117
geniş millət-dövlət sistemi, etnososial və mədəni fərqlər planetin vahid homogen
quruluşa və taraz tərkib hissələrinə malik olmadığını göstərir. Odur ki, müasir
beynəlxalq münasibətlərin strateji və qlobal vəzifələrindən biri və ən mühümü planetdə
optimal birgəyaşayış formalarını və normalarını tapmaq, insanlığın gələcəyi naminə
qarşılıqlı-faydalı
əməkdaşlığa, səmərəli insan kooperasiyasına, təşkilati
texnologiyalarına malik, daha az münaqişəli mühit formalaşdırmaqdan ibarətdir.
XX əsrin sonu və XXI əsrin əvvəllərində dünyada baş verən radikal dəyişikliklər
dünya nizamına, əvvəllər identik hesab olunan beynəlxalq hüququn normalarına və
beynəlxalq münasibətlərin formalarına yenidən baxmağı tələb edir. Millətlər və dövlətlər
arasındakı sosial-iqtisadi və mənəvi-mədəni fərqlərin aradan qaldırılmasına göstərilən
cəhdlər, bu cəhdlərin obyektiv və subyektiv şərtləri, nəticələri hazırda həm beynəlxalq
münasibətlərin nəzəri, həm də praktiki məsələlərinə yenidən baxmağı tələb edir. Bəzi
dövlətlərin xarici siyasət davranışları ilə beynəlxalq münasibətlər sisteminin qaydaları
arasında yaranan uyğunsuzluqlar müasir dövrdə elə bir həddə çatıb ki, bunu
tədqiqatçılar yeni dünya reallığı, yaxud “nizamı” adlandırırlar.
Yeni dünya nizamının mahiyyəti dövlətlərin milli maraqlarının təmin olunduğu
beynəlxalq münasibətlər sistemində “çoxqütblülüyün” pozulması və mərkəzdə ABŞ-ın
dayandığı “təkqütblülüyün” yaranmasından ibarətdir. Əgər 1945-1990-cı illərdə
beynəlxalq münasibətlər sistemində SSRİ və ABŞ-ın müvafiq olaraq rəhbərlik etdiyi
sosialist və kapitalist dəyərləri ölkələrin, xalqların, insan birliklərinin ictimai davranışını,
dövlət quruluşlarının əsaslarını, məqsəd və vəzifələrini müəyyən edirdisə, yeni nizamda
bu balans pozulmuşdur. Dünyanın inkişafına, dövlətlərarası münasibətlərə, mövcud və
arzu olunan reallıqlara, dövlətlərin fəaliyyətinin məqsəd və vəzifələrinə, insan-cəmiyyət-
təbiət münasibətlərinə artıq birqütblü yanaşma nümayiş etdirilir.
Beləliklə, XX əsrdə dünyanın siyasi inkişafında və beynəlxalq münasibətlərdə
“çoxqütblü” təsir üzərində qurulmuş beynəlxalq münasibətlər sistemi müasir dövrdə yeni
dünya nizamı ilə əvəz olunur. Bu da müvafiq olaraq beynəlxalq münasibətlər sisteminin
əsas subyekti olan milli dövlətlər arasındakı münasibətlərin nəinki təkcə xarakterini, eyni
zamanda, onların gələcək inkişaf yolunu, ictimai formasiyasını dəyişir və ümumdünya
tarixinin gedişinə ciddi təsir göstərir.
Beynəlxalq münasibətlər tarixinin Vestfal (1648) müqaviləsindən başlayaraq
Versal (1919) sazişinə qədər olan dövrünün bir, Yalta-Potsdam (1945) sistemindən
1991-ci ilə – Belovejsk sazişinə qədər davam etmiş dövrünün digər, 1991-ci ildən
118
başlanan – soyuq müharibədən sonrakı dövrün isə başqa xarakteri və qaydaları
mövcuddur.
Müasir dövrdə dünya dövlətləri beynəlxalq proseslərə təsir gücünə və beynəlxalq
münasibətlərdəki roluna görə bir neçə qrupa bölünürlər:
- Fövqəldövlətlər: (bu rolu bir vaxtlar Böyük Roma və Britaniya imperiyaları,
SSRİ və ABŞ icra edirdi) öz milli maraqlarını bütün yer kürəsində təmin etməyə lazımi
hərbi, iqtisadi, mədəni potensialı olan, özünün və müttəfiqlərinin mənafelərini nəzərə
almağı digər dünya dövlətlərindən tələb edən və buna nail olan ölkə super fövqəldövlət
hesab olunur. Bu rolu hazırda yalnız ABŞ icra edir.
- Böyük dövlətlər: öz milli maraqlarını ölkəsində, regionunda və dünyanın digər
əhəmiyyətli bölgələrində təmin etməyə qadir olan (bütün dünyada deyil), başqa ölkələri
onunla hesablaşmağa məcbur edə bilən ölkələr bu sıraya daxildir (İngiltərə, Yaponiya,
Fransa, Almaniya və s.) Rusiya hazırda bu cərgəyə qoşulmaq uğrunda mübarizə aparır.
- Regional dövlətlər: öz ölkəsində və regionunda, sərhədlərinə yaxın ərazilərdə
məxsusi maraqlarını təmin edən və qorumağa qadir olan ölkələr. Bu ölkələr uzaq
xaricdə ciddi müqavimət göstərə bilməsə də, öz regionunda bunu edə bilir. (Çin, İran,
Rusiya, Türkiyə, Pakistan, Misir və s.)
- Adi dövlətlər: bu ölkələr öz milli maraqlarını daxildə, regionda və dünyada
bacardıqları kimi təmin edir. Belələrinin marağı, bir qayda olaraq, birinci üç qrupun
marağına uyğunlaşdırılırsa, təmin olunmaq ehtimalı artır.
Beynəlxalq münasibətlər sisteminin mövcud olduğu tarix ərzində (1648-2005-ci
illər) dünyada güc mərkəzləri çoxqütblü (bir neçə mərkəz), ikiqütblü (iki mərkəz) və
təkqütblü (bir mərkəz) güc balansı formasında dəyişərək, indiki “yeni dünya nizamı”
adlanan sistemə gəlmişdir.
Yeni dünya nizamını fərqləndirən əsas cəhətlərdən biri bütün dövlətlərin və
xalqların hansı iyerarxik pillədə dayanmasından asılı olmayaraq, getdikcə qlobal
problemlər önündə bərabər vəziyyətdə qalması, planetin taleyi üçün bərabər məsuliyyət
daşıması və deməli, insanlığın qlobal ümumiliyinin dərk olunmasıdır.
Bundan başqa, müasir dövrdə əsas insan hüquq və azadlıqlarının, vətəndaş-
dövlət-cəmiyyət münasibətlərinin fundamental prinsiplərinin, münaqişəli vəziyyətlərin
aradan qaldırılması kimi məsələlərin artıq ayrı-ayrı dövlətlərin daxili işi deyil, bütövlükdə
beynəlxalq hüquq normalarının, bu normaları qoruyan təşkilatların işi kimi
dəyərləndirilməsi də yeni dünya nizamını xarakterizə edən xüsusiyyət hesab olunur.
119
Yeni dünya nizamının keyfiyyət xarakteristikasını müəyyən edən başqa bir
postulat isə onun kapitalist istehsal münasibətləri üzərində bərqərar olmasıdır. İkinci
dünya müharibəsindən sonra meydana çıxmış kapitalizm-sosializm qlobal
qarşıdurmasından Qərbin qalib çıxması, sosialist düşərgəsinin və SSRİ-nin dağılması
bazar münasibətlərində təcəssüm edən kapitalizmin dünya nizamının alternativsiz
iqtisadi əsası elan edilməsinə səbəb oldu. Bu da müvafiq olaraq yeni müstəqillik
qazanmış dövlətlərə inkişafın yeganə şərti və demokratikləşmənin maddi əsası kimi
yalnız kapitalist sistemini seçmək üçün əsas verdi.
Yeni dünya nizamının xarakterik xüsusiyyətlərindən biri də beynəlxalq
münasibətlər sisteminin əsası kimi, getdikcə beynəlxalq birliklər, təşkilatlar tərəfindən
sosial-siyasi təmayüllərin liberallaşdırılması hesab oluna bilər. Vaxtilə dünyada özünə
tərəfdarlar tapmış və müəyyən dövlətlərin əsas ideoloji prinsipinə çevrilmiş faşizm,
sosializm kimi dəyərlər öz yerini tədricən liberalizmə verməkdədir. Düzdür, bu gün
dünyada millətçilik və dini ideyaların geniş yayılması da bəşəriyyəti müəyyən qədər
düşündürür. Lakin Qərbin iqtisadi, siyasi və mənəvi həyatında tam bərqərar olmuş,
dünyada isə ideya kimi çox populyar şəkildə təbliğ olunan liberalizm ideologiyası artıq
yeni dünya nizamının qarşısıalınmaz dəyəri kimi qiymətləndirilir.
Yeni dünya nizamının ən mübahisəli məsələsi müasir beynəlxalq münasibətlərin
və dövlətlərarası qaydaların kim tərəfindən – beynəlxalq təşkilatlar, yoxsa getdikcə
hegemonluğa can atan ABŞ tərəfindən nizamlanması məsələsidir. ABŞ politoloqları
müasir dünyanın “maarifçi rəhbərliyə ehtiyacı olduğu” və belə bir rolu məhz Amerikanın
oynaya biləcəyi qənaətindədirlər. Onlar hesab edirlər ki, ABŞ-ın müasir dünya
iqtisadiyyatında və siyasətindəki yeri və rolu ona imkan verir ki, dünyanın liderliyini öz
üzərinə götürsün, planetdə sülhü, təhlükəsizliyi və əmin-amanlığı təmin etsin. Onların
fikrinə görə, buna ABŞ-ın həm hərbi, həm iqtisadi, siyasi, sosial və mədəni potensialı
tam cavab verir.
Başqa cür düşünənlər də var. Bunların sırasında Çin, Rusiya, və ABŞ-ın Qərbi
Avropa müttəfiqlərindən hesab olunan Fransa və Almaniyanı göstərmək olar. Bu ölkələr
hesab edirlər ki, yeni dünya nizamı kollektiv məsuliyyət, kollektiv müdaxilə tələb edir.
Odur ki, beynəlxalq münasibətlər BMT çərçivəsində, onun Təhlükəsizlik Şurasında
həllini tapmalı, bütün məsələlər birgə razılıqla idarə olunmalıdır.
Yeni dünya nizamı şəraitində beynəlxalq münasibətlərdə geosiyasət məsələləri,
regionlaşma və regional inteqrasiya, qloballaşma prosesləri mühüm əhəmiyyət kəsb
edir.
Dostları ilə paylaş: |