59
Professor Fərrux Rüstəmov
Xatirələrə çevrilən ömür
Allah-taala hər kəsə bir ömür bəxş edir: kiminə uzun, kiminə qısa. Həyatın
mənası onun uzun və qısa olmasında deyil, necə yaşanmasındadır. Verilən ömrü
ləyaqət və şərəflə yaşayan insanlardan biri də Azərbaycan Dövlət Pedaqoji
Universtitetinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının dosenti,
pedaqogika üzrə fəlsəfə doktoru Zabit Teymur oğlu Məmmədovdur. Doğum
gününü təntənə ilə qeyd etməyə ömrü vəfa etməyən Zabit müəllim 70 illik mənalı
və şərəfli ömür yaşadı.Həyat tez-tez ona gözlənilməyən surprizlər bəxş etsə də, o,
sınmadı, əyilmədi, vüqarla həyatın bütün acı-ağrısına sinə gərdi. Dərdə, qəmə,
niskilə xəfifcə gülümsəyərək həyatdan zövq almağa çalışdı. Səmimiyyəti, əxlaqı,
mənəvi saflığı və təmizliyi, həyatsevərliyi, insanlara xoş münasibəti ilə onu
tanıyanların sevimlisinə çevrildi. Müdriklərdən biri deyir ki, biz insan deyəndə
onun əxlaqını nəzərdə tuturuq. Əxlaqdan kənar insan yoxdur. Zabit müəllim yaxşı
ata, yaxşı qohum, yaxşı işçi, tanınmış dilçi alim olmaqdan əvvəl yüksək, əxlaq və
fəzilət sahibi idi. Onun bütün hərəkətləri əxlaqi prinsiplərə söykənirdi. Zabit
müəllimlə tanışlığımın müddəti çox da uzun deyil. Birgə işlədiyimiz müddətdə
mən onda yüksək insani keyfiyyətlərin, müəllimlərə, tələbələrə sonsuz hörmət və
ehtiramın şahidi olmuşam. O, boyüklə böyük, kiçiklə kiçik idi. Heç kəsi özündən
narazı salmazdı. Zarafat etməyi, maraqlı xatirələr danışmağı sevərdi. Olduqca
diqqətcil və həssas idi. Münasibəti olduğu insanların xeyir işindən qalmazdı.
Xeyir-dua verməyi də bacarırdı, dostun-tanışın kədərinə şərik olmağı da. Son
illərdə səhhətində müəyyən problemlər yaransa da, bildirməməyə çalışırdı.
Axırıncı dəfə Türkiyəyə müalicəyə gedərkən elə bil ki, bir daha dönməyəcəyini
bilirdi. Dediyi ifadələr, etdiyi hərəkətlər ayrılıq anlarını xatırladırdı. Son anda
dekanlığın əməkdaşlarını yığaraq, bəlkə qayıtmadım, yadigar bir şəkil çəkdirək
dedi. Bu onun son şəkli oldu. Oktyabrın 13-də o, 70 illik ömür yolunun sonuna
çatdı, haqq dünyasına qovuşdu. Ondan bizə hələ uzun illər ürəyimizi göynədəcək
xatirələr qaldı. İnsanlar ölərkən birdəfəlik ölmürlər, tamam yox olmurlar, nə qədər
ki onları xatırlayan, onların səslərini, sifətlərini yaddaşında saxlayan adamlar
durur, bu ölənlər də hələ yaşayırlar-fikirlərdə, xəyallarda, təsəvvürlərdə yaşayırlar.
Xatirə danışmağı çox sevən Zabit müəllim özü də xatirəyə çevrildi. Həmişə
anılan, daim xatırlanan xatirəyə...