28
BAKI–TBİLİSİ–CEYHAN ƏSAS İXRAC
NEFT BORU KƏMƏRİNİN AZƏRBAYCAN HİSSƏSİNİN TİKİNTİSİ İLƏ TANIŞLIQ ZAMANI
YERLİ VƏ XARİCİ KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNİN NÜMAYƏNDƏLƏRİNƏ
MÜSAHİBƏ
11 avqust 2003-cü il
S u a l: İlham müəllim, Bakı–Tbilisi–Ceyhan layihəsinin maliyyələşməsində hər hansı problem
varmı?
C a v a b: Deyə bilərəm ki, bu layihə üçün sərmayə artıq ayrılmışdır. Bakı–Tbilisi–Ceyhan
layihəsi üzrə
işlərin 30 faizi yerinə yetirilmişdir. Bugünkü tikinti işləri onu göstərir ki, bütün işlər cədvəl üzrə nəzərdə
tutulmuş sürətlə gedir. Sərmayə cəhətdən heç bir problem yoxdur və olmayacaqdır.
S u a l: İlham müəllim, həmişə Sizi Heydər Əliyev siyasi məktəbinin məzunu kimi qiymətləndirirlər.
Siz cənab Heydər Əliyevdən bir məzun kimi nələri öyrənə bilmisiniz, nələri yox?
C a v a b: Mən çalışıram öyrənəm. Çalışıram ki, öz fəaliyyətimlə Heydər Əliyevin siyasətinə töhfəmi verəm.
Bu siyasət Azərbaycanda on il ərzində öz bəhrələrini veribdir. Azərbaycan inkişaf edir, iqtisadi cəhətdən
qüdrətli dövlətə çevrilir. Əminəm bu siyasət hələ uzun illər Azərbaycana lazımdır ki, ölkəmiz çətin şəraitdən
çıxa bilsin, güclənsin, möhkəmlənsin. Dünyada özünə daha da möhkəm yer tutsun.
Bölgədə təhlükəsizlik hökm
sürsün. Mən çalışıram bu siyasətə öz töhfəmi verim, öz işimlə Azərbaycanın hərtərəfli inkişafına kömək edim.
S u a l: Cənab Prezidentlə bağlı bu günə olan məlumat varmı? Yəqin ki, Sizin əlaqəniz olur. Son
məlumatları bilmək istərdik.
C a v a b: Bəli, əlaqələr olur. Son məlumatlar yaxşıdır. Mən dünən də danışmışam. Bu gün səhər danışa
bilməmişəm. Hər şey qaydasındadır, səhhəti yaxşıdır. Həkimlərin də rəyi belədir ki, sağalma prosesi müsbət
istiqamətdə davam edir.
S u a l: Bakıya nə zaman qayıdacağı barədə xəbər varmı?
C a v a b: Hələlik ki, bir xəbər yoxdur.
S u a l: İlham müəllim, Dövlət Neft Şirkəti ilə sponsorlar qrupu arasında aparılan danışıqlar nə ilə
nəticələnmişdir? Deyilənə görə, guya iki Amerika şirkəti Azərbaycanda işləməkdən imtina edibdir.
C a v a b: Heç bir problem yoxdur. Azərbaycan bu günə qədər öz payını maliyyələşdirir. Eyni zamanda
bilirsiniz ki, gələcək maliyyə məsələləri haqqında bp şirkəti ilə fikir mübadiləsi aparılmışdı və razılığa
gəlmişdik ki, bizə kredit verilənə qədər o və başqa şirkətlər bizim maliyyə problemlərini öz üzərinə
götürəcəklər.
Beləliklə, bizə kömək edəcəklər, əldə olunan bütün razılaşmalar qüvvədə qalır. Yəni layihənin
maliyyələşdirilməsi ilə bağlı heç bir problem yoxdur və olmayacaq da.
S u a l: Bakı–Ərzurum qaz kəmərində vəziyyət nə yerdədir?
C a v a b: Hər şey qaydasındadır. Yəni işlər proqram üzrə gedir. Lazım gələndə Bakı–Ərzurum kəməri ilə
bağlı müvafiq addımlar atılacaq, bunun maliyyə məsələləri həll olunacaqdır. Biz orada da hələlik heç bir
problem görmürük. Mən inanmıram ki, hər hansı problem yarana bilsin. Bakı–Ərzurum kəməri tikintisinin
dəhlizi də təxminən elə bu yerlərdən keçir. Əlbəttə ki, Bakı–Tbilisi–Ceyhanın həyata keçirilməsi Bakı–
Ərzuruma da böyük kömək edəcəkdir.
S u a l: Regionlara səfərə nə vaxt çıxacaqsınız? Yəni xüsusi bir proqramınız varmı? Ümumiyyətlə,
İlham Əliyev səfərə nə ilə gedəcəkdir?
C a v a b: İlham Əliyev regionlara sevgi ilə, məhəbbətlə gedəcəkdir. Azərbaycanın hər bir guşəsi mənim
üçün doğmadır, əzizdir. Hər dəfə bölgələrdə olanda mən özüm üçün
yeni şeylər öyrənirəm, insanlarla daha
yaxın təmasda oluram. Ona görə mən oraya öz məhəbbətimi aparacağam, öz fikirlərimi, öz düşüncələrimi
aparacağam. Çalışacağam ki, Azərbaycanın hər bir regionu inkişaf etsin, bütün Azərbaycan hərtərəfli inkişaf
etsin. Azərbaycanın hər bir guşəsində gözəl nəticələr olsun. O ki qaldı səfər nə vaxt həyata keçiriləcək, hələlik
bunu deyə bilmərəm. Yəqin ki, bu, yaxın gələcəkdə müəyyən olunacaqdır.
S u a l: İlham müəllim, ölkə mətbuatında bəzi məsələlərə toxunulmuşdur. Sizin Baş nazir təyin
edilməyiniz barədə fərmanda hörmətli prezident Heydər Əliyevin imzasının doğru olmaması kimi
iddialar yer aldı. Bu barədə Sizin düşüncələrinizi öyrənmək olarmı?
C a v a b: Bunların hamısı yalandır. Müxalifətin hər bir sözü, o cümlədən bu da yalandır. Bütün prosedur
qanunauyğun şəkildə həyata keçirildi. Mən təəssüf edirəm ki, bu barədə müxalifət belə çirkin yalanlara əl atır.
Mən avqustun 2-də – cənab Prezident o təqdimatı Milli Məclisə göndərən gün – Ankarada, onun yanında
idim. Bu barədə də söhbətimiz oldu. Ondan sonra mən təyyarə ilə Bakıya uçdum.
Avqustun 4-də Milli Məclis razılığını bildirdi və beləliklə, cənab Prezident fərman verdi. Yəni müxalifətin
sözü də, əməli də – hamısı yalandır. Siz onların sözlərinə inanmayın. Buna, görülən bu real işə inanın. Bu, real
29
işdir, real həqiqətdir. Heydər Əliyevin siyasətidir. Biz keçmişdə çətin, gərgin anları yaşamışıq və Bakı–Tbilisi–
Ceyhanın həyata keçirilməsində Heydər Əliyevin xidmətləri misilsizdir. Əgər
onun qətiyyəti, siyasəti, cəsarəti
olmasaydı, heç vaxt biz tərəfdaşlarımızla birlikdə,
BP şirkəti ilə birlikdə bunu edə bilməzdik. Azərbaycanın
reallıqları budur. Müxalifətin dediyi deyildir.
S u a l: Müxalifət prezident Heydər Əliyevin oğlunun bu vəzifəyə təyinatının antidemokratik olduğunu
deyir. Bu cür iddialar barədə nə deyə bilərsiniz?
C a v a b: Bunların da hamısı yalandır. Burada hər şey Konstitusiyaya uyğun şəkildə həll olunubdur. Mən on
ilə yaxındır Azərbaycan Dövlət Neft Şirkətində çox məsul bir vəzifədə çalışıram və bilirsiniz ki, ümumiyyətlə,
Azərbaycanın iqtisadiyyatı üçün neft sahəsi ən önəmli, ən vacib bir sahədir. Eyni zamanda digər vəzifələrim də
mənə bu vəzifəni tutmağa imkan verir.
Ona görə qanun pozuntusundan, Konstitusiyaya uyğun olmamaqdan
söhbət gedə bilməz. Hər şey Konstitusiyaya müvafiq qaydada həll edilibdir. Burada, sadəcə, müxalifət özünü
yenidən gülünc vəziyyətə salır. Onların yalanları yenidən ortaya çıxır. Yenidən təxribat, böhtan kampaniyası
aparırlar. Mən buna təəssüf edirəm, amma fikir vermirəm. Sizə də məsləhət görərdim ki, onların dediklərinə
fikir verməyəsiniz. Azərbaycanın həyatı, Azərbaycanın reallıqları tamamilə başqadır. Biz işlə məşğul oluruq.
Azərbaycanı, onun iqtisadiyyatını inkişaf etdiririk. Onlar isə yalnız söz danışırlar.
S u a l: İlham müəllim, Türkiyə mətbuatında bəzi adamlar bu fikirlə çıxış edirlər ki, Azərbaycanın
indiki iqtidarı Rusiyanın maraqlarını Türkiyənin maraqlarından üstün tutur. Yəni Azərbaycanda
Türkiyənin maraqlarını o qədər də təmin etmirlər. Sizin fikirlərinizi bilmək olarmı?
C a v a b: Mən bir neçə gün əvvəl bunu eşitdim. Türkiyə televiziya kanallarından
birində belə bir məlumat
getdi. Bu, tamamilə yanlış bir məlumatdır. Azərbaycan ilk növbədə öz maraqlarını təmin etməlidir və təmin
edir. Azərbaycanda son on il ərzində Heydər Əliyev tərəfindən aparılan siyasət məhz ona yönəlib ki, öncə
Azərbaycanın maraqları təmin olunsun. Əgər Azərbaycanın maraqları təmin olunarsa, əlbəttə, bizə dost olan dövlətlər
də bundan ancaq fayda götürə bilər.
O ki qaldı “Əsrin müqaviləsi”ndə Rusiya şirkətinə pay verildi, Türkiyə şirkətinə pay verilmədi – mən buna
da aydınlıq gətirmək istəyirəm. Bu müqavilə hazırlanarkən o zaman keçmiş iqtidar tərəfindən Türk Petrolları
şirkətinə 1,6 faiz pay verilmişdi. Heydər Əliyevin şəxsi təşəbbüsü ilə bu pay 5 faiz artırılaraq 6,6 faizə
çatdırılmışdır. Nəzərə alsaq ki, Türkiyədə neft çıxmır, neft sənayesi yoxdur, biz görərik ki,
Azərbaycan
hökuməti və şəxsən prezident Heydər Əliyev bu addımla Türk Petrolları şirkətini də beynəlxalq layihəyə qoşdu,
onları da buraya cəlb elədi.
Bakı–Ceyhan kimi nəhəng layihənin məhz Türkiyə üzərindən keçməsi də onu göstərir. Siz bilirsiniz, nə
qədər səylər olmuşdu ki, bu boru kəməri başqa istiqamətdən keçsin. Bizə hədələr də, təzyiqlər də olmuşdu, digər
xoşagəlməz addımlar da atılmışdı. Ancaq biz buna getmədik. Yəni bu, Heydər Əliyevin neft strategiyası idi.
Ona görə belə yanlış fikirlərin səslənməsi, əlbəttə, bizi üzür. Gərək Türkiyədə belə adamlara imkan verilməsin.
İki ölkə arasında münasibətləri pozmaq istəyən şəxslərə gərək televiziyalarda, xüsusilə NTV kimi tanınmış
televiziya kanallarında yer verilməsin. Əgər
yer verilirsə, gərək bizim də fikrimiz orada səslənsin.
S u a l: Cənab Baş nazir, bu gün dövlətimizin başçısı respublikamızda vəziyyətə tam nəzarət edirmi?
C a v a b: Respublikada hər şey nəzarət altındadır. Heç bir narahatedici hal yoxdur. Hərə öz işi ilə
məşğuldur. Hökumət fəaliyyəti ilə məşğuldur. Hər şey nəzarət altındadır. Heç bir narahatlığa əsas yoxdur. Sağ
olun.