Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə33/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   29   30   31   32   33   34   35   36   ...   265

Mehman Süleymanov 

 

78



qoşunla Qarabağa gəlmək niyyətində idi. Polkovnik Karyaginin sözlərinə 

görə, Fətəli  şah Gəncə üzərinə irəliləməyi planlaşdırırdı.  Şahın özünün 

qoşun dəstəsi ilə Qarabağa gəlməsi ehtimalı polkovnik Karyaginin onsuz 

da ağır vəziyyətdə olan dəstəsinin vəziyyətini çıxılmaz edə bilərdi. Ərzaq 

ehtiyatı qurtardığı üçün dəstə üzvləri ot və  dəstədə olan atların  ətini 

yeməklə dolanırdılar. Polkovnik Karyaginin yazdığına görə, qərar 

tutduğu qala Abbas Mirzə  tərəfindən mühasirə olunmuşdu və Abbas 

Mirzənin fikrincə, rusların ona təslim olmaqdan başqa yolu yox idi. 

Polkovnik Karyagin bildirirdi ki, Sisianovun gözlənilən cavabının gəti-

rilməsi üçün Abbas Mirzə qala üzərinə hücumlar ara vermişdi. Yoxsa, 

polkovnik Karyaginin artıq ona müqavimət göstərmək gücü yox idi. 

İbrahim xandan və mayor Lisaneviçdən də ona kömək gəlmədiyini 

polkovnik Karyagin təəssüflə Sisianovun diqqətinə çatdırırdı (75). 

 General Sisianovun yenə də təsəlli verməkdən başqa heç nəyə gücü 

çatmadı. Bir gün sonra erməni bələdçi ilə Sisianov polkovnik Karyaginə 

göndərdiyi məktubda yeni hərbi qüvvələrin hələ yetişmədiyini və həmin 

qüvvələrin bir neçə gündən sonra yetişəcəyini bəyan edirdi. Sisianov vəd 

edirdi ki, bu qüvvələr yetişənə kimi dərhal Qarabağa yola düşəcəkdir. 

Sisianov eyni zamanda polkovnik Karyaginin adından Abbas Mirzəyə 

məktub yazdırdı və onu da polkovnik Karyaginə yolladı. O da öz növbə-

sində bu məktubu Abbas Mirzəyə göndərməli idi. Həmin məktubun məz-

munu ondan ibarət idi ki, Rusiya dövlətinin sərhədi Kür və Araz 

çaylarından keçir. Sərhəd xəttinə  qədər olan ərazilər Rusiya əraziləridir 

və rus hərbçiləri də bu ərazilər uğrunda qanlarını tökməyi özlərinə 

xoşbəxtlik bilirlər (76). 

Bu məktubun Abbas Mirzəyə çatıb-çatmadığını söyləmək çətindir. 

Amma Abbas Mirzə polkovnik Karyagindən təkidlə təslim olmağı tələb 

edirdi. Polkovnik Karyagin isə son cavabı verməyi uzadırdı. Nəhayət, 

general Sisianovdan kömək gəlməsinə ümid olmadığını biləndə  xəlvəti 

şəkildə mühasirədən çıxmağa cəhd göstərməyi qərara aldı. O əvvəlcə 

Abbas Mirzəyə  məktub göndərdi və  təslim olmağa hazırlaşması ilə ona 

ümidverici mövqe çatdırdı. Sonra polkovnik Karyagin dəstəsi ilə gizli 

olaraq qaladan çıxıb Cermuq dərəsinə doğru irəlilədi. Aldığı cavabdan 

arxayın olan Abbas Mirzə  və onun sərkərdələri rus dəstəsinin 

yoxluğundan vaxtında xəbər tuta bilmədi. Rus dəstəsi Cermuq 

dərəsindəki qalaya doğru iki gün yol getmiş olduqlarından şah qüvvələri 

onları yaxalaya bilmədilər. Bir müddət burada qalıb qüvvələrini bərpa 

edən rus dəstəsi sonra Murov dağının xəlvət yolları ilə  Gəncəyə  tərəf 

hərəkəti davam etdirdi (77). 



Gülüstan müqaviləsi 

 

79



Polkovnik Karyaginin dəstəsi böyük itkilər verərək geri dönsə də, şah 

qoşunları Qarabağda qalmaqda idi. Bu isə  nəinki mayor Lisaneviçin 

dəstəsinin, habelə bütünlükdə Qarabağın itirilməsinə  təhlükə yaradırdı. 

Ona görə Sisianov qərar qəbul etdi ki, öhdəsində olan qüvvələri səfərbər 

edib Qarabağa doğru hərəkət etsin. Onun İbrahim xana yazdığı 

məktubuna  əsasən müəyyən etmək olar ki, 1805-ci il iyul ayının 12-də 

Sisianov ixtiyarında olan dəstə ilə  Gəncədən Qarabağa doğru hərəkətə 

başladı. Həmin məktubunda Sisianov nəvəsini girov kimi hələ də Tiflisə 

göndərmədiyi üçün İbrahim xanı  hədələməklə ondan rus dəstəsinə yem 

və azuqə toplanmasını da tələb etdi (78). 

General Sisianovun dəstəsinə Tiflis muşketyor alayının qrenadyor 

taboru, Sevastopol alayının iki taboru, 9-cu yeger alayının 10 bölüyü, 10 

ədəd top və 109 nəfər kazak daxil idi.  

Dəstənin ümumi şəxsi heyəti 2371 nəfər idi. Rus mənbələrinə görə, 

bu dəstə 4 gün yol getdikdən sonra Tərtər çayının sahilinə çatdı (79). 

Sisianov ixtiyarında olan dəstə ilə Qarabağa doğru yola düşəndə 

polkovnik Karyagin hələ Gəncəyə çatmamışdı. Lakin təhlükəli şəraitdən 

çıxmağa imkan tapmışdı. Sisianov onun dəstəsinin vəziyyətini 

yüngülləşdirməklə  bərabər, həm də Qacar qoşunlarını Qarabağ xanlığı 

ərazisindən uzaqlaşdırmağa çalışmalı idi. Sisianovun yazdıqlarına görə, 

o, Gəncədən Qarabağa doğru hərəkətə başlayanda Fətəli  şah rəhbərlik 

etdiyi qoşun dəstəsi ilə Araz çayını keçərək Qarabağ  ərazisinə daxil 

olmuşdu (80). Farsdilli mənbələrdə isə bu məlumat birmənalı  şəkildə 

təsdiqlənmir. Mirzə Məhəmməd Sadıq Vəqayeneqar yazırdı ki, Fətəli şah 

Sisianovun Qarabağa hərəkət xəbərini alan kimi qoşunları  hərəkətə 

gətirdi, Araz çayını keçərək Aslandüzdə düşərgə saldı (81). Aslandüzün 

Arazın cənubunda olduğunu nəzərə alsaq, müəllifin bu cümlələrindən 

aydın olmur ki, Fətəli şah qoşunları ilə Qarabağ ərazisinə daxil oldu ya 

yox. 

Havaların çox isti olması ilə bağlı general Sisianovun dəstəsi çox 



ləng hərəkət edirdi. İyulun 14-də Sisianovun dəstəsi Tərtər çayına yetişdi 

və elə  həmin gün də Qacar qüvvələrinin hücumuna məruz qaldı. Bu 

hadisə farsdilli mənbələrdə də təsdiqlənir. Bildirilir ki, Sisianovun dəstəsi 

ilə Tərtər çayı yaxınlığına yetişməsi xəbəri alınan kimi Abbas Mirzənin 

tapşırığına  əsasən,  İsmayıl bəyin rəhbərliyi altında ruslara qarşı qoşun 

dəstəsi göndərildi.  İsmayıl bəyin dəstəsi hərəkət zamanı rus atlıları  və 

piyadaları ilə qarşılaşdı. Mənbənin məlumatına görə, İsmayıl bəyin dəs-

təsi rusların bir hissəsini qırdı, bir hissəsini də əsir götürdü və sonra da 

Abbas Mirzənin dəstəsinə geri döndü. Bildirilir ki, bu döyüşdən sonra 

Sisianov daha irəli hərəkət edə bilmədi.  




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə