Əbu Bəkri, Öməri və səhabələrin əksəriyyətini kafir hesab etmək, onlara qarşı nifrət, kin bəsləmək və bunu dilə gətirmək kimi əqidələrə malik idilərmi? Təbii ki, bunların heç birinin onlara aidiyyətı yoxdur”1.



Cavab: Birincisi, Əlinin (ə) imamlığı Allah və Peyğəmbər (s) tərəfindən açıqca insanlara çatdırıldıqdan sonra digərlərinin təsdiq etməsinə heç bir ehtiyac qalmır.

İkincisi, biz heç bir səhabəni söymür və haqlarında nalayiq sözlər işlətmirik.

Üçüncüsü, tarixçilərin qənaətinə görə, Peyğəmbər (s) dönəmində ilk məzhəb adı şiəlik olmuşdur. Bu, dörd səhabəyə (Salman, Əbuzər, Miqdad və Əmmara) verilən ad idi. Tarixçilərin qeydlərinə görə, səhabələrin bir hissəsi Əbu Bəkrə beyətdən imtina edib Əlinin (ə) evinə yığıldılar. Burada iştirak edənlərdən aşağıdakıların adını çəkmək olar: Abbas ibn Əbu əl-Müttəlib, Fəzl ibn Abbas, Ətəbə ibn Əbu Ləhəb, Salman Farsi, Əbuzər Qifari, Əmmar Yasir, Miqdad ibn Əsvəd, Bərra ibn Azib, Übəyy ibn Kəb, Səd ibn Əbu Vəqqas, Təlhə ibn Übeydullah, Zübeyr ibn Əvvam, Xüzeymə ibn Sabit, Fərvə ibn Ənsari, Xalid ibn Səid ibn As Əməvi və Səd ibn Übadə Ənsari2.

Dördüncüsü, hədis qaynaqlarına müraciət etdikdə səhabələr arasında Salman, Əbuzər, Miqdad və başqaları Əlinin (ə) imaməti haqqında açıq-aydın bildirişlər olduğunu bilir və yeri gələndə bunu insanlara çatdırırdılar. Bir neçə hədisə nəzər salaq:



1. Əbuzər deyirdi: “Qarşıda böyük bir fitnə var. Əgər o zaman həyatda olsanız, Allahın kitabına və Əli ibn Əbu Talibə sığının”1.

  1. Salman insanların Əliyə (ə) beyət etmədiklərini gördükdə təəssüf hissi ilə dedi: “Əlini görürəm. O, sizin aranızda hərəkət edir. Lakin siz ona əhəmiyyət vermir və ona tapınmırsınız. And olsun canım əlində olan Allaha, sizi ondan başqa kimsə Peyğəmbərin (ə) sirlərindən xəbərdar etməyəcək”2.

  2. Miqdad, Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Məhəmmədin (s) Əhli-beytini (ə) tanımaq insanı cəhənnəm odundan qoruyur. Onların sevgisi Siratdan keçmək deməkdir. Onların vilayəti axirət əzabından xilas olmaq deməkdir”3.

  3. Əbu Əyyub Ənsari, Peyğəmbərin (s) öz qızı Fatiməyə (ə) belə buyurduğunu nəql edir: “Bilirsənmi, Allah-Taala yer üzündə yaşayanlara diqqət yetirdi, onların içindən atanı seçdi və onu peyğəmbərlik məqamına yüksəltdi. Sonra sənin həyat yoldaşını seçdi və mənə səni ona verim, onu öz vəsim (canişinim) təyin edim deyə vəhy etdi”4.

  4. Əbu Səid Xudri Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Mənim vəsim (canişinim), sirlərimi daşıyan, vədələrimi həyata keçirən, özümdən sonra qoyub gedəcəyim ən yaxşı insan və mənim dinimi bərpa edəcək şəxs Əli ibn Əbu Talibdir”1.

  5. Ənəs ibn Malik deyir: “Allahın rəsulu (s) dəstəmaz aldı. İki rəkət namaz qıldı. Sonra buyurdu: “Bu qapıdan ilk içəri girəcək şəxs təqvalıların imamı, müsəlmanların ağası və vəsilərin sonuncusudur”. Bu zaman Əli (ə) qapıdan daxil oldu. Peyğəmbər (s) buyurdu: “Ey Ənəs! Gələn kimdir?” Mən: “Əlidir”, - deyə cavab verdim. Peyğəmbər (s) sevincək onun yanına gəldi və onu bağrına basdı”2.

  6. Büreydə Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Hər bir Peyğəmbərin (s) varisi və vəsisi olur. Həqiqətən, Əli mənim vəsi və varisimdir”3.

  7. Əbuzər, Osmanın xilafət dönəmində Peyğəmbər (s) məscidinin qapısı önündə dayanaraq söylədiyi nitq zamanı dedi: “Məhəmməd (s) Adəm elminin və öncəki peyğəmbərlərə (ə) verilən bütün fəzilətlərin varisidir. Əli ibn Əbu Talib isə onun (s) vəsisi və elminin varisidir”4.

  8. Həzrət Əli (ə) camaatı Kufəyə toplayıb, Siffeynə, Müaviyə ilə döyüşə gediləcəyi haqqında danışdıqda Əmr ibn Həmiq yerindən qalxıb İmama (ə) müraciətlə dedi: “Ey möminlərin əmiri! Mən, səni aramızdakı qohumluq əlaqəsinə görə, mənə var-dövlət, vəzifə verəsən deyə sevmirəm. Mən, beş xüsusiyyətinə görə sənə məhəbbət bəsləyirəm. Sən Peyğəmbərin (s) əmisi oğlu, vəsisi və bizə əmanət olan övladlarının atasısan. Sən insanlar arasında İslamı ilk qəbul edən, cihadda ən çox payı olan mühacirsən”1.

  9. Məhəmməd ibn Əbu Bəkr Müaviyəyə ünvanladığı məktubda yazır: “Vay olsun sənə! Sən özünü Əli (ə) ilə necə müqayisə edə bilərsən, bir halda ki, o, Peyğəmbərin (s) varisi, vəsisi və övladlarının atasıdır”2.

Cəməl və Siffeyn döyüşlərinin tarixinə və Qədir-Xum məsələsinə diqqət yetirdikdə görürük ki, həmin döyüşlərdə iştirak edən səhabə və tabeilər Əlinin (ə) imam, vəli və vəsi olduğunu etiraf etmiş və öz şeirlərində bu mövzuya geniş yer ayırmışlar. Səhabə və tabeidən olan bu şairlərə aşağıdakıları misal göstərmək olar: Qeys ibn Səd, Həssan ibn Sabit, Nöman ibn Əclan, Abdullah ibn Əbu Süfyan ibn Hərəs ibn əl-Müttəlib, Əbd ər-Rəhman ibn Hənbəl, Əbu əl-Heysəm ibn Təyyihan, Mərdi Əzdi, Qulami Zəbbi, Ziyad ibn Ənsari, Hücr ibn Ədi Kindi, Zəhr ibn Qeys Cöfi, Əşəs ibn Qeys, Xüzeymə ibn Sabit (Zu əş-şəhadəteyn) və başqaları. Yuxarıda qeyd etdiyimiz şairlərin şeirlərini əldə etmək üçün “Şərhi-İbn Əbu əl-Hədid”, c. 1, səh. 147-yə müraciət edə bilərsiniz.

8. Şiəlikdə dəyişkənlik;

O, yazır: “Şiə əqidəsi və şiələrin fikirləri daim dəyişərək inkişaf edir.Yaradıldığı dövrdəki erkən şiəliklə sonrakı dövrlərdəki şiəlik tamamilə fərqlidir. Şiə öz erkən çağlarında Əlini (ə) Osmandan öndə görənlərə deyilirdi”3.



Cavab: Birincisi, öncə də qeyd etdiyimiz kimi, şiələrin Əhli-beytin (ə) imaməti haqqındakı əqidəsi ilk olaraq Quran və Peyğəmbər (s) sünnəsindən əxz edilmişdir. Bir çox səhabə həmin əqidədə olmuşdur. Bu əqidə tarix boyu davam etmiş və etməkdədir. İnkişaf isə şiələrin daim artan sayındadır.

İkincisi, bəli, şiə əqidəsi müəyyən mənada inkişafdadır və günü-gündən çiçəklənir. Belə ki, şiə öndərləri tarix boyu şiə əqidəsini isbatlayan arqumentləri genişləndirir, fiqh, kəlam (sxolastika), əxlaq və digər sahələri, təməl pirinsiplərini qorumaq şərti ilə müasir tələblərlə ayaqlaşacaq tərzdə izah edir və günsəlləşdirirlər.

Üçüncüsü, öncə də qeyd etdiyimiz kimi, şiəlik əsasən üç mənada işlədilmişdir.


  1. Məhəbbət (sevgi) şiəliyi: Burada məqsəd Əhli-beyti (ə) sonsuz fəzilətə malik olduqları üçün sevənlərdir. Buraya, nisbətən zəif olmasına baxmayaraq, əhli-sünnə mənsublarını da aid etmək olar. Misal üçün, Şafeinin Əhli-beytə (ə) hədsiz məhəbbətini görənlər, onu şiə kimi təqdim etmişlər.

  2. Siyasi şiəlik: Bu kateqoriya Əlini (ə) digər səhabələrdən, xüsusilə Osmandan üstün hesab edənlərə aid edilirdi. İmam Əli (ə), Həsən (ə) və Hüseyn (ə) dönəmindəki kufəliləri bu qismə daxil etmək olar.

  3. Etiqadi şiəlik: Buraya Əlinin (ə) Peyğəmbərdən (s) sonra fasiləsiz imam və xəlifə olduğuna əqidə bəsləyən və onun on bir övladının bir-birinin ardınca müsəlmanların imamı olduğuna inanan hər bir fərd daxildir. Bu əqidə Peyğəmbər (s) dönəmindən günümüzədək olmuşdur və daim inkişaf edərək genişlənməkdədir.

9. Əli (ə) şiə əqidəsinə qarşıdır;

O, yazır: “Şiələr özlərini Əlinin (ə) ardıcılları hesab edir və Əlinin (ə) də onların əqidəsində olduğunu göstərməyə çalışırlar. Bir halda ki, Əli (ə) belə əqidələrə qarşı idi. Deməli, şiəlik haqqında danışdıqda qeyd etmək zəruridir ki, onlar Əlinin (ə) ardıcılı olduqlarını sadəcə güman edirlər. Lakin bu, həqiqət deyil və Əli (ə) onların əqidəsində olmamışdır1.



Cavab: Birincisi, onun bütün sözləri boş iddiadır və heç bir dəlilə əsaslanmır. Əlinin (ə), şiələrin onun və övladlarının haqqındakı əqidələrinə qarşı olmasına sübut nədir? Nə üçün o həzrət (ə) bu əqidələrə qarşı çıxmışdır?

İkincisi, şiələrin etiqadı Əlinin (ə) Peyğəmbərdən (s) sonra fasiləsis imam və xəlifə olması və bu imamətin onun övladları ilə davam etməsidir. Şiələr bu etiqadı Quran və Peyğəmbər (s) sünnəsinə əsaslanaraq qəbul etmişlər. Əli (ə) onlara qarşı necə çixa bilər? “Vilayət” ayəsi, “Qədir” və “Səqəleyn” hədisi və onlarla bu kimi hədislər nə deyir? Bütün bunlar şiə əqidəsinə bir dəlil deyilmi?

Əli (ə) şəxsən özü Qədir-Xum hadisəsini nəzmə çəkərək öz imamlığını insanlara çatdırmağa çalışmamışmı?

Şeir:

فأوجب لی ولایته علیکم رسول الله یوم غدیرخم

Əli (ə) 25 il evə qapılmağa məhkum olduğu zaman yeri gəldikcə öz imamətini müsəlmanlara xatırladır, onlardan bunun haqq olduğuna dair şəhadət almırdımı? Bu haqda ayrıca kitabda geniş söhbət açmışıq2. Əli (ə) öz imamətini, hətta Müaviyəyə belə xatırladır və ona ünvanladığı məktubda bu haqda söhbət açır3. O həzrət (ə) digər hadisələrdə də öz imamlığı, məsumluğu və elmi haqqında söhbət açır və buna müvafiq dəlillər göstərirdi1. O, camaatdan zəkat və s. vergiləri yığmaq üçün göndərdiyi məmurlara ünvanladığı məktubda insanlarla necə davranacaqları haqqında tapşırıqlar verərkən yazır: “İnsanlara müraciətlə de: Ey Allahın bəndələri! Allahın vəli və xəlifəsi malınızda olan Allah payını almaq üçün məni sizin yanınıza göndərib”2.

Burada Əli (ə) açıqca öz xilafət və vilayət məsələsinə toxunmuşdur.

İmam Həsən (ə) şəhid edildikdən sonra şiələr İmam Hüseyni (ə) imam və Allah rəsulunun (ə) xəlifəsi olaraq qəbul edib, ona beyət etdilər. Nafe ibn Hilal Aşura günü özünü Əli (ə) şiəsi kimi təqdim edərək dedi: “Mən Cəməl döyüşündə iştirak etmişəm və Əlinin (ə) olduğu dindəyəm”. O, bu sözləri özlərini Osmanın dinində olanlar kimi təqdim edənlərə cavab olaraq demişdir3.

İmam Səccad (ə) da şiələrin tarix boyu bu günümüzə qədər əqidə bəslədikləri prinsipləri öz dualarında vurğulamışdır. Həmin duaların birində deyilir: “İlahi, Peyğəmbərin (s) pak Əhli-beytinə (ə) öz salamını göndər; hansı ki, onları sən özün öz əmrinlə seçib elminin xəzinəsi, dininin qoruyucusu etdin. Onları yer üzündə öz xəlifələrin olaraq öz iradənlə pak etdin. Özünə doğru vasitə, behiştə doğru yol kimi göstərdin”4.

Bu etiqadların qaynağı imamların şiələrə verdikləri təlimatdır. Onlar bu etiqadın ana xəttini çəkmiş və şiələri bu əqidəyə sövq etmişlər. İmam Baqir (ə) camaatı öz elmindən bəhrələnməyə, din maarifini əxz etməyə dəvət edir. Həzrət (ə) səhih sənədli hədisdə Sələmə ibn Küheyl və Həkəm ibn Üyeynəyə buyurur: “Dünyanın şərq və qərbinə səfər etsəniz, düzgün elmi bizim sülaləmizdən öyrəndiyimiz şəkildə heç yerdə tapmayacaqsınız”1.

Digər bir hədisdə isə öz evinə işarə edərək deyir: “İnsanlar hara gedirlərsə getsinlər əmr olunan yer yalnız burası olacaq”2.

10. İslam metodundan çıxış;

O, yazır: “Şeyx Nəccaşi şiə sözünü tərif edərkən yazır: “Şiə o insanlara deyirlər ki, onlar Peyğəmbərdən (s) əxz etdikləri elmdə ixtilaf yaranarsa, Əlinin (ə) sözlərinə müraciət edirlər. Əlidən (ə) əxz etdiklərində ixtilaf yaranarsa, Cəfər ibn Məhəmmədin (ə) sözlərinə müraciət edirlər”. Əgər belədirsə, Cəfər ibn Məhəmmədin (ə) sözlərində ixtilaf yarandığı zaman kimə müraciət edirlər? Tərifdə bu suala cavab tapa bilmirik. Bu tərif İslam metodikasından yayınmaq deməkdir. Çünki Peyğəmbərin (s) buyuruqlarında təzad göründüyü zaman səhih hədisləri qeyri-səhih hədislərdən ayırmaq üçün təyin olunan elmi metodlardan yararlanmaq lazımdır. Əlinin (ə) və ya Cəfərin (ə) sözlərinə müraciət etmək bu metoda yaddır. Tərifdəki digər uyğunsuzluqlar da mövcuddur. Orada qeyd edildiyinə görə, Peyğəmbər (s) və Əlidən (ə) olunan nəqllərdə təzad var. Lakin necə olur ki, Cəfərin (ə) söylədiklərində təzad olmur. Cəfər (ə) onlardan daha fəzilətli idimi?”



Cavab: Birincisi, bu tərif Nəccaşiyə aid deyil. Nəccaşi onu özünəməxsus sənədlə Əban ibn Təğlibdən nəql edir. Nəccaşiyə aid olmayan sözü ona nisbət vermək elmdə əmanətə xəyanətdir. Bu, elm adamlarına sirr deyil.

İkincisi, Əban ibn Təğlibin bu tərifdə məqsədi tamam başqa bir şeydir. O, demək istəyir ki, Peyğəmbərdən (s) sonra onun qoyub getdiyi elmlərdə fikir ayrılıqları meydana gəldi. Bu ixtilafları həll etmək və həqiqəti üzə çıxarmaq üçün elə bir şəxsə müraciət etmək lazım idi ki, səhvdən uzaq olsun və həqiqəti insanlara göstərsin. Bu şərtləri özündə toplayan insan Peyğəmbərin (s) də buyuruqlarına görə, yalnız Əli (ə) idi. Əban ibn Təğlib İmam Sadiqin (ə) müasiri olduğu üçün sonda İmam Sadiqin (ə) adını çəkərək Əlinin (ə) sözlərinin izahında bir anlaşılmazlıq olduğu zaman ona (ə) müraciət etdiklərini qeyd edir. Təbii ki, bir məsumun buyurduqlarını başa düşməkdə çətinlik çəkilərsə, dövrün məsumuna müraciət etmək lazımdır. Peyğəmbər (ə) Əlinin (ə) haqqında “ey Əli, sən ümmətim arasında ixtilaf düşdüyü zaman onu həll edəcək şəxssən”, - deyə buyurmadımı?1 Digər hədislərdə isə buyurdu: “Əli (ə) hidayət bayrağıdır”2; “Əli mənim üçün mənim Allah üçün olduğum kimidir”3.

Peyğəmbərin (ə) Allah yanındakı son hədisdə deyilən məqamını Quran açıqca bəyan edir: “Biz Kitabı (Quranı) sənə yalnız ixtilafda olduqları məsələləri izah etmək və möminlərə bir hidayət və mərhəmət olsun deyə nazil etdik!” (“Nəhl”, 64). Həmin məqamı Peyğəmbər (s) Allahın əmri ilə Əliyə (ə) vermişdir. O həzrətdən (ə) sonra belə bir ixtilaf yarandığı təqdirdə onu həll etmək məsuliyyəti Əlinin (ə) üzərinə qoyulmuşdu. Digər müqəddəs mətnlərə görə, eyni məsuliyyət və hüquq Əlidən (ə) sonrakı on bir imama da verilmişdir. Belə ki, Peyğəmbər (s) buyurur: “Həqiqətən, mən sizin aranızda iki qiymətli şey qoyub gedirəm: Allahın kitabı və Əhli-beytim. Əgər bu iki (əmanətə) tapınsanız, heç bir zaman yolunuzu azmayacaqsınız”1.

Nəticə etibarı ilə, ixtilaflı məsələlərdə Əliyə (ə) və ya İmam Sadiqə (ə) müraciət etmək elmi metoda yad deyil, əksinə, hədisləri incələyərək doğrusunu yanlışından ayırmaq üçün istifadə edilən üsulların önündədir.

Burada İmam Sadiqin (ə) Əlidən (ə) üstün olduğuna da heç bir işarə yoxdur. Çünki Əban ibn Təğlib İmam Sadiqin (ə) müasiri olmuşdur. Özündən sonrakı imamları görməmişdir. Təbii ki, əgər İmam Sadiqdən (ə) sonrakı dönəmlərdə belə bir problem çıxarsa, zamanın imamına müraciət edilməlidir.

Sonda qeyd etməliyik ki, Əhli-beytin (ə) özlərindən gələn müqqəddəs mətnlərdə onların bildirişlərinin eynilə Peyğəmbərin (s) sünnəsi olduğunu görürük. İmam Sadiq (ə) buyurur: “Mənim hədisim atamın hədisi, atamın hədisi babamın hədisi, babamın hədisi İmam Hüseynin (ə) hədisi, İmam Hüseynin (ə) hədisi İmam Həsənin (ə) hədisi, İmam Həsənin (ə) hədisi Əmir əl-Möminin Əlinin (ə) hədisi, Əlinin (ə) hədisi Peyğəmbərin (s) hədsi, onun həidsi isə Allah-Taalanın buyruğudur”2.



  1. Şeyx Müfidin verdiyi tərifə əsaslanmaq;

Qifari Şeyx Müfidin verdiyi tərifə toxunaraq yazır: “Şeyx Müfid şiəliyə belə tərif vermişdir: “Şiələr Əlinin (ə) ardıcılları, tərəfdarlarıdırlar. Onlar Əlinin (ə) Peyğəmbərdən (s) sonra fasiləsiz imam və vəli olduğuna etiqad bəsləyirlər”3.

Bu tərifdə Əlinin (ə) övladlarının imamlığı haqqında heç bir eyham belə yoxdur. Halbuki şiələr bu əqiqədə olmayanlara şiə demirlər. O, şiəliyin ismət və s. təməl prinsiplərini qeyd etməyi unutmuşdur1.



Cavab: Birincisi, Qifari burada da digər sitatlarındakı kimi əmanətdarlıq etməmiş, Şeyxin digər sözlərini göstərməmişdir. Şeyx həmin tərifin ardınca yazır: “Şiə o adama deyilir ki, dinə riayət etsin və imamətin zəruriliyinə, onun hər dövrdə mövcudluğuna inanc duysun. Şiə odur ki, imamət haqqında aydın sübut olduğuna, imamın məsumluğuna və ideallığına inansın və imamətin Hüseyn ibn Əlidən (ə) İmam Rzaya (ə) qədər davam etdiyini qəbul etsin”2.

Burada İmam Rzanı (ə) xüsusi qeyd etməkdə məqsəd həzrət Musa ibn Cəfərdən (ə) sonra İmam Rzanı (ə) qəbul etməyə işarədir. Çünki vaqifiyyə məzhəbi Musa ibn Cəfəri (ə) son imam olaraq qəbul edir və İmam Rzanın (ə) imam olduğuna etiqad bəsləmirlər. Deməli, İmam Rzanı (ə) imam olaraq qəbul edənlər mütləq İmam Mehdiyə (əc.) qədər olan imamların hamısını qəbul edirlər. Şeyx Müfid şiə əqidəsini, qələmə aldığı əsərlərin hər birində yeri gəldikcə açıqlamışdır.

O, kitabının digər hissəsində yazır: “İmamiyyənin (şiələrin) yekdil rəyinə görə, imam Allaha qarşı çıxmayaraq məsum olmalı, bütün dini elmləri bilməli və fəzilət baxımından kamil (ideal) olmalıdır”3.

Şeyx Müfid yazır: “İmamiyyənin yekdil rəyinə görə, imamların hər hansı birini inkar edən və onların, Allahın vacib etdiyi itaətlərini vacib hesab etməyən kimsə kafir, yolunu azmış və cəhənnəm odunda əbədi qalmağa layiqdir”1.



12. Şeyx Müfidin tərifinə irad.

Doktor Qifari ardı-arası kəsilməyən əsassız etirazlarını davam etdirərək yazır: “Şeyx Müfidin tərifinə görə, şiəlik yalnız Əli ibn Əbu Talibin (ə) Peyğəmbərin (s) vəfatından öz vəfatına qədər xəlifə olduğuna, digər üç xilafətin yanlış olduğuna etiqad bəsləyənlərə aiddir. Bu mənada şiəlik Peyğəmbərdən (s) sonra yalnız üç səhabəyə aid ola bilər. Onların fikirincə, digər səhabələr kafirdirlər, Peyğəmbər (s) dövründəki müşriklər kimidirlər. Onların hakimiyyəti də küfr hakimiyyətidir. Əli (ə) onların arasında təqiyyə və nifaq pərdəsi altında yaşayırmış. Əliyə (ə), Peyğəmbər (s) səhabələrinə və İslama qarşı bundan böyük cəsarət ola bilərmi?”2



Cavab: Birincisi, şiələr Əlinin (ə) Peyğəmbərdən sonra fasiləsiz imam, xəlifə və vəli olduğunun sübutu üçün Qurana və Peyğəmbər (s) sünnəsinə əsaslanırlar. Onların bu dəlillərə istinadı olduqca aydındır. Bəli, şiələr Əlinin (ə) Peyğəmbərin (s) vəfatından öz vəfatına qədər xəlifə olduğuna inanır və bunu qəbul edirlər.

İkincisi, əgər kimsə kəskin dəlillərlə Peyğəmbərdən (s) sonra Əlinin (ə) Allah tərəfindən imam olduğunu sübuta yetirirsə, təbii ki, nəticə etibarı ilə bu xilafəti qəbul etməyənlər Allahın əmrinə qarşı çıxmış və inad etmişlər. Allaha qarşı çxaraq inad edənlərin hökmü isə olduqca aydındır.

Üçüncüsü, yeri gəldikdə isbat etdiyimiz kimi, imamət dinin təməl prinsiplərindən biridir. Kimsə bu prinsiplərdən hər hansı birini inkar edərsə, digərlərini də inkar etmiş olar.

Dördüncüsü, küfrün bir neçə mərhələsi var. Bəzi mərhələləri insanın yalnız qəlbində olur və müəyyən məsləhətlər nəzərə alındığından üzə çıxmır.

Beşincisi, bəzi rəvayətlərdə qeyd edilən “Peyğəmbərin (s) vəfatından sonra bəzi səhabələr mürtəd oldular (dönük çıxdılar)” hədisində məqsəd Əhli-beytdən (ə) dönməyə və ya mürtədliyin şiddətli və ya zəif olduğuna işarədir.

Altıncısı, Qifari təqiyyəni nifaq kimi açıqlamışdır, bir halda ki, təqiyyənin nifaq olmadığı tam sübuta yetirilmişdir. Təqiyyə Qurana və sünnəyə görə canın, malın, yaxud hörmət-izzətin kafirlərdən və ya əqidəmizə düşmən kəsilən müsəlmanlardan qorunması üçün istifadə edilir.

Yeddincisi, Əli (ə) öz haqqının tapdandığını və digərlərinin insanları sonu görünməyən zülmətə sürüklədiklərini görür və yeri gəldikcə öz haqqını onlara xatırladırdı. Lakin daha mühüm olan İslamı qorumaq üçün nisbi susqunluğa üstünlük verir və xilafətlə münaqişəyə girmirdi. Əlinin (ə) özündən öncəki üç xəlifə dövründə təqiyyə etməsində məqsəd budur.


Yüklə 462,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə