141
Bənzərsiz anlarin poeziyasi,
yaxud
"Səadətdir böyük, kiçik bir güləndə"
Hər hansı bir bitkin əsərin ayrı-ayrı lövhələri nə qədər canlı, sirayətedi-
ci, cazibəli olsa da, əsərin özü külli-halında bütövlük yaratmırsa, əsas xəttin
aparıcısı bir obraz olaraq son anadək, axırıncı cizgilərinə qədər dəqiq çəkil-
məyibsə, demək, həmin əsər cəmiyyətin mənəvi mühitində öz təsirini axıra-
can saxlaya bilməyəcək. Gözlənildiyindən tez unudulacaq, tez yanıb-tez sö-
nən ulduzun parlaqlığı nə qədər gözqamaşdırıcı olsa da, onun düşüncədə iz
buraxması üçün yanma müddətinin də əhəmiyyəti böyükdür. Kamil obraz,
yaşarı obraz da belədir. Onun yaşarılıq müddəti şüası, işığı görünən enerji
mənbəyidir.
"Ziyarət" poeması xarakter etibarilə bizim müasirimiz olan bir insanın
taleyindən danışır. Yəni əsasən biz əsər boyu Yaddaş Sahibini görürük,
onun düşüncələrini dinləyir, həyatının ayrı-ayrı məqamlarını gözlərimizin
önündən keçiririk. Onun uşaqlığı da, körpəlik, fidanlıq çağları da, əlləri əsə-
əsə, soyuqdan iliyi dona-dona bağda-bağatda işlədiyi günləri də, barmağını
oxuduğu kitabın dayandığı səhifəsinin üstündə saxlayıb bir arx kənarında
axıb gedən sulara atdığı balaca daşlara baxan, o suların haracan axması haq-
qında düşünən anlarını da görürük. Özünün körpə uşaq qəlbilə sevgisini gö-
türüb dünyanın hansısa bir yaşıl adasına uçmaq xəyalları da bizi təsirləndi-
rən, özümüzün uşaqlıq dünyamızı təzədən yaddaşımıza gətirən məqamlar-
dır. Bunlar əsərin ən parlaq, ən işıqlı, görünən tərəfləridir. Dünyanın elm
mərkəzlərində yeni tədqiqatları ilə, elmi nəticələrilə, məntiqi hökmlərilə
həmkarlarını bəzən təəccübləndirən, bəzən sevindirən, dünyaya meydan
oxuyan ölkələrin fikir-düşüncə sahiblərilə mübahisələrə girişən, inandığı
məntiqindən bir addım da geri çəkilməyən Yaddaş Sahibi tarixi yurd yerləri-
nə qayıdanda yenidən həmin o arx kənarındakı uşağa çevrilir. Qətiyyət də,
142
mənəvi güc də, yeri gələndə, bütün gücü ilə inandığı əqidənin inadından dön-
məyən, qırılmayan Yaddaş Sahibi qurumuş arxın kənarındakı bozarmış otları
görəndə necə sarsılır, necə kövrəlir? Və bəlkə də, özünün, eyni zamanda, in-
sani aləmin ən xoşbəxt çağlarına qayıdışı özü üçün təskinlik hesab edir.
İnsanın ən qayğısız, ən təhlükəsiz əmin-amanlıq çağları onun birinci
dünyası ilə bağlıdır. Ana bətnindəki, bizim üçün örtülü aləmdəki çağları o,
nə ikinci aləmdə, nə də üçüncü aləmdə gördükləri ilə müqayisə edə bilməz.
İkinci aləmdə, yəni bu dünyada insanlar cəhətləri bilinməyən küləklərin
önündə dayanır. O, küləklərə qarşı necə vuruşub, necə həyat uğrunda çarpı-
şıb, bir sözlə, bu dünyadakı ömrünü necə yaşayıb? Bütün bunların hamısına
əməl deyirik. Üçüncü dünyadakı ömür isə, bu dünyadakı əməllərin hesa-
bıdır, çəkilən hesabatıdır, görünənlərə, yaşananlara cavabdır. Demək, hər iki
dünyada cavabdehlik var, hər iki dünyada insan özü öz məsuliyyətinin da-
şıyıcısıdır, doğru və yalan, ağ və qara, yaxşı və yaman arasındadır. Birinci
dünyada isə... həmin birinci dünyanın həsrətini çəkən Füzuli necə böyük
ağrı və əzabla yaşadığı dünya haqqında, doğrunun və yalanın bir-birinə qa-
rışdığı dünya haqqında fatehlərin maddiyyət naminə döyüş meydanlarında
su əvəzi axan qanlara baxıb həzz almalarına nifrətini, qəzəbini birinci dünya
haqqındakı sözünün içinə cəmləyib.
Mənim asudəliyimə qibtə ilə baxdı fələk,
Bu cahana gətirib dərd oduna yaxdı fələk,
- demişdi.
Təkcə bu iki misranın içərisində insanın hər üç dünyadakı ömrünün ma-
hiyyəti, mənası yığılıb. Biz müəyyən mənada zaman ötürücüsüyük. Şairlər
də beləcə, nur, işıq ötürücüsü, gələcəyi daha nurlu görmək istəyi ilə sanki
keçmiş və gələcək arasındakı birləşdirici naqildir. Onun içindən, onun dün-
yasından zaman cərəyanı keçir. Bəlkə, elə Füzulinin o iki misrasının içərisi-
nə cəmlənmiş həqiqəti H.İsaxanlı "Ziyarət"lə, "Ziyarət" əsərində yaratdığı
Yaddaş Sahibi obrazı ilə cərəyana çevirib öz içərisindən keçirir, özündən
keçirir, gələcəkdə Yaddaş Sahibinin "yadimdadir bugünkü tək" sözlərinin
mayasında, nüvəsində yığışıb işığa, gücə, enerjiyə, mənəvi dəyərə çevrilə-
cək həqiqəti gələcək nəsillərə çatdırmaq istəmişdir:
143
O illər ki, xatirimdə yer almayıb
Onlar yersiz də qalmayıb -
Böyüklərin yaddaşına yazılıbdır
Onlardan da mənə yadigar qalıbdır.
Bu misralarda sanki Füzulinin xatırlatdığı birinci dünyanın davamını
görürük. O mənzilə, o zamana qədərki davamını, onda hələ yenicə doğul-
muş uşaq hələ bilməzdi ki, nədən ötrü ağlayır. Onun ağlamağının səsi necə
olub? Soyuqlayanda, xəstələnəndə ağlayışları, sevinəndə, əhvalı yaxşı olan-
da gülüşləri, danışmaq əvəzi qığıltıları, çağırmaq əvəzi çığırtıları necə olub?
Bunları özü bilmir. Amma Yaddaş Sahibi, həm də bütün bunları bilir. Ona
görə ki, (axı Yaddaş Sahibidir) o, böyüklərin danışıqlarından, dediklərindən,
həyatının özü görmədiyi yaşam günlərinin tarixçəsini öyrənib. Bəli, böyük-
lərin yaddaşına yazılanları sonrakı nəsillər oxuya bilirsə, demək, "təbiətdə
heç nə itmir" düsturunun bir mahiyyəti də elə budur. Yaddaş Sahibinə yadi-
gar qalan böyüklərin yaddaşlarından oxuduqlarıdır.
Deyirlər ki, mən anadan
İlk baharda aylı bir gecə olmuşam.
Mən özüm hardan bilim ki,
O vaxt mən necə olmuşam?!
Görənlər belə söyləyib:
Bapbalaca, həm də zəif doğulmuşam,
Sağlığıma əmim yeddi qurban deyib.
H.İsaxanlı poeziyasında nə qədər şairdirsə, şairliyində də bir o qədər fi-
losofdur. Dünya, cəmiyyət, təbiət haqqında poetik fikirlərin axarına düşən,
qəlibinə sığışan ümumiləşdirmələr aparır. Hərdən müəllifin şeirlərindəki
poetik biçimin müəyyən həddi gözləmədiyini deyənlər olur. Zənnimcə, on-
lar düşünsələr ki, həyat və cəmiyyət haqqında bilgilərimizdən çıxan nəticə-
ləri, yaşadığımız ömrün süzgəcindən keçirib olduğu kimi vermək istəyi, ey-
ni zamanda, yaxşı olan nə varsa, onun gələcəyə ötürülmək istəyi bütün for-
ma şərtlərindən daha alidir. Hərçənd ki, forma məzmunu tamamlayan vasi-
tədir. Formanın gözəlliyi məzmunun daha yaxşı qavranılmasına kömək edir.
Və o deyim də var ki, gözəllik ondursa, onun yalnız bircəciyi mahiyyətdir.
Dostları ilə paylaş: |