İlqar hüseynov nigar əFƏNDİyeva


İ. Hüseynov, N. Əfəndiyeva



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə24/94
tarix07.11.2017
ölçüsü5,04 Kb.
#8760
növüDərslik
1   ...   20   21   22   23   24   25   26   27   ...   94

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
57
«Ey daxma, daxma, daxma. Eh divar, divar, divar, 
Eşit, a daxma. Divar, yadda saxla nə ki, var. 
Şuruppak şəhərində, Ubar-Tutunun oğlu. 
Sökərək mülklərini, onlardan gəmi düzəlt 
Bu var-dövləti tərk et, həyat barədə düşün. 
Zənginliyə nifrət et, ruhunu xilas elə. 
Sən bütün canlıları yığıb gəminə yüklə. 
Qoy dördkünc olsun sənin düzəldəcəyin gəmi. 
Eni də uzununa qoy tən olsun, düz gəlsin. 
Taxtapuş vurdur ona, örtük çəkdir üstündən».  
Uzun müddət qədim dövr haqqında əsas mənbə Bibliya idi. Onun əsas fəaliyyət göstərən personajları 
isə  yəhudilər hesab olunurdu. Suriya və  Fələstin xalqları, o cümlədən filistinlilər, amoreylər, hetlər və 
başqaları allah tərəfindən seçilmiş xalqın yolunda duran barbarlar hesab edilirdilər. Doğrudur, Misir adlı 
dövlət də var idi ki, Bibliyada dönə-dönə xatırlanırdı. Məbədlər, ehramlar, sfinkslər Misirin qədim 
şöhrətindən xəbər verirdi. Şübhəsiz, Misirin dünya sivilizasiyasının beşiyi olması heç kəsdə  şübhə 
doğurmurdu.  Şumerlər, Akkadlar və Babillər də var idi. Babilistanlı Novuxodonossor yəhudilərin 
cəzalandırılmasında mühüm rol oynamışdır. Sonra Assuriyalılar bir işğalçı kimi tarix meydanına çıxmışdır. 
Lakin onların hər biri öz allahları, kult və  məbədləri, mədəniyyəti və mifologiyaları ilə tarixin yaddaşına 
əbədi surətdə  həkk olunmuşlar. Həmin xalqlar ancaq adları ilə bir-birindən fərqlənirdilər. Vəzifələri və 
funksiyalarına görə onlar bir-birini təkrar edirdilər. 
Dünya allahlar arasında bölüşdürülmüşdü. Anu hava və səmaya baxırdı. Enlilə yer tabe idi. Eya suya 
hakim idi. Onlar kahinlər tərəfindən yaradılmış allahlar üçlüyünün siyahısına daxil edilmişdilər.  İkinci 
üçlüyə Günəş allahı Şamaş, ay allahı Sina və ilahə İştar daxil idi. Babillərdə Aya daha hörmətlə yanaşırdılar. 
Ayı Günəş allahının atası hesab edirdilər. Xarranda və Urda Ay allahı  şərəfinə tikilmiş  məbədlər var idi. 
Hətta Novuxodonossorun xələflərindən biri olan Nabonid Sini özünün şəxsi baş allahı elan etmişdi. 
Şumerlərin Utu adlandırdıqları Günəş allahı Babil zamanı  Şamaş adlanırdı. Həmin allah «yeri 
işıqlandıran, səma məhkəməsinin hakimi, yuxarıdan və  aşağıdan qaranlığı  şəfəqləndirən» hesab olunurdu. 
Hər səhər o, yoluna başlayaraq dağlardan yüksəyə qalxırdı, ona tabe olan ilahələr göylərə gedən yolların 
darvazalarını açırdılar. Axşamlar isə o, dənizə enirdi. Gecələr Şamaş öz arabasında yeraltı dünyaya hərəkət 
edirdi ki, ölülər işıq və yemək alsınlar. Öz yolunda o, ədəbsizlikləri və adamların bədxah işlərini görür və 
məhkəmə qururdu. Ona görə  də onu ali hakim adlandırırdılar. Hammurapiyə görə, o, adamlara həqiqət və 
ədalət verirdi. Mesopotamiyanın qədim sakinlərinin dini həyatında allahlar mühüm rol oynayırdılar. 
Adamların məbəddə etiqad etdikləri allahlar panteonunun böyük allahları bütövlükdə dövlətin müdafiəçiləri 
hesab olunurdular. Qeyd etmək lazımdır ki, bizə  məlum olan bütün ədəbiyyat e.ə. 2000-ci ildən sonra 
yazılmışdır. Həmin dövrdə sülhsevər xalq olan Şumerlər özlərindən mədəni cəhətdən geri qalan xalqlar 
tərəfindən  əsarət altına alınmışdılar. Hammurapi çoxsaylı  şəhər-dövlətləri işğal edərək böyük bir dövlət 
yarada bilmişdi. «Böyük inzibatçı» böyük imperiya yaradaraq öz dilini (bu dil semit dili qrupuna daxil idi) 
rəsmi dilə çevirdi. Bu isə  Şumer sivilizasiyasına öldürücü zərbə vurmuşdu.  Şumer mədəniyyəti 
mənimsənilmiş, Şumer allahları adlarını dəyişsələr də öz fəaliyyətlərini davam etdirmişlər. 
İştar müxtəlif funksiyaları yerinə yetirən hərtərəfli ilahə olmuşdur. Məhəbbət və məhsuldarlıq ilahəsi 
kimi ölkəyə maddi rifah və inkişaf verən  İştar, müharibə  və döyüş ilahəsi kimi vuruşmada qalib padşahın 
önündə gedirdi. Gözəl və adamı başdan çıxaran qadın kimi o, kişilərə çox vaxt bədbəxtlik gətirirdi. Şumer 
mifologiyasında İştar çox ehtiyatla İnanna ilə eyniləşdirilə bilər. O, gənc qəhrəman Tammuzun (Dumuzun) 
sevgili arvadı kimi təsvir olunurdu. Lakin gec-tez sevgilisinə  xəyanət edərək onu yeraltı dünyaya 
göndərmişdir.  İlahəyə Mesopotamiyanın, demək olar ki, bütün şəhərlərində xüsusi məbədlər yaradılmışdı. 
Onun baş  məbədi  ən qədim zamanlardan Urukda olmuşdur. Babilistanda İştar ilahəsinin böyük məbədi 
mövcud olmuşdur. 
Allah Adad tufanı, yağışı, fırtınanı, ildırımı idarə edirdi. O, təbiət hadisələri allahı olub, xüsusilə digər 
dağıdıcı qüvvələrin allahı kimi də  məşhur olmuşdur.  Şumer dövründə o qədər də parlamayan Adadın 
fəaliyyəti Babil dövründə daha geniş vüsət tapmışdır. Adadın  əhəmiyyəti Mesopotamiyaya Semit 
tayfalarının axını ilə daha güclənmişdir. Həmin tayfalar Adadı «Bəndin səma idarəedicisi» adlandırırdılar. 
Onun təsvirlərində allahı bir əlində ildırım parçası, digər əlində isə balta tutmuş halda görmək olar. Yeraltı 
dünyanın hamisi İştarın bacısı ilahə Ereşkiqal idi. Bir dəfə bacısının paxıllığını  çəkən Ereşkiqal yeraltı 
dünyaya baş çəkən İştarla çox pis rəftar etmişdi. İştar çox çətinliklə geri qayıtmışdı. Yeraltı dünyaya təşrif 
buyurmuş allah Nerqal Ereşkiqala qalib gəlmiş, onu özünə arvad etmişdi. Yeraltı dünyanın hakiminə çevrilən 
Nerqal yerlə  əlaqəsini üzməmişdi. O, təbiətin bir sıra  şər qüvvələrini ifadə edirdi. Yandırıcı günəş istisi, 
qızdırma və müxtəlif keçici xəstəliklər onun tabeliyində idi. Tədqiqatçıların fikrincə, Kutu şəhəri axirət 
dünyası və vəba allahı Nerqalın şərəfinə tikilmişdir. 
Allahların rolu şəhər və dövlətlərin tarixi rolu ilə bağlı idi. Şumer dövründə ikinci dərəcəli rol oynayan 


İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
58
Marduk Babil dövründə baş allaha çevrildi. Hammurapi zamanında o, Anu və Enlili öz mövqelərindən 
sıxışdırdı. «Enuma eliş» (Yuxarıya yüksələn zaman) adlı didaktik poemada Marduka yaradıcı allah 
funksiyası verilir. Yeni Babilistan dövründə, xüsusilə Navuxodonossorun padşahlığı illərindən başlayaraq 
Marduk allahların  əksəriyyətinin funksiyalarını  əlinə keçirdi. Mardukun arvadı ilahə Tsarpanit idi. Onun 
köməkçi və müdafiəçi rolunda xüsusi işçiləri, «nazirləri» və s. qulluqçuları var idi. Bunu Tsarpanit haqqında 
da demək olar. Mardukun oğlu Nabu idi. Atasının rolu artdıqca oğlunun da rolu artırdı. Nabu mirzələr
müdriklik və elm hamisi idi. Mardukun mirzəsi olan Nabi atası üçün tale cədvəlləri hazırlayırdı. Nabunun 
simvolu yazı üçün qələm ağacı idi. Nusku işıq və od allahı, arvadı Qula - müalicə ilahəsi idi. 
İkiçayarası ərazisində yaşayan xalqlar elmlərin əsasının yaranmasında mühüm rol oynamışlar. E.ə. II 
minillikdən başlayaraq onlar təbabət sahəsində bir sıra nailiyyətlər  əldə etmişdir. Bəzi tədqiqatçılar bunu 
təbabət deyil, magiya ilə  əlaqələndirirlər. Lakin bu magiya deyil, elmlərin ilkin rüşeymləri hesab 
olunmalıdır. Həmin dövrlərdən bizə gəlib çatan sənədlər bir ixtisas sahəsi kimi təbabətdə çalışan həkimlərin 
fəaliyyətindən söhbət açır. Hammurapinin qanunlar toplusunda elə maddələr vardır ki, onlar cərrahlığa həsr 
olunmuşdur. Orada hər əməliyyat üçün cərraha veriləcək haqdan söhbət gedir. Həkimin vurduğu zərər üçün 
cərimə və cəza da nəzərdə tutulurdu. Müəllimlər haqqında da maraqlı fikirlər vardır. Riyaziyyat və digər elm 
sahələrinin inkişaf etməsi haqqında bəzi sənədlər zəmanəmizə qədər gəlib çatmışdır. 
Babilistanlılar astronomiya və astrologiyanı yüksək qiymətləndirir, onların allahları isə  səma 
cisimlərini təcəssüm etdirirdilər. Məsələn, Sin və Şamaşa Ay və Günəş, Marduka - Yupiter, Nerqala - Mars, 
İştara - Venera, Nabuya - Merkuri müvafiq gəlirdi. Çox vaxt astral simvollar, allahların simvolları allahların 
özlərini ifadə edirdi. Şumer, sonralar isə Babil kahinləri sirli elmlərlə  məşğul olurdular. Buraya sayların 
manipulyasiyası da daxildir. Allahlar rəqəmlərlə ifadə olunurdu. Ən yüksək sayda ifadə olunan allah Anu idi. 
Onun müqəddəs sayı (rəqəmi) 60 idi. Eni-50, Eya-40, Sin-30, sonralar baş allahlar sırasına daxil olmuş 
Mardukun rəqəmi ən aşağı - 10 idi. Adad özü 10 rəqəmi ilə ifadə olunurdu. 
Şumerlər, sonralar isə Babillər allahları insan surəti təsəvvür edirdilər. Onlara qeyri-adi ölçüdə, 
fövqəladə malik, hər nəfəs alanda ağızdan od püskürən qabiliyyəti cəhətlər aid edilirdi. Allahlar fövqəladə 
güc və qabiliyyətə malik olduqlarından onlara qarşı heç kim çıxa bilməzdi. Şəkil də və heykəllərdə allahlar 
başlarında tac, qiymətli paltarlarda ilahilik əlaməti olaraq baş geyimlərində iki, yaxud üç öküz buynuzu 
sancılmış halda təsvir olunurdular. Allahlar əllərində öz hakimiyyətinin simvolunu tuturdular. Marduk - üzük 
əsa, Eya - su allahı kimi su doldurulmuş qab tuturdu. Quldarlıq cəmiyyətinin ideologiyasında qədim 
xalqların mifoloji təfəkkür tərzini müəyyən edən dini təsəvvürlər böyük rol oynamışdır. Din həmin dünyanın 
ümumi nəzəriyyəsi, məntiqi olmuşdur. Qədim Mesopotamiya dininin əsasında ilkin əkinçilik icmalarının 
qədim ilahəsinin kultları dururdu. Həmin dövr üçün totemizm, təbiətin yaradıcı qüvvələrinin ilahiləşdirilməsi 
səciyyəvi olmuşdur. 
Qədim  Şərq və ayrıca götürülmüş Mesopotamiya dini üçün səciyyəvi olan cəhət politeizm - 
çoxallahlılıq olmuşdur.  Şumer dinində bu özünü daha aydın  şəkildə göstərir.  Şumer miflərinə görə, bütün 
allahlar ilkin okean ilahəsi Namuddan yaranmışdır. Bütün yerdə qalan allahlar Anu və Kinin nikahından 
meydana gəlmişdir. Sonrakı Semit dilli xalqlar - Akkadlar, Amoreylər, Xaldeylər və başqaları  Şumer 
dinlərindən çox şey götürmüşlər. Mesopotamiya xalqlarının mifləri, xüsusilə dünya daşqını, cənnət həyatı, 
axirət dünyası, ölüm və dirilmə haqqında olan miflər kiçik Asiya xalqlarının dini görüşlərinə  və Bibliya 
mifoloji ədəbiyyatının formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. 
Qədim dünyanın adamlarında allahlara müxtəlif baxışlar hökm sürürdü. Bəzi hökmdarlar qələbə 
çaldıqları ölkələrin allahlarının heykəllərini də özləri ilə aparırdılar ki, onlar qalibləri himayə etsinlər. Bəzən 
qalib xalq məğlub xalqın heykəl və bütlərini uçururdu ki, onlar allahlardan kömək almasınlar. Bəzən allah 
heykəllərini kömək üçün digər ölkələrə  də göndərirdilər. Məsələn, Mittaniya padşahı Nineviyadan Misirə 
xəstələnmiş firona İştarın heykəlini göndərmişdi ki, hökmdarı müalicə etsin. Allahları insan simasında 
təsəvvürünə gətirən qədim insanlar onlara insani keyfiyyətləri də aid edirdilər. Allahlar ölməz olsalar da, hər 
halda onlar ölürdülər və onları həyat suyu vasitəsilə diriltmək lazım gəlirdi. Bütün canlılar kimi onların da 
yeməyə, paltara ehtiyacı olduğunu göstərirdilər. Utnapişti və onun arvadından başqa bütün insanları  məhv 
edən dünya daşqınından sonra, birinci nəzir gətirilən kimi allahlar «milçək kimi acgözlüklə» yeməyə 
atılmışlar. İnsanlar kimi onlar da dadlı yeməklər yemək, sərxoş olana qədər şərab içmək xoşlayırdılar. Rahat 
stul və çarpayılardan istifadə edirdilər. Gecələr qulluqçular allahların heykəllərini soyundurub təmiz 
çarpayılara uzadıb gündüzlər isə yuyundurur, darayırdılar. Allahlar arasında dalaşmalar da olurdu ki, bunu da 
ali allah yoluna qoymalı idi. Paxıllıq, özündən müştəbehlik və s. kimi insan xasiyyətlərinə onlarda da təsadüf 
edilirdi. Onlar daima bir-birini aldatmağa, kələk gəlməyə çalışırdılar. Onlar heç də insan qüsurlarından azad 
deyildilər. 
Allahlar haqqında miflərin yaranması  və geniş yayılmasında  əsas rolu kahinlər oynamışdır. Keçmiş 
allahların adının, funksiyasının dəyişdirilməsində  də onlar həlledici rol oynayırdılar. Xalq arasında 
qəhrəmanlar, yarımallahlar, iblislər dünyasına inam olduqca güclü idi. Qoca Babil torpağı öz qoynunda hələ 
çox sirləri gizlətmişdir. Şumer mədəniyyətindən bizə gəlib çatan kiçik nəğmə, ağı, dua və s. şeir parçaları 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə