Filologiya məsələləri, 2017
273
QƏDİM RUFULLAYEV
filologiya üzrə fəlsəfə doktoru
Lənkəran Dövlət Universiteti
AZƏRBAYCAN EPİK POEZİYASINDA DASTAN JANRININ
TƏZAHÜR FORMALARI
Açar söz: Xalq yaradıcılığı, dastan, yazılı ədəbiyyat, şair.
Key words: folk literature, saga, written literature, poet.
Ключевыя слова: народная литература, сага, письменная
литература, поэт.
Yazılı ədəbiyyatın inkişafında şifahi xalq ədəbiyyatının rolunu qeyd
etməmək mümkün deyildir. Çünki “folklor xalqın əsrlərdən bəri yaratdığı və
qoruyub yaşatdığı mənəvi sərvətlərin ən qiymətlilərindəndir. Burada hər
şeydən öncə, xalqın istək və arzusu, gələcəyə ümidi, tarixə münasibəti,
dünya, zaman, mühit haqqında dünyagörüşü yüksək şəkildə öz ifadəsini
tapır. Məhz buna görə də folklor zaman ötdükcə köhnəlmir, əksinə keçmiş
haqqında ən etibarlı, ən mötəbər idrak mənbələrindən biri olaraq qalır.”(8; 3)
Ədəbiyyatımızın zənginləşməsində, onun dünyəvi və xəlqi mahiyyət
daşımasında söz sahibi olan şair və yazıçılarımız ona gorə də xalqın bu söz
xəzinəsinə daim müraciət etmiş, əsərlərinin əbədiyaşar olmalarına zəmin
yaratmışlar. Bu mənada istənilən xalq yaradıcılığı nümunəsi, ən kiçik janr
belə sonradan yaranacaq söz sənəti üçün çox mühüm mənbəyə çevrilmişdir.
Mənəvi mədəniyyətimizin tərkib hissəsi olan ədəbiyyatımıza zaman-zaman
töhvə verən sənətkarlar da yaxşı bilirdilərdi ki, “milli düşüncə, milli kimlik,
milli mənəvi sərvət ədəbiyyatın başlanğıcı olan folklordadır. Folklor və onun
motivləri yazılı ədəbiyyata mövzu və forma verir. Folklorun yarandığı
qaynaqların yazılı ədəbiyyata-bədii əsərə təsiri günəşin torpağa təsirinə
bərabərdir. Günəş almayan torpaqda hərarət çatışmaz. Başqa sözlə, nüvəsinə
folklor ruzigarı əsməyən əsər, distillə olunmuş suya bənzər. Bütün
təmizliyinə və saflığına baxmayaraq içmək olmur”.(4; 6) Azərbaycan
ədəbiyyatında öz dəst-xətti ilə seçilən sənətkarlar, o cümlədən Nizami
Gəncəvi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətayi, Səməd Vurğun və neçə-
neçə yazarlarımız xalqımızın bu söz xəzinəsindən məharətlə və yaradıcı
səkildə faydalanmışlar. Onlar söz sənətimizdən təkcə faydalanmamışlar, xalq
ədəbiyyatına müraciət etməklə həm də folklor nümunələrinin bir daha
yaşamasına, yenidən xalqa qaytarılmasına səbəb olmuşlar. Tağı
Xalisbəylinin N.Gəncəvi haqqındakı fikirləri bu məqamda maraq doğurur:
“Əfsanə, rəvayətlər, nağıl və dastanlar, qissə və hekayələr- xalq arasında
yaranıb yaşayan söz inciləri həmişə Nizami Gəncəvi üçün istifadə mənbəyi
Filologiya məsələləri, 2017
274
olmuşdur. Şair xalqın yaratdığı nə varsa, onu əldə edib, məqsəd və amalına
uyğun şəklə salaraq yenidən xalqa qaytarmışdır”.(5; 8)
Söz
sənətkarlarımızın əsərlərində xalq ədəbiyyatının bütün elementlərinə-
janrlarına rast gəlinir. Bunların içərisində dastan janrının izləri xüsusilə
seçilməkdədir. Buradan bəlli olur ki, şifahi xalq ədəbiyyatının ən mühüm
janrlarından olan dastanlar, nəinki el şənliklərində aşıqların, hətta yazılı
ədəbiyyatımızda şairlərin daha çox müraciət etdiyi ədəbi nümunələrdəndir.
Çünki dastanlar və bütövlükdə “folklor-xalqın bədii təfəkkürünün məhsulu
olan yaradıcılıq nümunələri ədəbiyyatın dərin, daxili qatlarına nüfuz edir,
əsərin quruluşu və ideya konsepsiyasına təbii surətdə daxil olur”.(4; 10) Həm
də dastan janrı yüksək sənətkarlıq baxımından da cəlbedici xarakterə
malikdir. Onu yaradan, ərsəyə gətirən sənətkarlar özləri də yaradıcı qüvvələr
üçün daim məktəb rolunu oynamışdır. “Qədim epos və dastan yaradıcılığı
daha çox düzüb-qoşan el sənətkarlarının fəaliyyəti ilə bağlıdır. Sehrbazlıq,
rəqqaslıq, musiqişünaslıq, həkimlik və bu kimi bir sıra qabiliyyətlərə malik
həmin insanların xalq arasında böyük hörməti olmuşdur. Bu sənətkarlar- ən
böyük türk şairləri ayrı-ayrı tarixi kəsimlərdə altaylar içərisində “qam”,
tunquzlarda “şaman”, oğuzlarda “ozan” adlanmışlar”(9; 18). Bu
sənətkarların yaratdıqları əsərlər-dastanlar və onların mahiyyəti haqqında
elmi ədəbiyyatlarda kifayət qədər məlumat verilmişdir. “Dastanlar nəzm və
nəsr hissələrindən ibarət olur. Nəsr hissəsi aşıqlar tərəfindən nağıl edilir,
nəzm hissəsi isə müxtəlif aşıq havaları üstündə oxunur”.(2; 222)Azad
Nəbiyev qeyd edir ki, dastan həm nağıl, həm povest, həm də şifahi roman
deməkdir.(7; 339) M.H.Təhmasibə görə, “bu söz əhvalat, hekayət, macəra,.
rəvayət, hətta xalq romanı, xalq kitabı mənalarını da daşımışdır.”(9; 57)
Başqa bir mənbədən oxuyuruq ki, “ tarix boyu yaradıb yaşadan, çalıb-
çağıran ozan-varsaq-dədə-yanşaq-aşıq-baxşı-akınların böyük bir yaradıcılıq
irsi vardır. Bu yaradıcılıq yolunun əsasını, bu xəzinənin epopeyasını türk
xalqlarında müxtəlif adlarla tanınan hekayət, qissə, nağıl, xalq romanı, epos,
dastanlar təşkil edir. Təkcə bir faktı xatırlamaq kifayətdir ki, əsli farsca olan
“dastan” istilahının Əhməd Vaqif Paşada “mənzum hekayə”, Şəmsəddin
Samidə “olmuş bir əhvalatı nəql edən mənzumə”, Müəllim Nacidə “qissə,
hekayə, nağıl” mənalarında işləndiyi qeyd edilmişdir”.(1; 19)
Bizcə, dastan özlüyündə nağıl, rəvayət, əfsanə, lirik təqdimat və
dramatik ünsürlərini əks etdirən zəngin və bədii yaradıcılıq nümunələridir.
Ancaq sadalanan bədii nümunələr forma baxımından dastan adlandırılırsa
da, mahiyyət etibarilə onu əks etdirməyə bilər. Yəni, hər hekayə, yaxud nağıl
və ya əhvalat əsl dastan düsturuna cavab vermədiyindən dastan sayıla
bilməz. Bizim fikrimizcə, əhvalatın həcmi də onu dastan adlandırmağa əsas
vermir. “Dastan” zalımla məzlumun, köhnəliklə yeniliyin mübarizəsində
ikincinin nəhayət ki, qələbəsini əks etdirən əhvalat və hekayətlərə verilən
Dostları ilə paylaş: |