Həyat bilgisi 4



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə15/22
tarix02.10.2017
ölçüsü4,84 Kb.
#2950
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   22

SƏNİN CƏMİYYƏTDƏ YERİN
30. KOMPÜTER VƏ İNSANLAR
Kompüterin kəşfi dünyanı dəyişdi. Bu möcüzəli texnologiya sürətlə təkmilləşdi və
tezliklə həyatın bütün sahələrində tətbiq olunmağa başladı. Bu gün bir çoxları
kompüter haqqında «o, bizə hava və su kimi lazımdır», deyir. Çünki kompüter
insanlara hərtərəfli təhsil almağa, daha səmərəli işləməyə imkan yaradır. İnsanlar
kompüter vasitəsilə onları maraqlandıran hər şey haqda İnternetdə məlumat tapa
bilirlər. İnternet dünyada olan bilikləri özündə cəmləşdirən zəngin informasiya
mənbəyidir. Bu mənbə uşaq və gənclərin təfəkkürünün inkişafında, onların
dünyagörüşünün zənginləşməsində mühüm rol oynayır. Uşaqlar İnternet
xidmətlərindən müxtəlif məqsədlərlə (elektron kitabxanalardan, elektron
dərsliklərdən istifadə, informasiya toplamaq və s.) istifadə edirlər.
Uşaqdan böyüyə hamı bu sehrli vasitəyə can atır. Görəsən, kompüterdən düzgün
istifadə qaydalarını hamı bilirmi?
Elə insanlar var ki, kompüterin qarşısında saatlarla vaxt keçirirlər. Qidanı belə
monitor qarşısında qəbul edirlər. Davamlı olaraq monitora baxıb uzun müddət
hərəkətsiz dayanmaq əzələ, sümük, sinir və damarların həddindən artıq gərilməsinə
səbəb olur. Monitora baxa-baxa qidalanma isə orqanizmə zərər verir. Bunlar çox
zərərli vərdişlərdir. Yaddan çıxarmaq olmaz ki, sağlamlıq üçün hər şeydən normada
istifadə etmək lazımdır. Kompüterdən də istifadə edərkən, ilk növbədə, sağlamlığı
düşünmək lazımdır.
Kompüterdən istifadə zamanı nələrə əməl etmək lazımdır?
— Kompüterin qarşısında düzgün oturmaq vacibdir. Hündürlüyü nizamlana bilən,
söykənəcəkli, yumşaq döşəkli və dayanıqlı stul, yaxud kresloda əyləşmək lazımdır.


Sənin rahatlığın və təhlükəsizliyin
— Monitor gözdən bir az aşağı səviyyədə, yaxud tam qarşısında, 60—70 sm
məsafədə olmalıdır.
— Yazarkən klaviatura düymələrinə yavaş toxunmaq lazımdır.
— Hər gün müəyyən vaxtlarda və fasilə ilə çalışmaq məsləhətdir.
— Uzun müddət eyni mövqedə oturmaq olmaz.
— Oturarkən onurğanı düz tutmaq, önə, ya da arxaya əyilmədən, düz durmaq
lazımdır.
Kompüter qarşısında uzun müddət işləmək gözlərə də təsir edir. Gözlər bir nöqtəyə
zillənib qalır və gözdə qızarma, qaşınma, yaşarma, ağrı kimi problemlər yaranır.
Kompüterlə çox təmasda olmaq gözündə problemlər olanlar üçün xüsusilə
təhlükəlidir. Gözləri kompüterin mənfi təsirindən qorumaq üçün monitorun ekranı
çox parlaq və çox tünd olmamalıdır, bu, gözləri daha çox yorur. Monitoru
pəncərənin işığına tərəf qoymaq olmaz. Monitor işıqdan və pəncərədən aralı
olmalıdır. Kompüter olan otağın havasını tez-tez dəyişmək lazımdır. Kompüteri
yataq otağına qoymaq düz deyil.
Kompüterdən çox istifadə insanda kompüter asılılığı yarada bilər. Bu isə insanın
canlı ünsiyyətini azaldır. Belə insan bir qədər sonra tənhalaşır, özünə qapanır.
Nəticədə sağlamlığının qayğısına qalmağı unudur. Yuxusu pozulur. Bu da əsəb və
ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur. Düzgün qidalanmamaq isə
orqanizmin zəifləməsinə və həzm sisteminin pozulmasına gətirib çıxarır.
SUAL VƏ TAPŞIRIQLAR


1.  Kompüterdən istifadə etmək insanların qarşısında hansı imkanları açmışdır?
2.  Kompüter asılılığı nə üçün zərərli vərdiş hesab edilir?
3.  Kompüterdən istifadə zamanı hansı qaydalara əməl etmək vacibdir?
4.  «Mən kompüterdən istifadə zamanı daha nələri düzgün hesab etmirəm »
adlı rəy yaz.


SƏNİN CƏMİYYƏTDƏ YERİN
31. MƏİŞƏT QƏZALARI
Müasir evləri elektriksiz təsəvvür etmək olmaz. Elektrik cərəyanı yaşayış və iş
yerlərinin, küçə, park və meydanların işıqlandırılması, məişətdə istifadə olunan
elektrik avadanlıqlarının işləməsi üçün vacibdir. Lakin ehtiyatsız davrandıqda elektrik
cərəyanı həyat üçün təhlükəli ola bilər. Elektrik cərəyanından ziyan çəkməmək üçün
ondan necə qorunmağı bilmək lazımdır.
Aşağıdakılar yanğın və ya elektrik vurması ilə nəticələnə bilər: 
— elektrik cihaza toxunarkən arabir sancma hiss edilməsi; 
— rozetkanın* rənginin dəyişməsi; 
— elektrik cihazından və ya şnurdan yanıq iyi gəlməsi; 
— rozetkadan cızıltı səsi gəlməsi; 
— qığılcım.
Elektrik cihazları ilə davranarkən hansı qaydalara riayət etmək vacibdir?
— Metal əşyaları elektrik cihazlarının və rozetkanın içinə salmayın! 
— Həddindən artıq qızan elektrik cihazlarım dərhal elektrik xəttindən ayırın! 
— Elektrik cihazlarını şnurundan tutub aparmayın! 
— Cihazı şəbəkədən ayırarkən həmişə şnuru yox, ştepseli* çəkin! 
— Şnuru zədələnmiş elektrik cihazlarından istifadə etməyin! 
— Batareya ilə işləsə belə, radio və digər cihazlardan vanna otağında istifadə
etməyin! 
— Yaş əllə elektrik şnuruna, açarma və cihazlarına toxunmayın!
Həyətdə, bağda, parkda oynayarkən ehtiyatlı olun! 
Çərpələng və hava şarlarını elektrik xətlərindən uzaqda oynadın! 
Oyuncağınız elektrik xətlərinə dolaşmışsa, böyükləri köməyə çağırın! 
Elektrik xətlərinin yaxınlığında olan ağaclara dırmaşmayın! Təhlükə bildirən
nişanları tanıyın və heç vaxt bu nişanlara etinasız yanaşmayın!


Küçədə, yolda qırılıb düşmüş məftilə rast gələndə qətiyyən ona toxunmaq olmaz.
Hava xətlərində güclü elektrik cərəyanı olur. Həmin xətlərə toxunmaq həyat üçün
təhlükəlidir.
* Rozetka — elektrik cihazlarını elektrik xəttinə qoşmaq üçün divarda yerləşdirilən
xüsusi yuvacıq. 
* Ştepsel — elektrik cihazlarını elektrik xəttinə qoşmaq üçün haçaşəkilli metal alət


Sənin rahatlığın və təhlükəsizliyin
Qazdan istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması partlayış və yanğın
hadisələri ilə nəticələnir. Bununla yanaşı, qaz cihazlarından düzgün istifadə
edilməməsi dəm qazından zəhərlənməyə səbəb olur.
Ona görə də yadda saxlayın:
— sobaların həddən artıq qızmasına yol verməyin, yanar vəziyyətdə olan sobaları
nəzarətsiz qoymayın;
— otaqda qaz iyi hiss etdikdə dərhal qazı bağlayın. Otağın pəncərələrini açaraq
havasını dəyişdirin və 104 nömrəli telefona zəng vurub qəza-təmir xidmətinə xəbər
verin. Nasazlıq aradan qaldırılana qədər otaqda kibritdən, alışqandan, elektrik
cihazlarından istifadə etməyin.
Dəm qazından zəhərlənən insanlara necə yardım etmək olar?
— Zərərçəkəni dərhal təmiz havaya (ilin isti vaxtında küçəyə, soyuq mövsümdə isə
havası yaxşı dəyişdirilən otağa) çıxarmaq, arxası üstə uzadıb yaxasını açmaq
lazımdır;
— zərərçəkənin bütün bədənini çevik hərəkətlərlə ovuşdurmaq, başına və sinəsinə
soyuq kompres (yaş dəsmal) qoymaq lazımdır;
— zərərçəkənin huşu özündədirsə, ona çay içirtmək məsləhətdir. Əgər huşunu
itiribsə, onun burnuna naşatır spirtində* isladılmış pambıq yaxınlaşdırılır.
Bütün bunlarla bərabər, təcili tibbi yardım çağırmaq lazımdır. Bu qaydaları hər bir
insan bilməli və mütləq onlara riayət etməlidir. Çünki məişət qəzaları çox vaxt
insanların ehtiyatsızlığı və bu qaydalara düzgün əməl etməməsi üzündən baş verir.


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə