Mənsur şEİRLƏR (Tərc. Mikayıl Rzaquluzadə) Bağban bağban



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə8/10
tarix19.07.2018
ölçüsü1 Mb.
#57340
1   2   3   4   5   6   7   8   9   10

İndi ki sular həddən artıq coşqun və dalğalıdır, öz qayığımı başqa sahilə sürərəm. 

 

* * * 

 

Məni öz munis buxovlarından azad elə, ey sevgilim! – Yetər bu busə şərabı. 



Ağır duman qəlbimi sıxır. 

Səhər günəşinə qapıları aç. 

Mən nəvazişlərinin dalğalarında yolumu azıb sənin ağuşunda qərq olmuşam. 

Məni öz sehrlərindən azad elə, mərdliyimi mənə qaytar ki, öz azad qəlbimi sənə bəxş edə bilim. 



 

* * * 

 

Mən qızın əllərindən tutub onu bağrıma basıram. 



Onun gözəllikləri ilə ağuşumu doldurmağa çalışıram, busələrindən xoş təbəssümünü oğurlamaq, 

baxışlarımla onun qara gözlərinin baxışlarını içmək istəyirəm. 

Ah, bu mümkündürmü? Göyün maviliyini kim ala bilər! 

Mən onun gözəlliyini tutmaq istəyirəm. O, məndən qaçır, əlimdə yalnız bədəni qalır. 

Mən yorğun və aldanmış halda geri çəkilirəm. 

Yalnız ruha müyəssər olan çiçəyə bədən təmas edə bilərmi! 



 

* * * 

 

Ey sevgilim, qəlbim gecə-gündüz səninlə görüşmək həsrətindədir; elə bir görüş ki, hər şeyi udan 



ölümə bərabərdir. 

Məni  fırtına  kimi  darmadağın  elə;  nəyim  varsa  al;  röyalarımı  dağıt.  Arzularımı  oğurla.  Məni 

kainatımdan məhrum elə. 

Bu tar-mar zamanı, qəlbin son ümidi ilə qoy biz yalnız gözəlliyə çevrilək. 

Heyhat, mənim arzularım əbəsdir! 

Bu birləşmək ümidi səndən başqa harada mümkündür, ilahi! 



 

* * * 

 

Bəli, son nəğməni qurtar və ayrılaq. 




Artıq gecə yoxa çıxdıqda, mən gecəni unuduram. 

Kimi qucaqlamağa çalışacağam? Röyaları əsla əsir etmək olmaz. 

Mənim acgöz qollarım boşluğu bağrıma basır və bu boşluq ürəyimi bərk ağrıdır. 

 

* * * 

 

Çıraq niyə söndü? 



Mən onu küləkdən qorumaq üçün plaşımla üstünü örtdüm, – bax, buna görə də çıraq söndü. 

Çiçək niyə soldu? 

Mən onu acgözlüklə bağrıma basdım, – bax buna görə də çiçək soldu. 

İrmaq niyə qurudu? 

Mən onun qabağını kəsib gölməçə düzəltdim ki, işimə yarasın, – bax buna görə də irmaq qurudu. 

Rübabın simi niyə qırıldı? 

Mən ondan qüvvəsindən kənar səslər çıxarmaq istədim, – bax buna görə də sim qırıldı. 

 

* * * 

 

Nə üçün baxışınla məni utandırırsan? 



Mən qapına bir dilənçi kimi gəlməmişəm. 

Yalnız bağçanın barısından kənarda, həyətinin yanında durmuşam. 

Nə üçün baxışınla məni utandırırsan? 

Mən sənin bağından nə bir gül, nə bir meyvə dərməmişəm. 

Mən hər yoldan ötənin dura biləcəyi yol ağzındakı kölgədə fağır-fağır durmuşam. 

Amma gül dərməmişəm. 

Bəli, ayaqlarım yorulmuş və yağmur sel kimi yağır. 

Əyilən bambukların arasında külək vıyıldayır. 

Buludlar pozulmuş qoşun kimi göy üzündə qaçışır. 

Ayaqlarım yorulmuşdur. 

Bilmirəm sən mənim barəmdə nə düşünürdün və qapı ağzında kimi gözləyirdin. 

Şimşəklərin parıltısı sənin zənn ilə baxan gözlərini qamaşdırdı. 

Sənin qaranlıqda məni tanıya biləcəyini ağlıma gətirərdimmi? 

Bilmirəm mənim barəmdə sən də düşünürdün? 

Gün gəlib keçdi və yağış ara verdi. 



Mən sənin bağının ağacları altından çıxıb gedirəm, otların içindəki məskənimi tərk edirəm. 

Hava qaralır; qapılarını bağla. 

Mən öz yolumla gedərəm. Gün gəlib keçdi. 

Bazarın qurtardığı belə gec bir vaxtda, əlində səbət, hara tələsirsən? 

Hamı öz yükünü götürüb evlərinə dağılmışdır; ay ağacların arasından kəndi seyr edir. 

Bədəni çağıran

 səslərin əks-sədası qaranlıq sulara, vəhşi ördəklərin yatdığı uzaq göllərə yayılır. 

Bazarın boşaldığı belə gec bir vaxtda, əlində səbət, hara tələsirsən? 

Yuxu barmaqlarını dünyanın gözlərinə çəkmişdir. 

Qarğa yuvaları susmuş, bambukun pıçıltıları kəsilmişdir. 

Fəhlələr zəmilərdən qayıdır, öz həsirlərini həyətlərə sərirlər. 

Bazarın boşaldığı belə gec bir vaxtda, əlində səbət, hara tələsirsən? 



 

* * * 

 

Sən gedəndə günorta idi. 



Günəş səmada üzürdü. 

Sən gedəndə mən işimi qurtarıb, eyvanda tək-tənha oturmuşdum. 

Əsən külək uzaq çəmənlərin ətrini gətirirdi. 

Kölgəlikdə  göyərçinlər  durmadan  quruldaşır,  arılar  vızıldaya-vızıldaya  otağımda  uçuşub,  mənə 

uzaq çöllərdən xəbər gətirirdilər. 

Günortanın bürküsündə kənd yuxuya getmişdi. Yol bomboş idi. 

Hərdən yarpaqlar xışıldayır, yenə sakitlik çökürdü. 

Göy üzünə baxıb, onun lacivərd qoynunda, – kəndin günorta bürküsündə yuxuya getdiyi zaman 

eşitdiyim adın hərflərini görürdüm. 

Mən saçlarımı hörməyi unutmuşdum. Tənbəl-tənbəl əsən meh yanağımda saçlarımla oynayırdı. 

Kölgəli sahillərdə çay sakit-sakit axırdı. 

Tənbəl ağ buludlar hərəkətsizdi. 

Mən saçlarımı hörməyi unutmuşdum. 

Sən gedəndə günorta idi. 

Yolun tozları isti idi, çöllərdən bürkünün nəfəsi duyulurdu. 

Sıx yarpaqların arasında göyərçinlər quruldaşırdı. Sən gedəndə mən eyvanda tək-tənha idim. 



 

* * * 


Mən hər gün adi ev işləri ilə məşğul olanlardan biri idim. 

Axı sən niyə məni seçdin, axı niyə məni bizim adi həyatımızın sakit damı altından alıb apardın? 

İzhar  olunmamış  məhəbbət  müqəddəsdir,  o,  qəlbin  gizlin  qaranlıqlarında  qiymətli  daş  kimi 

parıldayır. Acgöz gün işığında o, solğun və sönük görünür. 

Ah, sən bu pərdənin altından da mənim qəlbimə girdin, mənim çırpınan məhəbbətimi gün işığına 

çıxarıb, onun özünə gizlin yuva tikdiyi o qaranlıq guşəni əbədilik darmadağın etdin. 

O biri qadınlar olduqları kimi qaldılar. 

Onlardan  heç  biri  öz  varlıqlarının  dərinliklərinə  nəzər  yetirməyiblər  və  öz  sirlərini  özləri  də 

bilmirlər. 

Onlar qayğısızca gülüşür, ağlaşır, laqqırtı vurur və işləyirlər. Hər gün ibadətgaha gedib çıraqları 

yandırır və çaydan su daşıyırlar. 

Mən  ümid  edirdim  ki,  məhəbbətim  məskənsiz  qalıb  utanmayacaq;  amma  sən  məndən  üz 

çevirdin. 

Bəli, sənin yolun açıqdır; amma mənim geri qayıtmaq yolumu kəsdin, gecə-gündüz yumulmayan 

gözlərini mənə zilləmiş dünyanın qarşısında məni çılpaq qoydun... 

 

* * * 

 

Ey  dünya,  mən  sənin  çiçəyini  dərdim!  Mən  onu  bağrıma  basdım,  tikanları  qəlbimə  batdı.  Gün 



qurtarıb hava qaraldıqda, gördüm ki, çiçək solmuş, – yalnız yarpaqlar qalmışdır. 

Ey dünya, sənin qoynunda hələ çox-çox ətirli, gözəl çiçəklər açılacaqdır! 

Amma mənim daha onları dərmək vaxtım keçmişdir, geçənin qaranlığında daha güllərim yoxdur, 

– yalnız yaraları qalmışdır. 



 

* * * 

 

Bir səhər bağça-bağda kor bir qız mənə lotos yarpaqlarına bürünmüş bir çiçək həmaili verdi. 



Həmaili boynuma saldım və gözlərim yaşla doldu. 

Qızı öpüb dedim: 

« – Sən də çiçəklər kimi korsan. 

Verdiyin hədiyyənin nə qədər gözəl olduğunu özün də bilmirsən». 



 

* * * 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə