Səhər tezdən Ankara hava limanına gəldik. Bizi hökumət adamları və qonaqlar üçün
hazırlanmış zala dəvət etdilər. Zal çox böyük idi. Burada eyni zamanda beş-on nümayəndə
heyəti yerləşə bilərdi və bunun üçün zalın müxtəlif tərəflərində hər cür şərait yaradılmışdı. Biz
daxil olan zaman zalın müxtəlif tərəflərində dəfndən geri dönən üç nümayəndə heyəti
oturmuşdu.
Bizi rahatlanmaq üçün çox böyük bir guşəyə apardılar, uçağın uçuşuna qədər burada oturmalı
idik.
Bizdən təxminən on dəqiqə sonra zala Türkiyə Xarici İşlər nazirinin müşayiəti ilə Ermənistan
nümayənədə heyəti gəldi. Zalda çoxlu boş yer olmasına baxmayaraq, bizə tərəf gəlməyə
başladılar. Onların bizə tərəf gəldiyini görən Elçibəy ayağa durub onlara tərəf bir addım
atmağa məcbur oldu və oturmalarını təklif etdi. Təklifi qəbul edərək oturdular. Zalın yuxarı
başında Elçibəy arxası divara tərəf oturmuşdu. Ondan sağda sıra ilə Nəcəf Nəcəfov, Etibar
Məmmədov və Rəsul Qulyev oturmuşdu. Ondan solda Heydər Əliyev, Levon Ter-Petrosyan,
Papazyan və Ermənistan Prezidentinin müşaviri oturmuşdu.
Mən ayaq üstə durmuşdum. Sağımda səfir Məmməd Əliyev, sol tərəfimdə Ter-Petrosyanın
mühafizə rəisi Rafik durmuşdu. Rafik Qarabağ ermənisidir və bizim dildə çox təmiz danışır.
Qısa hal-əhvaldan sonra hərə öz yanındakı adamla söhbət etməyə başladı. Mən də Rafiklə
oradan-buradan danışırdıq. Birdən səfir mənə çox bərkdən dedi ki, nə yeridir bu alçaqların
əlini-qolunu bağlayıb aparasan Bakıya. Mən dönüb əyri-əyri onun üzünə baxdım. Dedi ki, niyə
mənə elə baxırsan, düz demirəm? Bu daşnakların əlacı ancaq odur. Mən ona susmasını işarə
etdim.
Bir neçə dəqiqə sonra bizi təyyarəyə dəvət etdilər. Mindiyimiz təyyarə İstanbula tərəf yol aldı.
Hələ Ankarada ikən məlumat almışdıq ki, Etibar Məmmədovun adamları xüsusi hazırlıq
görüblər. Yusif Səmədoğlu da bu məsələyə qoşulub. Məqsədləri isə Elçibəyin nüfuzuna kölgə
salmaq üçün təyyarədən çıxan Etibarı hay-küylə qarşılamaq idi.
Bu barədə Elçibəyə məlumat verəndə çox sakit şəkildə dedi ki, hər xırda məsələyə əhəmiyyət
verməyin.
Biz İstanbulda uçaqdan düşəndə Prezidentin nə qədər haqlı olduğunun şahidi olduq. Hava
Iimanına toplanmış adamlar Elçibəyi görən kimi elə böyük maraq göstərdilər ki, Etibar
Məmmədovun orada olması heç hiss olunmadı.
Biz İstabulda Türkiyənin səkkizinci Cumhurbaşkanı Turqut Özalın dəfn mərasimində axıra
qədər iştirak edərək, axşam saat səkkizdə oradan birbaşa Bakıya uçduq.
Əbülfəz Elçibəyin Türk dünyasının ən güclü dövləti olan Türkiyədə nüfuzunun bu qədər böyük
olması həm Azərbaycanda, həm də Türkiyədə bir çox siyasi xadimi çox narahat edirdi.
Onların hamısında, xüsusən, Türkiyə siyasi xadimlərinin bəzilərində qısqanclıq hissləri baş
qaldırmışdı. Türk dünyasına yeni bir liderin gəlişi onları təmin etmirdi. Əvvəldə bir-bir qeyd
etdiyim və indi sıra ilə sayacağım tədbrilərdə onlar Elçibəyi Türkiyə və ümumiyyətlə dünya
ictimaiyyətinin gözündən salmağa çalışırdılar. Onu qətiyyətsiz və öz ətrafını belə idarə etməyə
layiq olmayan bir adam kimi göstərmək istəyirdilər.
Hələ Türkiyəyə birinci səfərində Ter-Petrosyanla görüşmək təklifinə cavab verərək demişdi ki,
mən onunla görüşməyəcəyəm.
Bütün bunları nəzərə alan və Elçibəyi nüfuzdan salma planını həyata keçirən həm
Azərbaycan, həm də Türkiyə tərəfdən olan şəxslər aşağıdakı tədbirlərdən bir qismini həyata
keçirə bildilər:
Ankarada qarşılanma mərasimi və səfirin geyimi;
"Şeraton" əvəzinə "Böyük Ankara" otelinə yerləşdirilmə;
Səhər içində hərəkət zamanı maşınların düzülüşü;
Levon Ter-Petrosyanla iki gün ərzində üç görüş;
Səfirin Hüsaməddin Cindorukla görüşü xəbər verməməsi;
Səfirin çox ciddi bir görüş zamanı kənar şəxsin qoluna girərək içəri aparması;
Ankara hava limanında səfirin ermənilərlə bağlı danışmağı;
İstanbul hava limanında Etibar Məmmədovu daha böyük hay-küylə qarşılama planı.
* * *
Beləliklə gəlib iqtidar dövrünün sonuna çatdıq. 1993-cü il iyun ayının 17-də gecə saat 24.00
idi. Mən Prezidentin qəbul otağında dayanmışdım. Prezidentin kabinetinin qapısı açıqdı.
Heydər Əliyev, Rəsul Quliyev və Etibar Məmmədov çıxıb getdilər. Sonra Elçibəy kiçik iclas
zalına keçərək, orada toplanmış Xalq Cəbhəsi rəhbərliyi ilə qısa bir iclas keçirdi. İclasdan
sonra Prezident mənə dedi ki, səninlə işim var.
Bu işin nədən ibarət olacağını mən təxminən hiss edirdim və dedim ki, nə işdisə iqamətgahda
danışmaq daha yaxşı olar.
O razılaşdı və bir az sonra iqamətgaha gəldik.
İqamətgaha getməmişdən əvvəl mən iclasdan çıxan Fərəc Quliyevə dedim ki, sən məni
görməmiş getmə, ola bilsin ki, səninlə işimiz oldu.
İqamətgahın həyətində Prezident vəziyyətlə maraqlandı. Mən bildiklərimi ona məruzə etdim.
(Kitabın çevriliş bölümündə bu barədə geniş şəkildə yazılacaq).
O dedi ki, bəlkə bir neçə günlük Bakı kəndlərinin birinə gedək.
Mən dedim ki, Bakı kəndlərinin birinə getmək mənə elə gəlir ki, düz deyil. Gediriksə daha
güvənli bir yerə getməli, ya da iqamətgahda qalıb sona qədər vuruşmalıyıq. Bir neçə gündən
sonra vəziyyətin necə olacağı bilinmir. Əgər Bakı kəndlərinin birində olsaq oranı mühasirəyə
alıb, bütün kommunikasiya xətlərini kəsəcək və dünya ilə əlaqəmizi yox edəcəklər. Gələcəkdə
də əgər çıxmaq istəsək o kənddən heç cürə çıxa bilməyəcəyik.