32
civiltisi, qarğaların qarıltısı, ilan-kormalların fısıltısı meşəni uğuldatdı.
Tülkünün canını qorxu aldı. Elə bildi, onu tanıyıblar, bura icazəsiz
gəldiyinə görə ona verəcəkləri cəzanı götür-qoy eləyirlər. Tülkü istədi
qaçsın. Amma onların əlindən canını qurtara biləcəyinə inanmadı, ona
görə də bu məsləhət-məşvərətin axırını gözləməli oldu. Tülkü hardan
biləydi ki, onların şahı dünən ölüb, dünən dəfn ediblər, dünəndən də
meşə sakinlərinin arasına tayfa çəkişməsi düşüb, hər tayfa istəyir təzə
şah onların öz nəsil-köklərindən seçilsin. Göyqurşağı nuru, ziyası saçan
tülkü burda görünəndən sonra tayfaların fikri dəyişmişdi, dünənki kimi
deyişmək istəmirdilər, bilirdilər ki, indi hansı tayfa: "Şah bizim tayfadan
olsun",
– desə o biri tayfalar haray-həşir qoparacaq, dava-dalaş salıb qanı
su yerinə axıdacaqlar. Ona görə də tayfaların hamısı göydən nazil olmuş
sandıqları tülkünü şah seçmək istəyirdi. Onlar fikirləşmişdilər ki,
göylərdən endirilmiş tülkünün heç bir tayfaya qohumluğu çatmır,
hamıya bir gözlə baxacaq. Hər tayfa meşənin bir tərəfindən axıb gəldi,
hər tayfadan da biri qabağa çıxıb öz tayfasının təmənnasını bildirib dedi
ki, biz acizanə surətdə xahiş edirik, tanrının bizim məmləkətə bəxş
elədiyi siz huri-qılman bizə şahlıq eləyəsiniz. Bəxtinin açıldığını görən
tülkü belə ağır yükün altına girmək istəmirmiş kimi özünü çəkə-çəkə
dedi:
– Şahlıq çətin işdir. Şah gərək öz məmləkətindəkilərin hamısını öz
ata-anası, əmi-dayısı, bacı-qardaşı, oğulu-qızı hesab eləsin, hamını, heç
olmasa özü qədər istəsin. Şah gərək bir əli od olanda o biri əli su olsun,
yandıranda söndürməyi də bacarsın. Tayfaların hamısı bir-birinin üzünə,
gözünə bu mənada baxdı ki, allah bizimkini yaxşı yetirib, bu elə bizim
arzuladığımız şahdır. Hər tayfadan yenə də biri dilləndi:
– Ey qibleyi-aləm, biz öz bəxtimizi sizin mərhəmətinizə tapşırırıq,
sizdən savayı heç kim bizə şahlıq eləyə bilməz, xahiş edirik bizim
arzumuzu gözümüzdə qoymayın. Tülkü üzünü-yönünü hər tayfaya sarı
bir dəfə çevirə-çevirə baş endirdi. Tayfalar yamyaşıl mamırdan təzə taxt
düzəltdilər, gül-çiçəklə bəzədilər. Sonra hər tayfa bir xonça tutub gətirdi.
Təzə şah da bu tayfanın xonçasını o tayfaya, onunkunu da buna payladı,
onların hamısına minnətdarlıq eləyə-eləyə dedi:
– Balaca bir cücə mənim iki günümə bəsdir. Mən çox yeməyə
alışmamışam. Siz canınıza yaxşı qulaq asın. Mənim məmləkətimdə
gərək heç kim xəstələnməsin. Ayılar təəsüflə kökslərini ötürdülər,
pıçıldaşdılar: – Gözü-könlü tox olan şahı aldatmaq müşkül məsələdir.
33
Deyəsən, bunu öz tərəfimizə çəkə bilməyəcəyik. Canavarlar
xısınlaşdılar:
– Bu elə biz istəyəndəndir. Bildiyimizi babamıza vermərik.
Çaqqallarla tülkülər gülümsündülər: – Keybalaxanımdı, başına corab
hörərik. Sürünənlər fısıldaşdılar, ciyildəşdilər:
– Deyəsən, əfəldir, yeyib-yatmağa belə bir yer axtarırmış. Uçanlar
tayfası:
– Şah sağ olsun, – dedilər, – bizim məmləkətin tarixinidə sizin
kimi mərhəmətli şah olmayıb, allah sizi bizim üstümüzdən tək bircə gün
də əskik eləməsin. Tayfalar qırx gün, qırx gecə yedilər, içdilər, çalıb-
çağırdılar, kef elədilər, təzə şahın şəninə təriflər yağdıra-yağdıra
şənləndilər. Günlər keçdi, həftələr ötdü, aylar dolandı. Əvvəllər şaha
ləzzət verən bu kef-damaq onu darıxdırmağa başladı. Gecələr sinə-sinə
gedib hinə girməkdən, ya bir toyuq, bir cücə boğazlayıb kənddən
çıxmaqdan, qırağa qaçmaqdan, dərənin birində onu qorxa-qorxa, dörd
tərəfə boylana-boylana yeməkdən ötrü burnunun ucu göynədi. Ölümlər
yatan qaranlıq həyətlərdən, hinlərdən oğurladığı azarlı toyuqların da əti
necə şirin olarmış… Qanıq itlər dalınca salışanda qaça-qaça parçaladığı
cücələrin budları necə dadlı olarmış… Bir gecə onun canına, yerinə qor
doldu, yata bilmədi, qalxdı. Keşikçilərin ayıq-sayıqlığını yoxlamaq
bəhanəsi ilə məmləkətin ucqarlarına getdi. Keşikçi çaqqallar bərk
yatmışdılar, onların xorultusu birköçlükdən eşidilirdi. Şahın gəlişindən,
yerişindən onların birinin xəbəri olmadı. Şah sərhəddi keçdi, özünü
qonşu kəndə verdi, hindən bir toyuq götürdü, dərədə yedi, yenə öz
məmləkətinə qayıtdı, taxtına çıxıb şirin-şirin yatdı. Səhər qonşu kəndin
itləri ağızlarını göyə tutub ulaşdılar:
– Ey meşə məmləkəti, ötən gecə bizim bir toyuğumuz yoxa çıxıb.
Meşə məmləkətinin uçanlar tayfası göyün üzünü ağlı-qaralı buludlar
kimi aldılar, sürünənlər meşəni fısıltılarla, ciyiltilərlə doldurdular,
canavarlar tayfası ulaşdı, çaqqallar tayfası vəkkildəşdi, ayı tayfası
donquldandı, tülkülər onların hamısından çox hay-küy saldılar. Tayfalar
şahın hüzuruna axışdılar. Hər tayfanın ağsaqqalı bir addım irəli çıxdı,
təzim edib şaha and içdilər ki, biz qonşu məmləkətin var-dövlətinə heç
vaxt pis gözlə baxmamışıq, əlimizi onlar tərəfə haramxorluqla
uzatmamışıq. Şah əmr etdi ki, ağsaqqallar qonşu kəndə getsinlər, onların
etiqad etdiyi şey nədirsə ona əl bassınlar, onları inandırsınlar.
Ağsaqqallar ehtiramla baş endirib getdilər. Həmin günün axşamı tülkü
tayfasının ağsaqqalları, qarasaqqalları bir yerə yığışıb danışdılar ki,
34
şahın gözündə böyümək məqamı çatıb. Özümüzdən, özümüzün
fərasətlilərimizdən bir dəstə düzəldək, hər gecə o kəndin keşiyini çəkək.
Dadanan qudurandan pis olur, bizi qonşuların yanında üzüqara eləyən o
yaramaz bir də gələcək. Bir də gələndə onu tutaq, həm şahımızın
yanında hörmətimiz – etibarımız artsın, həm də bizə şər atan qonşumuzu
şəkk-şübhədən qurtaraq. Aradan beş gecə, on gecə keçdi, şah yenə yata
bilmədi, oğurlayıb dərələrdə parçaladığı toyuqların, dalınca salışan
itlərin qabağınca qaça-qaça yediyi cücə budlarının şirinliyi yadına
düşdü, ağzının suyu axdı, ağlı başından yenə çıxdı. Keşikçilərin ayıq-
sayıqlığını yoxlamaq bəhanəsi ilə sərhəddi yenə keçdi, qonşu kəndə
girdi, başını hinə uzadanda yaxalandı, torbaya salındı. Tülkü tayfası
oynaya-oynaya, çalıb çağıra-çağıra:
– Qonşu kəndə dadanan oğrunu tutmuşuq, gəlin, tez gəlin, hamınız
baxın, – deyib meşəyə hay sala-sala şahın taxtına yaxınlaşdılar. Amma
şahı yerində tapmadılar. İşıqlaşana kimi gözlədilər, dedilər şahımız,
yəqin məmləkətin uzaqlarına baş çəkməyə gedib, harda olsa qayıdar.
Lakin gün günortadan ötdü, şah yenə də gəlib çıxmadı. Taxtı dövrəyə
almış tayfaların hamısının səbri tükəndi. Ayıların ağsaqqalı dedi:
– Torbada çox saxlamayın, nəfəsi kəsilər, çıxarın, əl-ayaqlarını
bağlayıb yıxın yerə. Qoy şah onun ölüsünü yox, dirisini görsün. Ölüyə
cəza verilmir. Tayfaların hamısı razılaşdı. Tülkü tayfasının ağsaqqalı
torbanın ağzını açdı, aşağı tutdu, tülkülər torbanın künclərindən yapışıb
yuxarı qaldırdılar, oğrunu yerə saldılar. Hamı rəngini dəyişmiş, amma
tülkü ürəyini, tülkü xasiyyətini dəyişə bilməmiş şahı görəndə içini çəkdi:
– Bu ki bizim öz şahımızmış…
QÜVVƏTİN SİRRİ
Biri var idi, biri yox idi, keçmiş zamanda bir zülmkar xan var idi.
Bu xanın Kamil adlı bir bağbanı var idi. Kamil əmi xanın bağçasındakı
meyvə ağaclarına, güllərə, çiçəklərə qulluq edərdi. Xanın neçə illər idi
ki, övladı olmurdu. Elə bəlkə buna görə xan həyət-bacada uşaq görən
kimi daha da qəzəblənirdi. Bir gün xan uzaq səfərə çıxmışdı. O, səfərdən
qayıdanda təsadüfən onu ilk qarşılayan Kamil əmi oldu. Kamil əmi xanı
görən kimi sevinclə:
– Xan, gözün aydın, gözümüz aydın! – dedi. Muştuluğumuzu ver,
oğlun olub! Xan sevincindən bilmədi nə etsin. Atın üstündən sıyrılıb
Dostları ilə paylaş: |