Haqqin iZİ İLƏ Müəllif: Əli Əsğər Rizvani



Yüklə 462,01 Kb.
səhifə3/47
tarix15.07.2018
ölçüsü462,01 Kb.
#55974
1   2   3   4   5   6   7   8   9   ...   47

İKİNCİ AMİL



ƏHLİ-BEYTİN (Ə) İMAMƏTİNİ GÖSTƏRƏN AYƏLƏR

Belə ayələrə misal olaraq, “İxtiyar sahibləri” (أولى الأمر) ayəsini göstərmək olar:

Allah-Taala Qurani-kərimdə buyurur:

يَأَيهُّا الَّذِينَ ءَامَنُواْ أَطِيعُواْ اللَّهَ وَ أَطِيعُواْ الرَّسُولَ وَ أُوْلىِ الْأَمْرِ مِنكم

Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar

sahiblərinə itaət edin! (“Nisa”, 59)

Ayədə “ixtiyar sahibləri”ndə məqsəd, itaətləri Allah və Peyğəmbərin (s) itaəti kimi mütləq şəkildə vacib olan məsumlardır (Əlbəttə, məlum on iki imamdan başqa heç kəsin məsumluğu iddia edilməmişdir).

Başqa sözlə desək, ixtiyar sahibləri on iki xəlifədir. Hansı ki, Peyğəmbər (s) “On iki xəlifə” hədisində onlara işarə vurmuşdur. Qədir-Xum hədisindən aydın görünür ki, məlum on iki nəfər Əli (s) ilə başlanır. “Səqəleyn” hədisinə görə isə həmin on iki nəfərin hər biri Peyğəmbərin (s) Əhli-beytindəndir (s).

Peyğəmbər (s) buyurmuşdur: “Mənə itaət edən Allaha itaət etmiş, mənə asi olan Allaha asi olmuşdur. Əliyə (ə) itaət edən mənə itaət etmiş, Əliyə (ə) asi olan isə mənə asi olmuşdur2.



ÜÇÜNCÜ AMİL



ƏHLİ-BEYTİN (Ə) DİNİ İDEALLAR OLDUĞUNU GÖSTƏRƏN AYƏLƏR

Bir çox ayələr Əhli-beytin (ə) dini ideallığını və məsumluğunu aydın şəkildə önə çəkir:



1 “Təthir” ayəsi;

إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَ يُطَهِّرَكمُ‏ْ تَطْهِيرًا

Allah siz Əhli-beytdən çirkinliyi yox etmək və sizi



tərtəmiz, pak etmək istəyir! (“Əhzab”, 33)
Məsumluğu açıq şəkildə ifadə edən bu ayənin Peyğəmbərin (s) Əhli-beyti haqqında nazil olduğu şübhəsizdir. Ayənin bu məqsədlə nazil olduğu on üç nəfər səhabə və onlarla əhli-sünnə alimi tərəfindən nəql edilmişdir.

Tirmizi öz “Səhih” əsərində Ömər ibn Əbu Sələmədən nəql edir:

“Təthir ayəsi Ümmü-Sələmənin evində nazil olduqda Peyğəmbər (s) Əli, Fatimə, Həsən və Hüseyni (ə) çağırtdıraraq əbanı onların üstünə çəkib buyurdu: “İlahi! Bunlar mənim Əhli-beytimdir. Cirkinliyi bunlardan uzaq et”1.

2. “Hidayət” ayəsi.

Allah-Taala buyurur:



إِنَّمَا أَنتَ مُنذِرٌ وَ لِكلُ‏ِّ قَوْمٍ هَاد

Sən yalnız (insanları Allahın əzabı ilə) qorxudansan. Hər bir tayfanın bir hidayət edəni (doğru yol göstərəni) vardır”2.

Təbəri səhih sənədlə Peyğəmbərdən (s) nəql edir: “Mən (insanları Allahın əzabı ilə) qorxudan, Əli isə hidayət edəndir (doğru yol göstərəndir). Ey Əli, hidayət olanlar (olmaq istəyənlər) səninlə hidayət olsunlar”1.

Abdullah ibn Əhməd ibn Hənbəl səhih sənədlə Əlidən (ə) bu ayənin təfsiri haqqında belə nəql edir: “Peyğəmbər (s) (insanları Allahın əzabı ilə) qorxudan, mən isə Bəni-Haşimdən olan hidayətçiyəm (doğru yol göstərənəm)”2.

Hibri səhih sənədlə İbn Abbasdan nəql edir: Ayədə “Sən yalnız (insanları Allahın əzabı ilə) qorxudansan” (إِنَّمَا أَنتَ مُنذِرٌ) ifadəsində məqsəd Peyğəmbər (s), “Hər bir tayfanın bir hidayət edəni (doğru yol göstərəni) vardır” (وَ لِكلُِّ قَوْمٍ هَاد) ayəsində isə məqsəd Əlidir (ə)3.

Hakim Nişapuri məlum ayəni izah edərkən səhih sənədlə Əlidən (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Allahın rəsulu (s) (insanları Allahın əzabı ilə) qorxudan, mən isə hidayətçiyəm (doğru yol göstərənəm)”4.

Eyni məzmunlu hədisi doqquz səhabə, eləcə də iyirmi dörd əhli-sünnə alimi qeyd etmişdir.

DÖRDÜNCÜ AMİL



FƏZİLƏT AYƏLƏRİ

Burada bir neçə ayəni qeyd edirik:



1. “Dəhr” surəsi;

Allah-Taala Quranda buyurur:



وَ يُطْعِمُونَ الطَّعَامَ عَلىَ‏ حُبِّهِ مِسْكِينًا وَ يَتِيمًا وَ أَسِيرًا إِنمَّا نُطْعِمُكمُ‏ْ لِوَجْهِ اللَّهِ لَا نُرِيدُ مِنكمُ‏ْ جَزَاءً وَ لَا شُكُورً

(Onlar) Öz iştahları çəkdiyi, özləri yemək istədikləri halda (və ya Allahın rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə, əsirə yedirərlər. (Və sonra da yedirdikləri kimsələrə belə deyərlər): “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən bu (ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik” (“Dəhr”,8-9).

Otuz bir əhli-sünnə aliminin etirafına görə, bu ayə Peyğəmbərin (s) Əhli-beyti (ə) haqqında nazil olmuşdur. Fəxr Razi “ət-Təfsir əl-kəbir” əsərində sözügedən ayəni şərh edərkən, Qazi Beyzavi “Ənvar ət-tənzil”, Süyuti “əd-Dürr əl-mənsur” kitablarında, Əbu əl-Fida1 və Bağdadi2 öz tarix əsərlərində məlum ayəni həmin şəkildə izah etmişlər.

2. “Şira” ayəsi;

Allah-Taala Quranda buyurur:



وَ مِنَ النَّاسِ مَن يَشْرِى نَفْسَهُ ابْتِغَاءَ مَرْضَاتِ اللَّهِ وَ اللَّهُ رَءُوفُ بِالْعِبَاد

İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda (Allahın rizası üçün) öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır! (“Bəqərə”, 207)

İbn Abbas deyir: “Bu ayə Əli (ə) haqqında nazil olmuşdur. Ayənin nazil olması Peyğəmbərin (s) müşriklərin əlindən qaçıb Əbu Bəkrlə birgə mağaraya sığındıqlarında Əli (ə) onun (s) yatağında gecələdiyi zamana təsadüf edir”.

İbn Əbu əl-Hədid yazır: “Bütün təfsirçilər bu ayənin Əli (ə) haqqında nazil olmasına dair yekdil rəyə gəlmişlər. Ayə o həzrətin (ə) Peyğəmbərin (s) yatağında gecələdiyi zaman nazil olmuşdur”1.

On dörd əhli-sünnə alimi məlum ayənin Əli (ə) haqqında nazil olduğunu etiraf etmişdir. Belə elm adamlarından aşağıdakılarını göstərmək olar: Zeyni Dehlan2, Fəxr Razi3, İbn Əsir4, Diyarbəkri5 və başqaları.

3. “Mübahilə” ayəsi;

Allah-Taala buyurur:



فَمَنْ حَاجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءَنَا وَ أَبْنَاءَكمُ‏ْ وَ نِسَاءَنَا وَ نِسَاءَكُمْ وَ أَنفُسَنَا وَ أَنفُسَكُمْ ثُمَّ نَبْتهَلْ فَنَجْعَل لَّعْنَتَ اللَّهِ عَلىَ الْكَذِبِين‏

(İsanın Allahın qulu və peyğəmbəri olması barədə) Sənə göndərilən bilikdən (məlumatdan) sonra buna (İsanın əhvalatına) dair səninlə mübahisə edənlər olsa, onlara de ki: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də özümüzü, siz də özünüzü; biz də qadınlarımızı, siz də qadınlarınızı (bura) çağıraq! Sonra (Allaha) yalvarıb yalançılara Allahın lənət etməsini diləyək!” (“Ali-İmran”,61)

Təfsirçilərin yekdil rəyinə görə, ayədə sözügedən “özümüz”də məqsəd Əlidir (ə). Belə ki, ayədə Əli (ə) Peyğəmbərin (s) özü ifadəsi ilə anılmışdır.

Əhməd ibn Hənbəl nəql edir: “Bu ayə nazil olduqda Peyğəmbər (s) Əli (ə) , Fatimə (ə) , Həsən (ə) və Hüseyni (ə) cağırtdıraraq buyurdu: “İlahi, bunlar mənim Əhli-beytimdirlər”1.

Müslimin nəql etdiyinə görə, Müaviyə ibn Əbu Süfyan Səd ibn Əbu əl-Vəqqası cağırtdıraraq dedi: “Sənin Əbu Turabı (Əlini) söyməyinə mane olan nədir?” Səd dedi: “Peyğəmbər (s) Əlinin (ə) üç fəzilətini dilə gətirmişdir. Bu üç fəziləti bildiyim halda heç zaman Əliyə (ə) qarşı nalayiq sözlər söyləmərəm. Əgər həmin fəzilətlərin biri məndə olsaydı (mənim haqqımda deyilsəydi), mənim üçün qırmızı dəvələrdən daha qiymətli olardı. Bu ayə ... فَقُلْ تَعَالَوْاْ nazil olduqda Peyğəmbər (s) Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseyni (ə) çağırtdıraraq buyurdu: “İlahi, bunlar mənim Əhli-beytimdirlər”.

Bu ayənin Əhli-beyt (ə) haqqında nazil olduğunu eyni məzmunlu hədislə nəql edən iyirmi dörd səhabə və tabei, üçüncü əsrə qədər isə əlli əhli-sünnə alimi mövcuddur.



4. “Məvəddət” ayəsi.

Allah-Taala buyurur:



قُل لَّا أَسْلُكمُ‏ْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فىِ الْقُرْبى‏

(Ya Peyğəmbər) de ki: “Sizdən bunun (risaləti təbliğ etməyin) müqabilində qohumlarıma məhəbbətdən başqa bir şey istəmirəm (“Şura”, 23).

Əhli-sünnə elm adamlarının yekdilliklə nəql etdiklərinə görə, sözügedən ayə nazil olduqdan sonra Peyğəmbərdən (s) soruşdular: “Ey Allahın rəsulu! Bizə məhəbbəti vacib olan yaxınların (qohumların) kimlərdirlər?” Həzrət (s) buyurdu: “Əli, Fatimə, Həsən və Hüseyn (ə)”.

Hakim Nişapuri özünəməxsus sənədlə Əli ibn Hüseynin (ə) belə buyurduğunu nəql edir: “Həsən ibn Əli atasının vəfatından sonra xütbə oxuyaraq Allaha həmd-səna etdikdən sonra buyurdu: “Bu gecə elə bir şəxs dünyasını dəyişib ki, özündən öncə yaşamış insanlar əməl baxımından onu üstələməmişdir, özündən sonra gələnlər isə onun kimisini görməyəcəklər. Peyğəmbər (s) bayrağı Əliyə (ə) verər, o da döyüşə yollanardı. Bir halda ki, Cəbrail onun sağ tərəfində, Mikail isə sol tərəfində addımlayırdı. Allah ona fəth və qələbə nəsib etmədən qayıtmazdı. Özündən sonrakılar üçün altı yüz dirhəmdən başqa heç bir sarı və ağ (qızıl və gümüş) qoyub getmədi. Payladıqlarından artıq qalan bu miqdar isə ailəsi üçün xidmətçi tutulsun deyə ayrılmışdı. Ey insanlar! Məni tanıyanlar tanıyır, tanımayanlar isə bilsinlər ki, mən Həsən ibn Əliyəm (ə). Mən, Peyğəmbər (s) övladı, vəsi oğluyam. Mən hidayət çırağının oğluyam. Mən o Əhli-beytdənəm (ə) ki, Cəbrail bizim yanımıza enər və bizim yanımızdan yüksələrdi. Mən o Əhli-beytdənəm (ə) ki, Allah çirkinliyi onlardan uzaqlaşdırmış, onları tamamilə pak etmişdir. Mən o Əhli-beytdənəm (ə) ki, Allah onları sevməyi hamıya vacib etmişdir. Allah-Taala buyurur: (Ya Peyğəmbər) de ki: “Sizdən bunun (risaləti təbliğ etməyin) müqabilində qohumlarıma məhəbbətdən başqa bir şey istəmirəm” (“Şura”, 23). Yaxşılığı əldə etmək biz Əhli-beytə (ə) məhəbbət bəsləməkdir”.

Bu hadisəni iyirmi dörd səhabə və tabei, altmışa yaxın əhli-sünnə alimi nəql etmişdir. Belə alimlərə misal olaraq aşağıdakıları göstərmək olar:

Süyuti1, Təbəri2, Əhməd ibn Hənbəl3 və başqaları.

İbn Hibban və digərləri isə bu hədisin doğruluğunda heç bir şəkk-şübhə olmadığını xüsusilə vurğulamışlar.




Yüklə 462,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə