Mdb ölkələrinin fiziki coğrafiyasına giriş. Coğrafi mövqeyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/28
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22480
1   2   3   4   5   6   7   8   9   10   ...   28

   Başlıca olaraq yaz daşqınları və qar suları ilə qidalanan çaylar. Bu tip çaylar əsasən 
Rusiya düzənliyində və Qərbi Sibirdədir. Qar örtüyünün tez əriməsi nəticəsində baş 
verən yaz daşqınları bu tip üçün xarakterikdir. Buna görə də çaylarda illik axının əsas 
hissəsi yaza düşür.  
   Yayda gursulu olub, buzlaqlardan qidalanan çaylar. Tyan-Şan, Pamir, Mərkəzi 
Qafqaz, daimi qar örtüyü və buzlaqlar olan bəzi başqa dağlıq rayonlar üçün 
səciyyəvidir. Bu çaylar ilin isti dövründən nisbətən gursulu olmaları ilə fərqlənirlər. 
Yay temperaturu yüksək olduqca daimi qarların və buzlaqların əriməsi də sürətlə 
gedir. Bu tip çaylar təsərrüfatda istifadə etmək üçün əlverişli rejimə malikdir. 
Çaylarda su sərfinin ən yüksək dövrü suvarma və başqa təsərrüfat məqsədləri üçün 
suya böyük ehtiyac olduğu dövrlə bir vaxta düşür.  
   Musson iqlimi rayonlarının yayda yüksək sululuğa malik çayları. Amur hövzəsində 
və musson iqlimi olan bəzi başqa yerlərdə yayılmışdır. Qar örtüyü qalın olmadığından 
bu tipli çaylarda yaz daşqınları qısa müddətli olur və ya heç daşqın olmur. Çaylarda 
suyun ən yüksək sərfi yayın 2-ci yarısında musson yağışları dövrü ilə eyni vaxta 
düşür. Burada leysan yağışları nəticəsində baş verən daşqınlar adi haldır.  
   Daimi donuşluq rayonlarının yazda gursulu və yayda daşqınlı çayları. Sibirin şimal-
şərqində, torpağın daim donmuş qaldığı rayonlarda qış gəldikdə yeraltı sular da daxil 
olmaqla, çayların bütün qidalanma mənbələri kəsilir. Daimi donuşluq olan rayonlarda 
azsulu çaylar (Anabar, Yana, İndigirka və s.) güclü şaxtalarda dibinə qədər donur.  
   MDB-nin cənub-qərb ucqarlarının daşqın rejimli çayları. Karpat dağlarında, dağlıq 
Krımda, Zaqafqaziyada və qismən də Şimali Qafqazdadır. Bu çaylar gursulu olmur. 
Onların qidalanmasında yağış böyük rol oynayır. Tez-tez leysan şəklində düşən gur 
yağışlar bu çaylarda güclü, lakin qısamüddətli daşqınlara səbəb olur. Qış isti keçdikdə 
daşqınlar ilin soyuq yarısında da müşahidə olunur.  
Göllər. MDB-nin gölləri də çayları kimi çoxdur. Göllərin sayı 2854166-dır. 
Əksəriyyətinin sahəsi 1 km²-dən kiçikdir. İri göllər azdır. Sahəsi 100 km²-dən artıq 
olan cəmi 160 göl var. Dünyanın sahəsi 10 min km²-dən çox olan 18 ən böyük 
gölündən 4-ü MDB-dədir. Dünyanın ən dərin gölü olan Baykal da MDB-dədir. Onun 
dərinliyi 1620 m-dir. Lakin göllərin ərazi üzrə paylanması heç də bərabər deyildir. 
Kareliyada göllər qurunun 12-13 %-ni, Mərkəzi Yakut düzənliyində hətta 25 %-ni 
tutur. Rusiya düzənliyinin meşə-çölündə isə demək olar ki göl yoxdur.  
behruzmelikov.com
behruzmelikov.com


   MDB göllərinin mənşəyi çox müxtəlifdir. Dağlarda, az-az hallarda isə düzənliklərdə 
göllər tektonik mənşəli çökəkliklərdə yerləşir. Bunların əksəriyyəti çox dərin olması 
ilə fərqlənir. Baykal və İssikkul onlara klassik misaldır. MDB-nin bəzi dağlıq 
rayonlarında vulkanik göllər, yəni sönmüş vulkanların kraterlərində su dolması 
nəticəsində yaranan göllərə də (Kamçatkada Kronotsk, Kuril və s. göllər) təsadüf 
olunur. 
   Qarışıq mənşəli buzlaq-tektonik göllər də çox yayılmışdır. Onların çökəkləri 
tektonik səbəbdən əmələ gəlmiş, sonra isə buzlaq vasitəsilə dərinləşmişdir. Kola 
yarımadasının və Kareliyanın çoxsaylı gölləri belə göllərdir.  
   Moren göllərinin əmələ gəlməsi də buzlaqlarla bağlıdır. Bunlar buzlaqların 
akkumlyasiya fəaliyyəti nəticəsində moren təpələri və tirələri arasındakı çökəkliklərdə 
yaranır. Sonuncu buzlağın akkumlyasiya rayonlarında (Rusiya düzənliyinin şimal-
qərbi və şimalı) sahil xətləri girintili-çıxıntılı, içərisində “üzən” alçaq adaları olan 
sahəcə kiçik və dayaz yüzlərlə və minlərlə göl səpələnmişdir. 
   Gözəl mənzərəyə malik kar gölləri mənşəyinə görə relyefin dağ buzlaq formaları ilə 
bağlıdır. Belə göllər MDB-nin bütün yüksək dağlıq rayonları üçün bu və ya digər 
dərəcədə xarakterikdir. Qafqazda onlara Teberdanın yuxarılarında və Kluxor 
aşırımında (Babuk, Muruc, Kluxor gölləri) rast gəlinir.  
   Karst rayonlarında uçqun və digər karst göllərinə rast gəlinir. Bəzən kiçik sahə tutan 
belə göllərin dərinliyi xeyli böyük olur. Karst göllərinin suyu cod və şəffafdır.  
   Öz mənşəyinə görə suffozion-çökmə gölləri karst göllərinə oxşayır. Onlar Qərbi 
Sibirin çöl və meşə-çöllərində çoxdur. Onlar yastı dibli, içi su ilə dolu çöl 
“nəlbəki”ləridir. Dərinliyi 2-3 m-dən artıq olmur.  
   Sibirin şimalında daimi donuşluq və qazıntı buzları geniş yayılmış yerlərdə 
termokarst gölləri əmələ gəlir. Onlar uçqun mənşəlidir. Lakin bu uçqunlar süxurların 
suda həll olması nəticəsində əmələ gəlməyib, daimi donuşluq və qazıntı buzlarının 
əriməsindən yaranır. Çay dərələrində-subasarlarda və qismən də alçaq terraslarda 
subasar gölləri səpələnmişdir. Onlar çayın köhnə yatağında, qamış, cil basmış ensiz və 
uzun axmazlardan ibarətdir.  
   Qara dəniz, Azov dənizi və başqa dənizlərin ovalıq sahələrində liman gölləri 
yayılmışdır. Onlar çay və dənizin qarşılıqlı təsirinin məhsuludur. Əvvəl dəniz çayın 
mənsəbini basır, çay isə qum dili yaradıb limanı dənizdən ayırır. Susuz və dayaz olan 
liman göllərinin sahil xətlərində su basmış çay dərələrinin əyriliyi əks olunur.  
behruzmelikov.com
behruzmelikov.com


   Dağlarda uçqun nəticəsində əmələ gələn uçqun və ya bənd gölləri ayrıca qrup təşkil 
edir. Uçqun bəzən dağ çayının ensiz dərəsini doldurub hündür, möhkəm bənd yaradır 
və bu bənddən yuxarıda, çayın dərəsində göl əmələ gəlir. 
   Pamirdəki Sarez gölü uçqun gölünə ən yaxşı misaldır. 1911-ci ildə nəhəng uçqun 
Bartanqın qolu Murqab çayının dərəsini bənd kimi tutdu. Bənddən yuxarıda 
dərinliyinə və sahil xəttinə görə tektonik mənşəli gölü xatırladan böyük bir su hovuzu 
əmələ gəldi. Sarez gölünün uzunluğu 61 km, maksimal dərinliyi 505 m-dir.  
   Bir qayda olaraq MDB-nin şimalındakı bütün iri göllər axarlıdır. Bundan başqa, 
Kareliya və Kola yarımadası kimi rayonlarda xüsusi göl çayları tipli çaylar vardır. 
Bunlar göllərdən başlanır, göllərin içərisindən axıb keçir və bəzən göllərdə də öz 
yolunu qurtarır. Bu hal şimalın rütubətli iqlimi və onun göl-çay şəbəkəsinin geoloji 
cəhətdən cavan olması ilə izah olunur.  
   Cənub rayonlarının axarsız gölləri buxarlanmanın və şorlanma mənbəyinin çoxluğu 
üzündən tez şorlaşır. Duzunun miqdarına görə onlar duzlu və şoran göllərə ayrılırlar.  
   Duzlu göllərin yayıldığı sahələr MDB-nin çöl, yarımsəhra və səhra rayonlarını əhatə 
edir. Onlarda suyun şorluğu 35 ‰-dən çoxdur. Bir sıra göllərdə isə su doymuş məhlul 
halına keçir və gölün dibinə duz çökür. Bu cəhətdən Xəzərsahili ovalıqdakı 
Baskunçak gölü dünyada məşhurdur. O yayda ağappaq xörək duzu layı ilə örtülür.  
   Duzunun kimyəvi tərkibindən asılı olaraq MDB-nin şor gölləri: karbonatlı (sodalı), 
sulfatlı (acı-duzlu) və xlorlu (duzlu) göllərə bölünür. Karbonatlı göllərə başlıca olaraq 
MDB-nin Asiya hissəsində, duzlu göllərin şimal sərhədi boyunda təsadüf olunur. Bu 
göllər içərisində Kulunda çölündəki özü-özünə soda çökdürən göllər məşhurdur.  
   MDB göllərində suyun temperaturu tərəddüdlüdür. Yayda kiçik göllərdə su qızır, 
dərin göllərdə isə temperatur dərinə getdikcə dib qatında 4°S-ə çatır. Qışda göllər 
buzla örtülür, dərinlik artdıqca temperatur da artır.  
Qrunt suları.
 Yeraltı suların üst qatı olan qrunt suları landşaftın mühim 
kompanentidir. P.V.Ototski, V.S.İlin, O.K.Lange, Q.N.Kamenski, B.L.Liçkov öz 
əsərlərində göstərmişlər ki, qrunt suları özünün yerləşməsində enlik zonallığı 
qanununa tabedir. Yəni şimaldan cənuba getdikcə qrunt sularının yerləşmə dərinliyi 
artır, üzvi birləşmələr yox olur, minerallaşma artır, həm də duzluluğun xarakteri 
dəyişir. Belə ki, şimalın ultraşirin suları əvvəlcə hidrokarbonatlı və sulfatlı, cənubda 
isə xlorlu sularla əvəz olunur.  
behruzmelikov.com
behruzmelikov.com


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə