İsmayil şixli seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə127/136
tarix01.02.2018
ölçüsü3,41 Mb.
#23034
1   ...   123   124   125   126   127   128   129   130   ...   136

                                                                                                                                                      

368


Semyonov  başının  üstünü  kəsdirmiş  Petrova  altdan-yuxarı  xeyli 

baxdıqdan sonra ayağa durdu. Sinəsini irəli verib, düz onun gözünün içinə

baxdı, kürsünü geri itələyib irəli yeridi: 

-  Axı  siz  kimsiniz  ki,  mənə  göstəriş  verirsiniz,  cənab  Petrov,  söyləyin 

görüm, ora-bura soxulmağa sizi vadar edən nədir? 

- Cənab direktor, mən əlahəzrət imperatorumuza xidmət edirəm. 

- Danosbazlıqla? 

- Cənab Semyonov... 

- Otağı tərk edin. 

- Siz mənimlə belə danışmayın, mən sizin üçün tatar uşağı deyiləm. 

- Mən də sizin üçün amalsız bir xəfiyyə deyiləm. 

- Siz məni təhqir edirsiniz. 

- Siz isə böyük bir milləti ləkələyirsiniz. 

-  Çox  baş  aparırsınız,  cənab  Semyonov,  bir  sıra  məsələlər  indi  mənə 

aydınlaşır... 

-  Mənə  də  aydınlaşır.  Gedin,  sizinlə  çox  danışmağı  özümə  həqarət 

sanıram. 

* * * 


Əşrəfin  kəmərini  açdılar,  şapkasındakı  nişanı  sökdülər  və  elə  həmin 

gecə  qaranlıq,  rütubət  zirzəmiyə  saldılar.  O,  bir  xeyli  susdu.  Ayağının 

altındakı saman xışıltısından başqa heç nə eşitmədi. İrəli yerimək istədikdə

başı  divara  deydi,  əli  nəm  daşlara  toxundu.  Əşrəf  tərpənmədi.  Gözü 

qaranlığa  alışana  qədər  gözlədi.  Hər  yer  sakit  idi.  Hardasa  su  damcılayır, 

arabir siçan civildəyirdi. Onun əti çimçəşdi, bu rütubətli zirzəmidə qalmağı

şəninə  sığışdırmadı,  ayağa  durub  qapını  sındırmaq    və  birbaş  yataqxanaya 

yollanmaq  istədi.  Bayırda  səs  eşidib  susdu.  Nə  danışıldığını  öyrənməyə

çalışdı.  Növbətçi  müəllim  Petrov  keşikçi  tələbəyə  göstəriş  verirdi.  "Bu 

tərəfə  bir  adam  hərlənsə,  ona  bir  parça  çörək  verilsə,  səni  bu  çəliklə

ölüncəyə  qədər  əzişdirəcəm,  özünü  də  məktəbdən  qovduracam,  eşitdinmi? 

Qapıya qıfıl vur, özüm bir azdan gəlib hər şeyi yoxlayacam". 

Əşrəfin  dişi  bağırsaqlarını  doğrasa  da  dınmədi.  Petrovun  çəkmələrinin 

cırıltısı kəsənəcən susdu. 

Onun keşiyini çəkən İvan adlı bir tələbə idi. Xristian şöbəsində oxuyan 

bu uşaqla Əşrəf bir-iki dəfə Kipianinin dərnəyində rastlaşmışdı. Araları açıq 

deyildi. Ona görə də bir söz deməkdən çəkinirdi. Bir də ona deyiləsi sözü də

yox idi. Direktorun əmri ilə onu cəzalandır- 

  



                                                                                                                                                      

369


mışdılar.  Bir  həftə  bu  qaranlıq  zirzəmidə  siçanlarla  birlikdə  yatacaq  sonra 

isə uşaqların yanına qayıdacaqdı. 

Əşrəfin  gözü  qaranlığa  alışdı.  O  gördü  ki,  bura  darısqal  bir  yerdir. 

Döşəməyə  küləş  tökülmüşdür.  Küləşin  ortası  yapıxmışdır.  Görünür  ondan 

qabaq burada cəzasını çəkən uşaqlar yerlərini rahatlamaq üçün hardansa bu 

küləşi tapıb gətirmişlər. 

Əşraf  yeni  mənzilini  nəzərdən  keçirdikdən  sonra  yerini  rahatlamaq 

istədi. Pencəyinin yaxasını qaldırdı, küləşin üstünə uzanıb gözlərini yumdu. 

O, hər  şeyi unutmaq,  qarışıq  fikirlərdən  yaxasını qurtarmaq  üçün  yatmağa 

çalışdı.  Siçanlar  onun  tərpənmədiyini  görüb  cəsarətləndilər.  Əvvəlcə  onun 

ətrafinda  fırlandılar.  Bığlarını  oynada-oynada  Əşrəfin  əllərini,  sifətini 

qoxuladılar.  Hətta  onun  üstündə  gəzişdilər.  Siçanlardan  biri  Əşrəfin 

qulağına yaxınlaşdı. Bu təmasdan oğlan dik atıldı. Siçanlar civilti ilə ətrafa 

səpələndilər.  Əşrəf  bir  xeyli  gözünü  qaranlığa  zilləyib  dayandı.  Artıq 

bayırda  səs-səmir  kəsilmişdi.  Uşaqlar  axşam  məşğələlərini  qurtarıb 

yataqxanaya  getmişdilər.  "Yəqin  məni  heç  yada  salan  da  yoxdur.  Bu  saat 

şirin-şirin yatırlar. Görəsən, gecədən çoxmu keçib?" 

Qapı astadan döyüldü. 

- Kimsən? 

- Mənəm. 

- Sən kimsən? 

-  Səs  salma,  qapıya  yaxın  gəl.  Əlini  taxtanın  arasından  bəri  sal,  götür, 

uşaqlar göndərib. Yəqin lap acmısan. Bunları ye, sənə süd də gətirəcəklər. 

- Vanya, bəs qorxmursan? 

- İşində ol, səhərdən başımdan əkə bilmirdim, indicə getdi. 

- Kim? 


- Cənab növbətçi müəllim. 

Əşrəf çörəyi aldı. Soyumuş olsa da, kotleti iştahla yedi. 

- Əşrəf! 

- Nədi? 


-  Mən  səni  belə  bilmirdim,  qoçaq  oğlansanmış,  Petrovu  yerində  yaxşı 

oturtdun. Bizim hamımız sənə aşiq olmuşuq. Heç nədən qorxma. 

Səni məktəbdən qova bilməzlər. Hamımız sənin dalında durmuşuq. Öldü 

var, döndü yoxdur. Çörəyi yedinmi? Deyəsən səs gəlir, geri çəkil. 

Əşrəf  zirzəminin  küncünə  qısıldı.  Ürəyi  döyünə-döyunə  bayırı  dinlədi. 

Vanya  kiminləsə  xısın-xısın  danışdı  və  aradan  on  dəqiqə  keçəndən  sonra 

yenidən Əşrəfi səslədi; 



                                                                                                                                                      

370


-  Ala,  bu  südü  də  iç.  Firidunla  Luka  göndəriblər.  Sən  Lukanı

tanıyırsanmı?  Bizim  şairimiz.  Özləri  gələ  bilməyiblər.  Petrov  indi  də

yataqxanada fırlanır. Süpürgəçi ilə göndəriblər. 

- Çox sağ olsunlar. 

Əşrəf südü başına çəkdi. 

- Vanya! 

- Nədi? 

- Axı yata bilmirəm. 

- Niyə? 

- Siçanlar qoymur, özü də yaman nəmişlikdir. 

- Bilirsən nə var, Əşrəf, zirzəminin aşağısında balaca bir taxta var, başa 

düşdünmü?  Oranı  axtar...  Tapdınmı?  Onu  qaldır,  qabağına  nazik  bir 

pilləkən çıxacaq. Orada balaca otaq kimi yer var. Səhərəcən uzan yat, sonra 

yenə düşərsən aşağı. Bax, gecikmə ha, sonra sirrimizi açarsan. 

- Sən bunları haradan bilirsən, Vanya? 

- İki-üç dəfə özüm orda yatmışam. 

- Nəyin üstündə? 

- Elə bilirsən qoçaq tək sənsən? Di get, gecən xeyrə qalsın. 

Əşrəf  əlləri  ilə  qaranlığı  yoxlaya-yoxlaya  pilləkəni  tapdı. Taxtapuşdakı 

balaca otağa qalxdı. Kiçik pəncərədən təmiz hava onun üzünə vurdu. Əşrəf 

sinəsi  dolusu  nəfəs  alıb  yanağını  şüşəyə  söykədi.  Göyün  üzü  tərtəmiz  idi. 

Ulduzlar  civə  kimi  titrəşirdi.  Kür  astadan  qyıldayır,  mürgüləyən  şəhərin 

ətrafına dolanırdı. 

11 

Axşam  məşğələləri  çoxdan  qurtarmışdı.  Tələbələr  xörəklərini  yeyib 

yataqxanaya getmişdilər.  Uşaqların  yatmasını  xəbər  verən  zəng də  çoxdan 

vurulmuşdu.  Amma  Dmitri  Dmitriyeviç  evinə  getməmişdi.  O,  kabinetində

təkcə oturmuşdu. Kipianinin tələbələrin gözü qarşısında həbs edilməsi, atlı

kazakların  axışıb  seminariyanın  həyətinə  doluşması  nəhayət,  polis  rəisinin 

özbaşınalığı  onu  hövsələdən  çıxartmışdı.  Onun  icazəsi  olmadan  rəhbərlik 

etdiyi məktəbdə görülən işləri Semyonov pedaqoji təlimə zidd hesab edirdi. 

O,  bir  direktor  kimi  bu  barədə  Qafqaz  maarif  müvəkkilinə,  eləcə  də

qubernatora raport göndərmiş və tələb etmişdi ki, bu cür özbaşınalıqlara son 

qoyulsun.  Semyonov  belə  zənn  edirdi  ki,  onun  sözü  eşidiləcək,  hətta 

Kipianini də azad edəcək- 

  



Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə