MəMMƏd adilov azərbaycan paleoqrafiyasi baki – 2009 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə16/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32215
1   ...   12   13   14   15   16   17   18   19   ...   49

məsələsidir.  Ərəb qrafikalı Şərq paleoqrafiyası təxminən on dörd əsrlik geniş bir dövrü əhatə
edir. O, ərəb əlifbasının işlədildiyi Yaxın və Orta Şərq ölkələrində yaranan orta əsr yazılı abi-
dələrinin xüsusiyyətlərini öyrənir.  Şərq xalqlarının mədəniyyət tarixində xüsusi əhəmiyyətə
malik ərəb yazısının rolu çox böyük, əhatə dairəsi xeyli genişdir. Ona görə də müsəlman xalq-
larının yazılı abidələrini paleoqrafik baxımdan tədqiq etmək mürəkkəb və məsuliyyətli bir işdir. 
Şərq yazılı abidələrinin bəzi paleoqrafik xüsusiyyətlərinin öyrənilməsi tarixi XVIII əsrə aid
edilir.  Bu sahədə məlum olan ilk əsər (“Jataloque codicum manuscriptorum bibliothecal
regiae”) 1739-cu ildə Parisdə çapdan çıxmışdır. Bu kataloqda ovaxtlar Paris Kral Kitabxanasın-
da saxlanılan 4200-ə qədər müxtəlif əlyazma (o cümlədən 396-sı türkcəcə,  1626-sı ərəbcə, 
388-i farsca…) nüsxələri haqqında məlumat verilmişdir.
Sonrakı dövrlərdə S.Assemanus,  Y.Uri,  U.İ.Setven,  C.L.Russo,  P.Petrov,  V.V.Bartold, 
Y.E.Bertels,  L.V.Dmitriyeva, A.M.Muqinov, S.N.Muratov, K.Q.Zaleman, F.A.Rozenberq, 
A.A.Semyonov və başqa tədqiqatçıların Müsəlman Şərqi xalqlarının ədəbi abidələrinin tədqiqi-
nə dair yazdıqları kataloq və əsərlər meydana çıxmışdır. Burada xüsusi olaraq V.D.Smirnovun, 
Q.Flyüqelin,  H.Etenin,  V.Pertşin, E.Rossinin,  V.F.Minorskinin,  E.Bloşenin, S.Brokkelmanın, 
B.Dornun,  Ş.Ryönün adlarını,  həmçinin İstanbul kitabxanaları kataloqlarını,  Özbəkistan,  Taci-
kistan və Azərbaycan MEA institutlarının Şərq əlyazmaları kataloqlarını da xüsusi qeyd etmək
zəruridir [bax: 45, s.37-39].
“Ümumi paleoqrafiya yoxdur.  Hərf işarələri sistemindən (əlifbalardan)  və öyrənilən
əlyazmanın hansı dildə yazıldığından asılı olaraq,  paleoqrafiya yunan,  latın,  ərəb,  Ç in,  hind, 
erməni,  gürcü və s.  paleoqrafiyalarına təsnif edilir.  Qədim slavyan əlyazmalarını qlaqolitsa… 
kiril… və ya latın paleoqrafiyası öyrənir. Dilindən asılı olaraq slavyan paleoqrafiyası rus, Jənubi
slavyan… və Qərbi slavyan paleoqrafiyalarına bölünür” [118, s.7]. 
Göründüyü kimi,  təsnifatda abidənin dilinin də nəzərə alınması hər bir milli-regional pa-
leoqrafiyanın fərqləndirilməsinə də yol açır.  Yazı sisteminə görə adlandırılan “ərəb
paleoqrafiyası”  (Türkiyə alimi J.Baltaçı onu “islam paleoqrafiyası”  adlandırır [bax:  194])  özlü-
yündə ümumi termindir və abidənin dilinə görə türk,  fars və ərəb paleoqrafiyalarına bölünə
bilər.
Türk tədqiqatçısı M.Uğur Dərman da qrafika,  hərf və əlifba məsələsi arasında fərq
qoymayanları təmsil edir və ərəb qrafikalı türk yazısı və b.k.  anlayışları “islam hərfləri” 
adlandırmağı təklif edir: “İslam dini Ərəbistan dışına sürətlə yayılırkən kavım yazısı olmaqdan
da çıxıb ümmət yazısı halına gəldi. Bu səbəblə ərəb hərfləri yerinə, islam hərfləri denilməsinin
daha şümullu bir tərif olacağı qənayətindəyiz” [196].
Əlbəttə,  “islam hərfləri”  anlayışı daha geniş olub,  ərəb hərflərindən istifadə etmiş bütün
müsəlman xalqlarının yazısını əhatə edir və buna görə də həmin ifadə ümumiləşdirici termin
kimi qəbul edilə bilər. Ancaq bu halda regional paleoqrafik tədqiqatların gedişində milli xüsusiy-
yətləri ifadə etmək mümkün olmur, yalnız ümumislam paleoqrafiyası haqqında danışmaq lazım
gəlir.  Zənnimizcə,  burada “islam hərfləri”  ümumi terminini təsnif etmək daha doğru olardı. 
Nəzərə almaq lazımdır ki, ərəblər ərəb hərflərindən istifadə etdikləri halda, farsların və türklərin
istifadə etdikləri əlifba heç də həmin “ərəb əlifbası” deyildi: farsların istifadə etdikləri əlifba ərəb
qrafikalı fars əlifbası, türklərin istifadə etdikləri əlifba isə ərəb qrafikalı türk əlifbasıdır. Müqayisə
üçün diqqət yetirmək olar ki, bu gün ingilislər, almanlar və fransızlar latın əlifbasından deyil, la-
tın qrafikalı ingilis əlifbasından,  alman əlifbasından və fransız əlifbasından istifadə edirlər. 
Eləcə də bu gün türk xalqlarının əksəriyyəti latın əlifbasından deyil, latın qrafikalı milli əlifbadan
istifadə edirlər.  Deməli,  paleoqrafik tədqiqatlarda da “ərəb qrafikalı türk əlifbası”  deyilməsi
“daha şümullu bir tərif ” olar.         


Slavyan-rus paleoqrafiyasının tədqiqatçısı L.P.Cukovskaya göstərir ki,  paleoqrafiyanın
təsnifatında əlifba və yazı ilə yanaşı, abidənin yazıldığı dil də əsas götürülməlidir və buna görə
də paleoqrafiya yunan, latın, ərəb, Ç in, slavyan və s. paleoqrafiyalarına təsnif olunmaqla kifa-
yətlənə bilməz.  Dilinə görə,  məsələn,  slavyan paleoqrafiyası həmçinin slavyan-rus,  slavyan-
serb, slavyan-bolqar və qərbi-slavyan paleoqrafiyalarına da bölünməlidir [118].         
Ərəb yazısı ayrı-ayrı ölkələrdə özünün xüsusiyyətlərinə malik olduğuna görə, onun tarixi bir
ölkədə yazının tarixindən daha mürəkkəbdir [146, s.8]. Bu gün hətta heç dilini nəzərə almasaq
belə,  ərəblərin özlərinin ana dilində yaratdıqları əlyazma kitabları millidən başqa,  həm də re-
gional xüsusiyyətləri ilə seçilir.  “Ümumi əlamətlərinə baxmayaraq,  ərəb dünyasının hər bir
əyalətinin incəsənəti yerli bədii ənənələrlə sıx bağlı idi və öz inkişaf yolunu keçmişdi,  parlaq
xüsusiyyətlərinə malik idi. Suriyanın orta əsr incəsənət abidələri öz təkrarolunmaz xüsusi əla-
mətlərinə görə İraq, Misir, Şimali Afrika və Mavritan İspaniyasının abidələrindən fərqlənir” [98, 
s.17] və s. Bu vəziyyət hətta ümumi (dilinə görə) ərəb paleoqrafiyasının özünü də təsnif etmə-
yə, Misirdə yazılmış əlyazmaları Yəməndə və ya İraqda yazılmış əlyazmalardan, Suriyada  və
ya Liviyada yazılmış kitabları Əndəlusda hazırlanmış abidələrdən
fərqləndirməyə imkan verir. 
Türk xalqları islamı qəbul etdikdən sonra yüzillər ərzində ərəb, fars və türk dillərində, fars
müəllifləri ərəb və fars dillərində,  ərəblər özləri isə mütləq əksəriyyət etibarilə yalnız doğma
ərəb dilində yazıb-yaratmışlar.  Tarixən türklərin yazılı irsi dil baxımından daha rəngarəngdir, 
buna görə də türk xalqlarının milli paleoqrafiya elminin ayrıca tədqiqində çoxpilləli problem
ortaya çıxır. Milli baxımdan türk paleoqrafiyası dil planında ərəb, fars və türk paleoqrafiyası an-
layışlarını əhatə edir.  Bu paleoqrafiya həmçinin ümumislam paleoqrafiyasının tərkib hissəsini
təşkil edir. 
Türk xalqlarının özlərinin ümumislam mədəniyyət dünyasına daxil olan paleoqrafiyasında
isə milli Azərbaycan paleoqrafiyası ayrıca bir qat kimi öyrənilə bilər. Bu həm də orta əsr ümum-
müsəlman yazı mədəniyyətinin inkişafında (dilindən asılı olmayaraq)  Azərbaycan milli yazı-
sının rolunu müəyyənləşdirməyə imkan verir. 
Beləliklə: 
- yazı sisteminə (qrafikasına)  görə ümumi olan islam paleoqrafiyasının milli mən-
subiyyətinə görə islam-türk, islam-ərəb, islam-fars paleoqrafiyaları kimi diferensiasiya edilməsi
məqsədəuyğundur; burada islam-türk paleoqrafiyası türk xalqlarının ərəb, fars və türk dillərində
orta əsr yazılarını öyrənir;  
- milli mənsubiyyətinə görə ümumi olan islam-türk paleoqrafiyasının regional xü-
susiyyətlərinə görə türk-Azərbaycan,  türk-tatar,  türk-özbək və s.  bu kimi diferensiasiyası
məqsədəuyğundur; burada türk-Azərbaycan paleoqrafiyası Azərbaycan xalqının ərəb, fars və
türk dillərində orta əsr yazılarını öyrənir.    
Belə bölgü istənilən yazılı abidənin və onun müəllifinin    milli    mənsubiyyətini müəy-
yənləşdirmək (Azərbaycan əlyazma kitabını fərqləndirmək) baxımından əsas əhəmiyyət kəsb
edir.  Türk-Azərbaycan paleoqrafiyası məsələlərinin bu cür diferensial tədqiqi təkcə bü və ya
digər əlyazmanın yazılma tarixinin və yerinin aşkarlanmasına xidmət etmir,  həm də əlyazma
kitabının milli-regional mənsubiyyətinin müəyyənləşdirilməsi üçün zəruri olan spesifik məhəlli
yazı xüsusiyyətləri haqqında ümumiləşdirilmiş nəticələr əldə olunmasına kömək edir. 
Türk-Azərbaycan milli-regional paleoqrafiyasını isə öyrənilən milli-regional abidələrin dilinə
görə yenidən Azərbaycan-türk, Azərbaycan-ərəb və Azərbaycan-fars paleoqrafiyalarına təsnif
etmək olar. Artıq burada türk-Azərbaycan ümumi paleoqrafiyası özünün tərkib hissələrinə - üç
müxtəlif paleoqrafiyaya bölünmüş olur.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə