İmdat avşar (Türkiyə)



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə33/45
tarix12.10.2018
ölçüsü1,31 Mb.
#73264
1   ...   29   30   31   32   33   34   35   36   ...   45

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
Çöl  ayazının  şaxtadan  bir  bıçaq  olub  kəsdiyi  səhərlərdə,  ya  da  qan  donduran  axşamlarda 
kəndin qızları, qadınları suya gedərdi. Böyük yolun üstündə bir  məbəd  kimiydi bizim mətbəx. 
Qışda bulağa gedən qadınların əllərini isindirdiyi bir məbəd. Payızda evin qabağındakı bağ keçil-
məz olanda bulağa gedən qadınlar hardasa bizim evin içindən keçib gedərdilər. Vedrələrini bizim   
pilləkənə qoyar,  çardaqdan mətbəxə açılan qapını öz qapıları kimi açarlardı. Günəş Ağbayırdan 
burnunu göstərəndə, ya da Qol Xırmanından enib batarkən suya gedən qadınlar bu ocağın başına 
gələr, üşüyən əllərini qızındırar, yorğun qollarını dincəldərdilər. 
«Nəfəsim kəsildi,  qurban olduğum, dondum». 
«Qollarım qopdu, anaaam, əllərim şişdi». 
«Aman anaaam! Bu necə soyuqdu, çöldə qalanın canını alar»  - deyə dişlərini şaqqıldada-
raq, əllərini bir-birinə sürtərək  gələrdilər ocağın  başına. Səbahət  bacı,  Səbri  yengə, Vahidə nə-
nə… Hər biri çilə klimində  bir gül şəkli idi, hamısı dözümlü, igid, cəsur, kişi təbiətli analardılar. 
O üzünü yellər döyəcləyən talesizlər suya gedəndə bir sərçə kimi üşüyər, ocağın başına də-
vətsiz yığışardılar. Kəndin ən yüksək təpəsi Ağbayır kimi dikdi başları. Bu üzdən də çölün ayazı 
ən çox onları vurur, qar ən çox onların başına sovrulardı. Fələyin rüzgarı sərt əsərdi onların başı 
üzərindən. Ev-eşik, uşaq-böyük, mal-qoyun, aş-çörək… Hamısı onların çiyinlərindəydi. 
Dan yeri söküləndə, xoruzlar banlamağa başlayanda düşrərdilər yollara. Ya qollarında ağır 
vedrələr keçirilmiş çiyin ağacları, ya da əllərində qonşu ocaqlardan aldıqları atəş… Atəşlər ocaq-
lardan ocaqlara daşınardı. Kəndin kibritsiz atəş daşıyanlarıydı onlar. Bir yanğın yeri olan ürəklə-
rini ocağa qoyub üfüləsələr, təzəklər od  alardı, amma bundan xəbərləri belə yoxdu. Hər sabah 
tüstü  çıxan  bacaları  gözlər,  ocaqlarını  yandırmaq  üçün  bir  təzək  parçasıyla  qapılara  qaçardılar. 
Səhərlər məhəlləyə atəş də dağıdardı bizim ocaq. Bir parça təzəyi alışdırıb gedərdi qonşu qadın-
lar. 
Bulağa suya gedərkən ocağın başında ya anamla, ya da nənəmlə bir-iki kəlmə kəsib, qızı-
nar, gedərdilər. Bəzən iki kəlmə söz dadına doyulmayan söhbətə çevrilərdi. Ocağın başında baş-
başa verən iki nəfər söhbətə uyub özlərini unudardılar. Bəzən onların bir-iki kəlmə kəsmələri ax-
şamüstü başlar, gün gədikdən aşana qədər davam elərdi. Ocaqbaşı söhbətləri qızışdımı, çöldəki 
vedrələrin üzü buz bağlardı. Axşamüstü qarda analarının iziylə gələn uşaqlar qapının önündəki 
vedrələrini tanıyar, analarının ocaq başında olduğunu bildiklərindən içəriyə keçərdilər. Çox za-
man atalarından bir fərman gətirib oxuyardılar uşaqlar. Ocağın başında atalarının fərmanını oxu-
yan uşaqlar analarından bir cavab fərmanı alıb izləriylə geri dönərdilər. Uşaq elçilər axşamüstü 
analarından aldıqları fərmanı atalarına, atalarından aldıqlarını da analarına oxuyardılar. 
«Ana,atam dedi ki, ağzını ayırmasın, tez evə gəlsin». 
«Ata, anam dedi ki, atanın boynu altında qalsın, bağrımı çatladı, indicə gəlirəm». 
«Anaa, atam dedi ki, sahibsiz evin iti kimi qapı-qapı dolaşmasın, tez gəlsin». 
«Ataa, anam dedi ki, ilahi, atasız qalırdın, iki eşşəyin arpasını bölə bilməz, əvvəl-axır yarı-
madıq!» 
«Anaa, atam… tez gəlsin, məni ora gətirməsin, deyir». 
«Ataa, anam… boyunu yerə soxum atanın, deyir». 
«Anaa, ocaqdakı süd daşdı, atam qazanı zibilliyə atdı. Yalançı əmziyi şəkərli suya batırıb 
verdik, uşaq yenə kirimədi, atam dedi ki, gələndə dəyənəyi də alıb gətirsin». 
«Atasız qalarsan, inşallah… Əli yanına düşsün atanın, uşağı bir az qucağına alsa, bəyliyin-
dənmi olar? Papağını yerəmi soxdum?  Gizlində qəhbəlikmi elədim ki, dəyənək istəyir? Gəlsəm 
o qazanı başında sındıracağam. Qaç, get, beləcə də de, o əlindən-başından iş gəlməyənə!» 
Elçilər  qaçaraq  gəlirdilər,  elçilər  gedirdilər…  Analara  fərmanlar  gəlirdi.  Analar  ocaqlara 
atıb yandırardılar fərmanları. Uşaq elçilərlə ərlərinə qəzəbli fərmanlar göndərərdilər. 
Mən o gül üzlülərdən ən çox Vahidə nənəni sevərdim. Nənəmin axirətlik yoldaşıydı o. Ikisi 
də  gənc  yaşda  dul  qalmış,  saçlarını  ağardaraq  yetimlərini  böyütmüşdülər.  Onların  hesabına  bu 
günlərə gəldik. Ocaq başında söhbətə başladılarmı, dörd cəbhədə müharibə başlardılar, ruslarla, 
ingilis kafirləri ilə çarpışardılar. Sarıqamışda donar, Yəməndə yanar, Çanaqqalada torpağa düşər-
dilər… Bir saatda üç qitəni dolaşıb gələrdilər. Səfərbəyliyi, yoxluğu, yoxsulluğu, qıtlığı, aclığı, 
səfaləti…  danışardılar.  Sonra  pərişan  hallarına  şükrlər  elərdilər.  Səfərbərliyin  sonasıydı  onlar.  


www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
Bəzən  biri  başını  digərinin  dizləri  üstə  qoyar,  dən-dən  olmuş  saçlarına  baxdırar,  bir-birlərinin 
saçlarında bir şeylər axtarardılar. 
Vahidə nənə də nənəm  kimi  geyinərdi. Başında muncuqlu başlığı, al donunun üzərindən 
önlüyü vardı. Əynində rəngi getmiş bir jilet, ayaqlarında arxası yırtılmış qara rezindən ayaqqabı-
ları vardı. Ağzında heç dişi  yoxdu, dodaqları büzüşmüş, ağzının içinə geçmişdi. Anamın bişirdi-
yi gömbələri çox sevər, damaqları ilə gəvələyib yeyərdi. Fürsət tapan kimi ikiqat bükülmüş halda 
gəlirdi nənəmin yanına. Yaylığının kənarlarından boyanmış saçları çölə çıxardı. Xınalı saçlarının 
dibləri ağappaqdı. Ağlına gələni birdən deyərdi. Saf, təmiz, cəfakeş bir qadındı. Bulağa getmək 
üçün, su gətirmək üçün gəlmirdi. Nənəmlə bir az söhbət eləmək, varsa təzə sacarası gömbələrdən 
yemək üçün əlinə iki çubuq alıb düşərdi yollara… 
Bir gün yenə əlində iki çubuqla gəldi. Hardasa beli iki qat olmuşdu.  Təngənəfəs gəlib çatdı 
bizim qapıya. Çardaqdaydım. 
- Nənən evdəmi, qurban olduğum? – soruşdu. 
- Evdə, evdə, gəl. – dedim. 
Pillələrdə dincini alaraq pilləkəni çıxdı, son pillədə taqəti kəsildi, əlini uzadıb yardım istə-
di. 
- Əlimi tut, qurbanı olduğum. 
Əlindən tutub yuxarı çəkdim, inildəyərək çıxdı, əllərini belinə qoyaraq çətinliklə belini dü-
zəltdi. 
- Ooff! – dedi. – Dizimin dərmanı qalmadı, gözümün işığı söndü, qadasını aldığım. Əldən-
ayaqdan düşməmiş, canımızı alsaydı, nə vardı… 
Yaylığından çölə çıxan saçlarını külək yelləyirdi. Yaylığını açdı, saçlarını əliylə sığallayıb, 
yenidən yaylığı başına doladı. «Zelihaa, hardasan, ay qız»  - deyə içəri keçdi. 
Nənəm ilə mətbəxdəki ocağın başında oturub söhbətə daldılar. Bir müddət sonra yarım əsr 
sonrasına getdilər. 
Hava qaralırdı. Axşam azanını oxuyan imamın səsini külək aparır, qırıq-qırıq  azan səsi, bi-
zim evə güclə gəlib çatırdı. Axşam azanını eşidən Vahidə nənə: 
- Zeliha, bacı, - dedi, - bir ceynamaz ver, axşam namazını qılım gedim. 
Nənəm böyük otaqdan bir ceynamaz gətirdi, Vahidə nənəyə verdi. 
-  Sən  namazanı  qıl,  -  dedi,  -  uşaq  yatmışkən  mən  də  tövləyə  gedim,  gəlinə  bir  az  kömək 
eləyim. 
Vahidə nənə ilə mətbəxdə ikimizdik. Bizim evin daş divarına qiblə divarı deyərdilər. Bizim 
evdə namaza duranlar üzlərini daş divara doğru çevirərdilər. Ocaq quzeyə baxırdı. Vahidə nənə 
«Allahu Əkbər» deyib namaza başladı. Məni bir təlaş bürüdü. Vahidə nənə namaza tərs durmuş-
du. Dözə bilmədim. Qışqırmağa başladım: 
-Nənəəəə! Nənə! Tərs durubsan! Bax, qiblə bu tərəfdədi! 
Namaza yenicə durmuşdu, sağa-sola salam verib mənə doğru döndü. Özünə əmindi. 
- Yanlışın var, qadasını aldığım, - dedi, - bizim evin qibləsi ocağa baxır. 
 
 
 
Türkcədən çevirən: Aslan Quliyev 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə