İYİRMİ ÜÇ yeniyetmə



Yüklə 0,83 Mb.
səhifə2/19
tarix30.12.2017
ölçüsü0,83 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   19

Birinci fəsl: Bahar


1962-ci ilin baharının ilk günləri idi. Ciroftda Bəsicin binasının önündən keçə-keçə təhsildəki geriliyimi necə düzəldib sinif yoldaşlarıma çatacağım haqda düşünürdüm. Həmin halda Ahəngəranın səsi güclü maqnit kimi məni küçədən Bəsic komandiri Kəramət Nozainin otağına çəkdi.

Bəsicin binasında xüsusi ab-hava vardı. Cəbhədən gəlmiş uşaqların nurlu siması digərlərinə müsbət enerji verirdi. Əxlaq, vüqar və mətanət dolu səslərini eşidəndə və təbəssümlü dodaqlarını görəndə deyərdin ki, kiçik bir işdən sarı cənnətdən şəhərə gəlmişlər və indicə qayıdacaqlar.

Ahəngəran oxuyurdu: "Yolumu kəsmə, ana! Daha yalvarma, mən cəbhəyə gedirəm!" Anam yadıma düşdü və boğazımı şirin qəhər tutdu. Həyətdə maşınlar get-gəl edirdi, sürücülər fəaliyyətdə idilər. Binanın zalında söhbət yalnız ezamdan gedirdi. O günlərdə “ezam” sözünün minlərlə mənası vardı: vidalaşma, ana, əməliyyat, şəhadət və s. Bu söz adamı silkələyirdi. "Sabah cəbhəyə ezam var" deyiləndə bütün bu mənalar beyində yan-yana düzülürdü. Görürdün ki, ananın önündə dayanmısan, mehriban əllərini boynuna dolayıb və üzünə dünyanın ən mehriban öpüşünü qoyur. Özünü silaha, darağa və qumbaraya qərq olmuş halda görürdün və sonda şəhər əhalisinin qolları üzərində gəzən tabutunu seyr edirdin. “Ezam” sözünü eşidəndə bütün bunlar insanın beynində əks olunurdu.

Bu söz digərlərinə də öz təsirini göstərirdi. Analar və həyat yoldaşları üçün həyəcan uçurumu idi. Ezam günlərində övlad eşqi çoxlu ata-anaları pərişan edirdi. İmkanları olsaydı, bütün elan vasitələrini məhv edərdilər ki, karvanlar getsinlər və onların ürəklərinin meyvəsi dərilməsin.

Həmin gün Ciroftda Bəsic binasında hər şeydən əməliyyat və ezam ətri gəlirdi. Ötən il əməliyyatda iştirak etmək bizə qismət olmamışdı. Üç ay yalnız hərbi təlim keçmiş və keşik çəkmişdik. Sakit cəbhədə iki ay keşikçilikdən sonra səs-küylü bir əməliyyatda iştirak etməyin vaxtı çatmışdı. Lakin əvvəlcə əməliyyatın keçiriləcəyinə əmin olmalı idim. Yenidən cəbhəyə qayıdıb eyni işləri görmək istəmirdim. İki ay Nord cəbhəsindən mənə xoş xatirələr qalsa da, eyni vəziyyəti təkrarlamaq əvəzinə Ciroftda qalıb dərsimlə məşğul olmağı üstün tutardım. Yalnız əməliyyat olacağı təqdirdə cəbhəyə qayıtmaq və həmin ilin dərsindən keçmək istəyərdim.

Nozainin otağına girdim. Sadə taxta stolun arxasında oturmuşdu. Gözlərində qalın şüşəsi olan qara eynək vardı. Sıx qara saqqalı və cibinin üstündə nişanı olan yaşıl geyimi ona bir pasdar görkəmi vermişdi.

Stolunun önündə dayandım. Salam verib dedim ki, cəbhədən yeni gəlmişəm, dərsimlə məşğul olmaq istəyirəm və əməliyyatsız cəbhəyə dönmək fikrim yoxdur. Dedim ki, sən Allah, mənə doğrusunu de, bu dəfə əməliyyat var, yoxsa yox? Dedi: "Kaka, mütləq əməliyyat olmalıdır ki, cəbhəyə gedəsən?” Dedim ki, hə, əməliyyat olmasa, qalıb məktəbə gedəcəyəm.

Cənab Nozainin hərbi sirri açmağa ixtiyarı yox idi. Bununla yanaşı, israrımı görüb dedi: "İnşallah, tezliklə nəsə olar".

Sözünü tutdum. O, car çəkə bilməzdi ki, əməliyyat olacaq. Çünki münafiqlər duyar və iraqlıların ovcuna qoyardılar. Öz-özümə dedim ki, mütləq əməliyyat olacaq. Cəbhədə başqa nə ola bilər ki? Üstəlik, Nozai bu sözdən əlavə baxışı, təbəssümü və danışıq tərzi ilə sanki min dəfə demişdi: "Mütləq əməliyyatımız olacaq. Əgər doğru deyirsənsə, get hazırlaş!"

Cavabımı almışdım. Qərarə gəlməli idim və gəldim də.


Həsən Tacikşir


Cənab Nozaidən cənub cəbhələrində əməliyyat olacağını öyrənəndə Həsəndən5 heç bir xəbərim yox idi. O, novruzdan qabaq cəbhəyə getmişdi. Düşünürdüm ki, o da bizim kimi "keşikçilik" müsibətinə düçar olub. Lakin bir neçə gündən sonra bəzi ortaq dostlarımız cəbhədən qayıdıb Həsənin şəhid olduğunu bildirdilər. Bu xəbəri eşidəndə sanki səma parçalanıb başıma töküldü. Xəbər gətirən deyirdi ki, Həsənin yaralandığını və İraq tankının onun üzərindən bir neçə dəfə keçdiyini öz gözlərilə görmüşdür. O bu hadisəni o qədər əminliklə danışırdı ki, hamı yeniyetmə Həsənin cəsədinin qalmayacağını düşündü.

Həsənin ailəsi yas məclisinə hazırlıq görürdü. Bu zaman cəbhəyə ezam günü Bəsic tərəfindən elan olundu. Həsənin məzlum şəhadət xəbərindən sonra zərrə qədər də tərəddüd etmədim və adımı yazdırdım. Həsən dayıoğludan əlavə, həm də uşaqlıq və məktəb dostum idi. Ciroftda təhsil alanda otaq yoldaşı da olmuşduq. Bütün qohumlar Həsəni mehriban oğlan kimi taniyırdılar. Onun elə faciəvi ölümü hamının ürəyini ağrıtmışdı.

Cəbhəyə getməzdən öncə anamın razılığını almaq istəyirdim. Həsənin şəhadətindən sonra onu razı salmağın daha çətin olacağını bilirdim. Kəndə getdim. Anam həmişəki kimi məni qucaqladı. Mən onun sonbeşiyi idim. Ondan öz həyatını mənə bir də danışmasını arzulayırdım. Bunu yüz dəfə eşitsəm də hələ də maraqlı və təbii ki, kədərli idi. Səkkiz uşaq anası olan anam mən altıaylıq olanda həyat yoldaşını itirmiş, amma atamın irsi ilə bizi yaxşı böyüdə bilmişdi. Yaş fərqləri yalnız iki il olan uşaqları necə böyütdüyünü həmişə dinləmək istəyirdim. O gün isə Ciroftdan kəndə başqa bir sözü eşitməyə getmişdim. İstəyirdim ki, anam desin: "Get, ana qurban, südüm halal olsun!"

Cəbhəyə getmək istədiyimi anama deyəndə ürəyi qəm-kədərlə doldu. Ah çəkib dedi: "Anan qurban! Bu günlərdə cəbhədə qırğındır. Sən də təzə gəlmisən. Qardaşların Musa, Yusif və Möhsün də hərəsi bir dəfə gediblər. İndi qal, bir neçə aydan sonra gedərsən".

Oturub dil tökməyə başladım, cəbhələrdən danışdım. Dedim ki, minlərlə döyüşçü uzun müddətdir ön postlardadırlar. Onlar qayıdıb ailə-uşaqlarına, ata-analarına baş çəkməlidirlər. Anamı razı salacağını düşündüyüm hər şeyi dedim.

O, balasının cəbhə tərəfindən çağırılan yeganə ana olmadığını eşidəndə bir qədər fikrə getdi. Danışmağa başlayanda isə yenə də əvvəlki fikrində qaldı. O düşünürdü ki, cəbhəyə getmək din və vətən qarşısında borcdursa, mən bir dəfə getməklə borcumu ödəmişəm; əgər digərləri də bu borclarını ödəsələr, kiminsə cəbhədən dönən kimi yenidən qayıtmasına ehtiyac qalmaz.

Anam doğru deyirdi. Musa iki ay öncə Kərxenur əməliyyatında iştirak etmişdi. Mən, Yusif və Möhsün də cəbhədən yeni gəlmişdik. Bundan artıq israrı faydasız saydım. Bəlkə də daha çox çənə vursaydım, razılığını alardım, amma gedəcəyimə əmin olduğu zaman keçirəcəyi narahatlığı görmək istəmədim. Buna görə də, mövzunu yarımçıq və nəticəsiz qoyub "görək necə olur" dedim. Anamdan ayrılanda əməliyyatda iştirak etmək qərarımda heç bir tərəddüd yaranmamışdı, o isə bunun əksini düşünürdü. Anamdan xəbərsiz getməyi üstün tutdum. Belə olanda ən azı, yaşlı gözlərini görməyəcəkdim və ürəyim od tutub yanmayacaqdı. İnsafsızlıq idi, amma mən bunu etdim. Anam sözlərinin mənə təsir etdiyinə, ikiaylıq keşikçiliklə borcumu verdiyimə və daha cəbhəyə qayıtmayacağıma əmin olduğu halda, mən çox qəti niyyətlə Cirofta qayıtdım.




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə